"Nizami
işığında..."
Bir tablonun
tarixçəsi
...Onunla
ötən əsrin 80-ci illərinin ortalarında tanış olmuşdum. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini
qurtarmışdı. "Babaların oyunu"
adlı tablosu - fərqlənmə diplomuna layiq
görülmüşdü.
"Babaların
oyunu" adlı o diplom işində rəssam nərd oynayan
iki oyunçu babanı, onların oyununa tamaşa edən 6-7
yaşlı bir oğlan uşağının timsalında
milli-mənəvi köklərimizə
bağlılığı o yaşda uşağın
düşüncələri - oyuna heyranlığı ilə
təsvir etmişdi və deyim ki, soyadı Hüseynov olan Vaqif
ulu kökü ilə - təkyə türkü olması ilə
qürur duyurdu. Bizim Şirvan
torpağının Təkyə kəndindən olması ilə
fəxr edirdi. Və çox təəssübkeş
bir oğlan idi. Yerlibazlıqdan uzaq olan Vaqif həmyerliləri
olan təkyəliləri kiminsə öz adına
çıxmasına dözmürdü. "Sizinki sizin,
bizimki bizim..."
Sankt-Peterburqda
(Leninqradda) Repin adına məşhur Rəssamlıq
Akademiyasında oxudu. Və diplom işi kimi də məhz
qürur duyduğu Azərbaycanın dahi şairi - Nizami Gəncəvinin
800 illiyi ilə bağlı o qanlı-qadalı müharibə
illərində blokadadakı Leninqrad şəhərində,
Ermitajda keçirilən yubiley tədbirini boyaların dili ilə
kətana köçürməsi oldu...
Rəssam
"Nizami işığında" tablosunu 1987-ci ildə
işləsə də, onu yaratmaq barəsində hələ
Ə.Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Məktəbini bitirib ali təhsil
almaq üçün Leninqrada yollananda düşünməyə
başlamışdı. Uzun müddət mövzunun bədii
ifadəsini daha real göstərməyə kömək ola biləcək materialları
toplamışdı.
Əsərdə Nizami Gəncəvinin 1941-ci ildə qeyd
edilmiş 800 illik yubiley mərasimi təsvir olunub. 1941-ci ildə
SSRİ məkanında Nizami Gəncəvinin 800 illik yubileyinin
təntənəli şəkildə qeyd edilməsi planı
hazırlansa da, Böyük Vətən müharibəsinin
başlaması bu planların həyata keçirilməsinə
imkan verməmişdi. Şairin yubileyi
Peterburqda Rusiya alimlərinin və ədəbiyyatşünaslarının
iştirakı ilə keçirilmiş tədbirlə qeyd
edilmişdi. Məhz bu tədbir Vaqif
Ucatayın "Nizami işığında" əsərinin
mövzusu olmuşdu.
Rəssam əsəri işləməmişdən əvvəl
təsvir edəcəyi tarixi hadisə ilə bağlı kifayət
qədər material toplaya bilmişdi. Bu da ona yubiley mərasimini
bütün reallığı ilə göz önündə
canlandırmağa imkan verib. Rəssam əvvəlcə
tədbirin keçirildiyi yerlə (Ermitaj) tanış
olub. Hətta meteoroloji mərkəzindən
öyrənib ki, yubiley günü Leninqradda havanın hərarəti
müsbət 1 dərəcə olub, gecə saat 1-də isə
qar yağmağa başlayıb.
Məlum olub ki, yubiley vaxtilə "məktəbli
kabineti" kimi tanınan 160 kvadratmetrlik yerdə baş tutub. Muzeylə
üzbəüz yerdə - Neva çayında dayanan
"Qütb ulduzu" gəmisi iclas salonunu işıqla təmin
edib. Yubiley təntənəsində
altı nəfər çıxış edib. Muzeyin direktoru İ.A.Orbeli, şərqşünas
alim M.Dyakonov, eləcə də A.İ.Boldıryev, Q.V.Ptitsin,
N.Tixonov və başqaları öz
çıxışlarında Nizaminin
yaradıcılığından danışıblar.
Dyakonov və Ptitsin həm də Nizaminin əsərlərindən
etdikləri yeni tərcümələri oxuyublar. Sonda
iştirakçılar Nizami dövrünə aid sənət
əsərlərindən ibarət sərgiyə də
baxıblar. Bütün bu məlumatları
əldə etdikdən sonra rəssam əsər üzərində
işləməyə başlamış və 1987-ci ildə əsərini
tamamlamışdır. Bu əsər eyni
zamanda, Vaqif Ucatayın akademiyada diplom işi olub.
İri ölçülü tabloda (208x160 sm) yubiley təntənəsi
əks olunsa da, bütünlükdə əsərdə
müharibə ruhu, blokada ab-havası duyulur. Yeddi metrlik pəncərələrin
müharibə şəraitinə uyğun örtülməsi,
yeri gələndə onların qarşısını
örtməli olan pərdələrin döyüşə
hazır vəziyyətdə asılışı və
yubiley iştirakçılarının hərbiləşmiş
qiyafələri az qala
tamaşaçını rəssamın hansısa gizli
yığıncağı görüntüyə gətirdiyi
qənaətinə gətirir.
