"Gəlimli-gedimli dünya"dan soraq verən şeirlər

 

20 ildən çox Azərbaycan Milli Ordusunun geyimini böyük qürurla əynində gəzdirən şair dostum Maşallah Məftun hərbi libasını soyunsa da, gözündən qırağa qoymayıb.

 

Maşallah bu dəfə həmin paltarı təzəcə işıq üzü görmüş "Gəlimli-gedimli (gülləri açılan, güllələri saçılan) dünya" adlı şeirlər kitabına geyindirib. Bu kitabın təkcə çölü, üz qabığı Azərbaycan Milli Ordusunu xatırlatmır. Onun içindəki şeirlərin hərəsi sanki bir Azərbaycan əsgəridir. Sonuncu cümləni elə-belə demədim. Onda böyük həqiqət var. Hələ orasını demirəm ki, Maşallah bu şeirlərdə igid, qorxmaz, mərd, qurd ağızlı, pələng pəncəli əsgər və zabitlərimizlə yanaşı, qorxaq, namərd, satqın, qanı qarışıq olanların da obrazlarını yaradıb.

 

Maşallah Məftunun ürəyindəki Vətən sevgisi onu çəkib səngərlərə apardı. Şair yalnız qələmini süngüyə çevirmədi, özü silaha sarıldı, torpaqlarımızın düşmən tapdağından azad olunması, sərhədlərimizin bütövlüyünün bərpa edilməsi uğrunda döyüşlərə girdi. Onun bu kitabındakı şeirlərin də çoxu məhz səngərlərdə, yaxud sonradan səngər duyğularıyla düzülüb-qoşulub. "Tankın işığında yazılan şeir"i, doğrudan da, 1994-cü ildə Qazaxda, səngərdə, lap elə tankın işığında yazılıb:

 

Düşmən sərhədində yuva qurubdu

Qalalar - bu yerin ulu daşları.

Yurdun keşiyində daim durubdu,

Əsgərə dönübdü vətəndaşları.

 

Böyük Səməd Vurğun "Qarışsın Qazaxa Dilcan dərəsi" deyəndə bizə xatırladırdı ki, Dilcan da, Göyçə də, Qaraqoyunlu da Azərbaycan torpaqlarıdı. Ona görə Qazaxı sərhəd hesab etmək doğru deyil. Tarixdə heç vaxt Ermənistan adlı dövlət olmayıb, gələcəkdə də olmayacaq.

 

Maşallah Məftun düşməni yaxşı tanıyır. Onunla həyatda da, səngərdə də çox üz-üzə gəlib. Azərbaycanın necə parçalandığını da unutmur:

 

Ulu Dərbənd ulusum,

ürəkdə şah damarım,

Ulu Təbriz ulusum,

ürəkdə qan damarım,

Ulu Göyçə ulusum,

canımda can damarım.

 

Bunun ardınca da torpağımıza göz dikən yağılara tarixi xatırladır və onları dünəni unutmamağa, sabahı göz altına almağa çağırır:

 

Kim oldu haqsız qalar,

Canıtək haqsız qalar.

Bu yurda göz dikənlər

Yenə qulaqsız qalar.

 

Maşallah Məftun gözüaçıq insandı, həssas şairdi. Çevrəsində baş verən heç bir şey onun gözündən yayınmır.

 

Həyatın ağ üzünü də görüb, qara üzünü də. Onun sevinən gözünü də görüb, ağlayan gözünü də. Şirin sözünü də eşidib, acı sözünü də. "Xalılar altında quyular olduğunu" da yaxşı bilir. Çox zaman xalını adamın ayaqları altına xoş niyyətlə sərmirlər. Çoxlarının canına hopmuş susmaq xəstəliyinin qorxudan törəndiyini də hissləri ona pıçıldayır.

