Şərif Şərifovun
şərəfli
Gözlərimiz önündə Bakı günü-gündən inanılmaz
şəkildə gözəlləşir,
dəyişir, çağdaşlaşır. Amma bu proses tək
paytaxtımızda deyil,
ölkəmizin irili-xırdalı
bütün şəhər,
qəsəbə və
kəndlərində uğurla
davam edir.
Vətənimizin belə yeniləşən,
daha da yaraşıqlı,
daha da cazibədar
olan şəhərlərindən
biri də Qədim Gəncədir. Hər bir
şəhərin simasını
orijinal memarlıq örnəkləri - binalar,
meydanlar, xiyabanlar-prospektlər,
parklar və bulvarlar müəyyənləşdirdiyi
kimi, heykəltəraşlıq
əsərləri də
bəzəyir.
Gəncənin bəxti gətirib. Bu şəhərdə istedadlı
heykəltəraş, rəssam,
xalçaçı Şərif
Şərifov yaşayıb
yaradır. Gəncənin baş rəssamı Şərif həm də şəhərin simasının necə görünəcəyinə nəzarət
edir.
Məlum olduğu kimi, Orta əsrlər Şərq şairlərinin
portretləri - Şah
İsmayıl Xətai
kimi bəzi istisnalar olsa da, qalmayıb. Qədim Azərbaycan
şairlərinin - Nizaminin,
Xaqaninin, Məhsətinin,
Nəsiminin, Füzulinin,
Vaqifin portretləri yalnız XX əsrdə - əsasən, Sovet dövründə rəssamlarımız
tərəfindən yaradılıb.
Heç
kəs bilmir ki, Nizaminin əslində
sifət cizgiləri,
boy-buxunu necə olub. Amma hamımızın təsəvvüründə Nizaminin
sifəti rəssam Qəzənfər Xalıqov
tərəfindən çəkilmiş
və rəsmi şəkildə təsdiq
olunmuş portreti, boy-buxunu isə həmin obraz əsasında heykəltəraş
Fuad Əbdürrəhmanovun
yaratdığı abidədə
olduğu cür yaşayır.
Bu yaddaşımıza həkk edilmiş Nizami obrazı Şərif Şərifovun
da dahi şairlə
bağlı ərsəyə
gətirdiyi bütün
əsərlərində əks
olunur.
Nizami deyəndə
ilk öncə Gəncə,
Gəncədən danışanda
dərhal Nizami yada düşür. Başqa rəssam
və heykəltəraşlarımızın
əməyini layiqincə
qiymətləndirərək onu da etiraf
etməliyəm ki, Gəncədə Nizamiylə
bağlı təsviri
sənət əsərlərinin
əksəriyyəti Şərif
Şərifovun adıyla
bağlıdır.
Buna görə də
Nizaminin növbəti
yubileyini qeyd etdiyimiz ildə Yazıçılar Birliyinin
təsis etdiyi Nizami mükafatına yazıçılarmızla bir
sırada Şərif
Şərifov da layiq görüldü.
Şərifin "Xəmsə bulağı"
adlı monumental dekorativ
kompozisiyasında Nizami
qəhrəmanları canlanır. Burada
"Xəmsə"ni təşkil
edən beş poemanın - "Sirlər
xəzinəsi", "Xosrov
və Şirin",
"Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə"
məsnəvilərinin personajları
əks olunub. Nizami personajlarından
"Leyli və Məcnun"un Şərif tərəfindən
yaradılmış abidəsi
də Türkiyənin
Kars şəhərində Heydər Əliyev parkını bəzəyir.
Bakıda, Azərbaycanın və dünyanın bir çox şəhərlərində
Ulu Öndərin heykəlləri qoyulub. Şərifin Gəncədə ucaltdığı
Heydər Əliyev abidəsi zənnimcə, ən uğurlularındandır.
Heykəl bir pozada durub
dayanmış adamın
yox, hərəkət
edən, addımlayan insanın hərəkətini
əks etdirir. Sifətinin ideal oxşarlığıyla bərabər,
üzündə xoş
bir ifadə obrazı daha da məhrəmləşdirir.
