"Elin
gözü tərəzidir"
İnsanda
sadəliyi hamı həmişə yüksək mənəvi-etik
xarakter bilib. Bu, həyat, yaşam fəlsəfəsidir. Harda
işləyirsən işlə, hansı vəzifədə
işləyirsən işlə, xarakterin sadəlikdən
barınmalıdır. Həm də sadəlik sadəlövhlük
olmamaq şərti ilə barınmalıdır; kitablardan belə
oxumuşuq. Müəllimlərimizdən, ata-anamızdan belə
eşitmişik.
Yavər
Məcidovu tanıyanlar sadə insan kimi tanıyıb. Belə
tanınıb, belə sevilib Yavər...
Yavər
Məcidov 1951-ci il iyulun 17-də
Zəngilan rayonunun Ağbis kəndində (bu kənd 1952-ci ilə
kimi Qubadlı rayonunun inzibatı ərazisinə daxil idi) anadan
olub. Atası Məhəmmədəli kişi ixtisasca
mühasib, anası Roza xanım alitəhsilli biologiya müəllimi
idi. Uşaqlığından kitablarla ünsiyyət
böyüdükcə Yavərin marağına, sonra vərdişinə
çevrildi. Bu gözəl vərdiş onun dünya duymunu
dönməzliklə ali təhsilə yönəltdi.
Bakıdakı 1 saylı fizika-riyaziyyat və kimya-biologiya təmayüllü
orta məktəbi yaxşı və əla qiymətlərlə
bitirdi, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin
tələbəsi oldu Yavər Məhəmmmədəli
oğlu. Mühasibatası Məhəmmədəli kişi əlini
Yavərin çiyninə qoydu, "Sağ ol, oğlum"
dedi, anası Roza xanım oğlunu bağrına basdı.
Qardaşı Fazil tibb institutunun tələbəsi idi.
Ailə
öz xoşbəxt günlərini yaşayırdı. Ata,
ana işləyirdi, uşaqlar təhsil alırdı. Yeddi
uşağın təhsili, tərbiyəsi,
arzuladıqları xarakterlə formalaşması onlara
bütün qayğıları unutdururdu. Bu, onların səadəti
idi. Ancaq zamanın gərdişi belə davam etməyəcəkmiş:
Məhəmmədəli kişi dünyadan çox vaxtsız
köçdü. Ailənin bütün qayğıları
Roza müəllimənin üzərinə düşsə də,
Məhəmmədəli kişinin qardaşı Famil
qardaşı övladlarının sağlam böyüməsi,
təhsillərini davam etdirməsi, layiqli vətəndaş
olması üçün imkanlarını əsirgəmədi.
Ali təhsil
aldıqdan sonra Zəngilan rayonunun Alıbəyli kənd orta məktəbində
müəllim oldu Yamər Məhəmmədəli oğlu.
1975-1977-ci illərdə Bakı şəhərində Elektron
Hesablama Maşınları zavodunda usta, sahə rəisi, 1977-ci
ildən 1992-ci ilədək Zəngilan rayonunda mühəndis,
Kommunal müəssisələri kombinatının rəisi, Zəngilan
şəhər Xalq Deputatları Sovetinin sədri, rayon
İcra Hakimiyyəti başçısının hərbi
işlər üzrə müşaviri vəzifələrində
böyük vətəndaşlıq məsuliyyəti ilə
işlədi. Bu, xidmət idi. Dövlət, dövlətçilik,
xalq qarşısında gözəl xidmət...
Ölkəmiz
müstəqilliyini qazandıqdan sonra onun əsas
atributlarından biri olan ordusunun yaradılması ehtiyatda olan
baş leytenant Yavər Məcidovun da ürəyincə oldu.
Ona görə də sevincinin həddi-hüdudu yox idi.
