Şuşanın
dolayları
30 il
əvvəl işğal olunmuş torpaqlarımızın erməni
tapdağından qurtulması uğrunda 2020-ci il sentyabr
ayının 27-dən noyabrın 10-a kimi davam edən 44 günlük
II Qarabağ müharibəsi müzəffər ordumuzun qələbəsi
ilə qurtardı.
Şimal
qonşumuz Rusiyanın vasitəçiliyi ilə Ermənistan
məğlubiyyət aktına qol çəkdi və
darmadağın edilmiş ordusunun qalıqlarını
torpaqlarımızdan çıxardı. Vətənin
azadlığı uğrunda son damla qanına kimi
çarpışan igid əsgərlərimizin
döyüş salnaməsinin zirvəsi, heç şübhəsiz,
Şuşa uğrunda döyüşlər, Şuşa
qalasının 28 illik əsarətdən qurtulması oldu.
Hər
bir azərbaycanlının qəlbində Şuşa şəhərinin
xüsusi yeri var; ilk növbədə, əlbəttə,
musiqi, muğam beşiyi kimi; bu da təbiidir - bizim ruhumuz
musiqiylə yoğrulub. Musiqi bizim mənəvi
qidamızdır. Daha sonra təbiəti ilə, ab-havası ilə.
Bir dəfə Şuşaya gələn insan ömrü boyu
unuda bilməz bu şəhəri. Burda dünyaya göz
açıb, burda yaşamış insanlar Şuşasız
yaşaya bilməz. Yaşasa da, ömrü-günü
yarımçıq olar. Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyev bu fikri bütün azərbaycanlılara
şamil etmişdi; demişdi: "Biz Şuşasız
yaşaya bilmərik". Həqiqətən də, hər bir
azərbaycanlı 28 il idi ki, bu hisslə yaşayırdı.
Elə ona görəydi ki, Ali Baş Komandan İlham
Əliyevin tapşırığı və xeyir-duası ilə
şir ürəkli xüsusi təyinatlı igidlərimiz
dırnaqlarıyla sıldırım qayalara
dırmaşıb, gözlənilmədən şəhərə
girdilər, düşmənlə əlbəyaxa
döyüşdə onun belini qırdılar, qovub şəhərdən
kənara atdılar. Şuşa azad edildikdən sonra nər
igidlərimiz, qəhrəman Azərbaycan əsgəri
işğalçı erməni ordusunu qabağına
qatıb elə bir hücuma keçdi ki, bir gün ərzində
- noyabr ayının 9-da 27 kənd işğalçılardan
təmizləndi. Ermənistan və qondarma "Dağlıq
Qarabağ Respublikası"nın qoşunları artıq
döyüşmək iqtidarında deyildilər. Hamiləri
Rusiya bu dəfə də onların qanının arasına
girdi. Gecəylə tələm-tələsik, üzərinə
vasitəçilik missiyası götürüb, ordumuzun
müzəffər yürüşünün
qarşısını aldı. Müttəfiqi Ermənistana
kapitulyasiya aktına qol çəkdirdi və dərhal,
ildırım sürəti ilə sülhməramlı
qoşununu Azərbaycana yeritdi; "xilaskar" rus ordusunu.
Üstündən
yeddi ay keçəndən sonra, hamıya yaxşı məlum
olan bu hadisələri təkrarən niyə yada salıram?!
Ona görə ki, müharibə
dayandırıldığı gündən biz azərbaycanlılar
30 ilə yaxın erməni əsarətində qalmış dədə-baba
torpaqlarımıza gedərək diz çöküb uzun illər
gözü yolda qoyduğumuzçün ondan üzr istəməyə
cəhd etmişik. Ötən bu yeddi ayı
Şuşamızı, mədəniyyət qibləgahımızı
ziyarət etmək arzusu ilə yaşamışıq. 30 il
dözmüşük, 6-7 ay dözə bilmirik. Bu da başa
düşüləndir; artıq Şuşa bizdədir.
Prezidentimiz neçənci dəfədir Şuşaya səfər
edir, Cıdır düzündə Novruz bayramı tonqalı
yandırır.
Deyir:
istək və səbr insanı arzusuna çatdırar. Elə
də oldu. Aprelin son günləri Heydər Əliyev Fondundan mənə
zəng vurdular: "İntiqam Qasımzadənin evidir?"