Tablonun mərkəzi fiquru Nizaminin molbertdə qoyulmuş
portreti (hələ o vaxt Nizaminin rəssam Q. Xalıqov tərəfindən
yaradılmış (1940) obrazı ictimailəşmədiyindən
V.Ucatay görüntüyə əyanilik gətirmək
üçün kompozisiyaya şairin miniatür üslubunda
çəkilmiş həmin portretini daxil edib) önündə
çıxış edən I.A.Orbelidir.
Portretin qarşısında oturan məşhur alim
I.Y.Kraçkovskidir. Rəssam ön planda onlardan əlavə
başı sarıqlı M.Dyakonovu (onu yaralı olsa da, məruzəçi
kimi cəbhədən geri
çağırmışdılar), eləcə də
Q.Ptitsin, N.Tixonov, A.Boldıryev, İ.Lurye və
başqalarını təsvir etmişdir.
V.
Ucatayın rəyasət heyətindəki bir stulu boş
saxlaması da rəmzidir. Rəssam həmin yeri
Azərbaycandan gələn qonaq üçün saxlayıb,
amma müharibə vəziyyətinə görə o qonaq
burada yoxdur.
Əsərdə tətbiq edilən uğurlu işıq
- kölgə həlli kiçik salona toplaşanların
böyük Nizami ruhuna köklənmiş
yaşantılarını təsirli və yaddaqalan biçimdə
göstərməyə imkan verib.
Qələm
dostum, şair-publisist Oktay Abbas "Ürəyi Azərbaycanla
döyünən rəssam" adlı essesində
("Sözün yaddaşı", Bakı - 2019) hələ
2006-cı ildə "Avropa" nəşriyyatında "Rəssam
Vaqif Ucatay" adlı kitabdan iqtibas gətirərək
yazır ki, o günlərdən illər keçib. Vaqifin
diplom işi kimi araya-ərsəyə gətirdiyi həm rəssamlıq,
həm də qətiyyətlə demək olar ki, ədəbiyytımızın
tarixi və ədəbiyyatşünaslıq baxımından
olduqca dəyərli "Nizaminin işığında"
(1987) əsəri N.Gəncəvi adına
Ədəbiyyat Muzeyində saxlanır. İlk
baxışda adi görünən cümlə. Amma bu
cümləni deyə bilmək hüququnu qazanana qədər
Vaqifin qarşılaşdığı çətinliklərlə,
maneələrlə tanış olanda onun
sənətə vurğunluğu, Azərbaycana böyük məhəbbəti
barədə təsəvvür əldə etmək olur. Diplom mövzusunun təsdiqi altı ay
yubadılır. Vaqif diplom mövzusunun təsdiqindən
sonra axtarışlara başlayır. İlk
gümanı bu olur ki, mövzu ilə bağlı faktları
öyrənməkdə ona şərqşünaslar kömək
edə bilərlər. Odur ki, Leninqrad
Dövlət Universitetinin şərqşünaslıq
fakültəsinə yollanır.
Yaxınlaşdığı ilk adama məqsədini bildirəndə
ondan bu sözləri eşidir: "Axır ki bir nəfər
tapıldı". Sonra onu Nizami yubileyinin
iştirakçısı olmuş Aleksandr Nikolayeviç Boldrevin
yanına aparır. Xeyli söhbətdən
sonra Vaqifə diplom işinin uğurlu alınması
üçün daha nələri öyrənməklə
bağlı məsləhətlər verir. Son sözü bu olur ki, həmin məşhur yubileylə
bağlı ən tutarlı məlumatlar, faktlar sizin öz
yerlinizdədir. Sonra onu universitetdə
işləyən Əfrasiyab Vəkilovun yanına gətirir.
Əfrasiyab müəllim ona xeyli məlumat, o cümlədən,
yubileyin dəvətnaməsini, yubiley
iştirakçılarının siyahısını verdi. Əfrasiyab müəllim həmin
dövrdə cəbhədə döyüşdüyündən
özü yubileydə iştirak edə bilməmişdi.
Amma sonralar maraqlanmış, yubiley
iştirakçıları ilə şəxsən
görüşmüş, xeyli elmi məlumat
toplamışdı. Onun məlumatları,
verdiyi sənədlər həm diplom işinin
hazırlanması, həm də bütövlükdə
yubileylə bağlı faktların dəqiqləşdirilməsi
baxımından faydalı oldu.
Vaqifin
axtarışları bəhrəsini verdi. Doğrudur, diplom müdafiəsində də mane
olmaq istəyənlər tapıldı. Ermitajın
direktoru, bu işdə Vaqifə böyük köməklik
göstərmiş akademik Orbeli də diplom müdafiəsində
iştirak etdi. Müdafiədən sonra o əsəri
sərgi eksponatı qismində deyil, işçi otaqlardan
birində saxlanmaq üçün almaq istədiyini bildirdi.
