"İtvuran"dakı
bumeranq effekti
Sayın
oxucular! FBM-in bu dəfəki müzakirə predmeti
tanınmış yazar Əyyub Qiyasın "İtvuran"
hekayəsidir. Maraqlıdır ki, bu hekayə haqda, demək
olar ki, tənqid yazılmadı. Görəsən, nə
üçün? Hekayə buna əsas verirmi? Müzakirəni
oxuyaq...
Layihənin
ideya rəhbəri və moderatoru Əsəd Cahangir
***
Şəfəq
Abdullayeva: Çox duyğulu hekayədi. Bu həyatda nə
ediriksə, özümüzə qayıdır,
balamızın qabağına çıxır...
Amin
Namazlı: Əyyub Qiyasın əsərlərində film
havası dərhal duyulur. "İtvuran"da da həmçinin...
Dəhşət hekayədi, çox ağırlıdır.
Bu hekayədə bütün predmetlər əzab çəkir,
əşyaların dili olsa, ağlayasıdılar. Belə
hekayəni yazmaq da çətindir, oxumaq da, haqqında nəsə
yazmağa çalışmaq da...
Müşfiq
Şükürlü: Hekayə mövzusuna görə yenidir.
İtlərin qətli hələ də davam edir. Hekayənin
bir özəlliyi də paralel təhkiyənin
olmasıdır. Oxucu həm insanın, həm heyvanın, həm
qatilin, həm məqtulun duyğularını görə
bilir. Bu, həm də insanlığın faciəsidir. Hekayənin
qəhrəmanı Səftər kişi itlərə
kağız pul kimi baxsa da, bala köpəkləri gələcək
çörəkpulu kimi görsə də, ana itə güllə
atanda onun gözlərindəki acını,
yalvarışı duya bilir. Amma sözünü etdiyim səhnədən
başqa, Səftər kişinin müsbət keyfiyyətləri
barədə bircə məqam yoxdur. Həm müasir, həm də
tərbiyəvi məzmunlu hekayədir.
Nüsrət
Hacıyev: "İtvuran" hekayəsi sosial problemlərin gətirdiyi
çətinliklərdən doğan acıları göstərməklə
yanaşı, ilahi ədalətin varlığını
sübut edən ədəbiyyat nümunəsidi. Hekayədə
yazıçının doğulduğu mühitdən irəli
gələn ruhsal duyum var. Düzdür, hekayədə bir
neçə yerdə yazıçı priyomlarının
yeri də görünür. Hekayənin əsas məğzi və
finala aparan ana xətti isə, əlbəttə ki, Əyyub
Qiyasın insan sevgisi, qəlbindəki Allah xofudur.
Yazıçının mütaliəsi, dinlər haqda bilgiləri
hekayəni beynəlxalq müstəviyə çıxa biləcək
səviyyəyə gətirib çıxarıb.
Heyvansevərlik
mövzusu hekayəni Avropa insanının qavraya biləcəyi
bir yazı edir. Hekayənin ən böyük milli və dini dəyəri
isə yazının ana xəttidir - hər bir əməl
sonda sahibinə qayıdır.
Elvin
İntiqamoğlu: Maraqlı təsir bağışladı.
Hekayəni ənənəvi ədəbi detallar və çağdaş
kretaiv ideyanın sintezi də adlandırmaq olar. İtin fonunda
cəmiyyətin qeyri-insani hissləri nadir
mövzulardandı... Əyyub Qiyasdan ədəbiyyatın,
xüsusilə gənclərin öyrənəcəyi
çox şey var!
Almaz
Ərgünəş Bəyazid: "İtvuran" hekayəsini
ikinci dəfə oxudum. Bütün canlıların öz həyatı
var. Bütün canlılar bir-birlərindən qidalanır,
bir-birlərini dolandırır. Etdiyi amansızlıq
insanın qarşısına çıxır nə zamansa. Həm
də mütləq. Əyyubun hekayəsinin sonunda olduğu
kimi. Əslində, itvuran kimi adamvuranlar da var. Mən itləri
sevmirəm. Yaşadığım şəhərdə
körpə bir qızı parçalayıb
öldürdüyü üçün. İtlər vəfalı
olduqları qədər də amansızdırlar. İnsanlar
kimi.