Dedim "bəli, özüdür danışan".
Soruşdular: "Siz, gərək ki, Şuşada anadan
olmusuz?" "Elədir. 1943-cü il avqust ayının 12-də".
"Mayın əvvəllərində Şuşada ənənəvi
"Xarıbülbül" festivalı keçiriləcək.
Siz də ora dəvətlisiz".
Mayın
11-də koronavirusla bağlı bütün vacib prosedurlardan
keçdikdən sonra gecə saat 2-də Filarmoniyanın həyətində
12 nəfərlik "Mersedes" markalı mikroavtobuslarda
Qarabağa yola düşdük. Karvanımız böyük
idi. On-on iki maşın olardı. Səfər
yoldaşlarımızın arasında hər sahədən
adam vardı; incəsənət işçiləri, alimlər,
yazıçılar və s.
Azneft
meydanından sağa dönüb Salyan yoluna
çıxdıq.
Sürücü
salonun işıqlarını söndürmüşdü.
Bir neçə dəqiqədən sonra artıq uzun bir yolun hələ
15-ci kilometrində idik, yavaş-yavaş sərnişinlərin
göz qapaqları bir-bir qapanmağa başladı. Deyəsən,
mən də mürgüləyirdim.
Hər
tərəf zülmət qaranlıqdı. Arxa cərgədəki
müsafirlərdən ikisi xırda-xırda nə barədəsə
söhbət edirdilər. Hiss edirdim ki, huş aparır məni.
Gözlərimin önündə balaca, səliqəli
Şuşa həyəti canlanır... Atam zabit paltarında
doqqazdan həyətə girib çağırır: Sona,
Sona! Çıxırıq eyvana: anam, böyük
qardaşım Daşqın, bir də - mən, iki
yaşlı balaca İntiqam. Anamgil tələm-tələsik
düşürlər həyətə. Mənsə durub
matdım-matdım baxıram. Atam anamı öpüb, qüvvətli
sağ əliylə Daşqını qucağına alır.
Sonra mənə baxıb: "Ay maşallah, bu da
yavaş-yavaş böyüyür, adam olur, deyəsən"
- deyir. Qucağına alıb öpür məni. Sonra
keçirik otağa; atam gətirdiyi sovqatları
yığır stolun üstünə. Xeyli qənd parçasını
anama verib: "Sona, bunları qoy bağlı bir yerə,
uşaqlara şirinçay eləyərsən" - deyir. Daha
sonra şirin çay düzəldirlər, soyutmaqçün
nəlbəkiyə töküb mənə verirlər. Mən
acgözlüklə - marçamarç, birnəfəsə
çayı içirəm. 2 yaşında ilk dəfə idi
ki, mənə şirin çay verirdilər.
Aldığım ləzzətdən gözlərim
yaşarır. Atamgilin də gözləri yaşarır;
ağlayırlar.
Mənim
o zaman, yəni 1945-ci ildə, dediyim kimi, cəmi ikicə
yaşım vardı; bu danışdıqlarım mənim
yadımda qala bilməzdi. Çox sonralar, atam
dünyasını dəyişəndən sonra keçən
günlərdən, müharibə dövründən
(1941-1945-ci illər müharibəsindən) maraqlı söhbətlər
eləyən anamdan eşitmişdim bunları. O şirin
çay hadisəsinin də çox təsirli bir tarixçəsi
var.
Görkəmli
ədəbiyyatşünas-alim, əsl azərbaycanlı - vətəndaş
Abbas Zamanov bir dəfə "Azərbaycan" jurnalına gəlmişdi
(onda mən tənqid şöbəsinin müdiri idim), mənə
qayıtdı ki, sənin atan, rəhmətlik
Böyükağa, bilirsən necə kişiydi?!
Ananızı necə sevirdi?! Həyatının mənası
siz - uşaqlarıydı. 1944-cü ildə onu ön cəbhədən
Tiflisə, hərbi qəzetə keçirmişdilər; 41-dən
44-ə qədər o, rota komandiri kimi səngər həyatı
yaşamışdı; odun-alovun içindən
çıxmışdı. O zaman qəzetdə bizə hərbi
pay verirdilər; içində də iki parça qənd
olurdu. Atan onları yemirdi; bir qutusu vardı, ora
yığırdı. İmkan düşəndə həftəsonu
iki günlük Şuşaya, sizi görməyə gedirdi, o qəndləri
də sizə aparırdı".