Heykəl
üzərində iş
prosesindən söz açan müəllif bu işə necə böyük məsuliyyətlə yanaşdığını
xatırlayır. Hətta pencəyinin
qırışları üzərində
necə diqqətlə
işlədiyini deyir.
Bütün bu detallar heykəlin plastik həllində reallığı
artırır. Abidənin
bu özəlliyini görkəmli musiqiçimiz
Fərhad Bədəlbəyli
də qeyd edir:
"Azərbaycanda Heydər
Əliyevə ucaldılan
abidələrin içərisində
öz ifadə gücü ilə seçiləni məhz Gəncədəki heykəldir. Mənə Ulu
Öndərlə xoş
ünsiyyətdə olmaq
şərəfi nəsib
olub, o cümlədən,
bir sıra səfərlərdə onu
müşayiət edənlərin
sırasında olmuşam.
Gəncədəki abidənin müəllifi
Heydər Əliyevin obrazının möhtəşəmliyini
və müdrikliyini dəqiqliklə verə bilib. Bu abidədə
həm də güclü bir dinamika var".
Gəncənin müxtəlif məkanlarınla
qoyulmuş "Şir
və günəş",
"Mirzə Şəfi
və müasirləri",
"Həyat ağacı",
ilk azərbaycanlı Sovet
İttifaqı qəhrəmanı
İsrafil Məmmədov,
Qusarda ucaldılmış
"Atlı əsgər"
və bir çox başqa heykəllərin də müəllifi Şərif
Şərifovdur.
Şərifin xalçaçı rəssam
kimi də bir çox uğurlu işləri var.
Ulu Öndərin və Prezident İlham Əliyevin xalça üzərində
portretləri, xarici ölkələrin bir sıra siyasi xadimlərin xalça şəkilləri bu qəbildəndir. Maraqlıdır ki, o vaxtki
ABŞ Prezidenti Bill Klintonun
qızı Çelsinin
Şərif tərəfindən
yaradılmış xalça-portretini
Heydər Əliyev
2001-ci ildə Bill Klintona
təqdim etmişdi.
Klintonlar
portreti elə bəyənmişlər ki,
ikinci nüsxəsini də sifariş etmişlər.
Şərif memar kimi də
səmərəli çalışır. Üsyan başçısı
cəsur Bəndərdən
məğrur Cavadxana qədər şəhərin
şanlı tarixini əks etdirən "Qala" kompleksi, Gəncə qapıları
- unikal arxitektura nümunəsidir. Bütün bu
işlərdə Şərifin
xidmətləri danılmazdır.
Ömrünün 75 ilini şərəfli
yaradıcılıq əməyiylə
başa vurmuş köhnə dostum Şərifə nə arzu edərdim? Əvvəla,
çox istərdim ki, onun Bakıda
da bir (daha
yaxşısı bir neçə) heykəltəraşlıq
əsərləri qoyulsun.
İkincisi, Gəncədə Qızıl Qayada Cavad xanın möhtəşəm heykəlinin
müəllifi də Şərif olsun.
Müstəqil Azərbaycan Cümhuriyyətinin
ilk paytaxtı 1918-ci ildə
üç ay müddətində
Gəncə olub. Bütün Şərq
aləmində böyük
hadisə olan bu tarix də,
Gəncədə Sovet
rejiminə qarşı
ilk əzəmətli qiyam
da nə şəkildəsə bir
memarlıq abidəsi
- obelisk kimi əbədiləşdirilməlidir.
Şərifi bu barədə
düşünməyə çağırıram. Nəhayət, bir çoxdanki arzumu da demək
istəyirəm. Bu istəyi
həyata keçirmək
elə çətin iş deyil. Mənim fikrimcə, füsunkar Göygöl haqqında ən gözəl şeiri nakam taleli şairimiz Əhməd Cavad yazıb. Arzum budur ki, Hacıkənddən Göygölə
gedən yolda bulaqlardan birinə Əhməd Cavadın adı verilsin. "Əhməd Cavad bulağı"na həmin o "Göygöl"
şeirindən bəndlər
həkk edilsin.
İnanıram ki, bütün bunlar gec-tez həyata keçəcək
Şərif. Gəncəlilər
demiş niyyət olmasın, qismət olsun!
6 iyun 2021
ANAR
525-ci qəzet.- 2021.- 9
iyul. S. 8.