Dünya
yaxşılarındır...
Xatirə
kitabımdan üç yarpaq
NƏRİMAN HƏSƏNZADƏ
AĞSAQQALLIĞI
Desəm
ki, tərifi heç xoşlamıram
- səmimi çıxmaz. Hamı kimi, mən də tərifə
biganə deyiləm, amma dozasında. Ona görə də bəzən
kimsə bu limiti keçirsə, deyirəm: "Bu tərifləri
mənə yox, mənim qarşıma çıxan xeyirxah,
qayğıkeş insanlara yönəldin. Çünki onlar
buna layiqdirlər".
Bəs
kimdir bu insanlar?
Allahımın
mənə bəxş etdiyi ən qiymətli töhfələrdir
onlar. Siyahı isə heç də qısa deyil - jurnalistika
fakültəsinin mən oxuduğum dövrdəki
bütün müəllimləri, Nəsir İmanquliyev, Rəşid
Mahmudov, Ağəddin Mansurzadə, Camal Yusifzadə, Qafar Namazəliyev,
Aydın Kazımzadə, Cəmil Quliyev, Şəfiqə
xanım Məmmədova... Və əlbəttə ki, gözəl
şairimiz, ziyalımız Nəriman Həsənzadə.
Nəriman
müəllimin bu siyahıda xüsusi yeri, mövqeyi var.
1981-ci
ildə universitetin 1-ci kursunda oxuyanda
ilk yazılarımı baş redaktoru olduğu, o
dövrün ən elitar mətbuat orqanında - "Ədəbiyyat
və incəsənət" qəzetində dərc edib mənə
qol-qanad verən, üzümü görməyə-görməyə
mənə inanan, etibar edən işıqlı, müdrik
insanın xeyirxahlığını, alicənablığını
unutmaqmı olar?
O
vaxtlar tanınmış tənqidçilər, jurnalistlər
bu qəzetdə çıxış etmək
üçün az qala növbəyə dururdular. Nəriman
müəllim isə məni - hamının inadlı təkidinə
rəğmən ilk istehsalat təcrübəsini bu nüfuzlu
qəzetə götürən tələbəni görməzə-bilməzə
qanadları altına alıb onun yazılarını növbəsiz
dərc edirdi. Hətta bir dəfə Bakıda qastrolda olan
G.Xazanovdan aldığım müsahibəni letuçkada tərifləyib
demişdi: "Baxın, respublikanın təcrübəli
jurnalistlərinin bacarmadığı işi bu tələbə
bacardı. Ona halal olsun!"
80-ci
illərin sonlarına yaxın həmin
qəzetdə işə keçmək şansım
yaranmışdı. Nəriman müəllim adımı
eşidən kimi yenə də görməzə dərhal
razılıq vermişdi. Amma..
Nə
isə...
Gəlin
söhbətimizin bu xoş aurasını pozmayaq.
Qəribədir,
mən bu qayğının, yaxşılığın əvəzində
öz təşəkkürlərimi Nəriman müəllimə
çatdırmaq üçün nə az, nə çox
- düz 40 il gözlədim.
2 il əvvəl
işlədiyim nəşriyyatda onu kompyuterin yanında
Yazıçılar Birliyinin xətti ilə çıxacaq
hansısa vacib bir kitabın tərtibatı ilə
bağlı iş başında gördüm.
Yaxınlaşıb ədəblə salam verdim və
otaqdakı bütün adamlar yaxşı eşitsinlər deyə
ucadan dedim:
- Nəriman
müəllim, siz mənim taleyimdə mühüm rol
oynamış insanlardan birisiniz. İzn verin gec də olsa, buna
görə minnətdarlığımı sizə
çatdırım.
Nəriman
müəllim həmişəki işıqlı təbəssümlə
mənə baxdı:
-
Oğul, mən nə eləmişəm ki?
Yuxarıda
yazdıqlarımı söylədim. Nəriman müəllim
dedi:
- Sən
yaxşı yazılar yazmısan, mən də vermişəm
də... Əmin ol ki, onlar məni qane etməsəydi, verməzdim.
Dedim:
-
Kimsəsiz bir tələbənin simasında
yaxşını görüb qiymətləndirmək, onu
ruhlandırmaq ən böyük yaxşılıq deyilmi, Nəriman
müəllim?
Gülümsədi,
nə isə demək istədi, amma susdu...
İşıqlı
təbəssümünüz işıqlı simanızdan əskik
olmasın, Nəriman müəllim. Allah sizi qorusun.
