Musiqiyə
və muğama Nizami Gəncəvi baxışı
XX əsrin
əvvəllərindən başlayaraq muğamın tarixi
köklərini və onun lad məqam sisteminin
araşdırılması ilə bağlı tədqiqat aparan
dahi Üzeyir Hacıbəyli 1919-cu ildə "Azərbaycan
türklərinin musiqisi haqqında" məqaləsində
yazırdı: "Qədim fars kitablarından musiqiyə aid
olan böylə bir rəvayət oxudum.
Adəm
Peyğəmbər əleyhüssəlam torpaqdan
yaradıldıqdan sonra, ruha əmr olundu ki, onun bədəninə
daxil olsun, lakin ruh təkəbbürlük edib, torpaqdan
yaranmış olan bir bədənə girmək istəmədi;
o halda Cəbrayıl əleyhüssəlam nazil olub
"Rast" muğamında bir hava oxurkən, ruh bu havanın
təsirindən Adəm peyğəmbərin bədəninə
bir rəğbət hiss edib, həmən dəm bilatərəddüd
bədənə daxil oldu".
Dahi
bəstəkarın bu fikri muğamın islamdan
çox-çox qabaq dövrlərdə mövcud olmasına
işarədir.
XI əsrin
yazılı abidəsi olan Keykavusun "Qabusnamə" əsərinin
"Musiqişünaslıq qaydaları haqqında" fəslində,
o dövrdə mövcud olmuş muğamlar haqqında
danışılır. Burada Nizami dövründə ifa
olunan muğamlardan
dördünün adı çəkilir ki, bunlar "Rast",
"Üşşaq", "Əraqi",
"İsfahani"dir.
Görkəmli
Azərbaycan musiqişünası Səfiəddin Urməvinin
XIII əsrlə səsləşən "Kitabül-ədvar"
("Dairələr kitabı") əsərində əsas
muğamlar "Uşşaq", "Rast",
"Əraq", "İsfahani", "Zəngulə",
"Hüseyni" və "Hicaz" hesab edilmişdir. Bu
muğamlar sırasında yenə də "Uşşaq",
"Rast", "Əraq", "İsfahani" Nizami
dövründə ifa olunan muğamlardır.
Digər
Azərbaycan musiqişünası Əbdülqadir
Marağainin XIV-XV əsrlərin musiqi mədəniyyətini əks
etdirən "Came əl-əlvan", "Məqasid əl-əlvan"
və "Fəvaid əşəra" risalələrində
ilk dəfə olaraq, 12 klassik muğamdan əmələ gəlmiş
24 şöbənin adların göstərir. Görkəmli
musiqişünas bu fəsilləri belə başlayır ki,
musiqi sənətinin ustadları dairələrdən 6 avaz, 12
pərdə və 24 şöbə seçirlər və hər
birinə elmi adlar verməklə, əsərlərini də
onların əsasında qururdular.
Muğamın
tədqiqi sahəsində Qubad Qasımovun "Nizami və Azərbaycan
musiqisi" R.Zöhrabovun "Muğam", G.Abdullazadənin
"Qədim və orta əsrlərin musiqi mədəniyyəti"
xüsusilə də S.Abdullayevanın "Nizamidə Musiqi,
Musiqidə Nizami" əsəri dahi Azərbaycan şairinin
dövründə səslənən və əsərlərində
yer alan muğamların öyrənilməsi baxımından
çox əhəmiyyətlidir.
XII əsrdə
yaşayıb-yaratmış dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin əsərlərində
o dövrün musiqi mədəniyyəti haqqında geniş məlumatlar
var.
Qubad
Qasımov Nizaminin əsərlərində, xüsusilə
"Xosrov və Şirin" poemasında 8 muğamın
adının çəkilməsini qeyd edir: Bu muğamlar
"Rast", "Üşşaq", "Hesari",
"Iraqi", "Novruzi", "İsfahan", "Rəhavi"
və "Zirəfkənd"dir. Poemada bu muğamların o
dövrün iki məşhur ifaçısı - Barbədlə
Nəkisanın ifasında səsləndirilməsi təsvir
olunur.
Nəkisa
oxudu cadugar kimi,
"Rəhavi"
üstündə köklədi simi.
Barbəd
ilə Nəkisanın musiqi ifası səhnəsində Nizami
onların oxuduqları muğamların müəyyən
ardıcıllıqla adını göstərir ki, bu da,
Q.Qasımovun fikrincə, o dövrdə məhz dəsgahın
quruluşu ilə bağlı idi.
