Ömür su kimi axıb gedir...

 

Kimyaçı dostum, bacarıqlı təşkilatçı Elçin Əliyevin 50 illik yubileyinə

 

Məqsədə çatmaq üçün elmlə, biliklə yol yoldaşlığı edənlər gec-tez uğur qazanırlar. Qarşılaşdıqları müvəqqəti çətinliklər, süni yaradılan maneələr də onları tutduqları doğru yoldan çəkindirə bilmir.

 

Kimyaçı dostum, təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də nüfuzlu ekspert kimi qəbul edilən Elçin Habil oğlu Əliyev məhz belə insanlardandır.

 

50 yaşını qeyd etməyə hazırlaşan dostum qazandığı uğurlara məhz bilik və bacarığı, peşəkarlığı sayəsində nail olub. 

 

NATO-dan öyrənən

 

1971-ci il iyulun 13-də Bakıda anadan olan Elçin Habil oğlu Əliyev hələ paytaxtdakı 98 saylı orta məktəbdə oxuduğu illərdə yaşıdlarından fərqlənə bilib. Təsadüfi deyil ki, məktəbi Sovet dövrünün ən sanballı və beynəlxalq düşərgəsi sayılan "Artek"də təmsil etmək məhz əlaçı Elçinə etibar olunub.

 

Nə orta məktəbi fərqlənmə ilə bitirəndə, nə də Azərbaycanın ali təhsilinin flaqmanı kimi tanınan Bakı Dövlət Universitetinə yüksək qiymətlə qəbul olunanda kimsə təəccüblənib.

 

BDU-nun kimya fakültəsini seçən Elçin Əliyev 1993-cü ildə alitəhsilli mütəxəssis kimi fəaliyyətə başlayıb və bu günə kimi seçdiyi ixtisasa sadiq qalıb. Əvvəlcə "Şirvan" kiçik müəssisəsinin təşkil etdiyi hazırlıq kurslarında kimya müəllimi kimi çalışıb. Həmişə öyrənməyə, biliyini artırmağa səy göstərən və bundan yorulmayan Elçin müəllim Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun aspiranturasında təhsilini davam etdirib, kiçik elmi işçi olub. Gənc alimin elm sahəsində axtarışlarını yüksək dəyərləndirən institut rəhbərliyi onun şöbə müdiri vəzifəsinə yüksəlməsinə şərait yaradıb. Azərbaycanın perspektivli mütəxəssisi kimi Almaniyanın Ruhr Universitetinə ezam olunub. Elçin Əliyev 2003-2004-cü illərdə Almaniyanın bu nüfuzlu elm ocağında NATO layihəsi çərçivəsində araşdırmalar aparıb və bu axtarışların nəticəsini əcnəbi jurnallarda dərc etdirib.

 

Almaniyadan qayıtdıqdan sonra Elçin Əliyev İsveçrənin SGS şirkətinin ölkəmizdəki nümayəndəliyi - SGS Azəri LTD şirkətində kimyaçı kimi çalışmağa başlayıb, qısa bir müddətdən sonra isə əvvəlcə laboratoriya müdirinin müavini, sonra isə laboratoriya müdiri təyin edilib. Elçin Əliyevin peşəkarlığı, işgüzarlığı Britaniyanın "İntertek" şirkətinin diqqətini çəkir və 2005-ci ildə onu şirkətin Azərbaycandakı nümayəndəli ilə əməkdaşlığa dəvət edirlər. 10 il sürən bu əməkdaşlıq çərçivəsində Elçin Əliyev laboratoriya müdirindən şirkətin direktoru vəzifəsinə qədər yüksəlib. Son 5 ildə isə "İntertek" şirkətinin Azərbaycan, Gürcüstan və Türkmənistan üzrə regional nümayəndəliyinə başçılıq edib. 