Turan
Novruzlu: Yazıçı demək istəyir ki,
başqasına nə yaşatsan, dönüb-dolaşıb səni
tapar. Tamara bacısına deyir ki, Səftər də
kişidir bəyəm? Uşağı məktəbə
göndərə bilmir. Hekayədəki bu cümlə cəmiyyətdə
dəyərlərin necə acınacaqlı vəziyyətə
düşdüyünə bir işarədir, kişilik pulla,
maddi nemətlərlə ölçülür. Səftər
itin qanını tökdü, Tanrı da Səftərin
qızının qanını tökməklə ədaləti
bərpa elədi. Bəzən kənardan amansızlıq, qəddarlıq
kimi görünsə də, Tanrı qədər ədalətli
olmalıyıq. Axı, həyat doğrudan da bumeranqdı.
Tahirə
Bədəlova: "İtvuran" hekayəsində diqqətimi
birinci cəlb edən iki canlının eyni amal uğrunda
çırpıntılarıdır... Hər ikisinin məqsədi
balasını ac qoymamaqdır! Səftərin itin gözlərində
kədəri duyması, mərhəmət hissinin, insani
duyğuların yaranmasıdır. Amma arvadının gileyi,
övladının ehtiyacı bu hissə qalib gəlir və
güllə açılır. Yaralı it də
balalarının xilası üçün ölümü
seçir. Yazıçı çox peşəkarcasına
hadisələri paralel davam etdirir. Final çox acı və
ibrətamizdir. Belə bir misal var: "Etdiklərini
yaşamayınca, bu dünyadan köçməzsən".
Hekayəni həyacansız oxumaq mümkün deyil.
Pərviz
Axundov: Hekayə xoşuma gəldi. İki süjetin bir-biriylə
kəsişməsi maraqlıdır. Həm də mövzu
yenidir. Müəllifin təhkiyəsi də
axıcıdır, oxucunu yormur. Bəzi iradlarım var. Dərhal
bilinir ki, müəllif oxucunun hisslərinə, kövrək
damarına xitab etməyə çalışır. Bunu isə
gözlənilmədən, anlaşılmaz şəkildə
edir. Başqa texniki səhvlər də var. Əsas odur ki,
hekayə gözəl alınıb, qalanları təfərrüatdır.
Murad
Süleyman: Bu hekayə nə dedi: - Ey bəşər, sənin
kimi mən bütün kəhkəşanı yaratdım.
Bütün yaratdıqlarıma sən hörmət etməlisən.
Yaradan yaratdı deyə... Bu, məncədir, bəlkə də
belə deyil.
Varis
Yolçiyev: Əyyubun bu hekayəsini illər öncə
oxumuşam. Çox bəyənirəm. Mükəmməl bir
hekayə nümunəsidir. Təhkiyə gözəl,
mövzu çəkici, ictimai məna yükü dərindir.
Burada it insan kimi düşüncəlidir, insan it kimi yırtıcıdır.
Əksliklərin vəhdəti həm bilavasitə, həm
dolayısıyla ortaya qoyulub, vəhşi cəmiyyətin
qanunlarının ali canlını belə necə dəyərdən
saldığı mövzu olaraq hədəfə
alınıb. Üstəlik, valideynlərinin
azğınlığına qurban gedən kiçik
qızın taleyi də ustalıqla qələmə
alınıb.
Aida
Eyvazlı Eyvazova: "İtvuran"ı illər öncə
oxumuşam. Əyyub Qiyas dəhşətdir. İnsanın
faciə dramını elə çəkir ki... Yazmır,
çəkir. Hər sətirdə hadisəni görürsən.
Dostumuz insanın ağrı və dərdini yazmağı
bacaran qələm sahibidir. Öz içərisindən
keçirir həmin ağrıları.
Etibar
Yaqubov: Çox ustalıqla yazılmış hekayədir.
İnsan qəddarlığı da, biganəliyi də, heyvan fədakarlığı
da çox təsirli təsvir olunub. Təsirli, yaddaqalan, ibrətamiz
əsərdir.
