Uşaq ruhuna doğma poeziya

 

İnqilab İsaq müasir Azərbaycan poeziyasında özünəməxsus xidmətləri olan, ədəbiyyatda fərqli söz deyə bilən qələm adamlarından biridir.

Onun zəngin yaradıcılığı təkcə böyüklər üçün qələmə aldığı poetik nümunələrlə məhdudlaşmır. Şairin uşaqlar üçün yazdığı şeirlər, hekayələr, poemalar özünəməxsus bədii keyfiyyətləri ilə oxucuların marağına səbəb olur. Araşdırma göstərir ki, onun əsasən uşaqlar üçün yazdığı müxtəlif əsərlər ideya-bədii dolğunluğu, uşaqların yaş səviyyəsinə, psixologiyasına uyğunluğu, axıcılığı ilə diqqətəlayiqdir. İstedadlı şair müxtəlif vaxtlarda uşaqlar üçün bir sıra maraqlı, oxunaqlı şeirlər yazıb. Mövzu, məzmun, janr, dil, üslub baxımından çoxşaxəli, rəngarəng olan bu şeirləri oxuyarkən Vətən, təbiət təsvirindən tutmuş uşaqların maraq və diqqətini çəkən bir çox məfhumların təsvirini görürük. "Ağacları bəzəyən qış", "Cənnətin bağbanı", "Cin atı" "Anamın adı ana", "Güllü bina", "Dağlarda görüş", "Nənəmin təqaüdü", "Çörək ətri", "Daşbulaq" və digərləri yazıçının maraqlı şeirlərindəndir. Bu şeirlər 2018-ci ildə işıq üzü görmüş "Nərgizin nərgizləri" kitabında toplanıb.

 

Fikrimcə, İnqilab İsaqın bədii yaradıcılığı öz saflığı, dolğunluğu, zəngin poetik mistikası ilə seçilir, uşaqların məsum dünyası ilə yaxından bağlılığı dərhal sezilir. Məncə, məhz bu cəhətlər şairi uşaq ədəbiyyatına yaxınlaşdırır.

 

Uşaq ədəbiyyatına böyük tələblər mövqeyindən yanaşan Xalq şairi Səməd Vurğun bu ədəbiyyatla bağlı məsələlərin heç də bəsit olmadığını öz tənqidi məqalələrində nəzərə çatdırırdı. O, uşaq psixologiyasına, uşaq dünyasına dərindən bələd olduğundan kiçikyaşlı oxucularına humanizm mövqeyindən yanaşırdı: "Uşaq insandır! Onun sadə görünən oynaq, daim xoşbəxt və azad təbiətində böyük insanların bütün xassələri mövcuddur. Düşünmək, duymaq, sevmək, küsüb-incimək, ağlamaq, gülmək, qəzəblənmək, xatırlamaq, xəyala dalmaq, ümid və arzulara bağlanmaq, yaxşılıq, hörmət, bütün insan xassələri uşaqlıq aləmində mövcuddur. Demək istəyirəm ki, biz uşaqla danışdığımız zaman - insanla danışdığımızı, uşaq üçün yazdığımız zaman - insan üçün yazdığımızı unutmamalıyıq".

 

İnqilab İsaqın şeir yaradıcılığı müasir mərhələdə söz sərrafı Səməd Vurğunun yazdığı tələblərə cavab verməsi, poetik ənənələri davam və inkişaf etdirməsi ilə seçilir.

 

Sənətkarın poeziyasında vətənə məhəbbət duyğularının tərənnümü, müharibə dəhşətləri, Vətən həsrəti əsas yer tutur. "Sərhəddə ağac" şeirində müharibənin ağrı-acısını bir uşağın dilindən təsvir edir. Uşaq sərhəddəki ağacın nər kimi dayanaraq Vətənini, elini qoruduğuna inanır, doğma torpaqların gec-tez düşməndən azad edilməsinə ümid edir:

 

Sərhəddə bir ağac var,

Onu əkibdi babam.

Qanlı döyüşlər görüb

Hər yarpağı, budağı.

Kölgəsində gizləyib

Neçə oğul-uşağı.

 

"Babam deyir" şeiri formaca və üslubi cəhətdən fərqli xüsusiyyətlərə malikdir. Əsas ideyası Vətənə məhəbbət olan bu şeirdə müəllif insanlara qarşı sevgi, məhəbbət, doğruluq, dürüstlük kimi müsbət keyfiyyətləri uşaqlara təlqin edir. Tarixən odlar diyarı olan Azərbaycanda od, alov müqəddəs anlayış kimi dərk olunub. Müəllif də bu şeirdə "odu sevin deməklə" əslində, uşaqlara anaya-ataya məhəbbəti aşılayır, məhəbbətin hərarəti ilə onları sevməyi öyrədir:

 

Vətən sözü

Adlar tacı.