Artıq müstəqil ölkənin müstəqil quruculuq
işlərində daha fəal iştirak edir, bütün
tapşırıqları yerinə yetirməkdən xüsusi
zövq alırdı. Xüsusilə Zəngilan rayon İcra
Hakimiyyəti başçısının hərbi işlər
üzrə müşaviri vəzifəsində qısa fəaliyyəti
rayonda ordu quruculuğunun sürətləndirilməsinə,
bu sahədə ortaya çıxan maneələrin aradan
qaldırılmasına, ordu ilə arxa cəbhə arasında
möhkəm əlaqələrin qurulmasında, hərbçilərin
maddi-texniki və məişət şəraitinin
yaxşılaşdırılması üçün
lazım olan bütün təşkilati və hazırlıq
işlərin görülməsinə dəstək oldu.
Günlərlə, həftələrlə əsgər-zabit
heyəti ilə birlikdə səngər həyatı
yaşadı, çətin anlarda onların sırasında
oldu. Döyüşçülərin "İcra hakimiyyəti
rəsmisinin nəfəsi səngərimizi isidirsə, biz
mütləq qalib gələcəyik", - deyirdilər.
Səngər
həyatı, səngərlərdə
döyüşçülərlə Vətəndən,
döyüşlərdən danışa-danışa dan
yerinəcən uzanan söhbətlər onun düşüncələrində
incə bir titrəyiş yaradıbmış. Bu titrəyişin
nə titrəyiş olduğunu heç kimə demirdi. Qətiyyətin
təntənəsini hiss edincə qərarına ilk olaraq
özü xeyir-dua verdi. Ehtiyatda olan baş leytenant Yavər Məcidov
rayonda yaradılan hərbi hissədə hərbi xidmətə
başladı, hərbi hissənin şəxsi heyətlə
iş üzrə komandir müavini vəzifəsində.
Yeni
yaradılan, yaradıla-yaradıla döyüşən ordunun
formalaşması həm də zabitlərin hərbi xidmətə
xüsusi sevgisiylə bağlı idi. Nizamnamələr, təlimatlar
öz yerində, şəxsi nümunə, milli mentalitetə əsaslanan
söhbətlər, nümunələr, analogiyalar da şəxsi
heyətin mənəvi-psixoloji hazırlığının
yüksəldilməsində əhəmiyyətli olardı.
Yavər bunları bilirdi və müxtəlif formatlı tədbirlərdə,
söhbətlərdə hər birini əsgərlərin
düşüncələrinə məharətlə
hopdururdu.
Zabitlər
də, əsgərlər də Yavər müəllimin Müəllim
xarakterinin işığını görürdü, bu
işıq Zəngilanın sərhədlərinin hüdudalarının
qütbünə dönürdü...
İcra
strukturları ilə yaxın əlaqələrindən istifadə
edərək hərbçilərin məişət şəraitinin
yaxşılaşdırılması üçün gərəkli
işlər də gördü, qısa müddətdə hərbi
hissənin məişət problemlərinin həllinə nail
oldu, əsgər və zabitlərin asudə vaxtlarının
səmərəli keçirilməsi təmin edildi. Onun hərbi
hissənin komplektləşdirilməsi üçün
çağırış yaşlı gənclərin elə
rayonda hərbi xidmətə başlaması üçün
yuxarı komandanlıq qarşısında
qaldırdığı təklif müsbət
qarşılandı. Zəngilanlı gənclər rayon hərbi
komissarlığı tərəfindən hərbi xidmətə
səfərbər edilərək birbaşa hərbi hissəyə
göndərildi. Məhz Yavər Məcidovun təşəbbüsü
ilə gənc əsgərlərin ilkin hazırlıq
keçməsi üçün xüsusi baza yaradıldı,
gənc əsgərlərlə döyüş təcrübəsi
olan zabitlərin məşğul olması da hərbi hissənin
döyüş hazırlığının səviyyəsinin
yüksəldilməsini təmin etdi.