Bəli,
Şuşada o zaman insanlar çox ağır günlər
yaşayıblar. Yadıma düşmüşkən
orasını da deyim ki, müharibə vaxtı
Şuşanın KQB-si erməni olub, özü də min
cür alçaq üsullarla şuşalıları qorxudur,
incidirmiş.
Maşında
hər adam yata bilmir; mən bir az mürgüləsəm də,
az sonra ayıldım. Bayaq arxa cərgədə oturub
xırda-xırda söhbət eləyən müsafirlərin
(hər ikisi musiqiçiydi) çənələri yaman
qızışmışdı; toy çalmaqlarından
danışırdılar. Mənim
ayıldığımı görüb tarzən çox nəzakətlə:
"Deyəsən, qoymadıq yatasız?" - dedi. Cavab verdim
ki, "yatmırdım, gözlərimin acısını
alırdım". Deyəsən, indi də məni söhbətə
çəkmək istəyirdi, soruşdu: "Siz də
festival iştirakçısısız, yoxsa..." "Yox -
dedim, - mən qonaq kimi dəvət olunmuşam".
"Şuşalısız?" "Elə də demək
olar..." "Başa düşmədim". "Atam
bakılıydı, həyatımın da böyük hissəsini
Bakıda yaşamışam. Amma anam şuşalı idi;
üstəlik də, mən Şuşada anadan olmuşam.
Dünyaya göz açanda ilk dəfə ciyərlərimə
Şuşanın havasını almışam. Sonra
Şuşanın suyunu içmişəm. Gözlərim
gördüklərini dərk etməyə başlayanda
Şuşanın gözəlliklərini - Cıdır
düzünü, Daşaltını, İsa
bulağını görmüşəm. İlk
addımlarımı da Şuşanın o zaman
başdan-başa daş döşənmiş küçələrində
atmışam". Tarzən qardaşımız: "Onda
sizin Şuşada eviniz də var yəqin ki?.." - deyə dərhal
maraqlandı. "Bizim yox, ana babamın. İnsan cildinə
girmiş şeytan törəmələri 1937-ci ildə babam
Nəsir kişini şərləyib xalq düşməni kimi
tutdurandan sonra, anası, qardaşı, bacıları -
hamısı evi buraxıb Şuşadan çıxıblar.
Anam da özündən kiçik bacı və
qardaşını götürüb gəlib Bakıya.
Şuşadakı o evin əvvəlcə quru divarları
qalmışdı. Son vaxtlar dayımla getmişdik, heç o
da yox idi, eləcə boş həyət idi. Sovet hökuməti
də elə erməni kimi bir şeydi. Neçə-neçə
evin ocağını söndürmüşdü, ailəni
başsız qoymuşdu". Cavabım yol
yoldaşımıza, deyəsən, təsir eləmişdi,
daha sual vermədi.
Gözlərimi
yumdum. Yollarımız son illər əladır.
Maşınımız sanki güzgü üstü ilə
sürətlə şütüyüb gedir; çox rahatdır.
Amma mən Şuşaya heç vaxt bu yolla getməmişəm.
Həmişə Yevlax - Ağdam - Şuşa yolu ilə gedərdik.
İndi Ağdam ərazisi başdan-başa minalanıb; təmizləyib
qurtarmayıblar hələ. Xəyalım məni
1989-1990-cı illərə aparır. O zaman mən həmkarım
və dostum Aleksandr Qriçlə AzTV-də
"Bayatı" adlı ədəbi veriliş
hazırlayırdıq. Qış fəsli idi. Verilişin
birini Natəvana həsr etmək qərarına gəldik.
Əlbəttə, çəkiliş aparmaqçün
Şuşaya getməliydik. Şuşaya isə yol o zamankı
Dağlıq Qarabağ Vilayətinin ərazisindən: ermənilərin
yaşadığı Əsgərandan və Xankəndinin
yaxınlığından keçirdi. Oralar isə quldurlar,
ekstremistlər və cürbəcür həşəratlarla
dolu idi. Vilayətdə xüsusi vəziyyət şəraiti
elan olunmuşdu. AzTV-nin rəhbərliyi bizə yox demədi,
dedilər ki, risk edirsizsə, gedin. Qərara gəldik ki, gedək.
