Əbədiyyətdəki əziz ünvanlarımız

 

Şəhidlər ölməz, Vətən bölünməz!

 

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

 

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

 

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

 

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

 

shahane.mushfiq@gmail.com

 

***

 

Pərviz Güloğlan oğlu Nağıyev yanvar ayının 1-də 1991-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. 1997-ci ildə Tovuz rayon Aşağı Öysüzlü kənd E.Məmməd adına tam orta məktəbin birinci sinfinə daxil olub, 2008-ci ildə həmin məktəbi bitirib.

 

5 yanvar 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin Tovuz rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Sumqayıt şəhər N saylı hərbi hissədə xidmət edib. Hərbi xidmətdən sonra bir müddət fərdi təsərrüfatla məşğul olub.

 

 

 

8 sentyabr 2020-ci ildən çavuş kimi yenidən hərbi xidmətə başlayıb və könüllü olaraq döyüşlərə qatılıb. 29 sentyabr 2020-ci ildən Murovdağ istiqamətində itkin düşüb. Tovuzdan olan digər itkin düşən şəhidlər qışda torpağa tapşırılsa da, yalnız Pərvizin nəşi uzun müddət axtarılıb.

 

Nəhayət, 22 may 2021-ci ildə nəşi tapılaraq ailəsinə təhvil verilib və öz kəndlərində dəfn olunub.

 

Ailəli olan şəhidimizin Uğur və Cəsur adlı iki övladı Vətənə əmanət qalıb.

 

Pərviz Nağıyev şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

***

 

Vüsal Tahir oğlu Allahverdiyev 16 avqust 1988-ci ildə Qubadlı  rayonunda anadan olub. 31 avqust 1993-cü ildə 5 yaşında olarkən məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıblar. 1995-ci ildə Sumqayıt şəhər 23 saylı tam orta məktəbin 1-ci sinifinə gedib 2004-cü ildə həmin məktəbin 9-cu sinifini bitirib, Qubadlı rayon 2 saylı tam orta məktəbə gedib və 2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib. Kooperasiya Universitetinin maliyyə və kredit fakültəsinə daxil olub və həmin universiteti bitirib. 2010-2011-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

 

2012-2015-ci illərdə "UniBank" Kommersiya Bankında İstehlak krediti üzrə Aparıcı mütəxəssis vəzifəsində çalışıb. Daha sonra “Kontakt Home” mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi işləyib. 2020-ci ildən “Kapital Bank”da  "Birkart Bank olmayan Kredit Təşkilatı" MMC-nin 20 saylı filialının müdiri vəzifəsində işləyib.

 

14 iyul 2020-ci ildə Tovuz hadisələrində general-mayor Polad Həşimov şəhid olandan sonra Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Qubadlı rayon şöbəsinə müraciət edib və könüllü yazılıb.

 

 

 

27 sentyabr 2020-ci ildə əks hücumla başlayan Vətən müharibəsinə 1 oktyabr 2020-ci ildə könüllü gedib. Cəbrayıl istiqamətində həmlə bölüyünün tərkibində döyüşlərdə olub və 4 günlük mühasirədə qaldıqları vaxt böyük şücaət göstərərək yaralı və şəhidlərimizi döyüş mövqeyindən çıxartmağa müvəffəq olub. Sonuncu yaralı komandirini döyüş meydanından çıxaran zaman komandiri ağır yaralı olduğu üçün Vüsala onu buraxıb getməyini desə də, Vüsalın cavabı olub ki, ya ikimiz bir yerdə şəhid olacağıq, ya da burdan çıxacağıq. Həmin döyüşdən sağ çıxıb komandiri hərbi hospitala çatdırsalarda, komandir şəhid olub.

 

Sonra Vüsal Füzuli rayonu Seyidəhmədli istiqamətində döyüşlərdə iştirak edib, Füzuli-Xocavənd istiqamətində döyüşüb. Döyüş yoldaşları Vüsalın onları döyüşə necə ruhlandırması barədə qürurla danışıb deyirlər ki, Vüsal hər zaman deyirdi: "Bir işin sonu şəhidlikdirsə, o işdən niyə qorxmalıyıq?" Son döyüşü 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində hücum zamanı döyüş yoldaşlarını ölümdən xilas etmək üçün özünü düşmən tərəfin partlatmaq istədiyi mərminin üstünə ataraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

 

