"Səs"in
yüz bir notu
Əsəd Cahangirin
55 yaşına və yaradıcılığının 30
illiyinə
"Əsəd
Cahangirin yazılarında yeni ədəbi-bədii fikrimizin nəzəri
ibtidası qoyulub, ədəbi prosesin təxminən 10-15 illik
prioritet istiqamətlərinin fəlsəfi-estetik əsasları
müəyyənləşib".
Akademik Nizami
Cəfərov
55
yaşını və ədəbi-bədii
yaradıcılığının 30 illiyini bir neçə
gün əvvəl qeyd etdiyimiz ədəbi-tənqidçi,
şair, esseist, publisist Əsəd Cahangirlə şəxsi
tanışlığım yoxdur. Onu çoxsaylı
yazıları, müxtəlif tədbirlər və
televiziyadakı çıxışlarından
tanıyıram. Amma Ə.Cahangirin heç bir əsəri məni
Qarabağ şəhidlərimizin ruhuna ithaf etdiyi "Səs"
essesi qədər ovsunlamayıb. Bu esse Şərq və Qərbin
mifik-kulturoloji və milli-mənəvi keçmişini, gələcək
istiqamətlərini müəyyənləşdirən, ona
güzgü tutan, kreativ ideyaları ilə təəccübləndirən
qeyri-adi, şedevr bir əsərdir.
Üç
hissəyə bölünən esse ümumilikdə 101
müddəadan ibarətdir. Səsin yeddi notu var. Ə.Cahangir
isə səsin yüz bir "not"undan danışır. Nə
üçün məhz 101? Bu, Allahın 101 adına işarədirmi?
Bəlkə, hə, bəlkə də, yox! Allahın 101-ci
adı kimi bu məsələ essedə də sirli qalır. Təsadüfi
deyil ki, esse nöqtə yox, sual işarəsiylə bitir:
"Məqsədimə nə qədər çatdım? Bunu
yalnız Allah bilir. Çünki hər şeyin doğrusunu
bilən Odur".
Qarabağ
şəhidlərinə ithaf olunan essenin "Səs"
adlanması da məntiqidir. Tanrı kainatı "Ol!" deyə
səslə yaradır. Ana bətnində duyğu üzvlərimizdən
ən əvvəl eşitmə orqanı formalaşır.
Qarabağ da bizim səs incəsənətimizin bətnidir.
Odur ki, Qarabağ uğrunda şəhadət özünü
milli varlığımız uğrunda qurban vermək deməkdir.
Səsin ilahi mahiyyətini Qarabağ hadisələri ilə
paralel izah edən esseist tarixi olaylara metatarixi rakursdan baxır:
"Qarabağ bizim ümummilli sənətimizdir və onu
itirmək xoşbəxtliyimizi, rifahımızı itirməkdir.
Ona görə Qarabağsız qaldığımız bu otuz
ildə ən ağır ağrı-acılarla üz-üzə
qaldıq". Ədib, bununla da, Qarabağın milli
özünütəsdiq faktı olduğunu bildirir:
"Qarabağ Azərbaycan türklərini göyə
bağlayan bir bağdır. Onun neçə yüz ildən bəri
Azərbaycan mədəniyyətinin Ötükəni
olması bununla bağlıdır. Mədəniyyətin
beşiyi olan Qarabağı itirmək öz
varlığını itirməkdir, çünki bu zaman yeri
göyə bağlayan dayaq nöqtəsi itirilir". Essedə
Qarabağın bizim üçün konkret bir məkan - vətən
olmaqla bərabər, müqəddəs mənəviyyat mərkəzi,
türklüyümüzün Ötükəni olması
ideyası irəli sürülür.
Əski
türk yazarı Yolluq Tigin Orxon-Yenisey kitabələrində
yazırdı: "Türk xaqanı Ötükən
ormanında olarsa, elin sıxıntısı olmaz".
