Müəllim ömrü
Nəvaxtsa
oxuduğum və yaddaşımda qalan bir şeirin bir
misrasını xatırlayıram:
Səndədir, məndədir müəllim ömrü.
Səmimiyyətlə deyilib, səmimiyyətlə oxunub,
səmimiyyətlə yaddaşlara hopub. Yəni müəllim
ömrü dərs-dərs, il-il ömürlərə
paylanır, zərrə-zərrə ömürlərdə
yaşayır. Sonralar özüm də
müəllimlik peşəsini seçdim. Tanıdığım, biliyinə də, insanlarla
(bu baxımdan müəllimlərlə, şagirdlərlə)
ünsiyyət mədəniyyətinə də,
dünyagörüşünə də yaxşı bələd
olduğum Nüsrət müəllimin timsalında müəllimlik
peşəsinin gərəkliyinə, duruluğuna bir daha əmin
oldum. Sonralar bu deyimin fəlsəfəsini
daha əhatəli dərk etdim. Bu fəlsəfə
deyirdi ki, xalq üçün, el-oba (yəni Vətən)
üçün yaşanılan ömür təkcə
ömür yiyəsinə məxsus deyil. Həm
də nurlandırdığı ömürlərə də
məxsusdu. Bu, ustada şagird ehtiramı,
milli mentalitetin tələbidi, dədə öyüdünə
əməl etməkdi. Sonralar şagirdləri də onun
yanında siqaret çəkmədi; bu günlərin sabahlar
üçün yaşanılması həm də belə
olur...
Bir dostum var. İndi yaşı yetmişi haqlayıb. İyirmi
yaşından məzunu olduğu orta məktəbdə müəllim
işləyib. Bu müddətdə
şagird olanda ona dərs demiş müəllimlərdən
heç biri onun
siqaret çəkdiyini görməyib. İstidə-bürküdə
də, yağışda-qarda da, yolda-izdə də, toyda-vayda
da...
Müəllim öyrədəndi, müəllim
ustaddı, müəllim yol göstərəndi. Müəllim
həm də işıqdı, nurdu, ziyadı ki, yüzlərlə,
minlərlə Bayramların da ömrünə
düşür. Bu işığın
başlanğıcı var, sonu olmur. Heç
zaman olmayacaq da. Həyat bəlkə həm də buna
görə gözəldi, bəlkə buna görə sonralar
Məmməd İsmayıl yazmışdı ki, "hələ
yaşamağa dəyər bir az da..."
Nüsrət Şükür oğlu Paşayev
1940-cı ildə Qubadlının Tatar kəndində anadan
olmuşdu - Böyük Vətən müharibəsi
başlayanda 1 yaşı vardı. Güzəranın,
dolanışığın çətinliyi Qubadlının
Tatar kəndində yaşayan Paşayevlər ailəsini də
sıxırdı (anam deyərdi ki, o illərdə körpələri
aclıqdan da, xəstəliklərdən də Tanrı
qoruyurdu. Neçə ana südəmər
körpəsini də özüylə tarlaya aparardı,
özü işləyərdi, körpə kölgəlikdə
Allah ümidinə qalardı. Tarlada
baxımsız qalmış bir körpəni ilan
çaldığını da eşitmişdim. O illərin
sıxıntısı həm də belə
sıxıntılarıydı...). O illərdə körpələri
həm də anaların bir-birinə qədərsiz köməyi
qoruyurmuş. Paşayevlər ailəsi də
sıxıntı içindəydi - Şükür
Paşayev döyüşlərdəydi,
döyüşürdü. Digər əsgər
ailələri kimi bu ailənin də əlləri kolxozun
işindən yapışmışdı, gözləri
yollardan; dava uzanırdı, dava qurtarmırdı. Davadakılardan xəbər-ətər gec-gec gəlirdi,
hərdən heç xəbər-ətər tutmaq da olmurdu.
Camaat davanın ağrılarını hər gün
yaşayırdı...
