Düşüncə
dalğaları
Gözlə,
dünya, gözlə...
Düşünürəm,
dünyanın gəliş-gedişi, olanı-olmayanı barədə.
Çək-çevir edirəm böyük dərdlərimi...
Ən xırdaca birini də həll etməyə gücüm
çatmayacaq dərdlərimi. Yollar arayıram əlacsızlığın
içində. Deyirlər, heç bir insan
barmağının izi digəri ilə uyğun gəlmir.
Çox, lap çox bənzəsələr də bir-birinə.
Təkcə insan barmaqlarının? Bəlkə bu,
bütövlükdə insanların özü
üçün də belədir. Düşüncələri,
xüsusiyyətləri, xarakterləri, qabiliyyətləri,
bacarıqları, insafı, insanlığı fərqlidir hərənin.
Varmı elə insan ki, tam uyğun gəlsin bir-birinə?
Oxşarları varmı? Şübhəsiz, hə. Bölsək
hansı əlamətinə görəsə, sonsuz olmazmı
bu əlamətlərin özü də?! Bax bu durur
dünyanın dərdlərinin əsasında. Bax bu
yaradır problemləri. Saysız müşkülləri.
Fikir qarmaqarışıqlığı, hədyanlar
içində boğulur dünya.
Düşünürəm:
varmı bir çıxış yolu? Uydurmaq olar, təkcə
uydurmaq. Bəlkə, min il sonra kimsə çevirə biləcək
bu uydurmanı, nağılı həqiqətə. Axı
"uçan xalça" da nağıl idi, başqa aləmlərə
səyahət də. Tapılacaq bəlkə də, elə bir
alət, elə bir cihaz: insanları öz zərərinə
olan arzularından, istəklərindən, məqsəd-məramlarından
daşındıra biləcək. Çoxlarına bu
böyük dərdləri yaratmağı qadağan edə
biləcək. Özünü, kimliyini göstərəcək
bəlkə ona. Şkala quracaq sinəsində,
adamlığını göstərən şkala. Bəlkə
də bir proqram quracaq onun canında: insanlığını
artırmaq proqramı. Dönüb olacaq əsl insan.
Bax
bu da mənim dünyanın dərdlərinə əlac tapmaq
haqqında fantaziyam, nağılımdır. Elə
"uçan xalça" nağılı kimi. Bəlkə,
kimsə bu nağılı həqiqətə çevirdi.
Gözlə, dünya, gözlə...
Bağışla,
oxucum...
Adları
çəkiləndə əsəbiləşdiyim adamlar var.
Müəyyənləşdirmişəm, çoxları da
elə mənim kimidir həmin adamlara münasibətdə. Demək,
problem məndə deyil, onlardadır. Başqalarının
hal-əhvalını pozan, hətta adlarının çəkilməsi
ilə əsəbiləşdirən adamlarda. Zaman-zaman dedikləri
sözlər, etdikləri hərəkətlərlə
qazanıblar bu "nailiyyət"lərini. Haqsızlıq
nümunəsinə çevriliblər dillərindəki "ən
düz, ən haqq mənəm" deyimləri ilə.
İkrah
hissi yaradıblar başqalarında
özlərinə
qarşı. İlandan qorxduqları, qurbağadan
çiyrindikləri kimi insanlar qorxurlar, çiyrinirlər
onlardan. Qazanıblar bu böyük bədnamlığı.
Düşünmürlər heç kəsi, öz murdar
"mən"ləri ilə baş-başa yaşayan bu kəslər.
Bəlkə
elə mən də səhv edirəm bu düşüncələri
yazmaqla. Oxuyanlar da belə kimlərisə yada salıb əsəbiləşəcəklər.
Bağışla məni, oxucum. Bir də, kimlərsə
özünü bu yazıda görərlərsə, inciməsinlər
məndən. Günah məndədirmi ki, siz beləsiniz? Mən
sadəcə olanı yazdım.
"Virus":
elə-belə, adi söz
Gördük
hamımız bu tək bir sözün qüdrətini. Qorxutdu
bütün dünyanı. Çəkildi hamı öz
qınına. Hərə öz başının hayında...
