"Gənc nəslin vətənpərvər ruhda tərbiyəsi prioritet tələbdir"

 

"Gənclərimizə vətənə, xalqa məhəbbət hisslərinin aşılanması daha da aktuallaşıb"

 

Cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar - müstəqil vətənimizin keşikçiləri məktəblərimizdə tərbiyə alır və formalaşırlar. Azərbaycan xalqı bütün zamanlarda gələcəyimiz olan gənc nəslin öz vətəninə, xalqına, soy-kökünə, ata-babalarımızın bizə miras qoyduğu adət-ənənələrimizə sədaqət və hörmət ruhunda tərbiyə olunmasına böyük məsuliyyətlə yanaşmışdır.

 

Danılmaz faktdır ki, ümumtəhsil məktəblərində təbliğ olunan vətənpərvərlik ideyaları  şagirdlərdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hisslər yaradır. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır.

 

Müəllim Kamil Hüseynov deyir ki, məktəbin, müəllimin vəzifəsi təkcə bilik vermək, hansısa elmin sirlərini açıqlamaq deyil, həm də Vətənə layiqli şəxsiyyət yetişdirməkdi. Məktəblərdə uşaqlara ilkin vətənpərvərlik hissinin aşılanması müxtəlif üsullarla - onlara vətənpərvərlik mövzusunda mahnı və şeirlər öyrətmək, dövlət atributlarının şəkillərini çəkdirmək və digər vasitələrlə öyrədilir: "Gənc nəslin milli-vətənpərvər ruhda tərbiyə olunub yetişməsi son dərəcə vacib şərtdir və bu, biz müəllimlərin qarşısında ən mühüm vəzifələrdən biri kimi dayanır. Bizim məqsədimiz uşaqlara təhsil, elm verməklə yanaşı, həm də onları yetkin bir vətəndaş kimi yetişdirmək, onlarda vətənə, torpağa sədaqət, lazım gələrsə, Vətən yolunda şəhidliyə hazır olmaq ruhunu aşılamaqdır.

 

Mən bir müəllim kimi gələcəyimiz olan balalarımıza vətənimizi, dilimizi sevmək, torpaqlarımızı qorumaq, keçmişimizi, tariximizi öyrənmək, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq kimi ali hissləri aşılayıram. Məktəbimizdə il boyu təşkil etdiyimiz vətənpərvərlik ruhlu tədbirlərlə belə hissləri onların qanlarına, canlarına hopdurmağa çalışırıq".

 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, insan özünü və dünyanı əsasən gənclik yaşlarından dərk edir. Onda doğma Vətən, mənsub olduğu xalq qarşısında borc, məsuliyyət hissləri də bu yaşdan təşəkkül tapır. Ona görə də hər bir ölkənin, xalqın gələcəyinin necə olması bugünkü gəncliyin hansı ideallarla yaşamasından, övladı olduğu Vətəni, xalqı qarşısında borc, məsuliyyət hissini necə dərk etməsindən, vətənini, xalqını nə dərəcədə sevməsindən,  milli-mənəvi özünüdərkindən asılıdır: "Əgər biz gələcəyimizi xoşbəxt, əmin-aman görmək istəyiriksə, sadalanan cəhətlərin bugünkü gənclikdə olmasına çalışmalıyıq. Bu çalışmanın mərkəzində isə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi durur. Ona görə də gənclərimizin vətənpərvərlik tərbiyəsi, onlara Vətənə, xalqa məhəbbət hisslərinin aşılanması bu gün daha da aktuallaşıb".

 

Təhsil nazirinin müavini Firudin Qurbanov deyir ki, gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə olunmalı, yaxşı oxumalı, bilikli, savadlı olmalı, ölkənin tarixini yaxşı bilməli, antiazərbaycan dairələrinin təsiri altına düşməməlidirlər: "Hesab edirəm ki, bu istiqamətdə, xüsusən ailədə və təhsil sistemində aşağıdakı prioritet məsələlərə diqqət artırılmalı, vətənpərvərlik tərbiyəsi sahəsində qazanılmış tarixi təcrübə daha da inkişaf etdirilməli, tərbiyə işi qloballaşan dünyanın müasir çağırışlarına cavab verməli, ölkənin iqtisadi, siyasi, sosial inkişafı ilə ayaqlaşmalıdır. Təhsil sistemində tərbiyə işinin səmərəli təşkili, bu sahənin dinamik və davamlı inkişafı üçün mövcud reallıqlar və dünya təcrübəsi nəzərə alınmaqla, tərbiyənin milli konsepsiyası və inkişaf strategiyası hazırlanmalıdır. Gənc nəslin vətənpərvər ruhda tərbiyəsi təhsildə prioritet tələbdir və bu şəkildə də müəyyənləşdirilməlidir. Vətən müharibəsinin nəticələri nəzərə alınmaqla, təhsilin məzmununda müvafiq korrektə və düzəlişlər aparılmalı, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və işğaldan azad olunan ərazilər haqqında yeni reallıqlar ümumi təhsilin məzmununa daxil edilməlidir. Təhsil Nazirliyi bu haqda öz mövqeyini cəmiyyətə açıqlayıb, dərsliklərdə müvafiq dəyişikliklər aparılmasına başlanılıb.  Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin edən amillər təhlil olunmalı, bütün təhsil müəssisələrində "Qarabağ dərsləri", "Qarabağ şahinləri", "Milli qəhrəmanlar", "Qarabağ müharibəsi qəhrəmanları", "Şuşa əməliyyatı" adlı ustad dərsləri təşkil olunmalı, müharibə şəhidləri və qaziləri təhsilalanlara dərindən tanıdılmalıdır. Tərbiyə işinin sistemli təşkili, azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət duyğularının aşılanması, Vətənə sədaqət - vətənçilik, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi bütün təhsil sisteminin, xüsusən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin qarşısında duran prioritet vəzifələrdən biri olmalıdır. Vətən müharibəsində qazanılan uğurlara dair elmi, elmi-kütləvi, bədii, publisistik əsərlər yaranacaqdır. Hesab edirik ki, "Qarabağ Azərbaycandır!" seriyasından bu tipli əsərlər çap olunmalı, dünyanın müxtəlif dillərinə tərcümə edilməli, tariximizin bu şərəfli səhifəsi uşaq və gənclərimizə çatdırılmalıdır. Bunlarla yanaşı, Qarabağ müharibəsi qəhrəmanları, qaziləri, şəhidləri, iştirakçıları haqqında ensiklopedik soraq kitabları hazırlanmalı, sənədli filmlər çəkilməli, həmin insanlar yetişməkdə olan uşaq və gənclərə yetərincə tanıdılmalıdır.