Müharibə başa çatdı. Neçə ailədə hərdən
oğul-uşaqdan, qaynatadan qayından xəlvət - gizlin, hərdən
aşkar ağlamalar, sızıltılar, ağlama
biçimində ağılar eşidilərmiş. "Gəlmədi..."
- fəryadı gecənin qaranlığına
qarışırmış; gecənin qaranlığı bu fəryada
görə daha da qatılaşarmış, çətin
günün üzqaralığı kimi...
Nüsrət
böyüyürdü, böyüdükcə ailəyə
"əl-ayaq" da verirdi; dava illərinin uşaqları
vaxtından tez böyüyürmüş...
Nüsrət də görürdü, Nüsrət də
duyurdu ki, əsgər ailələri bir qarın ac, bir
qarın tox da olsa davadakı əzizinə görə
yaşamalıdı, onu yaşatmaq üçün
yaşamalıdı, həm də duru ömür
yaşamalıdı, həm də qələbə
üçün yaşamalıdı. Atası da
davadaydı. əmisi də. Bunu üç-dörd ildən sonra biləcəkdi.
O vaxta kimi ana ağuşundan sonra dünyanın
qayğısızlığı olacaqdı nazbalıncı.
O illərdə körpələrin ən gözəl
nazbalıncı ana nəfəsiydi, ana əllərinin təmasıydı,
ana ümidiydi, bir də anaların özünün də
inandığı, məcburən uydurduğu şirin yalanlar. O şirin
yalanlar hələ ki, gerçəkləşmirdi...
Nüsrət
çətinliklərə, çətin günlərə bac vermədi, oxudu, Xocahan kənd orta məktəbinin
7-ci sinfini bitirdi. Həm də əla qiymətlərlə.
Bakı politexnik texnikumuna daxil oldu, geodeziya və xəritəçilik
mühəndisliyi ixtisasına yiyələndi. Sumqayıtda
tikintidə işlədi. Gənc mütəxəssis kimi birotaqlı mənzillə
də təmin edildi. Qubadlıda ixtisasına
uyğun işə qəbul edilməsinə razılıq
verildiyinə görə rayona qayıtdı. Lakin bu sahəyə cavabdeh olan şəxs
Şükür kişinin yanına gəlib bildirdi ki, Nusrət
onun yerinə işə başlasa, işsiz qalacaq və
çoxuşaqlı ailəsini dolandıra bilməyəcək.
Ailənin ağsaqqalı yeganə
çıxış yolunu Nüsrətin təhsilini davam
etdirməsində gördü. Bu təklif
Nüsrətin ürəyincə oldu.
Oxumaq həvəsi, elmə maraq bu və ya digər səbəbdən
ləngiyə bilər. Ancaq bu, onu sonlandırmağa qadir deyil - hələ
orta məktəbdə oxuduğu illərdə riyaziyyatı
sevirdi, rəqəmlər, düsturlar dünyasının
romantikası düşüncələrini
bürümüşdü. "Müəllimimdən
eşitdiyim "Riyaziyyatı bilənə zaval yoxdu" - kəlmələri
məni bu sehirli dünyayla doğmalaşdırdı. Bu
səbəbdən sənədlərimi Azərbaycan Dövlət
Universitetinin mexanika-riyaziyyat fakültəsinə verdim..."
- Nüsrət müəllim könül sirdaşlarına belə
deyərdi...
Beş il ötüşdü...
Nüsrət Paşayev universiteti bitirdi.
Zəngilan kənd orta məktəbində riyaziyyat
müəllimi işləməyə başladı; şagird
olanda da, sonralar da müəllimlərini sevirdi Nüsrət,
indi şagirdləri sevirdi onu - bir vaxtlar öyrənmək həvəsiylə
fərqlənən Nüsrət indi öyrənmək istəyən
şagirdlərinin sevimlisiydi. O da şagirdlərinə
"Riyaziyyatı bilənə zaval yoxdu", - deyirdi. Bir də
qədim yunan filosofunun fikrinə əsaslanıb deyirdi ki,
riyaziyyat əqlin, təfəkkürün gimnastikasıdı,
bu fənni mükəmməl öyrənməyə
çalışın, riyaziyyatı yaxşı oxuyan digər
fənləri də asanlıqla qavraya bilir...
