Doğma
torpağın oğlu
İbad
Mövsüm oğlu Hüseynov - bu adın Azərbaycanın
müasir hərb tarixində məxsusi yeri var. Gənc
yaşlarında Rusiyada hərbi xidmətdən təxris
olunub, I Qarabağ müharibəsində öz kəndlərini
qorumaq üçün döyüşlərə
atılıb. Nizami ordunun olmadığı bir vaxtda ətrafına
könüllü dəstə yığmağı
bacarıb.
Dağlara,
cığırlara, kəndlərə yaxşı bələd
olduğundan, əsgərlikdəki təcrübəsinə
arxayın olaraq kəşfiyyat əməliyyatlarını
yerinə yetirib. Getdiyi bütün əməliyyatlardan
uğurla qayıdıb. Silah-sursatın olmadığı,
könüllü dəstələrin əliyalın, ov
tüfəngləri ilə kəndlərin, rayonların
müdafiəsinə qalxdığı vaxtlarda o düşmən
arxasına keçib, mövqelərini dağıdıb,
özü ilə müxtəlif tipli silah gətirib, hərbi
hissəyə təhvil verib. Onun bu cəsarəti nəticəsində
özünümüdafiə dəstəsi silahlanıb.
Düşmən təxribatlarının qarşısı alınıb.
1992-ci il, iyulun 1-də Müdafiə Nazirliyinin 113 nömrəli
arayışında yazılıb: "1992-ci il 11 yanvar
tarixində Xocavənd rayonunun Qaradağlı kəndi ətrafında
keçirilmiş döyüş əməliyyatı
zamanı şəxsən İbad Hüseynov düşmənin
1 ədəd "BRDM" tipli zirehli döyüş
maşının və onlarla əsgərini məhv
etmişdir".
Bunun
adı cəsarətdir. İyirmi yaşlı bir gəncin
onlarla düşmən üzərinə atılması,
onların zirehli ölüm maşınlarının
qarşısına çıxması danılmaz igidlikdir. Deyəndə
adi, təsəvvür edəndə asan görünə bilər
bu addım, amma bunun nə böyük dəhşət
olduğunu yaşayanda bilirsən. Çoxlarının adi bir
güllə səsindən qorxub gizləndiyi,
qaçdığı bir vaxtda amansız düşmənin
üstünə yerimək hünər istəyir. Bu hünərin
təməlində torpaq sevgisi, vətənpərvərlik
ruhu, düşmənə qarşı qorxmazlıq hissləri
dayanmalıdır. Bu üstün keyfiyyətlər İbad
Hüseynovda cəmləşmişdi. Onun düşmən
üstünə yeriməsi günlər keçdikcə adiləşirdi.
Şüurlu olaraq bilirdi ki, işğal olunan onun
torpağıdır. Bu da ona güc verirdi. Qüdrətini ana
torpaqdan alırdı. Bilirdi ki, bu doğma torpağın
oğludur. Düşmən nə qədər
silahlanmış olsa da, iyirmi yaşlı, dəli-dolu, gənc
İbadın gözündə böyümürdü. O,
özü qurduğu taktiki-kəşfiyyat
hücumlarını davam edirdi. Uğurlu nəticə
alırdı. Müdafiə Nazirliyinin 1314 nömrəli
arayışında yazılıb: "09 iyun 1992-ci il tarixində
İbad Hüseynovun başçılıq etdiyi kəşfiyyat-diversiya
qrupu düşmən arxasına keçərək onun 1 ədəd
topunu və 9 əsgərini məhv etmişdir".
İbad
Hüseynovun hərbi uğurları ayrı-ayrı şəhərlərdən,
kəndlərdən döyüşməyə gələn
könüllüləri ruhlandırır, onların
döyüş əzmini, vətənpərvərlik hisslərini
artırırdı. Onun uğurlu əmliyyatlarının
sorağı səngərlərdən-səngərlərə
yayılırdı. Həm ölkəmizdə, həm də
düşmən cəbhəsində əks-səda verirdi. Elə
buna görə də onun dəstəsində olmaq, onun
komandanlığı altında döyüşmək istəyənlər
hər gün artırdı. Daha güclü, daha sağlam bir
kəşfiyyat dəstəsi yaratmaq üçün İbad
Hüseynov tabeliyindəki əsgərlərə ən
ağır məşqlər keçirdi. Onu yalnız bir məqsədi
var idi: əsgəri ölməsin. Bu məşqlərə
dözənlər onunla birlikdə əməliyyata gedirdilər.