Vüsalın qəhrəmanlığı ailədən qaynaqlanır. Onun atası Allahverdiyev Tahir Qafar oğlu I Qarabağ müharibəsi veteranıdır. Əmisi Allahverdiyev Mahir Qafar oğlu ehtiyatda olan zabitdir, xidməti vəzifə borcunu yerinə yetirərkən yaralanıb ikinci qrup əlil olmuş, II Qarabağ müharibəsinədə könüllü gedib. Dayısı Alıyev Akif Hümbət oğlu I Qarabağ müharibəsi veteranı, 2-ci qrup Qarabağ əlilidir.                                                                                                                                          

 

Vüsal Allahverdiyev şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

***

 

Saleh Səxavət oğlu Nuriyev 18 iyul 2002-ci ildə Sumqayıt şəhərində doğulub. Əslən Qubadandır. 2008-ci ildə 33 nömrəli tam orta məktəbdə daxil olub və həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra valideynlərinin arzusu ilə Sumqayıt Dövlət Texniki Kollecində 3 illik natamam ali təhsil alıb.

 

Onun dayısı Orucov Kamran Niyətulla oğlu məzarsız qəhrəmanlardandır. Belə ki, o, 14 iyul 1992-ci ildə hərbi xidmətə yollanıb, sentyabr ayında Ağdamda Farrux yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralı dostunu xilas etmək üçün irəli atılıb və itkin düşüb. Salehin anası 28 il dinməyən qardaş həsrətinin şahidi idi. Dayısının simvolik olaraq böyük nənəsinin məzar daşının arxasına vurulmuş şəklini hər görəndə dərindən ah çəkib qisasını almağı arzu edərmiş. Elə dayısı ilə müxtəlif zaman kəsimlərində eyni həyatı yaşadı. 18 yaşı tamam oldu və 24 iyulda hərbi xidmət üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə yola düşdü. İlk 3 ay təlimlər görməli və daha ön sıralar üçün hazır vəziyyətə gətirilməli olan Saleh üçün bu tarix oktyabr ayının sonlarına təsadüf edirdi.

 

 

 

27 sentyabrda II Qarabağ müharibəsi başlayan gündənhər dəfə ailəsinə ön cəbhəyə yoladüşmək arzusunda olduğunu deyirdi. Komandirlərinə göstərdiyi davamlı təkidləri sayəsində o, Cəbrayılda ön cəbhədə döyüşlərə qoşulur. 16 oktyabrda Vətən uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.

 

Saleh Nuriyev şəhadətindən sonra "Hərbi xidmətlərə görə" və "Vətən uğrunda" medallarıyla təltif olunub.

 

***

 

Rəşad İlqar oğlu Ələkbərov 1997-ci il 15 sentyabrda Gəncə şəhərində anadan olub. Əslən Gədəbəy rayonundandır. Gəncə şəhəri 44 saylı orta məktəbi bitirib.

 

Anası Nailə Ələkbərova Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. "Gəncə" alayının tərkibində 1992-1993-cü illərdə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Birinci Qarabağ müharibəsi veteranıdır. Dayısı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, ehtiyatda olan zabit Faiq Ələkbərlidir.

 

R.Ələkbərov 2016-ci iyulundan 2018-ci ilin yanvarınadək Ağcabədi, Füzuli, Beyləqan rayonlarında hərbi xidmətdə olub. Tərxis olunduqdan sonra bir müddət video operator kimi işləyir.

 

 

 

"Tovuz döyüşləri"ndə ürəyi köksünə sığmayan Rəşadın arzusu "Vətən müharibəsi"ndə reallaşır. Günlərlə hərbi komissarlığa gedərək, könüllü cəbhəyə aparılmasını tələb edir. Gecənin bir vədəsində, saat 4-də Rəşada o zəng gəlir və cəbhəyə çağırılır.

 

Azərbaycan Ordusunun əsgəri olan Rəşad Ələkbərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib. Şuşa işğaldan azad olduqdan sonra ordumuzun Şuşa-Laçın istiqamətində irəliləyişi zamanı noyabrın 9-da şəhidlik zirvəsinə ucalıb. Gəncənin Şəhidlər xiyabanında dəfn edilib.

 

Rəşad Ələkbərov şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

***

 

İlkin Qələmşah oğlu Əhədzadə 1985-ci il iyunun 26-da Bakıda anadan olub. Orta təhsilini 51 saylı tam orta məktəbdə alandan sonra 8-ci sinifdə C.Naxçıvanski adına hərbi liseyə qəbul olur. Liseyi fərqlənmə ilə bitirdikdən sonra H.Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini davam etdirir. Oranı da yüksək peşəkarlıqla bitirdikdən sonra bir illik təkmilləşdirmə kursu keçərək, zabit rütbəsinə yiyələnir.

 

Aprel döyüşlərində böyük şücaət göstərərək, torpaqlarımızın bir hissəsinin azad olunmasında yaxından iştirak edir.