Zemfira
Vəliyeva: "İtvuran"ı indicə birnəfəsə
oxudum və ... hələ də o əsərdən ayrıla
bilmirəm... Əyyub Qiyas poeziya, nəsr, dramaturgiya sahələrində
qələmini sınamış, maraqlı bədii
nümünələr yaratmışdır və zaman kimin
kim olduğunun hökmünü verməkdədir. "İtvuran"
hekayəsinin baş problematikası, məncə, İnsan ləyaqətidir...
Mən bu hekayəni oxuduğum zaman keçirtdiyim hissləri
eynilə Ç.Aytmatovun "Cəllad kötüyü"
romanını oxuyarkən keçirmişəm! Uğurlar sizə,
Əyyub Qiyas!
Nazilə
Gültac: Mən bu hekayəni göz yaşları içində
oxudum. Əyyub Qiyas bu hekayədə necə böyük
ürək sahibi olduğunu göstərib. Canlılara
qarşı amansızlığın bədəli olduğunu
yazıb. Axı, canlıların da yaşamağa haqqı
var. Pula hərislik, qazanc əldə etmək insan mənəviyyatını
həmişə zədələyib, aşındırıb.
Uca yaradan haqqı nahaqqa verməyib heç vaxt. Hər kəs
etdiyi əməlin dəyərini gec-tez qazanır. Səftər
və onun kimilər ürəksiz yaşayır və cəzasını
yaxınları çəkir. Əyyub Qiyas Abasov bizim çox
dəyərli yazıçılarımızdandır. Mən
canlıları çox sevirəm. Şəxsən bu hekayəyə
görə minnətdaram ona.
İradə
Aytel: Əyyub Qiyasın nəsrini sevirəm. O,
mövzularını real həyatdan götürür və bədii
cizgilərdən çox ehmalca istifadə edir. Konkret olaraq, bu
hekayə son illərdə oxuduğum ən gözəl hekayədir.
Hekayədə iki sujet xətti var - əkiz küçükləri
naminə yaşamağa məhkum dilsiz-ağızsız,
Allahın yaratdığı ana it və bədbəxt,
kasıb bir ailə, işsiz, başıaşağı ev
böyüyü, pulgir qadın və itlər qədər məsum
körpələr... Ağrıdım hekayəni oxuduqca...
Bumeranq! Ümumiyyətlə, Əyyub Qiyasın yaradıcılığı
hisslərə toxunmağı - sevməyi, sevdirməyi,
ağlatmağı, güldürməyi bacarır. Əyyub
Qiyas yaradıcılığını oxuyanda
düşünürsən, müəllif bu ağrıya necə
dözüb? Ağrıya-ağrıya yazmasaydı,
ağrıya-ağrıya oxumazdıq, axı... Əyyub Qiyas
nəsri çox gözəl bilir. Dil axıcılığı,
fikri lakonik ifadə tərzi, həyatı
çılpaqlığıyla göstərmək məharəti,
mövzuya diqqət oyatmaq bacarığı... Yox, bunları
sadalamaqdansa bir kəlmə ilə demək daha
yaxşıdır: Əyyub Qiyas ürəyi olan
yazıçıdır.
Xəyyam
Rəfili: Gözəl hekayədi. Hadisələrin bir-birini əvəz
eləməsi, paralellər, təsvirlər əladı. Hekayəni
bir daha redaktə edib, məsələn it barədə
danışanda "fikirləşdi" sözünü
işlətməsə, yaxud da "Qadın telefonla
bacısına zəng vurub danışırdı" kimi
cümlələri daha yaxşı redaktə etsəydi, zənnimcə,
daha mükəmməl mətn alınardı. Amma bunlar irad
deyil, mənim subyektiv fikrimdi. Hekayə isə həqiqətən
gözəldi.