Hər
bir əsgəri tanısa da, onların hər biri ilə
ayrılıqda görüşür, mənəvi-psixoloji
durumunu öyrənir, təkliflərini öyrənir, təhlil
apardıqdan sonra komandirə müraciət edir, onların həllinə
nail olurdu. Atalar sözüdü: "Elin gözü tərəzidir".
Yavərin xidmətini hərbi hissədə də dəyərləndirirdilər,
İcra Hakimiyyətində də. Yəni Yavəri rəhbərlik
də, şəxsi heyət də sevirdi.
Polkovnik
Firudin Şabanov alay komandiri təyin edildi. Bu təyinatın Zəngilanın
müdafiəsində gərəkli təyinat olduğuna
hamı inanırdı. Peşəkar hərbçi idi. Kəşfiyyatçı
idi, keçmiş SSRİ-nin müxtəlif hərbi hissələrində,
eləcə də Əfqanıstanda xidmətləri
haqqında hərbçilərin kifayət qədər
geniş məlumatı vardı və bu məlumatlar camaatın
da inamını kükrədirdi.
Zəngilan
alayı son ana kimi döyüşdü, əhalinin təhlükəsizliyini
təmin edə-edə döyüşdü, camaatı
qırğından xilas etmək üçün
döyüşdü...
Zəngilan
alayı Goranboy poliqonunda təlim-məşq keçdikdən
sonra yenidən döyüşə hazır vəziyyətə
gətirildikdə qəflətən sapı özümüzdən
olan baltaların dəstəyi və köməyi ilə
alayın buraxılması təşkil edildi. Bu, iki ildən
artıq zəngin döyüş təcrübəsi olan
alayın tam hazır qüvvələrinin parçalanması
ilə başa çatdı. Alayın şəxsi heyəti
bir neçə saat ərzində Bakıdan göndərilən
xüsusi komissiyanın ciddi nəzarəti altında
ayrı-ayrı hərbi hissələrə
bölüşdürüldü və dərhal hərbi hissələrə
paylanıldı.
Mən
Zəngilan alayı komandirinin arxa cəbhə üzrə
müavini - arxa cəbhə rəisi vəzifəsindən sərəncama
göndərildim və bir neçə aydan sonra hərbi hissə
komandirinin şəxsi heyət üzrə müavini təyin
edildim. Xidmətimi 1996-cı ilin mart ayından Silahlı
Qüvvələrin Arxa Cəbhəsinin kadrlar bölməsində
davam etdirərkən mayor Yavər Məcidovun Müdafiə
Nazirliyi Siyasi və Sosial İşlər İdarəsində
Sosial Hüquq Müdafiəsi şöbəsinin baş təlimatçısı-şöbə
rəisinin müavini təyin edilməsi qəlbimə incə
bir təsəlli oldu. Sən demə, həqiqətən də
"Gec edərmiş, güc edərmiş".
Sonralar
mən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq
İdarəsində NATO-nun Sülh Naminə Tərəfdaşlıq
Proqramının həyata keçirilməsi bölməsinin
rəisi, Yavər Müdafiə Nazirliyinin Siyasi və Sosial
işlər idarəsində hərbi qulluqçuların
Sosial-Hüquq Müdafiəsi və Hərbi İntizamın Təhlili
şöbəsinin rəisi vəzifəsində hərbi xidmətimizi
davam etdirirdik. Vaxtaşırı görüşürdük.
Zəngilanlı günlərimizi xatırlayırdıq, arada
komandirin - polkovnik Firidun Şabanovun kəlamları da yada
düşürdü.
Ehtiyata
buraxıldıqdan sonra hər ikimiz də uzun müddət
Müdafiə Nazirliyi sistemində çalışdıq. Mən
Silahlı Qüvvələrin Hərbi Akademiyasında xarici
dillər kafedrası rəsinin müavini - baş müəllim,
Yavər müəllim isə Müdafiə Nazirliyinin Təhsil,
Tədris və Elmi Tədqiqatlar idarəsində müxtəlif
vəzifələrdə işlədik. İş yerlərimiz
eyni məkanda olduğuna görə yenə tez-tez
görüşürdük.
