ABŞ-da yaşayan Tokay Zamanın Şuşada sərgisi açılıb

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ABŞ-da yaşayan istedadlı gənc rəssam Tokay Zamanın rəsm sərgisi təşkil edilib.

 

Diaspora İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, sərgidə ABŞ-da doğulanyaşayan rəssamın qədim və müasir Azərbaycana, Şuşanın tarixinə və erməni işğalından azad olunmasına həsr etdiyi və yağlı boya ilə çəkilmiş əsərləri nümayiş olunub. Sərginin açılış mərasimində Türkiyə, İsrail, Rusiya, Polşa, Yaponiya, Litva və digər ölkələrin media təmsilçiləri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Tural Gəncəliyev mədəniyyət paytaxtımızda keçirilən sərginin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

 

Sərgidəki çıxışında Birləşmiş Ştatlarda fəaliyyət göstərən Azərbaycan diasporunun fəal nümayəndəsi Elmira Əliyeva bildirib ki, bənzər tədbirlər Azərbaycanla ABŞ arasında mədəni körpü rolunu oynayır. İştirakçılar xalqımız və dünya azərbaycanlıları üçün müqəddəs şəhər sayılan Şuşada olmaqlarından qürur hissi keçirdiklərini vurğulayıblar.

 

Sonda vurğulanıb ki, gənc rəssam Şuşanın işğaldan azad olunmasına həsr etdiyi "Şuşa, sən azadsan!" adlı rəsm əsərini mədəniyyət paytaxtının rəsmi nümayəndəliyinə hədiyyə edib.

 

525-ci qəzet.- 2021.- 9 iyul. S. 9.