Bilirdi ki, yalnız iradəli, cəsarətli, psixoloji cəhətdən
möhkəm olan adamlarla gecə kəşfiyyat əməliyyatına
getmək, düşmən postlarının arxasına
çıxmaq olar. Onun bu iti zəkası, anında qərar
vermək bacarığı, mükəmməl bələdçiliyi
sayəsində apardığı əsgərlər uğurlu
əməliyyatdan sonra sağ-salamat qayıdırdılar. Gətirdiyi
qənimətləri hərbi hissəyə təhvil verirdi.
Bunlar 1993-cü ilin 14 iyulunda Müdafiə Nazirliyin 283 nömrəli
arayışında qeyd olunub: "05 iyun 1992-ci il tarixində
kəşfiyyat tağımının komandiri Hüseynov
İbad Mövsum oğlu Xocavənd rayonu ərazisində
keçirilmiş əməliyyat nəticəsində
düşmənin 12 əsgərini məhv etmiş və ələ
keçirdiyi 7 ədəd silahı qənimət olaraq N
saylı hərbi hissəyə təhvil vermişdir".
Düşmən
ona daim gözlənilməz tərəfdən zərbə
vuran komandiri əliçıraqlı axtarırdı.
Ölüsünü, dirisini verəni külli miqdarda dollar
gözləyirdi. Düşmən bu dəfə üz-üzə
qalib gələ bilmədiyi İbad Hüseynlini öz xislətlərinə
uyğun olaraq xəyanətlə ələ keçirmək
istəyirdi. Çalışırdılar ki, müharibənin
ən ağır vaxtlarında kimlərsə bu dolların
iyinə, şəklinə şirniksin. Məlum məsələdir
ki, müharibədə hamının niyyəti, əməli,
hədəfi, məqsədi bir olmur. Belə vəziyyətdə
yanındakı adamın beynindən keçənləri
oxumaq mümkün deyil, kimin səni arxadan
vuracağını bilmirsən. Könüllü adı ilə
düşmən bizim ordunun içinə
qarışmağı bacarmışdı. Onlara rəvac verənlər,
gizlin iş birliyində olanlar da az deyildi. Bu, elə bir zaman
idi ki, ağ sap qara sapdan seçilmirdi. Belə bir şəraitdə
İbad Hüseynli həm arxasındakı maskalanmış,
kamuflyaj olunmuş xainlə, həm də
qarşısındakı amansız düşmənlə
döyüşürdü. 1993-cü il 22 iyulunda Müdafiə
Nazirliyinin 308 nömrəli arayışında yazılıb:
"24 mart 1993-cü il tarixində Hüseynov İbad
Mövsüm oğlunun başçılıq etdiyi kəşfiyyat
tağımı düşmənə məxsus 1 ədəd
T-72 markalı tankı məhv etmişdir".
İbad
Hüseynov Milli Qəhrəman oldu
Düşmənin
bütün müqaviməti bu istiqamətdə daim
qırılır, məqsədlərinə çata bilmirdilər.
Onların Xocavənddən sonra Ağcabədini, Bərdəni,
nəhayət, Gəncəni işğal etmək planları baş
tutmurdu. Bu plan ermənilərin səhra komandirləri beynəlxalq
terrorçu Monte Melkonyana məxsus idi. Çirkin, qanlı əməllərilə
istədiyi nəticəni asanlıqla almağa həvəslənən
düşmən bu dəfə irəliləyə bilmirdi.
Daş qayaya rast gəmişdi. Düşmənin bütün
mövqelərinin koordinatları, planları İbad
Hüseynli tərəfindən ələ keçirilir, təxribatlarının
qarşısı vaxtında alınırdı. 1993-cü il
iyulun 9-da Nazirliyin verdiyi 185 nömrəli arayışda qeyd
olunub: "3 Aprel 1993-cü il tarixində Hüseynov İbad
Mövsüm oğlunun başçılıq etdiyi kəşfiyyat
tağımı Xocavənd istiqamətində aparılan
döyüşlər zamanı düşmənin 1 ədəd
"Zenit" qurğusunu və bir neçə əsgərini
məhv etmişdir".
Hər
dəfə bu istiqamətdə geri oturdulan düşmən
qarşısında daha güclü bir rəqibin olduğunu
anlamışdı. O, ən zəhərli ilanın
başını əzmişdi. Bu itki ermənilərin
bütün müqavimətini qırmışdı,
onların Gəncəyə qədər uzanan planlarını
darmadağın eləmişdi. Başsız qalmış
düşmən ordusu qisası yalnız xəyanət
güclərini artırmaqda gördü. Onların
bütün ciddi cəhdləri adını eşidib, üzünü
görmədikləri İbad Hüseynovu məhv etmək idi.
Ratsiyalarda üç dildə elan olunurdu ki, dollar bandromunun
sayı artıb.