 

Şairin şeirlərində qoyduğu poetik sualların cavablarını o özü yaxşı bilir. Ancaq onları özü açmır ki, yuxudakılar gözlərini açıb oyansınlar, ayıqlar da bir azca öz hallarını düşünsünlər. Şair öz sözünü deyir, yaxşı da deyir, qalanı qalır oxucunun boynunda. Onun bu cür misralarından "Tanrı deyir: sənə göz vermişəm görmək üçün, dil vermişəm danışmaq üçün, ağıl vermişəm düşünmək üçün" kimi neçə-neçə gerçəkliklər boylanır. Gör görüləsini, eşit eşidiləsini, danış danışılasını, düşün düşünüləsini!

 

Ağla qara, acıyla şirin, pislə yaxşı kimi, sədaqətlə xəyanətin, gerçəklə yalanın, əyriylə düzün, mərdlə namərdin, satqınla satqın olmayanın, qorxaqla qorxmazın bir dünyanın, bir ölkənin, bir şəhərin çatısı altında qoşa yaşadığını görür, duyur və onların heç birinə səssiz qalmır Maşallah Məftun:

 

Hanı bizim öz eşqimiz, öz gücümüz,

Hanı bizim öz səsimiz, öz ünümüz?

Bəzən olur

yad boğazda oxuyuruq.

Bəzən olur

yad xalılar toxuyuruq.

 

Və yaxud görün qorxub susanları necə gözəl qınayır şair:

 

Qırmızı imperiyanın xofu,

İti nizəsi, oxu,

Ayaq tutanların çoxu

Yaratmışdı susmaq xəstəliyini.

Əfsus bu xəstəliyə

İndi də tutulan çox,

Qurtulansa yox...

 

Maşallah Məftun duyğu, düşüncə şairidi. Harda olursa, nə görürsə, onun haqqında düşünür. Bakını gəzə-gəzə birdən özünü bu doğma şəhərdə yad kimi hiss eləyir.

 

Maşallah Məftun: BAYRAĞIM

 

Dünyamız yanır. Çox yerlər od içindədi. Maşallahın yanğınlar haqqındakı şeiri çox yığcam, tutumlu, düşündürücüdür və deyimin onun özünə məxsusluğu da göz qabağındadır:

 

Elə ki, bürüyür aləmi

alovların köpü,

Səni günahkar bilirlər,

kibrit çöpü.

Yanıb külə dönüb ürəyi

neçə dostun, yadın.

Nə yaxşı bu yanğınlarda

çəkilmir adın?!

 

Bütün yanğınların təqsirini kibrit çöpünün boynuna yıxırlar, halbuki onların çoxundan kibrit çöpünün xəbəri də yoxdu. Burada kibrit çöpü öz sözünü demək üçün şairin əlinə düşmüş fürsətdir. Hər gün neçə-neçə insanın bağrı yanır, onun da təqsirinin kibrit çöpünün boynuna qoyulmamağı şairi çox təəccübləndirir...

 

Maşallah Məftun peşəkar hərbçidi. O, yaxşı bilir ki, döyüşdə hədəfi seçəndə və tuşlayanda yanılmaq olmaz. Tətiyi çəkməyə isə sənə yalnız bir dəfə fürsət verilir. Birinci tətikdə düşməni vura bilməsən, o, səni vuracaq.

 

Belə bir söhbət eşitmişəm. Bir komandir əsgərdən soruşur:

 

- Düşməni neçənci gülləyə vuracaqsan?

 

Əsgər bir qədər duruxub deyir:

 

- Uzağı, üçüncü gülləyə.

 

Komandir deyir:

 

- Üçüncü gülləyə vura bilməzsən, çünki birinci gülləyə vurmasan, düşmən səni vuracaq, axı özün də hədəfsən.

 

Maşallah Məftun şeir yazanda da bu həqiqəti unutmur. O, söz döyüşündə də hədəfi düz seçir, dəqiq tuşlayır və tətiyi də bircə dəfə çəkir.