Zəngilanda 1 saylı səkkizillik məktəb
açılanda Nüsrət Paşayevi ora dəyişdilər. Yeni məktəbdə
istər tədris prosesinin, istərsə də riyaziyyat fənninin
tədrisinin təşkilinin cəfakeşlərindən oldu
Nüsrət müəllim. İlk tədris
ilinin pedaqoji uğurları rayon maarif şöbəsində təqdir
edildi. Türk cərrahı Tatar hocanın öyrəncilərinə
böyük sevgilərlə dediyi bir kəlam var: öz
işini özün bəyən; Nüsrət müəllim
heç kimin rəyini müəllimliyinə yük (pərsəng)
eləmirdi, öz işini özü bəyənirdi, ruhunun
pıçıltısı kimi deyirdi ki, "səndədir,
məndədir müəllim ömrü..."
Bəzən əsassız söz-söhbətlər
fikir ayrılığına, fikir ayrılığı
müəyyən mənada, narazılıqlara,
narazılıqlar qarşıdurmalara səbəb olur. Belə vəziyyət
kollektivin normal fəaliyyətini pozur. Mincivan
36 saylı dəmiryol orta məktəbində belə bir vəziyyət
yaranmışdı. Rayon partiya komitəsinin
məsləhəti ilə Nüsrət müəllim 1972-ci
ilin fevral ayında həmin məktəbin direktoru təyin
edildi. Yadıma ustad pedaqoq Abdulla Şaiq düşür,
onun pedaqoji məharəti, çətin vəziyyətlərdə
kollektivin fəaliyyətini nizamlama qüdrəti
düşür. Nüsrət müəllim Mincivan 36
saylı dəmiryol orta məktəbinin fəaliyyətini
qısa müddətdə gərəkli axarına sala bildi...
Altı il belə ötüşdü -
narazılıq olmadan, qarşıdurmalar olmadan, ciddi şikayətlər
olmadan, hərə öz işini görməklə...
1970-72-ci illərdə Mincivandakı 36 saylı dəmiryol
orta məktəbində yaşanılanlar mahiyyəti etibarilə
Zəngilan şəhər orta məktəbində də
yaşanılırdı. Belə bir vəziyyət
nəinki rayon rəhbərliyini, respublika rəhbərliyini də
narahat edirdi. Qəti tədbir görülməliydi.
Qəti tədbir kadr seçimiydi. Və
istər pedaqoji ustalığına görə, istər rəhbərlik
etmə bacarığına görə, istərsə də
belə situasiyaları tənzimləmə səriştəsinə
görə Nüsrət Paşayev 1978-ci ilin may ayında (tədris
ilinin sonlarında verildiyini nəzərə alsaq, rayon və
respublika rəhbərliyinin bu təyinata nə qədər həssas
yanaşdıqlarına qəti əmin olarıq) Zəngilan
şəhər 1 saylı orta məktəbə direktor təyin
edildi.
Xarakterinə, məntiqli danışığına,
inandıra bilmə qabiliyyətinə yaxşı bələd
olduğuma görə deyə bilərəm ki, Nüsrət
müəllimin kollektivə ilk müraciətində (buna ilk
tövsiyəsi də deyə bilərik) "Maksim Qorki deyirdi
ki, insan kəlməsi əzəmətlə səslənir. Müəllim
kəlməsi də əzəmətlə, bir qədər də
ehtiramla səslənir. Gəlin müəllim
olduğumuzu təsdiqləyək", - deyib. Belə bir ricət, nəzarətdən
çıxmış fəaliyyətin tənzimlənməsi
istiqamətində pedaqoji cəhdin uvertürası kimi səslənib.