Musiqişünas
Səadət Abdullayevanın "Nizamidə musiqi, Musiqidə
Nizami" əsəri muğamların
araşdırılması sahəsində xüsusilə
böyük əhəmiyyətə malikdir.
Dahi
Nizami əsərlərində muğamın insanlara ruhi təsirindən
və musiqinin şəfaverici xüsusiyyətlərindən
danışır. Böyük sənətkar bunu Xosrovun mahir
ud ifaçısı Barbədin çalğısından bəhs
edərkən belə qələmə alıb:
Dünyanı
bürüyüb asiman kimi,
Barbəd
gətirmişdi təvana simi.
Nəğməylə
dostlara səfa verirdi,
Xəstə
ürəklərə şəfa verirdi.
Qalxıb
ucaldıqca udunun səsi,
Hər
teli çalırdı Davud nəğməsi.
Zəngulə
xoş səslə axıb gedirdi,
Nəfəsi
İsa tək can bəxş edirdi.
Muğamın
yaranma tarixi, arealı, inkişafı, tərkibinə daxil olan
hissələrin təhlili, məqam-lad xüsusiyyətləri
tədqiqatçılarımız tərəfindən ən
aktual mövzu kimi araşdırılıb. Bu baxımdan Nizami
Gəncəvinin əsərlərində muğamla
bağlı misralar böyük əhəmiyyət
daşıyır. Bu məsələ bir sıra məqalələrdə
öz əksini tapıb. Muğamlar şairin dövründə.
İndiki kimi dəsgah şəklində oxunub və sözlər
üçün müxtəlif mövzulu qəzəllər
seçilib. Nizami Gəncəvinin "Xosrov və
Şirin" poemasında əsər qəhrəmanlarının
dilindən Nəkisa və Barbədin növbə ilə
müxtəlif pərdələr əsasında qəzəl
oxuması, "Xəmsə"yə daxil olan poemalar əsasında
ən maraqlı səhnələrdən biridir. Bu
"deyişmə" vaxtı əvvəlcə "Nəkisa
o sənəmin istədiyi tərzdə cəngin müşayiətilə
bu qəzəli "Rast" pərdəsində oxuyur və
Şirinin dilindən Xosrova xitabən söylədiyi qəzəldə
onu düzgünlüyə, həqiqətə
çağırır". Burada musiqi ilə poeziyanın vəhdəti
ən yüksək səviyyəyə çatır. Musiqi
poeziya kimi pafosla oxunur, poeziya isə musiqi kimi həzin səslənir.
Nəkisa çəng ilə qəzəl deyəndən sonra,
Barbədin setarı saz ilə qoşalaşır.
Bu pərdədə
oxuduğu qəzəldə Barbəd Xosrovun eşqindən,
Şirinə vurğunluğundan danışır. O, rudda nəğməni
tamamladıqdn sonra "Nəkisa tez öz çəngini
çalır, "Hesari" adlanan o pərdədə
növbəti qəzəlini oxuyur".
Göründüyü
kimi, dahi şair öz əsərində mahir
ifaçıların deyişmələrində 8 pərdənin-məqamın
adını çəkir. Əlbəttə, Nizami məqamları
"Rast", "Üşşaq", "Hesari",
"Əraq", "Novruzi", "İsfahan", "Rəhavi"
və "Zirəfkənd" kimi ardıcıllıqla verməklə
Şirin və Xosrovun adından Nəkisa və Barbədin
apardığı dialoqun məğzindən asılı
olaraq bu və ya digər məqama uyğun qəzəllər
seçib. Nizami rübailərinin birində
"Əraq"ın adını bir daha çəkir.
"İsfahan"
və "Zirəfkənd"ə gəlincə, onlar orta əsrlərdə
yaxın və Orta Şərq xalqlarının klassik musiqinin əsasını
təşkil edən 12 muğamdan 6-cısı və 7-cisi
idi. "İsfahan" əvvəllər kiçik
şöbə şəklində ifa edilmişdir.
Nizaminin
əsərlərində səciyyələndirdiyi məqamlardan
6-sı müasir dövrdə xanəndələrimizin
repertüarına daxil olan muğamlardır.
