Onları
bir də bu əsərləri ilə tanıyaq...
Dünyada
bir çox sahələrdə sürətli inkişaf
qarşısıalınmaz prosesə çevrilib. Bəşəriyyət
surətlə inkişaf etməkdədir.
Maraqla
oxuduğumuz kitablarda və seyr etdiyimiz filmlərdə
robotların müharibəsi, dünyanı əlinə
keçirən kibernetik şüur, yeni kəşflər nəticəsində
yaradılan universal silahlar, şəxsiyyətin mövqeyinin
yox olması, insanın gen təbiətinə müdaxilə
etmə, yad planetlərə səfərlər və bunun kimi
bir zamanlar bizə utopik görünən düşüncələrin
reallaşması artıq mümkünləşir. Əlbəttə,
bəşər tarixi uzun inkişaf prosesindən keçərək
bugünkü səviyyəyə gəlib. Bu inkişaf prosesinə
təkan verənlər isə, müxtəlif tarixi dövrlərdə
istər humanitar, istərsə də dəqiq elmlər sahəsində
ayrı-ayrı alimlərin, filosofların, görkəmli
şəxsiyyətlərin, dövlət rəhbərlərinin
fikir və kəşfləri olub. Bəs bəşəriyyətin
inkişafına təkan verən və beyinlərdə inqilab
yaradan fikir və kəşflərin yer aldığı
kitabları (eləcə də, onların müəlliflərinin
şəxsiyyətini) nə dərəcədə
tanıyırıq? Belə əsərləri oxuyuruqmu? Həmin
əsərlər geniş oxucu kütləsinə
tanıdılmaq üçün orijinalından Azərbaycan
dilinə tərcümə olunurmu? Bu suallara qısa şəkildə
cavab verək.
Bir
neçə konkret misal: Azərbaycanın ilk peşəkar
tarixçisi hesab olunan A.Bakıxanovun tarix, ədəbiyyat, məntiq
və digər sahələrlə yanaşı, coğrafiya
elminə aid farsca yazılmış "Kəşfül-qəraib"
adlı əsəri olmasından hamımızın xəbəri
vardır, Azərbaycanın böyük ictimai xadimi, siyasətçisi,
jurnalisti, pedaqoqu, yazıçısı və türkoloqu
Əhməd bəy Ağaoğlunun Fransada hüquq təhsili
almasını bilməyən yoxdur, Nyutonun alma
ağacının altında oturarkən cazibə qanununu kəşf
etməsi dillər əzbərinə çevrilib; Monteskyonun
adına tarix və fəlsəfə kitablarında
filosof-hüquqşünas kimi rast gəlmişik; Eynşteynin
"nisbilik nəzəriyyəsi"ni eşitməyən
azdır; Darvinin insanın meymundan əmələ gəlməsi
haqqındakı iddialarını bilirik; Freydin insanları
cinsi ehtirasın təmin edilməsi dalınca qaçan
yarı-şüurlu varlıqlar kimi qiymətləndirməsini
eşitmişik; Tomas Maltusun dünyada əhalinin sayını
azaltmağın yolunu müharibələr törətməkdə
gördüyü eşidilən və bilinən şeylərdir.
Misalların sayını artırmaq da olar. Bax, elə bu
"eşitdiyimiz", "bildiyimiz", "öyrəndiyimiz",
"haradasa rast gəldiyimiz məlumatlar" sayəsində
şüuru dəyişdirmə gücünə malik olan və
dünyanı yerindən oynadan bir çox əsərlərin
(bundan sonra "Böyük əsərlər" kimi göstəriləcək
- Y.X.) fərqinə varmayıb onları oxumayanlar təəssüflər
olsun ki, vardır. Beləliklə, bəziləri oxumadan da
onların mahiyyəti haqqında kortəbii və
naşılıqla fikirləşir və bu da həmin şəxslər
üçün kifayət edir.
Bilinənlərin
böyük bir qisminin yanlış və yaxud
yarımçıq olması da elə məhz bu nöqtədən
qaynaqlanır. Düzdür, hamının hər şeyi
oxuması mümkün deyil. Dünyanın inkişafına təkan
verən Böyük əsərlərin bəziləri
yalnız mükəmməl şəkildə ixtisaslarına
yiyələnən şəxslərin oxuya biləcəyi bir
dillə yazılıb (məsələn, Marksın
"Kapital"ı, Eynşteynin "Nisbilik nəzəriyyəsi"
və s.) və bu əsərlərdəki məlumatlar ancaq
mükəmməl bir hazırlıqdan sonra "həzm edilə"
bilər. Elə bu səbəbə görə də
yalnız ixtisaslarına dərindən yiyələnən
şəxslər öz sahələrinə aid olan
Böyük əsərləri oxuya bilər. Geniş oxucu
kütləsi isə ya ağızdan eşidərək, yaxud
da müəyyən vəsaitlərdə, qəzet və
jurnallarda verilmiş həmin əsərlərin yığcam
və sadələşdirilmiş hissələrindən məlumatlanırlar.
Bunun nəticəsində isə geniş oxucu kütləsi
Böyük əsərlər haqqında (eləcə də,
onların müəlliflərinin şəxsiyyəti
haqqında) ya təhrif olunmuş, yaxud da alayarım məlumata
malik olma riski ilə üzə-üzə qalır.