 

Maşallah Məftunun bu kitabında çoxlu ithaf şeirləri var. Ancaq onların çoxunu ithaf şeiri adlandırmaq olmur. Şair kimlərinsə canlı portretini yaradır və ona özünün istədiyi boyaları vurub ürəyindən keçənləri oxucusuna bu yolla çatdırır:

 

Dünyanın ortasıyla

Yavaş-yavaş yol gedirdi

Pencəyi qolu üstə.

Hardansa gəlib çıxdı

İblislər yolu üstə.

 

Bu sətirləri oxuyanda istər-istəməz gözlərimizin önündə Hüseyn Cavidin obrazı canlanır. Burada şeirin Hüseyn Cavidə həsr olunduğunu yazmağa belə ehtiyac qalmır.

 

Maşallah hərdən gözəl, yaddaqalan kənd mənzərələri yaradır. Bu mənzərələr ona görə canlı və gözəl alınır ki, onlar şairin uşaqlıq yaddaşından üzü bəri cilalana-cilalana gəlir və bir gün də süzülüb şeirin sətirlərinə hopur:

 

Lampa işığında toylar olardı,

Seyid Zeynal

dişində lampa oynardı.

Şülünü,

        Muradı,

            Heydəri,

Xıdırı

Ortaya çəkərdi hey qıylardı.

Nəcəfin qara zurnası

dərəni, təpəni, dağları

yerindən oynadardı.

Nə o palçıq daxmamız

yerindədi,

Nə həmin evlər yerindədi...

 

Bu sətirlər bizim xəyalımızı, fikrimizi çəkib xeyli uzaqlara - uşaqlıq illərimizə aparır. O cür kənd toylarını hər birimiz görmüşük. Ona görə şeir bizim ürəyimizə yatır, ruhumuzu əvvəlcə yerindən oynadır, sonra da sığallaya-sığallaya, oxşaya-oxşaya ovundurur onu.

 

Bir-iki kəlmə də Maşallah Məftunun kitabındakı sevgi şeirləri haqqında demək istəyirəm. Həyatdakı  bütün sevgilər bir-birinə oxşayır, həm də qətiyyən oxşamır. Oxşarlığı yaradan odur ki, onların hamısı sevgidir. Bənzərsizliyi yaradan isə odur ki, hər kəsin öz sevgisi var, hər kəs yalnız özü kimi sevir. Eyni sözləri Maşallahın sevgi şeirləri haqqında da söyləmək olar. Onun şeirləri öz nəfəsilə yoğrulub, öz ürəyindən su içib:

 

Sən məndən üz döndərsən,

Tanrı da səndən üz döndərər.

Mən sənin

Tanrının qəzəbinə

gəlməyindən qorxuram...

 

Maşallah bu şeirdə sevdiyi gözələ deyir ki, səni mənim qarşıma Tanrı çıxardıb. Səni Tanrı mənə yazıb. Bu sevgi ikimizin də alın yazımızdır. Bu sözlər şeirdə yoxdur, ancaq onun sətirlərinin altından boylanır. Şeirin gözəlliyi də elə bundadır. Məhz ona görə Maşallah deyir ki, əgər "sən məndən üz döndərsən, Tanrı da səndən üz döndərər və Tanrının qəzəbinə tuş gələrsən". Fikir verin, şairi qızın ondan üz döndərməyi və sonrakı ayrılıq, həsrət qorxutmur, yalnız bu hərəkətinə görə qızın Tanrının qəzəbinə gəlməyi qorxudur. Əsl sevgi bax budur. Şair sevdiyinə qovuşmasa belə, onun ayağına daş dəyməyinə razı olmur.

 

Çoxlarına elə gələ bilər ki, Maşallahın bu kitabında sevgi şeirləri azdı. Yox, bu yalnız ilk baxışda belədir. Onun Vətən, yurd, torpaq, millət haqqındakı şeirlərinin, döyüş nəğmələrinin hamısı sevgiylə yoğrulub. Vətən, yurd, millət sevgisiylə! Bütün sevgilərin başında Vətən və nillət sevgisi durur!

 

İslam SADIQ

Mədəniyyət.- 2021.- 16 iyul. S. 12.