Getdik.
Əsgərandan başlayaraq, ta Şuşaya kimi, postlar və
postlarda əli avtomatlı rus əsgərləri. Allah qorudu,
heç bir hadisə baş vermədi. Dolaylarla qalxdıq
Şuşaya. Şuşa büsbütün qar içindəydi.
Küçələrdə növbətçi hərbçilər
gözə dəyirdi.
Mehmanxanada
yerləşdik. İki gün, iki gecə qaldıq
Şuşada. Natəvanın evində çəkilişlər
apardıq. İncəvara, hər şey qaydasınca gedirdi.
Verilişin əvvəlini çəkmək qalırdı:
Natəvanın məşhur büstü qarşısında
tamaşaçılarla görüşüb məkanı və
verilişin mövzusunu müəyyənləşdirməliydik.
Yerimizi tutub çəkilişə başlamaq istəyirdik ki,
əli avtomatlı bir rus əsgəri yaxınlaşıb:
"burda çəkiliş aparmaq olmaz" - dedi. Atan
yaxşı, anan yaxşı - nə qədər dilə
tutduq, qılığına girdik, başa saldıq ki,
"bura hərbi obyekt deyil, şairənin heykəlidir" -
mümkün olmadı. Rejissorumuz Səyavuş Məmmədovun
hərbi xidməti Rusiyanın şimalında
keçmişdi, onların, görünür, dilin bilirdi; əsgəri
kənara çəkib nə dedi, nə demədi, əlini də
şinelinin cibinə saldı, gördük ki, əsgər
burulub yan küçəyə getdi. İyirmi dəqiqə ərzində
biz də işimizi görüb qurtardıq. Sən demə, Səyavuş
ona deyibmiş ki: "Brat, daö tebe çervoneü,
dvadüatğ minut poquləy po druqoy uliüe. Obehaö
niçeqo ne vzorv¸m" (Qaqaş, bir onluq verim sənə, get
20 dəqiqə o biri küçələrdə növbə
çək. Qorxma, heç yeri partlatmarıq).
Veriliş
vaxtı-vaxtında çıxdı ekrana: pis də
alınmamışdı. Amma təəssüf ki, bir müddət
sonra AzTV-yə bir müxalifətçini gətirib sədr
qoydular, o da rus dilində olan verilişlərin demək olar ki,
hamısının, o cümlədən də, "Bayatı"
verilişinin lent yazılarını pozdurdu: "Bunları
neynirsiz saxlayırsız, biz müstəqil ölkəyik,
öz dilimiz var". Çox təəssüf ki, bizdə belə
düşüncəli adamlar indi də yox deyil.
Hava
işıqlanmışdı. Yol isə getdikcə
korlanırdı; maşın adamı atıb-tuturdu. Artıq
Füzuli rayonunun ərazisindəydik. Müsafirlər
ayılmışdılar. Yolun sağını-solunu seyr
etdikcə, adam dəhşətə gəlirdi. Sanki bu
torpaqlardan qədim dövrlərin vəhşi qəbilələri,
barbarlar keçib getmişdilər; özlərindən sonra
salamat bir şey qoymamışdılar; yol boyu
böyüklü-kiçikli bütün kəndləri
dağıdıb, xarabazara çevirmişdilər; bu mənzərə
kilometrlərlə qurtarmaq bilmirdi. Evlər bir yana, təbiətə
qəsd etmişdilər. Ekoloji terror göz qabağında
idi. Erməni işğalçılarının sağlam
düşüncəyə, məntiqə sığmayan vəhşiliyinin
nəticələrini öz gözlərinlə görmək
çox ağır idi. Maşında: ara-sıra "bu nədi
belə?", "vay, vay, vay - ora baxın bir", "bunlar
daş-divarla vuruşurmuşlar?", "bu,
talançılıqdır, başqa adı yoxdu bunun"
replikaları eşidilirdi.
