Sözə, sənətə həsr olunan ömür​​​​​​​

 

Unudulmaz ədibimiz Kəmalə Ağayevanın 85 illiyinə

 

Kəmalə Ağa qızı Ağayeva 1936-cı il iyul ayının 10-da Naxçıvan şəhərində doğulub. 1953-cü ildə Naxçıvan Şəhər 2 №-li orta məktəbini bitirərək həmin il Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Dillər Universiteti) fransız dili fakültəsinə qəbul olunur.

 

Hələ orta məktəb illərindən ədəbiyyata, şeirə, teatra böyük marağı olan Kəmalə elə birinci kursdan bu ali təhsil ocağında fəaliyyət göstərən ədəbiyyat dərnəyinin ən fəal üzvlərindən biri olur. O zaman bu dərnəyə gənc şair Hüseyn Hüseynzadə - sonralar məşhurlaşan Xalq şairi Hüseyn Arif rəhbərlik edirdi. Dərnək rəhbəri Kəmalənin xüsusi istedadını sezib əlamətdar və bayram günlərində ali məktəbdə keçirilən tədbirlərdə vaxtaşırı onun da şeirlərinin səslənməsinə şərait yaradır. Kəmalə Ağayeva artıq üçüncü kursdan burada tələbə-şair kimi geniş tanınır. Dördüncü kursda oxuyarkən ilk dəfə olaraq mərkəzi mətbuatda - "Azərbaycan" jurnalında onun "Hilal olaydım" şeiri dərc olunur. Elə həmin vaxtlarda bu şeir Azərbaycan radiosundan məşhur diktor Aydın Qaradağlının ifasında səslənir.

 

1957-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vuran Kəmalə Ağayeva doğma Naxçıvana qayıdır və təyinat aldığı indiki Babək rayonunun Şıxmahmud kənd orta məktəbinin fransız dili müəllimi kimi ilk pedaqoji fəaliyyətinə başlayır. Bir il sonra Naxçıvan teatrının baş rəssamı Məmməd Qasımovla ailə həyatı qurur. 1959-cu ilin sentyabrından ailə vəziyyətilə əlaqədar olaraq Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə fəaliyyətini davam etdirir.

 

1961-ci ildə Naxçıvan şəhərində yenicə yaradılan internat məktəbdə fransız dili müəlliminə ehtiyac olduğu üçün Kəmalə Ağayeva həmin vaxtdan tam 30 il burada pedaqoji fəaliyyət göstərir və özünün təşkil etdiyi ədəbiyyat dərnəyinə də rəhbərlik edir. Pedaqoji fəaliyyətilə yanaşı, Kəmalə Ağayeva ədəbi yaradıcılığını da eyni həvəs və coşqu ilə davam etdirir.

 

1958-ci ildə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan şəhərində səyyar plenumu keçirilir. Plenumda yerli yazıçı və şairlərin, həmçinin, ədəbiyyatda ilk uğurlu addımlarını atmaqda olan gənclərin də fəaliyyəti müzakirə olunur. Xalq şairi Rəsul Rza öz çıxışında gənc şairlərin yaradıcılığını təhlil edərkən Kəmalə Ağayevanın "Azərbaycan" jurnalında yenicə dərc olunmuş "Gənclik" şeiri üzərində məxsusi dayanır və məhz bu şeirinə görə istedadlı gənc şairin Yazıçılar İttifaqının üzvlüyünə qəbulunu məqsədəuyğun hesab edir. Həmin plenumda yerli gənc şairlərdən 5 nəfər, o cümlədən, yeganə qadın şair kimi Kəmalə Ağayeva da SSRİ, eyni zamanda, Azərbaycan Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilir. Beləliklə, Kəmalə xanım Muxtar Respublikada SSRİ Yazıçılar İttifaqının ilk qadın üzvü olur.