Onlardan
"Rast" - "Novruz rəvəndə", "Rast",
"Üşşaq", "Hüseyni", "Vilayəti",
"Xocəstə", "Xavəran", "Əraq",
"Pəncgah", "Rak", "Əmiri" və
"Məsihi" şöbə və guşələrindən
ibarət olan dəsgahdır.
"Uşşaq"
- "Rast" dəsgahının "Mayə"sində
ifa olunan guşələrdən biridir. "Orta Mahur" və
"Mahur Hindi" dəsgahlarında şöbə kimi ifa
edilir.
"Hasar"
kimi tələffüz olunan "Hesari" "Zabul
Segah"ın "Əraq" və "Aşiq-guş"
şöbələri arasında "Yədi-hasar"
adıyla və ya "Mübərriğə" və
"Manəndi-Müxalif" arasında, "Bərdaşt"
şöbəsindən sonra "Manəndi-hasar" guşə
kimi ifa edilir.
"Əraq"
- "Rast" , "Mahur Hindi" və "Rahab" dəsgahlarının
kulminasiya nöqtəsini özündə əks etdirən və
əzəmətli səslənən şöbədir.
"Novruzi"
- "Humayun" dəsgahında şöbədir.
"Rəhavi"
- altı şöbə və guşədən ibarət
olan, "Şur" ailəsinə mənsub kiçik həcmli
muğamdır.
"Zirəfkənd"
- "Mahur" dəsgahında "Fili" ilə
"Əbu" arasındakı guşədir.
"İsfahan"
- "Bayatı-İsfahan" muğamının əvvəlki
adıdır, hazırda "Bayatı-Şiraz"
muğamının şöbələrindən biridir.
Deməli,
zaman keçdikcə muğam silsilələri ya dəyişikliklərə
uğrayaraq müstəqil muğamların şöbəsinə
çevrilib və ya əksinə, dəyişməz
qalmışdır.
Maraqlıdır
ki, Nizami Gəncəvinin adını çəkdiyi məqamlar
sırasında "Rast" öz mayə
ucalığını zəmanəmizə qədər
mühafizə edə bilmişdir. Əbəs yerə orta əsr
musiqişünasları onu "Muğamların anası"
adlandırmayıblar. Yerdə qalan muğamlar isə zaman
keçdikcə şöbə və ya avaz səviyyəsinə
enmişlər.
Üzeyir
Hacıbəylinin "Zabul Segah" muğamına əsaslanaraq
Nizaminin sözlərinə yazdığı "Sənsiz"
romansı və "Segah" muğamı motivləri əsasında
bəstələdiyi "Sevgili canan" romansları
dünyanın ən möhtəşəm konsert
salonlarında səslənib və böyük rəğbətlə
qarşılanıb.
Ü.Hacıbəyli
ənənələrini davam etdirən Azərbaycan bəstəkarları
öz yaradıcılıqlarında müxtəlif
muğamlardan yararlanaraq, dahi Nizaminin şeirlərinə
çoxlu sayda gözəl əsərlər bəstələmişlər.
Buna ilk misal olaraq, Əfrasiyab Bədəlbəylinin
"Nizami" operasını göstərmək olar. Qeyd edim
ki, Nizami obrazı ilk dəfə bu opera əsərində
yaradılmışdı. Zülfüqar Hacıbəylinin
"Nüşabə", Soltan Hacıbəyovun "İsgəndər
və Çoban", Fikrət Əmirovun "Nizami"
simfoniyası, maestro Niyazinin "Xosrov və Şirin" lirik
romantik operası, Ramiz Mustafayevin "Şirin" diplom
işi, Rəşid Şəfəqin "Bayquşların
söhbəti" üç hissəli
nağıl-operası, Eldar Mansurovun "Yeddi gözəl"
rok operası, Qara Qarayevin "Yeddi gözəl" adlı 4
pərdə və 10 şəkilli baleti, Tofiq Bakxanovun "Xeyir
və Şər" baleti də bu baxımdan parlaq əsərlərdir.
Bundan əlavə, Nizami Gəncəvinin əsərlərinə
"A capella" xoru üçün əsərlər, vokal
poemalar, instrumental əsərlər, vokal silsilə, elegiya,
musiqili qəzəllər, mahnı və romanslar
yazılıb ki, onların sırasında Ərtoğrul
Cavidin məşhur "Yar gəlmiş idi" əsəri də
var.
Bənövşə
RZAYEVA
525-ci qəzet.- 2021.- 9
iyul. S. 13.