Arzumuzun

Hər əlacı.

Vətən candı,

Bölünməz o.

Ürəksizə

Görünməz o.

 

"Şuşa bizim şəhərdi" şeiri isə xüsusi özəlliyi ilə seçilir. Şeirdən verilmiş aşağıdakı parçaya diqqət edək:

 

Deyirəm ki, atacan,

Məni də apar ora.

Deyir: - Darıxma Əli,

Şuşamız düşüb dara.

- Evdə var avtomatım,

Təyyarəm, maşınım da.

Düşmənlər dayanarmı,

Söyləyin, de qarşımda?

Deyirəm ki, hamımız

Gedək düşməni əzək.

Şuşamız azad olsun

Qoynunda biz də gəzək!

 

Aşkar hiss olunduğu kimi, İnqilab İsaq bu şeiri böyük inam və şövqlə qələmə alıb. O, sanki hər şeyi əvvəldən, gözəl Şuşamızın gec-tez bizə qayıdacağını duyub, buna ümid bəsləyir, şeiri məhz müsbət əhval-ruhiyyəyə köklənərək qələmə alıb. Onun atası ilə dialoqa girən kiçik qəhrəmanı böyüyür, uşaqlıqda oyuncaq avtomat və təyyarəsi ilə düşmən ilə savaşa getdiyi kimi böyüyəndə də heç nədən qorxmadan, çəkinmədən düşmən üzərinə şığıyır və bizim əzəli və əbədi Qarabağımızı, Şuşamızı düşməndən azad edir. Biz bu şeirlərdə, əsərlərdə qanımıza hopdurulan Vətən sevgisi, torpaq məhəbbəti ilə böyüdük və bu gün Şuşanı, Cıdır düzünü artıq xəyalən yox, həqiqətən azad, xürrəm, bəxtəvər gördük. Məhz uşaqlar üçün yazılmış vətənpərvərlik şeirləri onlarda yüksək əhval ruhiyyə yaratdı, düşməndən qorxmadan, igidcəsinə onunla mübarizə aparmağın labüdlüyünü onlara təlqin etdi, onların mübariz ruhda, igid, qəhrəman kimi böyüməsinə şərait yaratdı.

 

İnqilab İsaq öz şeirlərində elə incə detallara toxunur ki, əslində, bunlar bəlkə də hamının gördüyü, ancaq önəm vermədiyi məqamlardır. O məqamlar ki, körpə qəlbinin incəliklərinə varır, onun duyğu və hisslərini duymağa yardımçı olur. Şair bunu yüksək poetik səviyyədə oxuculara çatdırmağa müvəffəq olur:

 

Balaca bacısını

Yenə ağlatdı Polad.

Özündən razı-razı

O, əmziyi Dənizin

Əlindən alıb atdı.

Heç nə olmamış kimi

Gedib yerində yatdı.

- Əmziksiz qaldı Dəniz,

Qardaşından incidi,

- Bunu hardan bilirsən?

- Körpənin göz yaşından.

Polad birdən oyanıb,

Günahını anladı.

Yanaşdı anasına

"Bağışla" deyə-deyə.

Doluxsunmuş gözüylə

Tamaşa etdi ona.

 

Təbiət şairin uşaq əsərlərində müraciət etdiyi başlıca mövzulardandır. İnqilab İsaqın təbiət şeirləri sadəcə təbiətin gözəlliklərinin təsvirindən ibarət deyildir. Bu əsərlərdə kiçik yaşlı oxucularda təbiətə məhəbbət hissi aşılanır, quşları, heyvanları, bitkiləri qorumaq, onların qayğısına qalmaq təlqin olunur. Uşaqların mənəvi baxımdan zənginləşməsində, onların gözəllik duyğusunun inkişafında təbiət şeirləri əsas yer tutur. Azərbaycanın zəngin təbiəti İnqilab İsaqın bu mövzuda qələmə aldığı şeirlərində bütün əlvanlığı, rəngarəngliyi, çalarları ilə əks olunmuşdur. "Güllü bina" şeirində yaşadıqları binanın gül-çiçəklə bəzənməsini təsvir edən uşağın qəlbində çiçəyə, gözəlliyə olan məhəbbət əsas təsvir obyektinə çevrilir:

 

Nənəm tez-tez sulayır,

Həyətdəki

gülləri.

Güllərin də uzanır,

Dibçək-dibçək əlləri.

Güllərə bax, güllərə,

Salamlayır hamını.