 

Elə həmin ildən başlayaraq 22 yaşlı gənc şair ilk dəfə olaraq qələmini dramaturgiya sahəsində də sınamaq qərarına gəlir. Buna səbəb "8 Mart" münasibətilə Məmməd Qasımovun ona hədiyyə etdiyi kitab olur.

 

Məhsəti Gəncəvinin "Rübailər"ini təqdim edərkən ömür-gün yoldaşının "bu rübailər əsasında yaxşı bir pyes yazmaq olar" tövsiyəsi onu ilk qadın şairimizin həyatından bəhs edən mənzum pyes üzərində işləməyə sövq edir. Pyes təxminən 4 ilə tamamlanır.

 

1962-ci ildə Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı tərəfindən gənc xanım şairin "Baharın sözü" adlı ilk şeirlər kitabı işıq üzü görür. Bir il sonra isə gənc-dramaturqun "Məhsəti" adlı 4 pərdəli mənzum faciəsi səhnəyə qoyulmaq üçün Naxçıvan Dövlət Dram Teatrına təqdim olunur. Pyes 1964-cü ilin repertuar planına daxil edilir və tamaşanın quruluşu yenicə baş rejissor təyin olunan tanınmış teatr xadimi Baxşı Qələndərliyə tapşırılır.

 

1964-cü ildə Naxçıvanda Muxtar Respublikanın 40 illiyilə bağlı naxçıvanlılara yubiley hədiyyələrindən biri də qədim sənət ocağı üçün yeni, üçmərtəbəli, möhtəşəm teatr binasının təhvil verilməsi olur. Teatrın tamaşaçılar üçün açılışını məhz "Məhsəti" tamaşası ilə həyata keçirmək qərara alınır.

 

Oktyabrın 15-də Muxtar Respublikanın 40 illiyinə həsr olunmuş təntənəli yığıncaq və yubiley konserti münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrı adlanan möhtəşəm binanın açılışı olur. Cəmi bir həftə sonra - oktyabrın 24-də "Məhsəti" tamaşasının premyerası ilə teatr yeni binada ilk tamaşaçılarını qəbul edir. "Məhsəti" pyesilə Kəmalə xanım Azərbaycan ədəbiyyatı və milli dramaturgiya tarixinə mənzum pyeslərin ilk qadın-müəllifi və ilk peşəkar qadın-dramaturq kimi daxil olur.

 

1965-ci ildə Bakıda keçirilən "Naxçıvan MSSR mədəniyyəti həftəsi"ndə Naxçıvan Dövlət Musiqili Dram Teatrı üç tamaşa ilə təmsil olunmuş, onlardan "Məhsəti" daha çox uğur və rəğbət qazanaraq Azərbaycan Televiziyası ilə Akademik Dram Teatrın səhnəsindən  bütün respublikaya canlı yayımlanmışdı.

 

Naxçıvan Teatrında 1976-cı və 2007-ci illərdə bərpa olunan "Məhsəti" mənzum faciəsi 1967-ci və 2014-cü illərdə şairin vətənində - Gəncə Dövlət Dram Teatrının da səhnəsində tamaşaya qoyulub.

 

1967-ci ildən üzü bəri artıq ədəbiyyatımızda Kəmalə imzası ilə tanınan şairin "Gül yarpağı" (Gənclik, 1967), "Sən olmasaydın" (Azərnəşr, 1974), "Arpaçayın nəğməsi" (Yazıçı, 1978), "Daş piyalə" (Yazıçı, 1982), "O dağlarda gözüm qaldı" (Yazıçı, 1987), "Tanrıya heyranam mən" (Elm və həyat, 1997), "Apardı sellər Saranı" (Sabah, 1997), "Vətənə sevdalıyam" (Nurlan, 2004), "Qönçələr" (Nurlan, 2005), "Könül verdiyim ellər" (MBM, 2006), "Əlixan məhəlləsi" (MBM, 2010), "Ay-ulduzlu gülüstanım" (2017) adlı kitabları nəşr olunub.