 

Güvənilən adam              

 

Harada, hansı vəzifədə çalışmasından asılı olmayaraq Elçin Əliyev üzərinə düşən işə məsuliyyətlə yanaşır, əsl peşəkarlara layiq davranış ortaya qoymağı bacarır. 50 yaşlı dəyərli dostumun ömrünün son 5 ili "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə bağlıdır. 2016-cı ildən "Azərsu" ASC-nin Mərkəzi Laboratoriyasına rəhbərlik edir. Elçin Əliyev bu məsul vəzifəyə təyin olunduqdan sonra qısa müddətdə təşkilatın işində ciddi dönüş yaranıb. Əvvəllər "Sukanal" Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki bu qurum artıq bir neçə ildir ki, müstəqil Mərkəzi Laboratoriya kimi fəaliyyət göstərir. Bu gün laboratoriyanın tabeliyində Ceyranbatan laboratoriyası, Hövsan, Buzovna, Şüvəlan və daha 9 regional laboratoriya var.

 

Elçin Əliyev təcrübəli mütəxəssis olaraq tez-tez strateji əhəmiyyətli beynəlxalq layihələrin hazırlanmasına cəlb edilir. BMT xətti ilə reallaşan Kür-II layihəsində fiziki-kimyəvi analizlər üzrə baş kimyaçı ekspert olaraq çalışıb. 2018-2020-ci illəri əhatə edən bu mühüm layihə çərçivəsində çöl işləri üçün 12 hesabatın və yekun hesabatın müəllifi də məhz Elçin Əliyevdir. Elçin müəllim Avropa Birliyinin təşkil etdiyi Standartların Harmonizasiyası layihəsinin də aparıcı mütəxəssislərindən biri kimi tanınır.

 

O, JİCA (Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatı), PTB (Almaniya Metrologiya İnstitutu), GİZ (Almaniya Əməkdaşlıq Təşkilatı) və s. nüfuzlu beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Həm özü, həm də rəhbərlik etdiyi Mərkəzi Laboratoriyanın əməkdaşları təcrübə mübadiləsi çərçivəsində son illərdə Yaponiyada, Almaniyada və Ukraynada ezamiyyətdə olublar.

 

Elçin Əliyev Bakı Ali Neft Məktəbinin “Strategy Execution” şirkəti ilə birgə təşkil etdiyi Corc Vaşinqton Universitetinin Layihələrin İdarə Edilməsi kurslarını uğurla bitirərək Master Sertifikatını alıb. Təcrübəli mütəxəssis 25 elmi məqalənin və 1 kitabın müəllifidir.

 

Azərbaycanımız üçün həyati əhəmiyyətli bir laboratoriyaya rəhbərlik edən Elçin müəllim sözün əsl mənasında güvənilən adamdır. 50 il ərzində qazandığı bu böyük uğurların arxasında həm də ailə üzvlərindən aldığı mənəvi dəstək durur. Ölkəmizdə və xaricdə öz sahəsinin nüfuzlu mütəxəssisi olaraq qəbul edilən Elçin müəllim həm də nümunəvi ailə başçısıdır. Ömür-gün yoldaşı Həbibə xanım Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında çalışır. Qızı Aydan 662 balla daxil olduğu BDU-nun hüquq fakültəsini ingilis dilində bitirib və hazırda Sumqayıt Sənaye Parkında əmək fəaliyyətinə başlayıb. Oğlu Qabil 700 balla Bakı Ali Neft Məktəbinə daxil olub və bu təhsil ocağının ən fəal və əlaçı tələbələrindəndir. Ailənin sonbeşiyi Məhəmməd isə hələ orta məktəb şagirdidir.

 

Dəyərli dostum, 50 yaşın mübarək olsun. Ömrünün bundan sonrakı mərhələsində də xalqımız, dövlətimiz üçün xeyirli işlər görə biləsən. Qəlbindəki və əməllərindəki su saflığı tükənməsin, Elçin Habil oğlu!

 

Etibar CƏBRAYILOĞLU

Mədəniyyət.- 2021.- 16 iyul. S. 16.