Ə.Cahangir isə göstərir ki, indi bizim
üçün Ötükən Qarabağ, Bilgə xaqan dəfələrlə
Qarabağda olan, Şuşada "Xarıbülbül" səs
festivalı keçirən Prezident İlham Əliyevdir. Əgər
səsimiz göylərə Qarabağdan ucaldısa, demək,
Yolluq Tiginin diliylə desək, elin sıxıntısı da
zamanla keçəcək. Deməli,
daha gözəl gələcək bizimdir!
Ə.Cahangirin
fikrincə, ermənilərin ən böyük milli faciəsi
də məhz özlərinə aid olmayan bu mədəniyyət
mərkəzini qəsb etmək cəhdlərindədir.
"Ermənilər iyirminci yüzilə qədər bu
dünyada özlərinə nəinki
bağ, hətta ayaq basmağa bir parça torpaq tapa bilməyən
iki xalqdan (digəri qaraçılardır) biridir.
Qaraçılar da, ermənilər də dünyaya Hindistandan
- "qaralar ölkəsi"ndən yayılıblar. Ermənilərin
də, qaraçıların da Allah yanında üzləri
qaradır. Ermənilər də, qaraçılar da öz təkəbbürləri
qarşılığında göylər tərəfindən
cəzalandırılıblar".
Lakin
milli qürur Ə.Cahangirdə milli özündənrazılığa
gətirib çıxarmır: "Ermənilərin
keçmişə bağlılığı ifrat olduğu
kimi, bizim keçmişi unutmağımız da təfritdir.
Bunlar bir medalın iki üzüdür və hər ikisi
yolverilməzdir. Bu üzdən Bilgə xaqan xalqı öz
tarixi yaddaşını daim oyaq saxlamağa
çağırırdı: "Ey türk, özünə
dön, sən özünə dönəndə böyük
olursan!"
Ermənilərin
bir millət kimi qonşuluğumuzda olmasının
günahkarı bəzi məqamlarda özümüz olduq - sadəlövhlüyümüz,
düşməni tanımamağımız,
torpağımızda düşmənə yer verməyimiz!
Ə.Cahangirin dili ilə desək, "Musanın qövmü
kimi, biz də öz suçumuzdan səhralara düşdük".
Türkləri
soyqırımda günahlandıran, tarixi faktları
saxtalaşdıran, daim "məruz qaldıqları əzablardan"
danışan ermənilərin sonunun bu cür faciəli
olacağına əminlik bizə də ədibi ürəkdən
dəstəkləməyə haqq qazandırır: "İrəli
baxmaq təkamülün yüksək, geri baxmaq
aşağı səviyyəsinin əlamətidir. Ermənilər
Lut peyğəmbərin zövsəsi Vailə kimi elə hey
geri boylanırlar. Onların gözü sanki üzlərində
yox, peysərindədir. Və Allahın "Geri
baxmayın!" əmrini pozan Vailə kimi onları da daşa
dönmək gözləyir".
Essedə
səsin 101 çalarından biri də onun fəlsəfi-metafizik
mahiyyətidir. Bu mahiyyəti açmağa uğurla nail olan
filosof-ədib yazır: "Hegel terminləriylə desək, səs
sözün təbiət, söz səsin məntiq mərhələsidir.
Səs təbiətlə bağlıdır və odur ki,
sonludur. Təbii olan hər şeyin əvvəli olduğu
kimi, sonu da olur. Düşüncə formasında olan söz
isə əbədiyyət meyvəsidir. Onun nə əvvəli,
nə də sonu var. O, Allahın özüdür".
Esse
müəllifinin fikrincə, yaradıcı insanla Tanrı
arasındakı vertikalda üç əsas məqam var -
söz, səs və rəng məqamları. Söz ən
ucadadır, sonra səs, axırda isə rəng gəlir.