 

 F.Qurbanovun fikrincə, böyük və aydın faktiki-sənədli bir material üzərində qurulan, səmimi və həqiqət əsasında yazılan, zəngin şəkildə təsvir edilən və gözəl çap olunan xüsusi bir kitab seriyası - dastanlar yaradılmalıdır: "Qarabağımızın rayon və kəndlərinin yeni məhəllələrindən, meydan və prospektlərindən kənarda gənclərimiz keçmiş müharibənin qanı ilə səpilən küçələri, dağılan və yanğından qaralan divarları, torpaqlarımızdan babalarının, atalarının və analarının əlləri ilə qəddar düşmənin süpürülüb atılmalarını görsünlər.

 

İkinci Qarabağ müharibəsinin qəhrəmanlıq hadisələrinin şahidləri və iştirakçıları hələ sağ ikən bunu etməyə dəyər. Şübhə yoxdur ki, Azərbaycan cəmiyyəti və təhsil sistemi vətənpərvərlik tərbiyəsi sahəsində qazanılmış nailiyyətləri Vətən müharibəsinin yaratdığı yeni reallıqlara uyğun daha da inkişaf etdirəcəkdir.  Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi kimi, ilkin olaraq ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdiriləcək, bütün cəmiyyətin hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşdiriləcək".

 

Təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanın 5 min ilə yaxın dövlətçilik tarixində Qarabağ müharibəsi çox əhəmiyyətli və xüsusi yer tutur: "Tariximizə nəzər salsaq görərik ki, yaratdığımız dövlətlər daha çox ərazi itkiləri ilə yadda qalıb. Amma 44 günlük Vətən müharibəsi Azərbaycanın 5 min ilə yaxın dövlətçilik tarixində xüsusi bir hadisədir. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu itirdiyimiz torpaqları özümüzə qaytardı. Burada Azərbaycan igidləri yalnız silah və texnika gücü ilə yox, eyni zamanda, fərdi şücaətləri ilə yadda qaldı".

 

Ekspertin qənaətincə, 44 günlük müharibənin hər günü yox, hər saatı şagirdlərimizə örnək olaraq çatdırılmalıdır: "Tarix dərsliklərində elə faktlar olurdu ki, şagirdlərə öyrədəndə əziyyət çəkirdik. Məsələn, xarici ölkələrin hərb və döyüş tarixindən nümunə gətirirdik. Artıq Prezident İlham Əliyevin özü Azərbaycanı bütövləşdirən və gücləndirən bir şəxsiyyətdir. Qədim dünya tarixindəki Roma və digər dövlətlərin ordusundan danışırdıqsa, bundan sonra Vətən müharibəsində iştirak edən generallarımızın da hər biri şagirdlərimizə çatdırılacaq. Yalnız dərsliklərdə yox, həmçinin, müxtəlif əsər və filmlərdə qəhrəmanlıq tariximizi əks etdirməliyik.  Gənclərimiz Polad Həşimovun həyatından və döyüş yolundan nümunə götürməlidirlər.

 

Eyni zamanda, digər qəhrəman sərkərdələrimizi dərsliklərimizə gətirməliyik. Bu günə qədər tarix dərsliklərimizdə daha çox məğlubiyyət ruhunda və ərazi itkisi fonunda tarixi faktları qeyd etmişik. İndi isə İkinci Qarabağ müharibəsində yaşananlarla bağlı yeni bir nümunə olacaq. Bütün dərsliklərimizdə qəhrəmanlıq nümunələrimizə yer verməliyik ki, gənc nəslimiz vətənpərvər ruhda böyüyə bilsin".

 

Sevinc QARAYEVA

 Mədəniyyət.- 2021.- 16 iyul. S. 10.