 

Bundan əlavə, Türkiyənin İstanbul şəhərində şair-dramaturqun 2002, 2003 və 2009-cu illərdə "Məhsəti" (Pyeslər), "Bir gül kimi" (İlahi şeirlər) və "Sevdim Türkiyəni" ("Sevdim Tükiyeyi" - türk dilində, Türkiyəyə ithaf olunmuş şeirlər) kitabları nəşr edilib.

 

1968-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında yenicə təsis olunmuş ədəbi hissə müdiri ştatına təyin edilən Kəmalə xanım həmin vəzifənin ilk icraçısı kimi burada 22 il fəaliyyət göstərdikdən sonra, eyni vəzifəni 1989-cu ildə yaradılan Naxçıvan Dövlət Kukla Teatrında, yenə də ilk olaraq tam 13 il yerinə yetirib.

 

Hər iki teatrda səmərəli fəaliyyət göstərən Kəmalə xanımın bu dövrdə dramaturji yaradıcılığı da çiçəklənib. Həmin illərdə onun Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində "İsmət" (1972), "Apardı sellər Saranı" (1985) mənzum pyesləri tamaşaya qoyulub.

 

Maraqlıdır ki, 1982-ci ildə Naxçıvanda yaradılmış "Cavid" Poeziya Teatrının da təntənəli açılışı həmin ilin noyabrında - Hüseyn Cavidin Uzaq Sibirdən gətirilmiş nəşinin doğma torpağa tapşırıldığı günün axşamı - ayın 3-də bu dahinin həyat yolunu və yaradıcılığını əks etdirən, Kəmalənin yazdığı "Mənim Tanrım gözəllikdir, sevgidir" mənzum pyesinin ilk tamaşası ilə olub. Müəllifin Naxçıvan Teatrındakı bütün tamaşalarının bədii quruluşu baş rəssam, muxtar respublikanın Əməkdar incəsənət xadimi Məmməd Qasımovundur.

 

Naxçıvan Dövlət Kukla Teatrındakı fəaliyyəti dövründə isə Kəmalə uşaq dramaturgiyasına yeni töhfələr verməklə "Göyçək Fatma", "Tıq-tıq xanım", "Məlikməmməd" və "Sirli sözlər" kimi uğurla tamaşaya qoyulan və bugünədək uzun müddət repertuardan düşməyən mənzum nağıl-pyesləri ərsəyə gətirib.

 

O illərdə teatrın ilk bədii rəhbər-direktoru, müəllifin böyük oğlu Ələkbər Qasımovun quruluşçu rejissoru olduğu "Göyçək Fatma" tamaşası Türkiyənin İzmir, Van, Ərzincan və İğdır şəhərlərində böyük rəğbətlə qarşılanıb. "Göyçək Fatma" 20 ildən artıqdır ki, Azərbaycan Dövlət Kukla Teatrının və 15 ilə yaxın bir müddətdir, Qax Dövlət Kukla Teatrının repertuarını bəzəyir. 2014-cü ildə isə Azərbaycan Dövlət Kukla Teatrı "Məlikməmməd" nağıl-pyesini tamaşaya qoyub.

 

Azərbaycan Televiziyası da vaxtaşırı Kəmalə xanımın dramaturgiyasına müraciət edib. 1976-cı ildə onun "O, bizim dağların oğludur", 1996-cı ildə isə "Apardı sellər Saranı" mənzum pyeslərinin burada televiziya variantı hazırlanıb.

 

Kəmalənin şeir və poemaları Sovet dövründə olduğu kimi, müstəqillik illərində də müxtəlif dillərdə - o cümlədən, rus, ukrain, belorus, gürcü, özbək. türkmən, türk, fars, erməni, ingilis, alman, ispan və fransız dillərinə tərcümə olunub. O, özü də Fransanın tanınmış şairlərinin bir çox şeirlərini orijinaldan dilimizə çevirərək dərc etdirib.

