İnformasiya
Kommunikasiya Texnologiyalarının dövlət idarəetməsinə
inteqrasiyası
Sürətlə
dəyişən dünyanın hazırkı
dövrünü İnformasiya Kommunikasiya
Texnologiyalarının (İKT) inkişafı xarakterizə
edir. İKT artıq cəmiyyətin inkişafına təsir
göstərən əsas amillərdən birinə
çevrilib və bizi əhatə edən bütün sahələrə
geniş şəkildə sirayət edib.
Təbii
ki, yeni texnologiyaların tətbiqi bütün dünyada bərabər
şəkildə getmir. Bu, hər bir ölkənin inkişaf
tempi və əldə olan daxili imkanlarından daha çox
asılıdır. Eyni zamanda, İKT-nin nə dərəcədə
yüksək tətbiq edilməsi bir ölkənin təhsil səviyyəsi,
intellektual potensialı, insan kapitalına verilən dəyər
və s. kimi göstəricilərdən asılıdır. Bu
isə süni intellektdən geniş istifadə, istehsalın
avtomatlaşdırılması,
robotlaşma, iqtisadiyyatın bütün sahələrində
rəqəmsal texnologiyaların tətbiqi deməkdir.
Ümumilikdə yeni sənaye inqilabı rəqəmsallaşma
ilə bağlı bütün sahələrdə ən yeni,
fərqli və daha əlverişli texnoloji infrastrukturdan istifadəyə
gətirib çıxarır.
Son
onillikdə dünya bazarında elektron ticarətin rolunun
artdığı müşahidə olunur. Ümumilikdə, indi ölkələrin
iqtisadi rəqabət aparmaq qabiliyyəti onların informasiya
kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən
əhəmiyyətli dərəcədə
asılıdır. Hətta ölkələr bu sahənin
inkişaf etdirilməsi üçün ardıcıl
addımlar atmış, nəticədə onu dövlət
siyasətinin prioritetlərindən birinə
çevirmişdirlər.
Hazırda
Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol
oynayan informasiya kommunikasiya texnologiyaları sahəsi inkişaf
səviyyəsinə görə fərqlənir. Ölkəmizdə
bu sahə üzrə innovasiya
yönümlü fəaliyyətin inkişaf etdirilməsi və
gücləndirilməsi istiqamətində davamlı tədbirlər
həyata keçirilir. Bir ümumiləşdirmə aparsaq,
dövlət tərəfindən müasir texnologiyaların tətbiqinin
təkmilləşdirilməsi, daha
informativ cəmiyyətin qurulması üçün
daima islahatların aparıldığını görərik.
Bu islahatların əsas istiqamətləri
isə iqtisadi tədbirlərin səmərəli həyata
keçirilməsi ilə təmin olunmalıdır. Əsas
istiqamətlər dedikdə: İKT sahəsinin
inkişafında dövlət dəstəyinin
artırılması, informasiya cəmiyyəti və
iqtisadiyyatının təşkilində digər ölkə
təcrübələrinin öyrənilməsi və tətbiqi,
bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi,
İKT üzrə innovasiya fəaliyyəti ilə məşğul
olan subyektlərə
stimullaşdırıcı xarakterli maliyyə
ayrılması, eyni zamanda, müxtəlif yeni texnoloji vasitələr
və mexanizmlərin hazırlanması istiqamətlərində
yardım və s. nəzərdə tutulur. Ən
başlıcası isə İKT sahəsi üzrə sahəsində
nəzərdə tutulan mühüm tədbirlərin
lazımi səviyyədə həyata keçirilməsi və
fəaliyyətin səmərəlilik səviyyəsinin
artırılması üçün, yüksək nəzəri
biliklərə və müəyyən təcrübəyə
malik olan kadr hazırlığı səviyyəsinin
artırılması mütləqdir.
"Elektron
Hökumət"in yaradılması
Son
illər ölkəmizdə inkişaf dinamikasını daha da
artıran amillərdən biri "Elektron Hökumət"in
(ingilis dilində e-Government) formalaşdırılması hesab
edilir. Bu, müasir informasiya texnologiyalarından istifadə etməklə
dövlət qurumları tərəfindən Azərbaycan
Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara,
hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara
və vətəndaşlığı olmayan şəxslərə
informasiya və e-xidmətlərin göstərilməsinə
şərait yaradır. Yaradılan
imkanların əsas məqsədi sosial xidmət təminatında
dövlət qulluqçuları və vətəndaşlar
arasında olan "məsafəni" azaltmaq, həmçinin,
bu münasibətləri sadələşdirmək və
şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən
elektron xidmətlərin geniş tətbiqi, onların
sayının və keyfiyyətin artırılması, vətəndaşların
xidmətlərdən məmnunluğunun yüksəldilməsi
bu məqsədə çatmağın vasitələridir.
"Elektron Hökumət" virtual məkanın, müasir
texnologiyaların imkanlarından, dövlət orqanlarında
informasiyalaşdırmanın yüksək səviyyəsindən
istifadə edərək ölkə vətəndaşlarına
göstərilən xidmətlərin keyfiyyətcə yeni
formada təqdim edilməsinə xidmət edir.
Demək
ola ki, artıq əksər dövlət orqanlarında əhaliyə
elektron xidmətlərin göstərilməsi təmin edilib.
Bu xidmətlər həm də bürokratik əngəlləri
aradan qaldırır. Elektron xidmətlər sahəsinə ən
müasir nümunə kimi
"ASAN xidmət"in yaradılmasını göstərə
bilərik. 2012-ci ildə yaradılan mərkəzlər
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindədir.