AYDIN KAZIMZADƏYƏ
"MƏDHİYYƏ"
Səhv
etmirəmsə, 1987-ci il idi. Ekran əsərlərində
musiqi mövzusunda nisbətən
iri həcmli və nəzəri səpkidə bir yazı
yazmışdım. Di gəl, onu harda dərc etdirəcəyimi
bilmirdim. Qəzetlər, təbii ki, sırf nəzəri planda
yazılmış bu yazıya yaxın durmayacaqdılar. Ona
müştəri çıxacaq tematik jurnalımız isə
yox idi.
Beləcə,
yazım və mən dilsiz- ağızsız baxışlarla
uzun müddət bir- birimizin üzünə baxa-baxa
qaldıq. Axırda yazımı bu naqolay vəziyyətdən
çıxarmaq üçün onu qoltuğuma vurub "Məndən
dilək, Allahdan kömək"
- deyə üz tutdum 12 səhifəlik
(?!) "Yeni filmlər" jurnalının "Nizami"
kinoteatrının sonuncu mərtəbəsində yerləşən
redaksiyasına.
Jurnalın
baş redaktoru Aydın Kazımzadə məni bir az rəsmi
ab-havada qarşıladı (və təbii ki, olan-qalan
ümidim də çıxıb getdi işinin dalınca):
- Eşidirəm...
Dedim,
bəs hal-qəziyə belə-belə, yazı
yazmışam, istəyirəm jurnalda getsin.
Aydın
müəllim dedi:
- Hələ bir baxaq görək nə
yazmısan. Bizim jurnal reklam-məlumat nəşridir. Amma
yazı xoşuma gəlsə, çalışacam getsin. Qoy
bura, telefon nömrəni də yaz...
Mən
deyilənləri edib çıxdım və üz tutdum
işlədiyim "Bakı" qəzetinin redaksiyasına.
Yolda məyusluğum daha da artdı: "Sənə lazım
idi nahar fasiləsi vaxtı yol ölçə-ölçə
bura gələsən? Reklam-məlumat xarakterli 12 səhifəlik
jurnal nə vaxtdan nəzəri yazı dərc edən olub?
Yazı yazmısan, dərc etdirə bilmirsən, at arxivinə
də".
Nə
isə...
Elə
bu məyus görkəmdəcə iş otağına daxil olan kimi şöbə
müdirim, yazıçı-publisist Ağəddin Mandurzadə
(Allah ona qəni-qəni rəhmət eləsin) soruşdu:
- Hardan gəlirsən? "Kino"
jurnalına getmişdin?..
Dedim,
bəli.
Dedi:
-
İndicə jurnalın baş redaktoru zəng vurmuşdu.
Götür zəng elə ona.
Fikirləşdim
ki, yəqin qoltuğumda apardığım yazını elə
qoltuğuma verib geri qaytarmaq üçün məni redaksiyaya
çağıracaq. Candərdi dəstəyi
qaldırdım. Nömrəni yığmağımla
Aydın müəllimin gur səsinin otağa yayılması
bir oldu:
- Yazını oxudum, xoşuma gəldi.
Bu nömrədə verirəm, özü də
hamısını. Sənin yazına görə mətbəəyə
zəng vurub nömrənin maketini dəyişdirdim. Təbrik
edirəm.
Aydın
müəllimin səsi qiymətli bir şey tapan adamın səsi
kimi necə guruldayırdısa, onun dediklərini eşidən
Ağəddin müəllim də məni təbrik etməyə
macal tapdı.
Amma
bu, final deyildi. Aydın müəllim taleyimdə
dönüş yaradacaq əsas sözləri qısa fasilədən
sonra dedi:
- Bilirsən ki, bizdə kino nəzəriyyəsi
axsayır, fərli mütəxəssislərimiz yox dərəcəsindədir.
Hiss elədim ki, bu sahədə məşğul olsan, nəsə
alınar. Götür boynuna. Sənə uğurlar
arzulayıram.
...Aydın
müəllimin bu sözlərindən vücuduma elə bir
enerji axdı ki, onun tükənməz təsiri ilə bəndəniz
başladı bu sahədə silsilə yazılar yazmağa;
2007-ci ildə dissertasiya müdafiə edib alimlik dərəcəsi
aldı; indiyədək çap olunmuş 11 kitabından 9-da
kinonun estetik problemlərini araşdırdı; kino sənətimizin
inkişafındakı xidmətlərə görə
Prezidentimizin sərəncamları ilə 2 dəfə dövlət
təltifləri ilə mükafatlandırıldı...
Mən
ustadlarımdan biri, ömrünün 81-ci baharını
yaşasa da, gənclik eşqi ilə yazıb-yaradan, kino
tariximizin əvəzsiz araşdırıcısı, sadiq
dost, mərd insan, "köhnə" kişilərdən
olan Aydın müəllimin xətrini çox istəyirəm.
Bu şəkli də ötən ilin fevralında dövlət
film fondunda onun 80 illik yubileyi tədbirində çəkdirmişik.