Ə.Cahangirin fikrincə, söz enerji, səs dalğa, rəng
isə maddədir. O, söz deyəndə düşüncəni,
səs deyəndə onun dilə gəlməsini, rəng deyəndə
isə onun maddiləşməsini nəzərdə tutur. Və
buna uyğun olaraq, Azərbaycanı üç geokulturoloji məkana
ayırır: "Geokulturoloji yöndən baxanda ölkəmizin
ərazisi üç yerə bölünür - söz, səs
və rəng bölgələri. Söz bölgəsi olaraq
Naxçıvan, Göyçə, Qazax və
Borçalını götürmək olar. Bakı və onun
ətraf kəndləri rəng, bu ikisi arasında orta mövqe
tutan Qarabağ isə səs bölgəsidir".
"Səs" modernist təfəkkürlə
yazılan essedir. Odur ki, üçlü bölgünü
müəllif həm də insanın daxilində aparır və
yazır: "Əgər kiminsə sözünü sevirsizsə,
bilin ki, onun ağlını, rəngini sevirsizsə cismini, səsini
sevirsizsə, qəlbini sevirsiz (demək, səsimizin sultanı
Qarabağ bizim qəlbimiz, Azərbaycanın ürəyidir -
H.P.) Kimin səsi necədirsə, qəlbi də elədir."
Və
bu əsasda klassik bədii mətnlərə orijinal yozum verir:
"Niyə, görəsən, Nizaminin dastanında Xosrov
Şirinin portretini görüb, Fərhad isə pərdə
arxasından səsini eşidib vurulur? Çünki Xosrovun
sevgisi rəng, Fərhadınkı səslə
bağlıdır. Xosrovun hissi dayaz, Fərhadınkı dərindir.
Xosrovun istəyi cismani, Fərhadınkı mənəvidir. Bu
üçbucaqda Şirin sözü təmsil edir".
Bütün
modernizmi ilə bərabər, Ə.Cahangir klassik divan ədəbiyyatı
kurallarını unutmur. Onun qənaətincə, səsin 101
çaları ona öz daxilindən açılmaqla
yanaşı, həm də kənardan təqlin olunur.
Çünki yaradcılıq ilahi mənşəyə
malikdir. Bu fikir essedə kifayət qədər təvazökar
şəkildə belə ifadə olunur: "Bu üç
"kəmalı" (söz, səs, rəng) intuitiv sezmək
və qələmə almaq iradəm dışında oldu.
Olsun ki, bu güvənc göstəriləndə üç
geokulturoloji bölgənin heç birindən
olmadığım və bu üzdən məsələyə
obyektiv yanaşacağım göz önünə
alındı. Mən də göstərilən güvənc
qarşılığında bacardığım qədər
obyektiv olmağa çalışdım".
Ə.Cahangirin
"Səs"i Haqqın səsidir. Əbədiyyət və
ədəbiyyat, əvvəl və son, keçmiş və gələcək
haqda düşüncənin səsidir. Amma onun
yaradıcılığı sadəcə "Səs"dən
ibarət deyil. "Söz", "Dəmirbaşlar",
"Aprel tezisləri" esseləri, "O adam",
"Namaz", "Xarıgülnar" poemaları, "Qədim
türk ədəbiyyatının linqvstik poetikası",
"Ağ saç, qara saç", "Kim yatmış,
kim oyaq", "On üçüncü gecə"
kitabları, 300-dən artıq məqalə, resenziya,
müsahibə və icmal da hələ onun bütün
yaradıcılığını ehtiva eləmir. O, "Yeni əsrin
ibtidası", "Minillərin ayrıcında",
"Dionsin sağlığına" kimi bədii fikrin əsas
istiqamətlərini müəyyən edən yazıların
müəllifidir.
Ədəbi
gəncliyin təbliğ və tədqiqində də
Ə.Cahangirin xidmətləri əvəzsizdir. Azərbaycan Tərcümə
Mərkəzinin hazırladığı "Yeni səs",
H.Əliyev fondunun hazırladığı "Gənc
yazarların vətənpərvərlik mövzularında
şeirlər toplusu" antologiyaları da Ə.Cahangirin
redaktorluğu və tərtibatçılığı ilə
işıq üzü görüb. O, ilk ədəbi-tənqid
jurnalımız "Körpü"nün, ilk teatr
jurnalımız "Teatral"ın baş redaktorudur.