Yaradılan qurumun məqsədi dövlət
orqanlarının fəaliyyətində şəffaflığın
artırılması, vətəndaşlara göstərilən
xidmətlərin yüksək keyfiyyətlə, rahat və
müasir innovasiyaları tətbiq etməklə həyata
keçirilməsi olub. Çünki dövlət
başçısının qarşıya qoyduğu əsas
vəzifələrdən biri dövlət xidmətlərinin
göstərilməsində yeni standartlara nail
olunmasıdır. Bu standartlar, dövlət və özəl
xidmətlərin vahid məkanda operativlik, şəffaflıq,
müasirlik, texnoloji imkanların yüksəkliyi və s.
prinsiplərinə uyğun göstərilməsi əsasında
formalaşdırılıb. Ümumiyyətlə, Azərbaycanda
rəqəmsal hökumətin inkişafı, maliyyə
sektorunda tətbiq edilən həllər, qanunvericiliyin yeni
texnoloji trendlərə uyğunlaşdırılması
prosesi yüksək sürətlə davam etdirilməkdədir.
İnformasiya
mübarizəsi və müharibədən texnoloji yeniliyə
ilk addım
Müasir
dövrdə baş verən hərbi toqquşmalar və
müharibələr onu deməyə əsas verir ki,
qarşı tərəf üzərində üstünlük
təkcə silah gücünə deyil, həm də
informasiyanın, texnoloji üstünlüklərin
gücünə əldə edilir. Bu sahədə zəif olan
tərəf, digər baxımdan nə qədər
güclü olmasına baxmayaraq, ağır məğlubiyyətlə
üzləşə bilər. İnformasiyanın
toplanması, ələ keçirilməsi, operativ reaksiya və
digər bu kimi proseslər düşmənlə aparılan
informasiya müharibəsində böyük
üstünlük yaradır. Hansı ki, 44 günlük Vətən
müharibəsi zamanı Azərbaycan xalqı nəinki cəbhədə,
eləcə də İKT-nin imkanlarından istifadə edərək
informasiya müharibəsində də öz sözünü
deyə bildi. Həmçinin, zəfərlə başa
çatan İkinci Qarabağ müharibəsindən sonra
işğaldan azad edilmiş torpaqlarımızda texnoloji əsaslarla
şəhərsalmanın həyata keçirilməsi istiqamətində
bir çox işlərə start verilib. Yenidənqurma işlərinin
əsasında texnoloji imkanlarla zəngin "Ağıllı
kənd" layihəsidir. Bu layihənin həyata keçirilməsində
əsas məqsəd kənd yerlərində insanlara elə
şərait yaradılmasıdır ki, əhalinin şəhərdə
əldə edə biləcəyi bütün xidmətlərə
kəndlərdə də rahat çıxış olsun. Eyni
zamanda, insanlara kənddə daha çox gəlir əldə
etmək və məşğulluq imkanı
yaradılmalıdır. Üçüncü məqam isə
kənd sakinlərinin dövlət xidmətlərinə
çıxışının təmin olunması
üçün tam şəraitin
formalaşdırılmasıdır. Yəni
"Ağıllı kənd" konsepsiyasında xidmət,
qazanc və dövlət xidmətlərindən yararlanmaq
baxımından kənd və şəhər fərqi faktiki
olaraq aradan qalxmış olur.
"Ağıllı
kənd təsərrüfatı" - istehsal
üçün tələb olunan insan əməyini
optimallaşdırarkən məhsulların miqdarını və
keyfiyyətini artırmaq məqsədilə müasir
informasiya və kommunikasiya texnologiyalarından istifadə edən
yeni bir konsepsiyadır. 5 komponent üzrə icra ediləcək
layihə yaşayış, istehsal, sosial xidmətlər,
"ağıllı kənd təsərrüfatı" və
alternativ enerji sahələrindən ibarətdir. Buradakı
evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də
ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə
müasir məktəb, bağça, poliklinika və elektron
idarəetmə mərkəzləri inşa olunacaq, turizm
infrastrukturu formalaşdırılacaq. Bütün
yaşayış evləri, sosial obyektlər, inzibati və
ictimai iaşə binaları, kənd təsərrüfatı
məhsullarının emalı və istehsalı prosesi
alternativ enerji mənbələri ilə təmin ediləcək.
Bu konsepsiyaya əsasən, prosesin
elektronlaşdırılması istehsal imkanlarını
gücləndirir. Belə ki, suvarma sistemindən tutmuş
torpağın əkilib-becərilməsinə, məhsulun
toplanmasına kimi avtomatlaşdırılmış, bir mərkəzdən
idarə olunan və bütün platformanın birgə idarə
olunduğu bir sistemdir, həm də ən qabaqcıl
texnologiyalar və texnotransferlərin tətbiqini nəzərdə
tutur. Bu sistemin kənd infrastrukturunun digər sahələrinə
- alternativ enerji mənbələrinə və müasir nəqliyyat
sisteminə inteqrasiyası "Ağıllı kənd"in
konsepsiyasını tamamlayacaq.
Sadalanan
bütün xidmətlər ölkəmizdə rəqəmsallaşma
və elektron xidmətlərdə əldə etdiyimiz yeni
nailiyyətlərin göstəricisidir. Aparılan islahatlar,
dövlət və özəl sektor tərəfindən icra
edilən mühüm proqramlar rəqəmsal iqtisadiyyat
quruculuğu üçün mühüm baza
formalaşdırır. Regionun Enerji və Nəqliyyat Mərkəzi
statuslarına sahib olan Azərbaycanın artıq yeni dövrdə
mövcud resurslardan, qabaqcıl dünya təcrübəsindən
istifadə etməklə qısa zamanda rəqəmsal
iqtisadiyyat qurmaq və regionun Rəqəmsal Mərkəzinə
çevrilmək imkanı əldə edir.
Afaq RZA
525-ci qəzet.- 2021.- 10
iyul. S. 16.