Səxavət
Məmmədov: "Ən böyük arzum Şuşada solo
konsert verməkdir"
Müsahibimiz
gənc tarzən, pedaqoq, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin müəllimi Səxavət
Məmmədovdur. Onunla tar sənəti,
yaradıcılığı və sair kimi mövzular ətrafında
müsahibəmizi təqdim edirik:
***
-
İxtisasım tar ifaçısıdır. Mənə elə
gəlir ki, ən gözəl sənəti seçmişəm.
Bu sənət yolu çətin, ağır olsa da, çox
şərəflidir. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetiylə
tanışlığım 2017-ci ildə magistratura pilləsinə
qəbul olmaqla başladı. 2019-cu ildən isə burada
pedaqoji fəaliyyətlə başlamışam. Mənə
göstərilən etimada görə, başda hörmətli
rektorumuz, professor Ceyran xanım Mahmudova olmaqla, bütün
müəllimlərimizə təşəkkür edirəm. Hər
zaman biz gənclərə inkişafımız
üçün böyük dəstək
olublar.
-
Dediniz ki, sizcə, ən gözəl sənətə yiyələnmisiniz.
Onu gözəl edən nədir sizə görə? Tara
marağınız necə yarandı?
-
Çox güman ki, bölgə olaraq, Qarabağdan,
Ağdamdan olmağımızdan irəli gəlir. Atam Bəhram
Məmmədov "Qarabağ bülbülləri"ndəki
4 məşhur ifaçıdan biri olub. Atamın tara
böyük sevgisi var idi. Elə onun məsləhətiylə
tarı seçdim. Məşğul olduqca da nə qədər
gözəl və ecazkar alət olduğunu gördüm.
İlk olaraq Bakıxanov qəsəbəsindəki 4 saylı
Uşaq Musiqi Məktəbində müəllimim İlqar Səmədovdan
tar dərslərini almağa başladım. Daha sonra Asəf
Zeynallı adına musiqi kollecində muğam təhsilimi Xalq
artisti Elçin Həşimovdan, not ixtisası üzrə isə
Əməkdar müəllim, dosent, ADMİU-nun "Xalq
çalğı alətləri
ifaçılığı" kafedrasının müdiri
Umud İbrahimov və Asəf Zeynallı adına musiqi
kollecinin "Xalq çalğı alətləri"
şöbəsinin müdiri Cəfər Qafarovdan təhsil
almışam. 2013-2017-ci illərdə Milli Konservatoriyada
bakalavr pilləsində yenə də Umud müəllim və
Elçin müəllimdən təhsil aldım. 2 il isə Əməkdar
artist Şəhriyar İmanovdan dərs almışam.
Magistratura pilləsində Mədəniyyət və İncəsənət
Universitetində Umud müəllimin tələbəsi oldum.
Muğam təhsilimi isə professor Vamiq Məmmədəliyevdən
almışam.
-
Tarzən olaraq solist, yoxsa müşayiətçi kimi fəaliyyətə
üstünlük verirsiniz və bunların bir-birindən əsas
fərqi nələrdir?
- Məncə,
solist olmaq hansı alətdə ifa etməsinə baxmayaraq, hər
kəsin arzusudur. Mən də solist kimi daha uğurlu və
güvənli olmaq üçün gün ərzində 6-8
saat məşqlər edirəm. Solistlik çox çətindir,
çünki səhnədə bütün diqqətlər sənin
üzərində olur, heç bir köməyin yoxdur və səhv
eləmək haqqın da yoxdur. Həmişə müəllimlərim
deyirdi ki, faiz olaraq, 150-160 faiz hazır olmalısan ki, onun həyəcana,
səhnədəki hansısa axsamalara çıxılan
payından sonra 70-80 faizlik ifanı göstərə biləsən.
2012-2019-cu illər arasında Azərbaycan Dövlət
Televiziyası Əhsən Dadaşov adına "Xatirə"
xalq çalğı alətləri ansamblında işləmişəm,
Xalq artisti Adil Bağırovun rəhbərliyi ilə. Orda həm
də konsertmeyster idim. Ona görə deyə bilərəm ki,
müşayiət də çətindir, çünki orda da
hər şey konsertmeyster olaraq tarın üzərindədir.
Sən xanəndə da daxil olmaqla, hər kəsə nəzarət
etməli və bütün konserti idarə etməlisən.
-
Ümumən götürsək, tarzənliyin nə kimi
çətin tərəfləri var?