Həcər
Paşayeva: İkinci dəfə - bütün detalları nəzərə
almaqla yenə oxudum. Hardan başlayım, bilmirəm. İtin həyatı
və it günündə yaşayan insanın həyatı paralel
işlənib. Biri digərindən daha məşum və biri
digərindən asılı. Zibilxanada eşələnib əkizlərinə
qida axtaran it və it qanı ilə övladına paltar almaq
istəyən it günlü insan. Hansı daha
acınacaqlıdır? Cəmiyyət insanı nələrə
məcbur edir? Ailədə atanın - kişinin yeri
başqadır. Özünü erkək arı kimi aparan
alfonssayağı atalar da var. Ancaq Səftər ailə məsuliyyətini
hiss edir, qızının ehtiyacını ödəmək
üçün səhərəcən qan tökməyə
məcbur qalır. Çünki ona iş yoxdur. Qazanc yeri
yoxdur: "Qabaqlarına üçdən-beşdən
qoysaydın...." - prinsipi cəmiyyəti səftərləri
it günündə yaşamağa, it qanı ilə pul
qazanmağa məcbur edir. "Səftər kişidir ki? Bir
uşağı məktəbə göndərə
bilmir.." - bir atanın, ailə
başçısının eşitməkdən qorxduğu
çox böyük ittihamdır. Bu ittiham Səftəri günah
işlətməyə məcbur edən səbəblərin
sonuncusudur və başlanğıcıdır. Dairə burda
qapanır. O pulu qazanır, itin qanının pulu ilə
aldığı palto həmin itin küçüklərini
xilas edərkən qızının əynində
lazımsız bir əşyaya çevrilir. Onun ən qiymətlisi,
canının bir parçası İlqarın (məmurun!)
maşınının təkəri altında qalıb məhv
olur! Qana qan, dişə diş! İlahi qanun
aşağıdan yuxarı (böyüklərin
ölümü) və yuxarıdan aşağı
(qızın ölümü) ziqzaqvari hərəkət edərək
özünün əbədi sarsılmaz hökmünü
yerinə yetirir.
Əsəd
Cahangir: Artıq iki aya yaxındır iki, FBM-də hekayə
dartışması gedir və sanıram ki, düşüncələrimi
sizinlə bölüşmək üçün yetərincə
əsaslarım var. Beləliklə, müzakirənin 7
qızıl qaydasını sizə təqdim edirəm:
Hər
şeydən öncə, bir çox şeylər var ki,
onları yazmağa gərək yoxdur. Tutalım, sizin çox
sevdiyiniz "hekayəni oxudum" cümləsi. Əgər
açıqlama yazırsansa, deməli oxumusan, bunu özəl
vurğulamaq nəyə lazım?
İkincisi,
"bu söz yox, digər söz olmalıydı" sayaq
qınaqlara gərək görmürəm. Məncə, bu
qınağı ilk dəfə yazan gənclərə eləmək
olar, daha Əyyub Qiyas kimi 5-6 romanın müəllifinə
yox.
Üçüncüsü,
özünüzdən öncə deyilən fikri
qayıdıb yenidən demək nəyə lazımdır ki?
Dördüncüsü,
şərhlərinizi sadə, anlaşıqlı yazın.
Filosofluq, alimlik eləməyin. Bu baxımdan, Elşən
Əzimin şərhləri çox sərrast idi, o da təəssüf
ki, artıq müzakirələrdə görünmür.
Beşincisi,
bəzi yazarlar, xüsusən də gənclər öz hekayələrinin
müzakirəsindən sonra artıq FBM-də
görünmürlər. Özəlliklə də,
Müşfiq Şükürlü, müəyyən qədər
Bahəddin Salman.
Altıncısı,
bəziləri öz hekayələrinin müzakirəsinə
qatılmırlar ki, ağır oturub, batman gəlsinlər.
Aslan Quliyev qatıldı, pis oldu bəyəm? Gəlin,
özümüzün "dahilik" kompleksimizi bir kənara
qoyaq.
Yeddincisi,
bir-birimizə qarşı diqqətli olaq, müzakirələrdə
səmimi, fəal olaq. Bu baxımdan Varis Yolçiyevin sadəliyi,
necədirsə, elə görünməsi, avropasayağı
davranış tərzi hamımız üçün örnəkdir.
Bu, artıq məktəbdir. Varislik məktəbi.
Bu qədər.
Hamınızı çox sevir və hər birinizə
uğurlar arzulayıram.
525-ci qəzet.- 2021.- 10
iyul. S. 15.