Səslənib, dinlənilib,
düşündürüb - tədris ilinin sonlarında (cəmi
bir ay ərzində!) məktəbdə bütün əsassız
narazılıqlar, incikliklər aradan qaldırılıb.
Sonralar əldə edilən tədris nailiyyətlərinə
görə məktəbin bir neçə müəllimi orden
və medallara layiq görülüb, fəxri fərman
alıb...
Pedaqoji
prosesə yeni yanaşma, idarəetmədə yeni (təbii ki,
mütərəqqi!) metod və üsullar, müəllim-müəllim,
müəllim-şagird münasibətində
qarşılıqlı ehtiramın möhkəmləndirilməsi
(əslində, yaradılması), şagirdlərin dərsə
(deməli, kitaba, deməli, tədrisə) münasibətinin
möhkəmləndirilməsi və s. məktəbdə tədris
prosesini nəzərəçarpacaq dərəcədə
nizamladı; sözün (məntiqli, inandırıcı
sözün) su kimi lətafəti (N.Gəncəvi) aylar
çəkən qarşıdurmanı aradan qaldırdı. Məntiqi baxımdan hamı "çəkici bir
yerə vurmağa başladı". Bu, bir məktəbin
timsalında Zəngilanda təhsilin səviyyəsinin daha da
yüksələcəyinin zəmanətiydi...
Haqq, əmək itirmir, çəkilən zəhmət
bəhrəsinin verir - Nüsrət müəllim 1981-ci ilin
sentyabrında rayon maarif şöbəsində məktəb
inspektoru vəzifəsinə təyin edildi.
1984-cü ildə Məmmədbəyli kənd orta məktəbinin
açılışına birlikdə getmişdik. Yolboyu gözəllikləri
görüncə ürəyi riqqətə gəlibmiş - Səməd
Vurğunun bir misrasını xatırlatmışdı: Təbiət
ilhama çağırır məni. "Şair
ilhamlanıb şeir yazar, biz ilhamlananda yaxşı işləməliyik.
Yəni şagirdlərimizi daha yaxşı öyrətməliyik...", - demişdi. O vaxtdan illər keçib. Bu gözəl kəlam mənim də günlərimin
aydınlığıdı. "İlhama gələndə"
ya nəsə yazıram, ya nə haqdasa (Zərdüşt
peyğəmbərin təliminə istinadən xeyirli söz)
düşünürəm, ya da xeyirli iş görmüş
adamları, bu sıradan Nüsrət müəllimi
xatırlayıram...
Nüsrət müəllim kifayət qədər
geniş erudisiyaya malik ziyalı idi, dünya ədəbiyyatına
bələdliyi onun ünsiyyətdə olduğu adamlarla
maraqlı söhbətləri təmin edirdi. Söz sözü çəkdikcə
ümumi söhbət yenə pedaqoji mövzuyla
tamamlanırdı...
Nüsrət
müəllim 1986-cı ilin sentyabrından yeni inşa
olunmuş Zəngilan şəhər 3 saylı tam orta məktəbinin
direktoru təyin olundu...
Əməkdar müəllim Akif Orucov Nüsrət müəllimlə
bir vaxtlar Zəngilan rayon təhsil şöbəsinin məktəb
inspektoru olub.
Zəngilan pedaqoji mühitinin Nüsrət
Paşayev adlı kifayət qədər ehtiramla xatırlanan
bir şəxsiyyətini səmimi, bacarıqlı, tələbkar,
ciddi, qayğıkeş bir müəllim, pedaqoq kimi
xatırlayır. Akif müəllimin fikirlərini
"maarif fədaisi" ifadəsilə tamamlayıram...
...Qibtəediləcək
vətəndaş ömrü on illərlə şagirdlərinin
ömrünə paylanıb. İllər sonrası Nüsrət
müəllimin timsalında böyük ehtiramla deyirik ki, səndədi,
məndədi müəllim ömrü...