"Erməni genosidi: mif, yoxsa həqiqət"
kitabını ruscadan dilimizə tərcümə etməsi
onun Qarabağ həqiqətlərinin oxuculara
çatdırılması işinə dəstəyidir.
Moskvada çıxan "Drujba narodov" jurnalında dərc
olunan "Qloballaşma, yoxsa millilik: dilemmadan
çıxış yolu nədədir?" - adlı
geniş icmalı onun ədəbiyyatımızı ölkəmizin
hüdudlarından kənarda təbliğ etməsini göstərir.
Türk xalqları incəsənət nümayəndələrinin
Türkiyənin Yalova şəhərində düzənlənən
rəqs festivalı haqda "Yalovada türk boyları
kültür şöləni", Gəncədə
keçirilən Ümumrespublika Teatr Festivalı barədə
"Bir çarə var ancaq - yeniləşmək"
yazıları da Ə.Cahangir qələminin məhsuludur.
"Mədəniyyət" televiziya kanalının "Məclisi-üns"
proqramında Ə.Cahangir artıq neçə illərdir ki,
klassik ədəbiyyatımızı təbliğ edir və
proqramın aparıcı şəxslərindən birinə
çevrilib.
Təsadüfi
deyil ki, görkəmli ədibin ədəbi-bədii fəaliyyəti
AYB və dövlət tərəfindən yüksək qiymətləndirilib.
O, "Səs" essesinə görə, AYB-nin təsis etdiyi
müsabiqədə "İlin tənqidçisi"
adını almış, "Namaz" poemasına görə
Beynəlxalq Cəlaləddin Rumi poeziya yarışmasında
birincilik qazanmışdır. "Kim yatmış, kim
oyaq" esselər və məqalələr kitabı Yaşar
Qarayev və "Qızıl kəlmə"
mükafatlarına layiq görülüb. Ə.Cahangir
özünün "Divani-lüğət it türk" əsərinə
həsr olunmuş "Qədim türk ədəbiyyatının
linqvistik poetikası" kitabı ilə Azərbaycan
kaşqarlışünaslığında monoqrafik tədqiqatların
əsasını qoyub.
Ulu
öndər Heydər Əliyevin anım gününə həsr
olunmuş "Möhtəşəm məktub", Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevaya dair "Çiyninə Pikassonun göyərçinləri
qonub", Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyevanın şeir yaradıcılığından bəhs
edən "Bütün yollar eşqdən keçir" kimi
esse və məqalələrin də müəllifi
Ə.Cahangirdir. Azərbaycan dövlətçiliyinin
maraqlarına xidmət, dövlətçiliyimizin
ideyalarını öz əsərlərində əsas mərama
çevirmək Ə.Cahangirin başlıca məsləkidir.
Bir
sözlə, Ə.Cahangirin ədəbiyyat sahəsindəki 30
illik gərgin zəhməti, məhsuldar fəaliyyəti
göz önündədir. O, ədəbiyyat sahəsində
sözün həqiqi mənasında Fərhad kimi
külüng vurub. Çoxları kimi mən də onun zəhmətinin
dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsini,
layiq olduğu səviyyədə təltif olunmasını
gözləyirik. Zəhmətə dəyər vermək
dövlətimizin sənət adamlarına
qayğısının həmişə təzahürü
olub. Əsəd Cahangir bu dəyərə layiqdir və onun ədəbi-bədii
yaradıcılıq gündəliyinə bir müəllim
kimi qoşa beşləri məmnuniyyətlə yazıram.
Həcər
PAŞAYEVA
525-ci qəzet.- 2021.- 10
iyul. S. 20.