Məndən
bir qədər aralı tanınmış teatrşünas-alim
Məryəm Əlizadə oturmuşdu, gördüklərindən
dəhşətə gəlmişdi; üzünü mənə
tutub: "Ay İntiqam, bunlar niyə belə eləyiblər
axı? İşğal eləmişdiz, hazır evdi də,
girin yaşayın. Xoşunuza gəlmir, genişləndirin,
düzəldin. Yenisini tikin. Yaşayın da. Vurub
dağıtmaq niyə?" "Xislətləri belədir...
- dedim. - Bakılıların belə bir sözü var: ziyanavər.
Ziyanavərdilər də..."
Maşın
karvanı qəhrəman Azərbaycan əsgərlərinin
qanları, canları hesabına düşməndən təmizlədikləri
ərazilərlə irəlilədikcə,
qarşımızda yaşıl meşələrlə
örtülü Qarabağ dağları füsunkar gözəllikləri
ilə yüksəlirdi. O dağların 30 ilə
yaxındı ki, gözləri yolda idi; bizi - öz
doğmalarını gözləyirdilər. Bizdən əvvəl
bu dağətəyi yamaclardan nər oğullarımız
keçmişdilər. Neçə-neçə gənc cəngavərimizin
qanı tökülmüşdü bu torpaqlara. İndi - may
ayının bu günəşli günlərində bu
yaşıl çəmənlərdə gah orda, gah burda
topa-topa, hərdən də tək-tək qızaran al
qırmızı lalələr o şəhid balaların
qanlarının nişanələriydi. Müharibə dəhşətləri
Füzuli rayonunda adamı iliyinə qədər
sarsıdırdı; yolboyu laləzar çəmənliklər,
yüzlərlə, minlərlə uçuq evlər,
torpağın sinəsinə dağ kimi çəkilmiş səngərlər,
qazmalar, lentlərlə haşiyələnmiş
saysız-hesabsız "mina", "mina", "mina"
xəbərdarlıqları... - Lənətə gəlsin
goreşən erməni işğalçıları;
quzğunlar!!!
Bir
xeyli də getdikdən sonra sürücülər
maşınlarımızı yolun sağına verib
dayandılar; qarşıda şlaqbaum vardı.
"Niyə
dayandıq? Bu nə şlaqbaumdur?!" Müsafirlər
maşınlardan yola tökülüşdülər. Bura
kiçicik bir hərbi məntəqə idi. Əllərində
silah, iri qamətli iki zabit bizə yaxınlaşdı; sifətləri
tuncdandı sanki. Amma gözlərində bir işıq,
doğmalıq vardı. Bu yerlərin sahibləri kimi çox
rahat idilər. Əvvəlcə salamlaşdılar, sonra
"xoş gəlmisiz" deyib izah etdilər ki, bir-iki saat
dayanıb Rusiyanın sülhməramlılarını
gözləməli olacaqsız, saat 10-da onlar gələcək
və sizi erməni kəndlərindən keçirib ta
Şuşaya qədər ötürəcəklər.
Düzü,
bir qədər məyus olduq; qurtarmadı bəs bu erməni əngəli?!
Görünür, yox, hələ bir qədər də
dözüm və səbr lazım olacaq. Neylək, dözərik;
iki yüz ildən artıq dözmüşük, bir az da
dözərik. İntəhası, sübh tezdən,
özü də bu yolun ortasında; bir stəkan isti çay
da yox... bir az çətindir. Amma camaatımız əl-üzlərini
yuyub rahatlanandan sonra, telefonlar düşdü işə;
"fotosessiyalar" başladı. Bir az da keçdi, milli
geyimli gənc bir qız sazını sinəsinə
sıxıb gözəl bir mahnı oxudu. Dalınca da birini;
Qarabağın havası qızın səsini
açmışdı...
Nəhayət,
sülhməramlılar gəlib çıxdılar. Protokolla
razılaşdırılmış bir sıra prosedur əməliyyatlarından
sonra, yola düzəldik; silahla təchiz olunmuş rus hərbi
maşınının biri karvanımızın
qabağında, biri də arxasında. İstər-istəməz
ünvansız bir sual verdim: "Prezidentimiz də sülhməramlıların
müşayiəti ilə gedir Şuşaya?".