 

Azərbaycan Ordusunun mayoru olan İlkin Əhədzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xüsusi qəhrəmanlıqla döyüşərək, tabeliyində olan hərbi qulluqçularla birgə 3 post ələ keçirir. Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. II Şəhidlər xiyabanında dəfn olunub.

 

 

 

Ondan geriyə isə 3 övladı əmanət qaldı.

 

İlkin Əhədzadə şəhadətindən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.

 

***

 

Osman Natiq oğlu Manafov 24 oktyabr 1991-ci ildə Suraxanıda doğulub. Orta təhsilini Bakıdakı Rixard Zorge adına 90 saylı məktəbdə alıb; məktəbin ictimai işlərində fəal iştirak edib, müəllimlərin, məktəb yoldaşlarının sevimlisi olub. Osman məktəb illərində idmana böyük maraq göstərib, daha çox əlbəyaxa döyüş növləri ilə məşğul olub, müxtəlif yarışlara çıxıb, fəxri yerlər tutub. Ali təhsilini Gürcüstanda alan Osman 2014-ci ilin oktyabrında həqiqi hərbi xidmətə gedib, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

 

Azərbaycan Ordusunun əsgəri olan Osman Manafov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Osman anası ilə axırıncı dəfə 20 oktyabrda danışıb. Həmişə olduğu kimi, yenə "məndən narahat olmayın. Hər şey yaxşıdır. Özünüzdən muğayət olun" - deyib...

 

 

 

O, oktyabrın 27-də Xocavənd döyüşləri zamanı şəhid olub. Suraxanı rayonunda dəfn olunub.

 

Şəhidimizin bir oğul övladı yadigar qalıb.

 

Osman Manafov şəhadətindən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

Röyal Erzar oğlu Aslanov 17 may 2001-ci ildə Tovuzun Abulbəyli kəndində doğulub. 2008-ci ilin sentyabrında N.Tusi adına Tovuz şəhər tam orta məktəbin 1-ci sinfinə gedib, 5-ci sinfədək burada oxuyub. 2013-cü ildə ailəsi ilə birlikdə yaşayış yerini dəyişdiyi üçün orta məktəb təhsilini Rusiyanın Tümen vilayətinin Nadım şəhəri, Panqodı qəsəbəsindəki 1 saylı məktəbdə davam etdirib. Röyal hələ 3-cü sinifdən güləş və boksla məşğul olub. Tümendə oxuyarkən də idmanla məşğul olmağa davam edib, boks üzrə şəhər və vilayət yarışlarına qatılıb, fəxri yerlər tutub. 2017-ci ildə boks üzrə 16-17 yaşlı gənclər arasında 2-ci yerə, 2018-ci ilin may ayında 1-ci yerə çıxıb.

 

 

 

Sonra Vətənə dönən Röyal 2019-cu ilin iyununda həqiqi hərbi xidmətə gedib. Hərbi xidmətini Tapqaraqoyunludakı N saylı hərbi hissədə keçən gəncimiz, Vətən müharibəsi başlayandan döyüşlərə qatılıb, Tərtər, Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Röyal Aslanov 29 sentyabrda Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub, 30 sentyabrda Tovuz şəhər qəbiristanlığında dəfn olunub.

 

Röyal hərbi xidmət zamanı fürsət düşdükcə atası, anası və bacısı ilə telefonla danışırmış. Böyük ruh yüksəkliyi ilə deyirmiş: "Hər şey yaxşıdır. Sizə zəng vurmasam, narahat olmayın".

 

Röyal Aslanov şəhadətindən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

 

***

 

Eltac İsmayıl oğlu Əlizadə 15 oktyabr 1996-cı ildə Tovuzun Çataq kəndində doğulub. Şəhid Xəlil Cəfərov adına Çataq kənd tam orta məktəbində oxuyub. Ali təhsilini 2014-2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) alıb.

 

Universiteti bitirdikdən sonra Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılıb, 1 illik xidmətini ləyaqətlə başa vurub. Sonra yenidən mülki həyata qayıdan Eltac, "Kristal Abşeron" tikinti şirkətində mühafizəçi kimi əmək fəaliyyətinə başlayıb.