Gendə durma, yaxın gəl,

Onları bir-bir tanı.

Gül ətrinə bürünüb,

Gül kimidi otağım,

Ətir saçır yatağım.

 

"Yağış" şeirində isə müəllif xırda-xırda yağan yağışın toz bürümüş yolları yumasını incə detallara varmaqla qələmə alır. Yağışdan sonra yaranan mənzərə isə özünəməxsus gözəlliyi ilə seçilir ki, bu da müəllifin diqqətindən kənarda qalmır:

 

Çıxdı Günəş

şəfəqləndi,

İndi bildik

Nurdu yağış.

Qövsi-qüzeh

Tablosunu

Təbiətdə

Qurdu yağış.

 

Azərbaycanın ayrı-ayrı gözəl məkanlarının təsvirinə həsr olunmuş şeirlər uşaqlara həmin coğrafi məkanları tanımağa yardımçı olur, onlarda ölkəmizin dilbər güşələri haqqında təsəvvürlər formalaşır. Bu şeirlərdən "Maralgöl", "Göygöl", "Hacıkənd", "Daşkəsən" və başqalarının adlarını çəkə bilərik.

 

İnqilab İsaqın uşaq şeirlərinin mövzusu çoxşaxəldir. O, gerçək həyatda nənə-nəvə, baba-nəvə, ata-övlad münasibətlərindən doğan, bizim çox zaman önəm vermədiyimiz, əslində, mühüm əhəmiyyət kəsb edən hər bir məqamı diqqətdən qaçırmamış, əsl sənətkar mövqeyi ilə bu kiçik detallara yanaşaraq uşaq şeirlərinin mövzusuna çevirməyə nail olmuşdur. Məsələn, "Nənəmin təqaüdü" şeirində təqaüd alan nənə onu böyük sevinc hissi ilə nəvələri arasında bölüşdürür. Bu epizod uşaqlara bir daha sevgi, nəciblik, doğmalıq, qayğı kimi müsbət keyfiyyətləri aşılamağa yardımçı olur.

 

Folklor Azərbaycan uşaq ədəbiyyatının zəngin qaynaqlarından biridir. Bunu yüksək dəyərləndirən Elçin Əfəndiyev "Azərbaycan uşaq ədəbiyyatı haqqında düşüncələr" məqaləsində yazır: "Azərbaycan folkloru elə zəngin mənəvi sərvətdir ki, burada epik dastanlarla, dərin fəlsəfi mündəricəli poeziya nümunələri, janrından asılı olmayaraq bu folkloru bir küll halında səciyyələndirən böyük bəşəri-ictimai problematika vüsəti, əsrlərin süzgəcindən keçib gəlmiş əsl xalq müdrikliyi ilə bərabər, yalnız uşaqlar üçün nəzərdə tutulmuş həm janr, həm də estetik çalarlar baxımından son dərəcə müxtəlif, rəngarəng nümunələr də çoxdur: bir tərəfdən sırf uşaq nağılları, biri tərəfdən tapmacalar, bir tərəfdən yanıltmaclar, o biri tərəfdən uşaq nəğmələri, bir tərəfdən saysız uşaq oyunlarının yüksək bədii səviyyəli poetik tekstləri, o biri tərəfdən dəcəl, şən, fərəhli uşaq şeirləri..." İnqilab İsaqın şeirlərində də şifahi xalq ədəbiyyatına müraciət edilir, folklor mövzuları və janrlarından yaradıcılıqla istifadə olunur.

 

Kitabın sonunda İnqilab İsaqın "Uşaqlar, qar adam və şəkərbura", "Dədə bağı", "İt qayıtdı", "Heykəl nənə" və digər hekayələri yer alıb. Şeirlərində olduğu kimi, hekayələrində də müəllif uşaqları sevgiyə, dostluğa, sədaqətə səsləyir. O, uşaq psixologiyasına yaxından bələddir, uşaqlara şəxsiyyət kimi yanaşır və onların bu ruhda böyüməsini təmin etmək üçün bütün əsərlərində uşaqlara sevgini, mərhəməti, dostluğu və insana xas olan digər gözəl xüsusiyyətləri aşılaya bilir.

 

Oxuduğum, təhlil etdiyim şeirlər əsasında əminliklə deyə bilərəm ki, İnqilab İsaqın zəngin uşaq dünyası onun şeirlərində canlanır, öz əksini tapır. Şairə bu saf, məsum dünya ilə daim baş-başa qalması diləyirik və yeni-yeni əsərləri ilə balaca oxucularını sevindirəcəyinə inanırıq.

 

Gülnar QƏMBƏROVA

Mədəniyyət.- 2021.- 16 iyul. S. 13.