Çox
sözləri, kəlmələri, deyimləri, öyüdləri,
nəsihətləri saldı yadımıza. Bu vaxta qədər
laqeyd qaldığımız söhbətləri
xatırladıb anlatdı ağır xəstəlik,
ölüm qorxusu yaratmaqla.
Zarafata
salmaq istədik "ötər", "keçər"
düşüncəsiylə. Ötmədi bununla da
içimizdəki təşviş. Gözləyirik anbaan:
bir-iki ay bundan əvvəl əlimizdə olan, amma qədrini
bilmədiklərimizin geri dönəcəyini. Dilimizdə
"təki o günlərə qayıdaq, artıq heç nə
gərəyimiz deyil" diləyilə yaşayırıq
indi.
Dua
edib "Amin'' deyənlər, Allahı yada salanlar
çoxalıb. Hə, bu, yaxşı əlamətdir.
"Amma"sı da var axı. Görəsən, əvvəlki
kimi olacağıq yenə? Qurtulduq deyə
unudacağıqmı bu günlərimizi? Yenidənmi
çevriləcəyik nəfsimizin, tamahımızın
quluna? Unudacağıqmı Allahı? Belə olacağıqsa
onda yazığıq, çox yazığıq deməli,
vallah. Başqa sözüm yoxdur.
"Virus"
kəlməsi daha nələri çatdırmalıydı bizə?!
Gəlin düşünək. Boş vaxtımız ki
çoxdur. Böyük Yaradanın bizimçün
düşünməyə ayırdığı boş vaxt!
"Otur evdə, olan-olmazdan ye-iç, düşün,
tanı məni, yaxşı tanı. Axı bildirmişdim sizlərə
"Ol" kəlməsinin sahibi olduğumu! Bax bu kəlməmin
əksi olan söz də var axı... "Virus": elə-belə
adi söz...
"Dinlə!
Danış!'' qurğusu
Bir
qurğu yaratmaq istəyirəm. Demirəm, bacararam, yaradaram.
Bu, mənim istəyimdir: "Dinlə! Danış!"
qurğusu. İnsanların başına yerləşdirməyə:
beyinə əlavə kimi. Əslində, bu "Dinlə!"
və "Danış!" elə beyinə veriləcək
komandalar olacaq. Komanda da deməyim, məcburi
tapşırıq kimi! İnsanın özündən
asılı olmadan icra edəcəyi iş. Müəyyən
insanlar qrupunun hansısa məsələni müzakirə
etdiyi yerdə işə düşür bu qurğu. Həmin
məsələnin ən dəqiq, ən dürüst həllini
bilən adama verir "Danış!" komandasını.
Yaşa, vəzifəyə, mənsəbə, hansısa digər
imkanlarına baxmadan. Şəksiz ki, bu zaman digərlərində
olan qurğular isə "Dinlə!" komandasını
verir. Hələ bu komandadan sonra məcburi "Qəbul
et!", "İcrasına yönəl!" komandaları da
ola bilər. O da mümkün ki, bir tədbirdə
"Danış!" komandası alan kəs digər bir yerdə
həmin məsələnin müzakirəsi zamanı "Dinlə"
komandası olsun. Axı belədə bilinər kimin kimliyi. Mərtəbəsini,
yerini anlayar hər kəs. Qoşulmaz çox söhbətlərə.
''Hop'' deyib tullanmaz ortaya.
Əslində,
var belə bir qurğu. Yaradıb onu uca Tanrı. Aqillərin,
müdriklərin, ağıllıların canında var bu
qurğu. Təsadüfimi bu ifadə: "Filankəs
danışığını, oturuşunu, duruşunu
bilir". Bilməyənlərə bunu öyrətmək
olsaydı, onda mən də belə "Dinlə!",
"Danış!" qurğusu haqqında düşünməzdim.
Məncə, maraqlı ideyadır. Haydı alimlər, iş
başına. Qurtarın dünyamızı,
insanlığı hədyan sözlərdən, boş
söhbətlərdən. Özü də tez. Bezdik
axı...