Sürücü cavab verdi sualıma: "Xeyr, Prezident, Zəfər
Yolu ilə gedir; birbaşa. O yol hələ hazır deyil,
çox ağır yoldu. Bizim maşınlar orayla gedə bilməz,
sınıb qalarıq yarı yolda". Bu gözəl səfərin
bir qanqaraldan məqamını da deyim, - deməyə bilmirəm
- ondan sonra hələlik nöqtəsini qoyaq bu söhbətin.
Karvanımız ermənilər yaşayan kəndlərin
içiylə keçdikcə, yüksəkliklərdə
qondarma "Qarabağ Respublikası"nın Ermənistanın
bayrağını xatırladan bayraqları
görünürdü. Əlbəttə, bu, bizi çox
qıcıqlandırırdı; "alçaqlığa bax,
rusun arxasında tülkü kimi gizlənib bayraq yellədir..."
...Şuşanın
dolaylarını qalxdıqca, ürəyimiz həyəcan
hissi ilə çırpınırdı. Oxucu yəqin təsəvvür
edər, sevincimizin həddi-hüdudu yox idi.
"Xarıbülbül" festivalının
başlanmasına lap az qalırdı,
maşınlarımızı birbaşa Cıdır
düzünə sürdülər.
O
gün, mayın 12-də ordakı o möhtəşəm təntənəni
Cıdır düzü tarix boyu görməmişdi; nə
Cıdır düzü, nə Şuşa, nə də
şuşalılar... Təkrarolunmaz, ecazkar təbiətin
qoynunda qurulmuş səhnədəki toy-büsatı: Azərbaycanda
yaşayan xalqların mahnılarını, rəqslərini
seyr edib dinlədikcə hamımızın qəlbi qürur
hissi ilə dolurdu. Mən düşünürdüm: biz
yaxşı xalqıq, biz gözəl ölkəyik. Həm də
dözümlü və polad kimi möhkəmik.
Konsertdən
sonra Cıdır düzünün lap kənarına gəlib
qayalar üstündən Daşaltına, dərə boyu
burula-burula axan Daşaltı çayına baxdıqca
adamın gözü qaralırdı. Və dərhal da bu
sıldırım qayaları dırmaşıb
Şuşanı vəhşi düşmən
caynağından qoparıb xilas edən qəhrəman
oğullarımızı - 21-ci əsrin qladiatorlarını
düşündüm. Bu möhtəşəm
çal-çağır onların şərəfinə
idi. Ürəyimin çığırtısını
eşitdim: "Eşq olsun Şuşanın xilaskarlarına!
Eşq olsun!!!"
Sabahı,
mayın 13-də Festivalın ikinci günü yenə
Cıdır düzündə, yenə həmin səhnədə
daha bir möhtəşəm konsert baş tutdu, bu səfər
daha çox Qarabağa, Şuşaya, Azərbaycana həsr
olunmuş mahnılar, simfonik əsərlər, romanslar,
ariyalar ifa edildi. O gün böyük sənətkar Alim
Qasımovla qızı Fərqanənin ifasında
"Qarabağ şikəstəsi" Cıdır
düzünün daşına, torpağına, səmasına
həkk olundu. Və biz şərəfsiz erməni
quldurlarına şərəflə yaşamağın parlaq
nümunəsini göstərdik. Azərbaycanın qürurlu,
məğrur Prezidenti, qələbəmizin memarı İlham
Əliyevin, Xanımı Mehriban Əliyevanın və
övladlarının festivalın hər iki günü xalqla
birlikdə şənlənmələri, sevinclərini
xalqın sevincinə qatmaları bu bayram şənliklərini
daha da rövnəqləndirdi.
Festivalın
birinci günü nahardan sonra 4 nəfər səfər
yoldaşımla qaldığımız mehmanxanadan şəhəri
gəzməyə çıxdıq. "İlahi, bu nə məxluqatdı
belə, Şuşanı nə günə salıblar?!"
Salamat bina tək-tük gözə dəyirdi...