-
Tarzənlik forma olaraq idman kimidir. Hər gün, hər saat məşğul
olmalı, məşq etməlisən. Deyə bilməzsən
ki, qışdır əlim üşüyür, yaydır əlim
tərləyir, məşq eləmirəm. Nə qədər
ki, səhnədəsən mütəmadi məşqlərini
etməlisən. Amma uşaqlıq dövrü - bünövrə
qurulan vaxtlar daha ağırdır. Onda daimi hər gün 6-8
saat məşq eləməlisən. Ola bilər ki, 30-35
yaşında hansısa gün məşq eləmədən
illərin təcrübəsi sayəsində səhnədə
vəziyyətdən çıxa biləsən, amma uşaq hər
vaxt məşq eləməlidir. Kənardan bəlkə də
asan görünür. Baxan deyər ki, 3 dəqiqəlik
ifadır. Amma o üç dəqiqəyə çatana qədər
sənin illərlə etdiyin məşq, studiya prosesi və
sair heç də asan əmələ gəlmir.
-
Uşaq vaxtı 6-8 saatlıq məşq sizi
yaşıdlarınızla oyunlardan, əyləncələrdən
uzaq salırdı yəqin ki. Necə xatırlayırsız o
illəri?
-
Gündəlik proqramım var idi. Lap uşaqlıqdan səhər
hava sərinkən məşq edirdim. Tələbələrimə
də adətən, bunu məsləhət görürəm.
Həm də səhər saat 6-7 zehnin yaxşı işləyən
vaxtıdır. Yayda yorulduğum olurdu. Hərdən valideynlərim
də deyir, sən heç uşaqlıq illərini
yaşamadın ki, elə həmişə məşqlərdə,
müsabiqələrdə, konsertlərdə oldun. Az
yaşımdan konsertlərə göndərirdilər. Onun da
həyəcanı çox idi. Yəni uşaqlığım
həmyaşıdlarımdan fərqli, daha çətin
keçib. Amma əsas olan odur ki, bu gün onun bəhrəsini
görürəm. Özümün, valideynlərimin, müəllimlərimin
zəhməti boşa getmədi deyə çox sevinirəm.
- Bu
sənətdə ən böyük uğurunuz nəyi hesab
edirsiniz?
- Ən
böyük uğurum elə tar ifaçısı
olmağımdır. Bu, bizə babalardan qalan mirasdır. Onu
qoruyub-saxlamaq borcumuzdur. Böyük orkestrda belə ifa edəndə
görürsən ki, tarın səsi hamısından
seçilir. Missiya olaraq tar ifaçılığını
qorumaq və gələcək nəsillərə ötürmək
lazımdır. O ki qaldı yarışlardakı uğuruma,
A.Zeynallı adına musiqi kollecində oxuyurdum, 2013-cü ildə
Əhməd Bakıxanovun 120 illik yubileyi münasibətiylə
böyük müsabiqə keçirilirdi. Müsabiqədə
109 ifaçı arasında 1-ci yeri tutdum. Çox
yaxşı hazırlaşsam, özümə güvənsəm
də, açığı, bu qədər böyük nəticə
gözləmirdim. Çünki rəqiblərim arasında da
çox yaxşı hazırlaşanlar vardı. O müsabiqədə
"Zabul Segah" muğamını ifa eləmişdim. Onunla
da 1-ci yerə çıxdım. Bəstəkar Süleyman Ələsgərov
adına mükafatın Laureatı, daha sonra Ulu öndər
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş II
Respublika müsabiqəsi Laureatı olmuşam.
Milli
Konservatoriyada təhsil alarkən 2014-cü ildə İran
İslam Respublikasında böyük heyətlə konsertimiz
oldu. Solist Xalq artisti, professor Ramiz Quliyev idi. Beynəlxalq "Fəcr" festivalına
qatılmışdıq və Azərbaycanı təmsil edirdik.
Sevindirici haldır ki, 1-ci yerə çıxaraq
"Qızıl Çəng" mükafatına layiq
görüldük.
-
Milli alətimiz olan tarı xarici ölkələrdə necə
təqdim edirsiz və hansı reaksiyalar görürsüz?
-
Ümumiyyətlə, bütün xarici ölkələrdə
tara xüsusi maraq var. Bizim dili, mədəniyyəti bilməyən
insan da yaxınlaşır, maraqlanır. Düzdür,
ayrı-ayrı ölkələrdə tarın müxtəlif
növləri var, amma ən
yetkin-dolğun tar bizim tarımızdı. Onun səslənməsi
də tam fərqlidir.
-
Tara xüsusi maraq göstərənlərdən biri də
torpaqlarımız kimi mədəniyyətimizə, mətbəximizə
də göz dikən bədxah qonşularımız - ermənilərdir.
Hətta zaman-zaman sahiblənməyə də
çalışırlar. Sizcə, bu gün tara necə sahib
çıxmalıyıq, yoxsa çıxırıqmı?