Pillələr
Heç
vaxt diqqət yetirməmişdim bu pillələrə. Bizdə
dəmiryol vağzalından şəhərin mərkəzinə
doğru qalxan pillələr... O qədər
qalxıb-enmişdim ki onlarla. Bu, əvvəl
üç-üç, iki-iki, daha sonralar tək-tək
qalxıb-endiyim pillələrlə. Sərbəst
tullana-tullana keçdiyim vaxtlar da olmuşdu, təngnəfəs
vaxtlarım da. Əhəmiyyət verməmişdim, diqqət
yetirməmişdim. "Yoldur da gedirəm"
düşünmüşdüm. Ta ki...
Uşaq
da deyildim onda heç, cavan da. Ötmüşdü
yaşım əllini. Yenə dəmir yolu vağzalından
şəhərin mərkəzinə tərəf
qalxırdım. Fikirli, düşüncəli, həmişə
olduğu kimi. Fikir vermirdim ətrafa, tələsirdim. Sürətlə
qalxırdım pillələri. Elə bil bir anda elektrik cərəyanı
vurdu məni. Ötəcəkdim, görmədən, saymazyana
ötəcəkdim hörmətini saxladığım,
özümə doğma, əziz sandığım bir şəxsin
- müəllimimin yanından. Çaşdım bir an,
duruxdum. Özümü yığışdırdım.
Çox, lap çox yaxındıq bir-birimizə. Durdum,
aralanmasını, uzaqlaşmasını gözlədim.
Özümə gəlməliydim çünki. Diqqətlə
baxırdım ayağımın altındakı pilləyə.
Əbədilik gözlərimə köçüb qalan pilləyə
xeyli baxdım. Özümə gəldim birtəhər.
İndi hərdən keçib gedirəm o pillələri.
Daha diqqətlə. Ürəyimdə bax bu xatirəni
yaşadan pillələri. Hər dəfədə də o
doğmamı - əziz müəllimimi anaraq.
Qara
kölgəli
Yeriyir,
gedib-gəlir, gəzib-dolanır. Danışır, söhbətləşir,
fikirlərini deyir, mübahisə edir, dəlillər-sübutlar
göstərir haqlı-haqsız. İstirahət edir,
yeyib-içir məclislərdə, keflənir də. Hamı
kimi, başqaları necə, o da elə. Amma...
Məsələ
də elə bu "amma"dadır. Harada, nə vaxt, nə
etməsindən asılı olmayaraq bir qara kölgə var
onun ətrafında. Gəzib-dolanır onunla, hara getsə.
İnsanları ruhən ondan kənarda saxlayan qara, qapqara
kölgə. Cəsarət etmir kimsə bu kölgənin
içərisinə addım atmağa, ona
yaxınlaşmağa. Böyük məchulluqlar
sürüyür özüylə o yan-bu yana bu məsum
kölgə. Onun daxilinə addım atanları gözləyən,
heç də xoş olmayacaq məchulluqlar. Hər kəs bu
kölgənin kənarından salam verib salam alır. Lap
uzaqdan əl yelləyənlər də çoxdur, "xətası
uzaq olsun" düşüncəsilə. Məcburi
yaxınlaşmalılar, yaxınları, övladları da
çabalaya-çabalaya, əl-qol ata-ata qurtulmaq istəyir bu
kölgədən.
Yox,
rütbə, vəzifə, mal, mülk var, dövlət deyil
bu kolgənin yaranmasına səbəb. Adi, çox adi bir cəmiyyət
adamıdır: anlamır, başa düşmür kimliyini bu
bədbəxt. İçindəki boş qürrə, təşəxxüs,
eqoizm, özündən müştəbehliyin "mən, mən,
mən"in yaratdığı kölgəni görmür.
Hamı görür, özüsə yox. Tənhadır,
yalqızdır, ruhən kimsəsizdir. Tənha qalacaq, tənha
da öləcək . Bu ölümə heyifsilənən
olacaqmı? Məncə, yox. Rəhmət oxuyacaqlar ruhuna, amma
elə-belə, könülsüz. O daşa da
yazığım gəlir: onunçün qoyulacaq
başdaşına. Köçəcək həmin kölgə
onun da ətrafına. Qara, qapqara kölgə gözdən
salacaq o daşı da.
Nəcməddin
MÜRVƏTOV
525-ci qəzet.- 2021.- 6
iyul. S. 15.