Bir
çox hallarda Yavər müəllim müxtəlif
komissiyaların tərkibində Hərbi Akademiyada yoxlamalarda
iştirak edirdi. Bu müddət ərzində mədəni
davranışı, sadəliyi, məsuliyyəti və peşəkarlığı
ilə hamının diqqətini çəkirdi. Hərbçilərin
də, mülki işçilərin də rəğbət bəslədiyi
insanlardan idi Yavər Məcidov. O, hansı idarənisə,
şöbənisə yoxlamağa göndəriləndə
yoxladığı sahə üzrə aşkarlanan
çatışmazlıqların aradan qaldırılması
istiqamətində dəyərli məsləhətlər verərdi.
Və aradan qaldırılması mümkün olan
çatışmazlıqların hamısı yerində
aradan qaldırılardı, necə deyərlər, bunlar akta
salınmazdı. Belə yoxlama kadrın işə məsuliyyətini
daha da artırırdı. Heç bir halda Yavər müəllimin
ikinci dəfə yoxlamaya göndəriləndə əvvəlki
çatışmazlıqlar müşahidə edilməzdi; dəyərli
məsləhətlər dəyərli tövsiyələrlə
tamamlanardı...
Bunları gördükcə, duyduqca
fərəhim köksümə sığmırdı.
Döyüş dostum, həmyerlim
Yavər müəllimlə fəxr edir, qürur duyurdum: Yavər
müəllim ailə ənənələrinin
davamçısı idi!
Zəngilan
işğaldan azad edilən gün zəng etmişdim. Mən
bircə kəlmə "Yavər müəllim..." dedim,
Yavər müəllim bircə kəlmə "Bayram müəllim..."
dedi. Bir müddət danışa bilmədik. Sükut
danışırdı ikimizin yerinə. Xeyli vaxtdan sonra dilim
tutar-tutmaz, "Gözümüz aydın!" dedim. İkimiz
də kövrəlmişdik. O gecə minlərin kövrəldiyinə
zərrəcə şübhəm yoxdu...
Görüşəndə
sevincini də aydınlığıyla gördüm, qəhərini
də. Zəngilanın işğaldan azad edildiyini görməyənlər
görəydi bu qəhəri. Zəngilanın son
döyüşünü də xatırladıq, alayımızdan
şəhid olanları da. Polkovnik Firidun Şabanov Zəngilanın
düşməndən təmizləndiyini görə bilmədi.
Bu, hər ikimizi xeyli kövrəltdi. Yəni Yavər müəllim
sədaqətli insan, sədaqətli dost, sədaqətli hərbçidi...
Yavər
Məhəmmədəli oğlu insanda sadəliyi həmişə
yüksək mənəvi-etik xarakter bilib. Bunu həyat,
yaşam fəlsəfəsi kimi yaşadıb. Xarakteri
kitablardan oxuduqları ilə, ata-ana söhbətləriylə,
müəllimlərinin dedikləriylə
formalaşmışdı. Sonra iş, sonra hərbi xidmət.
Bütün məqamlarda yaxşı vətəndaş olub
Yavər Məcidov.
Mən
Yavər Məhəmmədəli oğlunu belə
tanımışam.
Yavər
Məhəmmədəli oğlunu hamı belə
tanıyıb...
Bu
ömür duru ömürdü...
Yavər
müəllim həmişə yaxın təmasda olduğum hərbçi
dostumdu, eloğlumdu, azərbaycanlımdı, dünyəvi
düşüncəli müəllimdi...
Bayram MƏMMƏDOV
525-ci qəzet.- 2021.- 9
iyul. S. 14.