İbad
Hüseynovun qazdırdığı səngəri yarmaq
mümkün deyildi. O, elə bir mövqe seçmişdi ki,
düşmən yaxınlaşa bilmirdi. Çox təəssüflər
ki, erməni hiyləsi gözlənilməz bir vaxtda baş
tutdu. O, həmişə gedib-gəldiyi işlək yolda,
öz ərazimizdə UAZ markalı maşını ilə
atası ilə görüşməyə gedərkən məhz
onun yoluna qoyulmuş tank əleyhinə minaya düşdü.
Amma nə düşmənin gülləsi, nə minası, nə
hiyləsi, nə xəyanətlər onu öldürə
bildi. İbad Hüseynov Əzrailin özü qorudu. Onu
ölümün astanasından geri qaytardı. Qorudu ki, Vətən
uğrunda necə savaşmağı, Vətəni, dövləti
necə sevməyi, sadiq olmağı gələcək nəsillər
ondan nümunə götürsünlər. Onun bütün bu uğurlu əməliyyatlarının
sorağı o dövrdə Silahlı Qüvvələrimizin
Ali Baş Komandanı olan Ümummilli liderimiz Heydər
Əliyevə də çatdı. Həmin vaxt İbad
Hüseynov hərbi hospitalda komada yatırdı. Onunla Heydər
Əliyev şəxsən maraqlanmışdı. 1994-cü il
oktyabrın 9-da Heydər Əliyev İbad Hüseynovu "Azərbaycan Bayrağı"
ordeni ilə mükafatlandırdı.
Səhhətinə
görə İbad Hüseynov məcburən ön cəbhədən
təxris olundu. Sonra da iki ölkə arasında rəsmi olaraq
atəşkəs imzalandı. Onun üçün savaş
bitmədi. Nə səngərlərdə, nə də
müxtəlif gizlin, aşkar cəbhələrdə. Daim
dövlətin diqqətində olan İbad Hüseynov ayağa
qalxanda bu dəfə dövlətinin möhkəmlənməsi,
güclənməsi uğrunda çalışdı. Ölkədə,
ölkədən kənarda hər bir səfərində və
görüşlərində Azərbaycanın haqlı
mövqeyini, qazilərin, şəhidlərin qəhrəmanlığını
geniş ictimaiyyətə çatdırdı. Əli
çatan hər yerdə onların hüquqlarını
müdafiə elədi. Onun bütün bu mücadiləsini
Türkiyə hökuməti də rəğbətlə
qarşıladı. Adı Ankarada, Adanada küçələrə,
parklara verildi.
İbad
Hüseyinov II Qarabağ müharibəsi başlayan gün
özünü ön cəbhəyə yetirdi. Hələ
Tovuz döyüşləri başlayanda əsgərlərin
yanında, onların sıralarında yer aldı. Əsgərin
daha çox ruh yüksəkliyinə ehtiyacı olduğu bir
vaxtda onlarla birlikdə ön postlarda dayandı. Əlindən
gələn yardımı əsirgəmədi. Taleyin parlaq
qisməti bu dəfə ona ən ali mükafatı
almağı nəsib elədi.
Prezident
İlham Əliyevin 2020-ci il dekabrın 9-da
imzaladığı Sərəncamla Azərbaycan
Respublikasının ərazi bütövlüyünün bərpa
edilməsində xüsusi xidmətlərinə və
döyüş tapşırıqlarını yerinə yetirərkən
göstərdikləri igidliyə görə Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin üç hərbi
qulluqçusuna "Azərbaycanın Milli Qəhrəmanı"
fəxri adı verildi. Bu Sərəncamla, ehtiyatda olan baş
çavuş Hüseynov İbad Mövsüm oğlu da
"Azərbaycanın Milli Qəhrəmanı" adına
layiq görüldü. Vətən uğrunda həyatını
əsirgəməyən bu qəhrəman öz layiqli
adını aldı.
İbad
Hüseynov bu gün də Vətənə xidmət edir.
Aldığı fəxri adların, titulların, orden,
medalların kölgəsində dincəlmir, rahatlanmır. Azərbaycanın
Milli Qəhrəmanı olaraq dövlətinə sədaqətlə,
cəsarətlə xidmətdədir.
Bu
gün güclü, qürurlu, qalib xalq olmağımızda
xidməti olan bütün qəhrəmanlarımızın,
şəhidlərimizin, qazilərimizin rəşadətini
minnətdarlıqla xatırlayır, onlara
ehtiramımızı bildiririk. Yaşadığımız bu
gözəl, fərəhli günlərə görə onlara
borcluyuq və indi bizim bir mühüm vəzifəmiz də Vətəni,
dövləti qoruyanları layiqincə qorumaq, hörmətini
saxlamaq və işıqlı əməllərini davam etdirməkdir.
Vüsal NURU
525-ci qəzet.- 2021.- 10
iyul. S. 18.