Mən rayon komsomol və partiya komitələrində
işlədiyim illərdə Nüsrət müəllimlə
vaxtaşırı təmasda olurdum. Hər
görüşümüzü, deməli, hər söhbətimizi taledən
ömrümə qazanc bilirdim. Polemikalarımızda
məni maraqlandıran məsələlər haqqında
soruşardım, həvəslə, əsl müəllim məharətiylə
cavablandırardı sullarımı - analogiyalar gətirməklə,
hadisə və faktlar arasında səbəb-nəticə əlaqələrini
də göstərməklə.
O illərdə
xidməti işimlə əlaqədar Zəngilan şəhər
orta məktəbində də olurdum. Pedaqoji məharətinə
bələd olduğum Nüsrət müəllimin xarakterinin
daha bir
çalarını bütün
aydınlığıyla onda gördüm. Nüsrət
müəllim həyatdan aldığı dərsi də
gözəl mənimsəyibmiş - təsərrüfatçılıq.
Məktəbin könüləyatımlı
yardımçı təsərrüfatı göz
oxşayırdı. Əmək dərslərinin
burda keçilməsi həm də əyanilik baxımından
böyük pedaqoji dəyərə malik idi. Bu kimi
xüsusiyyətlər (rəhbərlik etmə, tədrisin
quruluşunun elmi əsaslarla aparılması) məktəbin
istinad məktəbinə çevrilməsi ilə nəticələndi...
Yardımçı
təsərrüfat həm də şagirdlərin əmək
tərbiyəsində əhəmiyyətliydi - onları əməyə
(deməli, həyata) hazırlayırdı, bəzən
peşə seçiminə də təsir göstərirdi...
Tədrisdə əyanilik həmişə uğurlar gətirir. Məktəbşünaslığa
bələd olanlar bilir ki, fənn kabinetləri, fizika, kimya, coğrafiya
kimi fənlər üzrə laboratoriyalar, fizika, kimya
laboratoriyalarında aparılan təcrübələr, təcrübi
dərslər şagirdlərin fənni qavraması prosesini həm
sürətləndirir, həm də mənimsəmə
prosesinin etibarlığını təmin edir (eşitməni
görmə tamamladığına görə). Yeni məktəbdə Nüsrət müəllimin təşəbbüsü
ilə belə laboratoriyalar, bəzi fənlər üzrə fənn
kabinetləri yaradılmışdı.
Ədəbiyyatımızı da çox sevirdi, incəsənətimizi
də. Üzeyir bəyin bəstələrini dinləməkdən
doymazdı. "Xalq musiqisi musiqi
dünyamızın, Üzeyir bəyin musiqisi bəstələrimizin
uvertürasıdı" - belə deyərdi Nüsrət
müəllim. Musiqini tədris prosesinə tətbiq edərək
deyərdi ki, tədrisin uvertürası nizam-intizamdı; harda
işləsə, fəaliyyətə məhz bu amillə
başlayar, başlıca (və ilkin!) tələbi bu amil
olardı...
1994-cü ilin əvvəllərində
ağır xəstələnmişdi. Sumqayıtda müalicə olunurdu. Ona baş
çəkməyi özümə
mənəvi borc bildim. Getdim. Hal-əhval tutduq. Ustad söhbəti
ustalıqla tədrisə çəkirdi. Onu bu
düşüncələrin "əlindən almaq"
üçün müxtəlif səpkili suallarla müarciət
edirdim. Aldığım cavabları onun - peşəkar
pedaqoqun, direktor kimi böyük idarəçilik qabiliyyəti
olan müəllimin, dərin zəka sahibinin, erudisiyalı
ziyalının düşüncələrinin
doğmalığında düşüncələrimə
köçürürdüm. O vaxtdan bəri hərdən həmin
söhbətin də xiffətini çəkirəm. Ustad
ömrünə, müəllim ömrünə ehtiram kimi...
Bayram MƏMMƏDOV
525-ci qəzet.- 2021.- 6
iyul. S. 14-15.