-
Görkəmli bəstəkar Hacı Xanməmmədov tar
üçün 4 konsert
yazıb. Böyüklərdən eşitdiyim qədəriylə,
həmin dövrdə erməni bəstəkar da tar
üçün konsert yazmaq istəyib. Dahi bəstəkar Qara
Qarayevin təklifiylə Hacı Xanməmmədov tar
üçün 3 hissəli
konsert yazıb və çox uğurlu alınıb.
Sonra Hacı Xanməmmədov artıq tar üçün 2-ci
konsertə başladığını deyib. Həmin erməni
bəstəkar isə heç nə yaza bilməyib. Elə
bunun özü tarın bizim olduğunun sübutudur. Onlar bizim
alətlərimizi, mahnılarımızı oğurlayıb
ifa edə bilərlər, amma sahiblənə bilməzlər.
-
İlk albomunuz hansı olub? İndi də deyəsən, albom
üzərində çalışırsınız. Bir az da
bunlardan danışaq.
-
İlk albomum "Sarı simin lisanı" adlanır.
Hörmətli rektorumuz Ceyran xanım Mahmudovanın təşəbbüsü
ilə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti ilə Beynəlxalq Muğam
Mərkəzinin birgə layihəsi idi. Bu, mənim magistr
dövlət imtahanım idi. Umud müəllimlə və
konsertmeystr Aygün xanım Səfərzadə ilə
hazırlıqlarımız 4 ay çəkdi, demək olar.
Bununçün çox sevinirəm. Təşəkkür
edirəm üzərimdə zəhməti olan hər kəsə.
Həmin konsertin audio-video yazısını sosial platformalara
yüklədik. Konsertin adı həm rus, həm də ingilis
dilində var. Çünki hazırda dünya dilləri
arasında ən geniş yayılmışı da
onlardır. İstənilən adam internetdə axtarışa
verib o konserti dinləyə bilər. Hesab edirəm ki, həm
özümün, həm də tarın adına görə bu
işlərin sayını daha da artırmaq lazımdır ki,
milli alətimizin dünyaya çıxışını
daha da sürətləndirək. Çox məsuliyyətli
bir konsert idi. Universitetimizin demək olar ki, bütün
professor-müəllim heyəti iştirak edirdi. Bayaq dediyim
kimi, solistliyin verdiyi əlavə məsuliyyət və həyəcan
da vardı. Amma çox şükür ki, uğurla başa
vurduq. İndi isə muğam albomu üzərində işləyirəm.
Artıq 4 muğamı lentə yazdırmışam.
- Bir
müəllim kimi bu sənətin aqibəti haqda nə
düşünürsüz? Tələbələrdən
razısınızmı?
- Gələcəyinə
inandığım, razı olduğum bir neçə tələbəm
var. Onlar da çox çalışır, üzərlərində
işləyirlər. Düşünürəm ki, gələcəkdə
daha da yaxşı olacaqlar. Bu iş istedaddan daha çox zəhmətdən
asılıdır. Ev tapşırığına diqqət edən,
gündəlik məşqləri edən tələbə
uğur qazanacaq. Zəif tələbələrimiz də var,
bu da normaldır. Hərənin bir potensialı var. Pedaqoq tələbələrini
düzgün qiymətləndirməli, onların
potensialına uyğun proqram verməlidi.
-
Pandemiya sizə necə təsir etdi?
- Bu,
qlobal problemdir. Dünyada pandemiyadan qabaq da onlayn dərslər
vardı. Mənim Avstraliyadan onlayn şəkildə dərs
alan tələbəm olub. İndi də İrandan, Türkiyədən
tələbələr yazır mənə. Yəni pandemiyadan
qabaq da onlayn dərslə bağlı təcrübəm
vardı deyə, elə bir çətinlik olmadı. Məncə,
işləmək istəyən insan üçün pandemiya
böyük problem deyil. Tələbələrimin nəticələri
də bunu göstərdi, heç də geriləməyiblər,
əksinə, irəliləmə də var bəzilərində.
- Sənətinizlə
bağlı ən böyük hədəfiniz nədir?
- Məncə,
biz nə qədər beynəlxalq festivallarda, xarici ölkələrə
səfərlərdə çıxış etsək, bu,
dünyagörüşümüzü, intellektimizi
artırar, tarımızı dünyaya daha yaxşı şəkildə
tanıdar. Ona görə öz imkanlarımız daxilində
pandemiya zamanı əcnəbi musiqiçilərlə onlayn
konsertlər, canlı yayımlarla fəaliyyətimizi davam etdirdik.
Musiqimizi, mədəniyyətimizi, tarımızı
bütün dünyada ən yaxşı şəkildə təbliğ
etmək və tanıtmaq ən böyük hədəfimizdir.
Ən böyük arzum isə Şuşada solo konsert verməkdir.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.-
8 iyul. S. 11.