Mən
Şuşanı tanıyan bir adam kimi qabağa
düşmüşdüm. Məni ayaqlarım gətirib
vaxtı ilə Mədəniyyət evinin olduğu yerə
çıxardı; yox idi Mədəniyyət evi - "qədim
mədəniyyəti olan xalq"ın övladları
yerli-dibli yox etmişdilər Mədəniyyət evini. Amma
burda ürəyimizi açan bir mənzərə ilə
qarşılaşdıq; Azərbaycan mədəniyyətinin
üç böyük nümayəndəsinin: Xurşidbanu
Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün
vaxtı ilə erməni barbarları tərəfindən
güllələnmiş heykəlləri yan-yana, bərpa
edilmiş halda sanki bizi salamlayırdılar. Bu, ürəyimizi
qürur hissi ilə doldurdu. Qısa müddət ərzində,
müharibədən sonra cəmi beş aya yüksək səviyyədə
səliqə-sahmana salınmış bu məkan azərbaycanlıların
kim olduqlarından xəbər verirdi.
Dühalar
qarşısında təzim edib, onların nəzərlərinin
tuşlandığı səmtə, düz Bazarbaşı
deyilən yerə - Cümə məscidinə tərəf
yollandıq. Mən getmirdim, uçurdum elə bil; məscid
ilahi qüvvəsi ilə özünə çəkirdi məni.
Cümə
məscidi artıq bərpa olunmuşdu, amma içəri
keçə bilmədik. Çünki səhərisi gün
bayram namazı qılınacaqdı burda - hazırlıq
işləri gedirdi; "Xarıbülbül" festivalı
müqəddəs Ramazan bayramı gününə təsadüf
etmişdi. Əlbəttə, bu, elə-belə təsadüf
deyildi, təşkilatçılar hər bir şeyi, ən
incə məqamları belə,
düşünmüşdülər. Xeyli gəzib-dolandıq
Şuşanı; əldən düşənə kimi.
Hava
yavaş-yavaş qaralırdı; biz də şam yeməyinə
getməliydik. Üzümü tanınmış tarzən
Zamiqə tutub: "Ustad, indi bunun yoxuşu qalxmağı da
var ey..." - dedim. Dedi: "İntiqam müəllim, narahat
olmayın, bu saat onu da həll edərəm". Elə bu vaxt
yanımızdan hərbi maşın keçirdi, Zamiq müəllim
əl edib saxladı onu. Sürücünün yanında bir
zabit oturmuşdu; gördü gələn qonaqlardandır-nədir,
yoxsa Zamiqi tanıdı, özü düşüb bizi
maşına dəvət etdi və sürücüyə
tapşırdı ki, qonaqları dedikləri yerə apar.
Hər
şey gözəl idi; qan təzyiqim də yerindəydi, əhvalıma
da söz ola bilməzdi. Amma bir arzum hələ də ürəyimdəydi;
gedib anamgilin həyətinə baş çəkə bilməmişdim.
Düzdü, dediyim kimi, onların evlərindən əsər-əlamət
qalmamışdı, uçuqlarının
daşlarını da daşımışdılar; son dəfə
1980-ci illərin axırlarında gördüyümə
görə, bircə həyətin tən ortasında
babamın əkdiyi daşarmud ağacı yerindəydi, onun da
şax budaqlarından birinə qonşu öz həyətindən
zivə çəkib bağlamışdı - külək mələfələri,
balışüzlərini yellədirdi.
Sonralar
həmin armud ağacı 90-cı illərdə mən bərk
sətəlcəm olanda yuxuma girmişdi...
...Neçə
gün idi qızdırmam düşmürdü; ha dava-dərman
eləyirdilər, xeyri olmurdu. Axır, məni birtəhər
razı salıb rentgenə apardılar. Həkim: "Sətəlcəmdir,
- dedi, - penisilin, bir də sulfakomfakain vurmaq
lazımdır".
İkinci
iynədən sonra yuxuda gördüm ki, babamın
ömrümdə olmadığım, uşaq vaxtı
yalnız uçuq divarlarını gördüyüm evində
xəstə yatıram, sübh tezdən ayılmışam,
bir yüngüllük hiss edirəm canımda; bədənim də
bumbuzdur. Əynimdə yataq paltarı, durub pəncərəyə
yaxınlaşdım. Hər tərəf süd kimi ağappaq
idi; möhkəm qar yağmışdı. Armud ağacı
da büsbütün qara bürünmüşdü; ürəyim
armud istədi. Yadıma düşdü ki, anam deyərdi:
"Daşarmudu ilk qar yağanda yığıb yeyərlər;
onda şipşirin, həm də sulu olur. Uşaqlıqda biz səhər-səhər
gedərdik ağacın altına, görərdik ki, qarda
çoxlu çuxurlar var; tökülən dəymiş
armudların çuxurlarıydı - əlimizi o çuxurlara
salıb yığardıq armudları". Mən də
qapını açıb həyətə
çıxdım. Anam tez üzünü görmədiyim
babamın kürkünü gətirib çiynimə atdı.