 

Bu gün Kəmalənin sözlərinə müxtəlif bəstəkarlar tərəfindən yazılmış 30-dan artıq mahnı Azərbaycanın teleradio kanallarından səsləndirilərək geniş dinləyici kütləsinin zövqünü oxşamaqdadır.

 

Kəmalə xanım uzun illər ictimai-siyasi fəaliyyət də göstərib, 25 ildən artıq Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin üzvü, iki çağırış Naxçıvan Şəhər Sovetinin deputatı olub.

 

Dəfələrlə rəsmi xarici səfərlərdə olan Kəmalə xanım 1979-cu ildə Sovet nümayəndə heyətinin tərkibində 20 gün ABŞ-nın Vaşinqton, Nyu-York, Çikaqo, San-Fransisko, Boston və Sietl şəhərlərində təşkil edilən müxtəlif tədbirlərdə bu qitəyə ayaq basan ilk Azərbaycan qadın şairi olaraq özünün vətənə, dostluğa, sülhə aid şeirlərilə çıxış edib.

 

1984-cü ildə Fransada keçirilən Azərbaycan günlərinin iştirakçısı kimi Paris və Strasburqda, 1989 və 1990-cı illərdə Türkiyədəki ənənəvi Yunis Əmrə günlərində Azərbaycanın tək təmsilçisi kimi Əskişəhərdə, həmçinin, Ankara, İstanbul və İzmirdəki tədbirlərdə, Özbəkistanda keçirilən "Azərbaycan ədəbiyyatı günləri"ndə fəallığı ilə seçilib.

 

Bu tədbirlərin yekununda həmin ölkələrin Fəxri fərman və diplomlarına layiq görülən Kəmalə xanımın Vətən və xalq qarşısındakı xidmətləri də yüksək qiymətləndirilib. SSRİ-nin bir neçə medalları ilə və Fəxri fərmanlarla təltif olunan şair-dramaturq 1984-cü ildə Azərbaycan SSR Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb. 61 ildən artıq bir müddətdə Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Kəmalə xanım həmçinin, 1974-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olub.

 

Sovet dönəmində olduğu kimi, müstəqillik dövründə də yaradıcılığı və ictimai fəaliyyəti hər zaman Ümummilli liderimizin diqqətində olan Kəmalə xanıma ölkə Prezidentinin - Ulu öndər Heydər Əliyevin müvafiq fərmanları ilə 2002-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adı, 2003-cü ilin fevral ayında isə Prezidentin Fərdi təqaüdü verilib.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin qayğısı nəticəsində Kəmalə xanım 2005-ci ilin noyabr ayında Bakıdakı yeni tikililərdən birində üçotaqlı mənzillə təmin edilib.

 

Müstəqillik illərində Kəmalə xanım Muxtar Respublika rəhbərliyinin də diqqətindən kənarda qalmayıb. 1998-ci ilin yanvar ayında Bakıda, Dövlət Gənc Tamaşaçılar Teatrında 60 illiyi yüksək səviyyədə qeyd olunan görkəmli şair-dramaturqun yubileyi dekabr ayında, MR Ali Məclisinin Sədri hörmətli Vasif Talıbovun xüsusi diqqəti və himayəsilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında böyük təntənə ilə keçirilib.

 

Görkəmli şair-dramaturq, pedaqoq və ictimaiyyətçi, tərcüməçi-publisist Kəmalə Ağa qızı Ağayeva 2019-cu il iyul ayının 18-də, 83 yaşında, qısa sürən xəstəlikdən sonra, Bakıda dünyasını dəyişib.

 

Adı Azərbaycan ədəbiyyatı və milli teatr tariximizə mənzum pyeslərin ilk qadın müəllifi kimi əbədi həkk olmuş Kəmalə xanım səhnələrdəki tamaşaları, efirlərdəki nəğmələri, dəyərli poeziya incilərini əks etdirən kitabları ilə daim xatırlanacaq!

 

MEHRİ

525-ci qəzet.- 2021.- 10 iyul. S. 14.