İrəli,
ustad!
BAŞIMIN TAVANA DƏYİB AZ QALA
YARILACAĞININ QISA TARİXÇƏSİ..
Bu əhvalat
düz 2 il əvvəl baş verib.
O
vaxt mənim "Kinonun fəlsəfəsi" adlı
kitabım "Qanun" nəşriyyatında yenicə nəşr
olunmuşdu. Amma nə qədər
qəribə də olsa, bir məsələdən
nigarançılığım bu kitabın sevincini axıra
qədər yaşamağıma mane olurdu. Ona görə yox
ki, yazdığım mətn
bizdə kino sənətinin fəlsəfə kontekstində,
müəyyən qədər də semiotika müstəvisində
araşdırıldığı və nəşr olunan ilk
iş idi və təbii ki,
heç də hamı tərəfindən birmənalı
qarşılanmayacaqdı. Yox, məni nigaran qoyan ayrı məsələ
idi. Bilirdim ki, nəşr olunan kitabımın taleyi nəinki
respublikamızda, ümumiyyətlə, bütün sovetlər
birliyində kinonun fəlsəfəsinin və
semiotikasının bəlkə də ilk
araşdırıcısı, kitablarını
acgözlüklə oxuduğum, mənim estetik
zövqümün formalaşmasında müstəsna rol
oynayan ustadım Niyazi Mehdinin rəyindən
asılı olacaq - mən ya nə isə dəyərli bir mətn
yazdığıma axır ki, əmin olacam, ya da Niyazi müəllimin
rəyinin zay məhsula çevirəcəyi kitabımın
tirajını özüm "müsadirə edib"
dövriyyəyə buraxmayacam. Sizə qəribə gəlməsin, hətta yaxın dostlara da
demişdim ki, əgər hamı bu kitabı bəyənib
bircə Niyazi müəllim bəyənməsə, deməli,
istədiyimə nail olmamışam, yaxud da əksinə
(xahiş edirəm, bu fikri oxuculara hörmətsizlik kimi qəbul
etməyəsiniz - söhbət sadəcə
araşdırmanın elmi prinsiplərindən gedir). Üstəlik,
kitabda feilin zaman kateqoriyalarının orta məktəb dərsliklərindəki
təriflərinin redaktəyə ehtiyacı olması, 1-ci
şəxsin mövqeyindən aparılan təhkiyə üzərində
qurulmuş filmlərdə mənim tapıntım olan "Eyk
effekti"nin movcudluğu, kinoda
zamanın bircinsliliyi, 3D formatı, virtual gerçəklik və
s. məsələlər barədə irəli
sürdüyüm polemik tezislər
həyəcanlarımı daha da artırırdı.
Nəhayət,
bir gün Ustada telefon açdım, kitabı da qoltuğuma vurub taleyini həll etmək
üçün üz tutdum onun işlədiyi Xarici Dillər
Universitetinə. Görüşüb bir xeyli söhbət
etdik. Niyazi müəllim təbii ki, məni təbrik elədi
və kitabı oxuyub fikrini bildirəcəyini dedi...
Mənim
ən narahat günlərim başladı...
Bir
gün... iki gün...beş gün...bir həftə - Ustaddan səs yoxdur, mənimsə
ümidlərim gündən-günə öləziyib tam
sönmək üzrədir: "Yəqin bəyənməyib
kitabı, sadəcə bildirmək, könlümü
qırmaq istəmir".
...Həmin
gün rayonumuzda rəss
am
dostumun emalatxanasında oturub çay içə-içə
kitabımın "dəfn mərasiminin" ssenarisini
yazırdım. Qəfildən telefonuma mesaj gəldi - Niyazi
müəllimdən idi. Açıb oxudum və hardansa gəlib
içimə dolan sehirli, mistik bir qüvvə məni yaya kimi
yerimdən necə yuxarı tulladısa, başımın
tavana dəyib zədələnməsinə bir neçə
santimetr qaldı.
Kitabımın
dəfn mərasiminin ssenarisini ad günü ssenarisinə
çevirən cümlələri olduğu kimi sizə təqdim
edirəm:
"Əziz
Əlisəfdər, kitabını oxudum, dəyərli
işdir, dili, anlatdığı düşüncələr....yaxşıdır.
Filmlərin estetikasını necə duymaq olar? Bu sual leytmotiv
kimi keçərək gənclərə
çatdırılsaydı, lap əla olardi. Ancaq bunu gələcək
kitabda da etmək olar. Uğurlar".
Ustadın
bu ilin fevralında 70 yaşı tamam oldu. Onu bir daha ürəkdən
təbrik edir, möhkəm cansağlığı
arzulayıram.
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2021.- 9
iyul. S. 12.