 

2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi, hərbi təxribatı baş verdikdən sonra Səfərbərlik və Hərbi xidmətə Çağırış idarəsinə gedərək, könüllü döyüşmək istəyini bildirib. Nəhayət, sentyabrda istəyi yerinə yetən Eltac Vətən müharibəsinin ilk günündən döyüşlərdə olub, əks-hücum əməliyyatlarında fəal iştirak edib. Şücaətli döyüşçü Eltac ailənin tək oğlu idi, buna baxmayaraq, "Vətən uğrunda şəhid olmaq arzularımın ən böyüyüdür!" - deyirmiş. Ön cəbhədən bacıları ilə telefonla danışan zaman "Mən şəhid olsam, ağlamayın, başınızı dik tutun! Siz şəhid bacısı olacaqsınız!" - söyləyib. Sərrast pulemyotçu Eltac cəbhənin müxtəlif istiqamətlərində düşmənə ağır zərbələr endirib. Döyüş yoldaşları Eltacın açdığı atəşlə yerə sərilən neçə düşmən saydıqlarını deyiblər. Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşən Eltac 27 oktyabrda Füzuli döyüşləri zamanı şəhid olub.

 

 

 

Eltac Əlizadə şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

Fazil Razim oğlu Məmmədli 1998-ci il iyulun 18-də Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. 2004-2015-ci illərdə H.Əzizov adına Vurğun qəsəbə tam orta məktəbində təhsil alıb.

 

Fazil Məmmədli 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin aprel ayından Azərbaycan Silahlı Qüvvələrinin Qazax şəhərində yerləşən N saylı hərbi hissəsində Manqa komandiri kimi xidmət edirdi. 2020-ci ildən snayper olaraq xüsusi qrupa daxil olmuşdu.

 

 

 

Azərbaycan Ordusunun əsgəri olan Fazil Məmmədli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunda dəfn edilib.

 

Fazil Məmmədli şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

***

 

Rüfət Füzuli oğlu Əliyev 1992-ci il dekabrın 6-da Bakıda anadan olub. Xətai rayonu 27 nömrəli tam orta məktəbi bitirib, 2010-2014-ci illərdə ali təhsilini Azərbaycan Kooperasiya Universitetində alıb.

 

Rüfət universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmət müddətində kəşfiyyatçı qrupunda olan Rüfət əsgərliyi bitirdikdən sonra 2015-ci ildə fəxri fərmanla təltif olunub. Öz arzusu ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına yazılıb. Avqustun 26-da hazırlıq keçmək üçün Lənkəran, Ağstafa, Daşkəsən istiqamətinə yollanıb.

 

 

 

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Füzuli rayonu, Hadrut, Cəbrayıl rayonu, Xudafərin, Zəngilan rayonu istiqamətlərində döyüşlərdə iştirak edib. Noyabrın 7-dən 8-nə keçən gecə saat 2-də Ağbənd istiqamətində şəhid olub. Bakıda dəfn olunub.

 

Rüfət Əliyev şəhadətindən sonra "Vətənə xidmətə görə" ordeni, "Döyüşdə fərqlənməyə görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

***

 

Davud Yalçın oğlu Abasov 1999-cu il noyabrın 19-da Cəlilabad rayonunun Sabirabad kəndində Yalçın və Vəsilə Abasovların ailəsində anadan olub. 2007-2018-ci illərdə E.Yusubov adına Uzuntəpə kənd tam orta məktəbində təhsil alıb.

 

Davud Abasov 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə "Kiçik gizir" hərbi rütbəsində xidmət edirdi.

 

 

 

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Davud Abasov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Davud Abasov oktyabrın 16-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Sabirabad kəndində dəfn olunub.

 

Davud Abasov şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

***

 

Şamxal Marif oğlu Əjdərli 1997-ci il dekabrın 17-də Şəmkir rayonunun Xuluf kəndində anadan olub. 2004-2015-ci illərdə R.İsmayılov adına 2 saylı Xuluf kənd tam orta məktəbində təhsil alıb.

 

Şamxal Əjdərli 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şamxal Əjdərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Şamxal Əjdərli oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Xuluf kəndində dəfn olunub.

 

 

 

Şamxal Əjdərli şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

Allahyar Elman oğlu Telmanlı 1992-ci il sentyabrın 1-də Şərur rayonunun Yengicə kəndində anadan olub. 2010-2014-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

 

Azərbaycan Ordusunun baş leytenantı olan Allahyar Telmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Allahyar Telmanlı oktyabrın 9-da Cəbrayıl döyüşləri zamanı şəhid olub.

 

 

 

Allahyar Telmanlı şəhadətindən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

Amin Taciddin oğlu Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2002-2013-cü illərdə Qullar kənd tam orta məktəbində təhsil alıb.

 

Amin Novruzov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

 

 

 

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 2-də Zəngilan döyüşləri zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

 

Amin Novruzova şəhadətindən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib və "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Şahanə MÜŞFİQ

Mədəniyyət.- 2021.- 16 iyul. S. 14-15.