Armud ağacının altına getdim; həqiqətən də,
qarda xeyli çuxur vardı. Əyildim, bir-bir bu
çuxurlardakı armudları yığmağa
başladım. Elə bu vaxt ayıldım; bumbuz idim.
Başımın ağrısı da keçib getmişdi.
Canımda bir yüngüllük hiss edirdim.
Xülasə,
proqrama görə Festivalın ikinci günü veriləcək
qala-konsertə az qalmış gözdən yayınıb
getdim həyətimizi axtarmağa. Yaxınlıqda
olmalıydı; Təzə məhəllədə -
Cıdır düzündən bir az aşağıda. Çətinliklə
tapdım. Çünki həyətlər kol-kos içindəydi,
böyürtkanlıq basmışdı həyətləri;
kimsəsiz qalanda belə olur. Sağ-sol qonşuların evlərini
səmt götürüb həyətimizi təxmin etdim. Məni
çətinə salan armud ağacı idi - yox idi. Axır
kol-kosun içində kötüyünü tapdım.
Görünür, kəsib odun əvəzi yandırıblar.
Bir nəslin izi beləcə silinib...
Məyus
və kor-peşman qayıtdım Cıdır düzünə.
İlahi,
nə yaxşı ki, Şuşa əbədidir, Cıdır
düzü də yerindədir; Cıdır düzünün
saf, təmiz, məlhəm havasını çəkdim
içimə, ciyərdolusu bir nəfəs aldım.
Hamı
toplanmışdı artıq; festival
iştirakçıları - sənətçilər də,
qonaqlar da. Kimlər yox idi burda?! Ölkəmizin sayılan,
seçilən ziyalıları: yazıçılar, bəstəkarlar,
jurnalistlər, görkəmli musiqiçilər. Bu insanlarla
görüşdükcə, hal-əhval tutduqca içimdəki
boşluq dolurdu; yavaş-yavaş özümə gəlirdim.
Nəhayət,
Prezidentimiz İlham Əliyev ailəsi ilə gəldi və
konsert başladı. Bu, çox yüksək səviyyədə
hazırlanmış bir konsert idi. Arxa cərgədə oturub ətrafı
seyr edə-edə biri-birindən gözəl ifaları dinləyir
və düşünürdüm: Bax, bu gün, bu anda,
burdakı ifaçılar da, tamaşaçılar da
buranın, bu gözəl torpağın əsl sahibləridirlər;
necə də rahatdırlar. Hamının üzü
gülür, hamı xoşbaxtdır; şuşalılar da,
şuşalı olmayanlar da.
Düşünürdüm;
hər şey gözəldir, hər şey yerindədir.
Amma... Amma bu iki gündə bir şey mənim diqqətimdən
yayınmadı; Şuşada bircə uşaq belə
gözümə dəymədi. Bu isə o demək idi ki, əsl
həyat Şuşaya qayıtmayıb hələ.
Düzdür, küçələrdə hərəkət
vardı: minik maşınları, yük maşınları,
hətta ağır tonnajlı maşınlar nəsə
aparır, nəsə daşıyırdılar; şəhərin
müxtəlif yerlərində bünövrələr qoyulur,
binalar tikilir, bərpa işləri gedirdi. Amma bütün
bunlarla bərabər, mənim zənnimcə, Şuşaya
dinc həyat uşaqlarla qayıdacaq, uşaqlarla gələcək.
Mütləq gələcək. Buna isə bu gün artıq
heç kimin şübhəsi yoxdur.
Mayın
12-si və 13-də Cıdır düzündəki
"Xarıbülbül" toy-büsatı bizi buna
inandırdı.
Bakı,
22 iyun 2021-ci il
İntiqam QASIMZADƏ
525-ci qəzet.- 2021.- 10
iyul. S. 10-11.