Vaqifin "istəmirəm" cavabına təəccübünü
gizlətmədi. Əsəri Azərbaycana
aparmaq istədiyini eşidəndə əlini onun çiynimə
vurub fikrini təqdir etdiyini bildirdi.
Akademikin təəccübünə səbəb adi bir tələbənin bu cür ələdüşməz təklifdən (əsərin Ermitaj üçün alınmasından) imtina etməsiydi. Akademiki təəccübləndirən həm də bu idi: o, dəqiq bilirdi ki, müdafiəyə təqdim olunmuş əsər mövcud təlimatlara görə Rəssamlıq Akademiyasında saxlanılmalıdır və onu Bakıya aparmaq istəyi real deyil.
Bəlkə də elə bunun nəticəsidir ki, Vaqifin hələ tələbə ikən akademik İ.A.Orbeliyə dediyi sözü heç vaxt yadından çıxmır, onu reallaşdırmaq üçün uzun illər fürsət axtarır. Nəhayət, dostu, sənətşünas Ziyadxan Əliyevlə söhbətləşəndən sonra o dövrdə R.Mustafayev adına İncəsənət Muzeyinin direktoru işləyən Əməkdar incəsənət xadimi Kazım Kazımzadəyə müraciət edir. Bu müraciəti məmnuniyyətlə dinləyən K.Kazımzadə yubandırmadan İ.Y.Repin adına Rəssamlıq Akademiyasının rəhbərliyinə "Nizaminin işığında" əsərinin Azərbaycana verilməsi xahişi ilə məktub hazırlatdırır. Şəxsi vəsaiti hesabına Leninqrada yollanan Vaqif məktubun köməyilə, istisna hal kimi, əsəri Azərbaycana gətirməyə müvəffəq olur. İndi həmin əsər N.Gəncəvi adına Ədəbiyyat Muzeyində saxlanılır.
***
Doğma Qarabağımızın erməni qəsbkarları tərəfindən işğalı Vaqifin sağalmaz, ovunmaz yarası idi. Ötən əsrin bəşəriyyət tarixində ən böyük qanlı faciələrindən olan Xocalı soyqrımı ilə bağlı onun yaratdığı tablo həm də sənətkarın çağırışı idi. "Bu qan yerdə qalmamalıdır!" Gün-güzəranın ağır vaxtlarında heç bir sifarişlə iş görməyən Vaqif Dəvəçi (indiki Şabran) şəhidləri haqqında kitab hazırlandığını biləndə dərhal şəhidlərimizin müqəddəs ruhuna ehtiram kimi kitabın üz qabığının rəsmini çəkib bizə çatdırdı.
Vaqif uzun müddət başımızı aldatan atəşkəs dövründə dəfələrlə cəbhə xəttində, o zaman igid əsgərlərimizin xain düşmənlə üzbəüz qaldığı təmas xəttində olmuş, hər an Ali Baş Komandanın döyüş əmri ilə hücuma keçməyə hazır olan Vətən əsgərlərinin şəhidliyə hazır çöhrələrini, düşmənə nifrətlə dolu odlu gözlərini rəsmlərinə köçürmüşdü, müqəddəsliyə, əbədi ucalığa yüksəltmişdi.
Bəlkə də Vaqif
Ucatayın (yeri gəlmişkən, yada salaq ki, soyadı
Hüseynov olan Vaqif Ucataya təxəllüsünü sufi
folosofumuz, mərhum Asif Ata verib) ən möhtəşəm
tablosu 44 günlük Vətən müharibəsindəki
tarixi qələbəmizə həsr edilən əsəri
olacaqdı. Bəlkə də Vaqifin
üzrəyindən keçən, dilindən düşməyən
(hərçənd ki, heç bir sənətkar
yaratdığı bir əsərini digərindən
üstün tutmur...) tablosu işğaldan azad olunmuş
Şuşamızda tarixi Xarıbülbül Festivalını
boyaların qüdrəti ilə kətana
köçürülməsi olacaqdı. Axı o festival da Nizaminin Leninqradda
keçirilən o tarixi yubileyi qədər tarixi idi...
Vaqif Qələbə xəbərinin sevinci ilə
qısa bir müddət yaşadı. Bəlkə də
ürəyində, möhtəşəm Qələbə xəbərindən
sonra neçə-neçə rəssam xəyalları
qurmuşdu.
Bəlkə
də... Bəlkə də
"Xarıbülbül" Festivalını rənglərin
dili ilə "Nizami işığında" tablosu kimi
tariximizin sənət yaddaşına köçürəcəkdi.
Yəqin ki, indi soyadından da ucalıqda olan
Vaqif o tablonu ruhu ilə kətana köçürür.
Rəssamlıq Akademiyasına gələcəyin
fırça ustalarına sənətin sirlərini öyrədirdi.
Yaradıcılıq arzuları sənətkar təxəyyülünə
bəlkə də sığmırdı.
Ancaq... Ancaq vaxtsız əcəl qəfil gəldi.
Aydın TAĞIYEV
525-ci qəzet.- 2021.-
6 iyul. S. 13.