Əlbəttə,
Azərbaycanda geniş oxucu kütləsi Nyuton, Monteskyo,
Eynşteyn, Darvin, Freyd, Maltus və bu kimi
başqalarının əsərlərindən xəbərdardır,
amma bu xəbərdarlığın böyük göstəricilik
faizinin həmin əsərlərlə birbaşa təmasda
olmadan mövcudluğu da etiraf edilməlidir. Mükəmməl
səviyyədə xarici dil bilən oxucu kütləsinin
sayını da nəzərə alsaq, Böyük əsərlərin
tam mətnlərinin demək olar ki, az oxunulduğunun şahidi
ola bilərik. Bəzən müəyyən mənbələrdə
Böyük əsərlər haqqında verilən məlumatların
da orijinalından tərcümə edilməsi şübhə
altındadır. Belə məlumatların çox vaxt bir
neçə dəfə dildən dilə tərcümə
edilərək əsillərini itirmiş mənbələrdən
götürüldüyü əksəriyyətimizə
yaxşı məlumdur.
Bəs
uzun illər belə əsərlər nə üçün
orijinaldan bütövlüklə dilimizə tərcümə
edilməyib? Bunun ən başlıca səbəbi şübhəsiz
ki, müstəmləkəsi olduğumuz Sovet
imperiyasının Böyük əsərlərin
oxunulmasını əngəlləmək üçün
düşünülmüş maneələr törətməsi
olub. Sovetlər Birliyi artıq tarixə çevrilib.
Düzdür, hazırda ölkəmizdə bir çox nəşriyyat
evlərinin bəşər tarixinin inkişafına misilsiz
töhfələr verən əsərləri doğma dilimizə
tərcümə etməsi çox sevindirici haldır. Yeri gəlmişkən
bu məsələdə çox həssaslıqla
yanaşılması tələb olunan məqam odur ki,
doğma dilimizə tərcümə olunan əsərlər
imkan daxilində orijinalından çevrilməlidir. Belə
olan halda isə geriyə qalan yeganə şey, oxumaq, oxumaq və
oxumaqdır!
Lakin
təəssüf hissi ilə də olsa qeyd etməliyik ki, bəzən
çox böyük dəyərə malik olan belə əsərlərdən
bəzilərinin tam mətninin bu günədək doğma
dilimizə tərcümə olunmaması təəccüb
doğurur. Məsələn, A.Bakıxanovun şair-alim Mirzə
Məhərrəm Mərizlə birgə 1830-cu ildə fars
dilində yazdığı iki fəsildən ibarət olan
"Kəşfül-qəraib" əsərinin tam mətni
bu günədək doğma dilimizə tərcümə edilməyib.
Amerikanın Xristofor Kolumb (1446-1506) tərəfindən kəşf
olunmasından və Yer kürəsinin qərb hissəsini təşkil
edən qitənin təsvirindən bəhs edən bu əsərdə
hazırda da öz dəyərini itirməyən zəngin məlumatlar
əks olunmuşdur. Qeyd edək ki, əsərin bir əlyazması
Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq filialı
kitabxanasında V-8031 (609d) şifri altında saxlanır, digər
bir əlyazma isə İran dövlət kitabxanasında
mühafizə edilir. Ümid edirik ki, sözü gedən əsərin
tam mətni ən qısa zamanda doğma dilimizə tərcümə
olunacaq.
Başqa
bir misal: Əhməd bəy Ağaoğlunun hüquq təhsili
alması hamımıza yaxşı məlum olsa da, onun
hüquq elminə aid bu gün də öz əhəmiyyətini
itirməyən əsərləri olduğunu bilən çox
az adam vardır. Fəxr hissi ilə qeyd edək ki, 1925-ci ildə
açılan Ankara Hüquq Məktəbində konstitusiya
hüququ adlı fənni "esasiye hukuku" adı ilə
ilk dəfə Əhməd bəy Ağaoğlu tədris
etmişdi. Ə.Ağaoğlunun hüquqşünaslıq
ixtisasının tələbələrinə 1925-1926-cı dərs
ilində birinci kursa, 1926-1927-ci dərs ilində isə ikinci
kursa konstitusiya hüququ üzrə oxuduğu mühazirələri
müvafiq olaraq 1926 və 1927-ci illərdə ərəb əlifbası
ilə "Hukuk-ı Esasiye Ders Notları" adı
altında çap olunmuşdu. Kitabın müasir Türkiyə
türkcəsinə transliterasiya edilmiş mətni
Boğaç Erozan tərəfindən hazırlanmış və
2012-ci ildə Koç Universiteti Yayınları tərəfindən
dərc edilmişdi.
Ə.Ağaoğlunun
İstanbul Darülfununun hüquq fakultəsində tədris
etdiyi ümumi hüquq tarixi fənni üzrə isə
1931-1932-ci tədris ilində oxuduğu mühazirələri
"Hukuk Tarihi" (Ağaoğlu 1931-1932) adı ilə
İstanbulda Hüquq Tələbə Cəmiyyəti tərəfindən
nəşr olunub.
Sözü
gedən hər iki əsər, təəssüflər olsun
ki, bu gün doğma dilimizə tərcümə edilməyib.
Dediklərimizi
yekunlaşdırsaq, bu nəticəyə gələ bilərik:
Nə vaxt ki, böyük oxucu kütləsi belə əsərləri
dərindən mütaliə edəcək, o zaman A.Bakıxanov
və Ə.Ağaoğlu kimi böyük nüfuza malik olan
görkəmli şəxsiyyətlərin genişdiapazonlu fəaliyyətləri
ilə yaxından tanış olacaq, Darvini insanların
meymundan əmələ gəldiyini sübut etməyə
çalışan cəfəngiyyatçı; Freydi
ağlını cinsi ehtirasla pozmuş olan dəli həkimi
olduğunu düşünməyəcək; Nyutonun ağac
altında oturarkən almanın başına düşməsi
nəticəsində cazibə qanununu kəşf etməsi
şəklindəki yanlış məlumat geridə qalacaq;
Eynşteynin "Nisbilik nəzəriyyəsi"nin həqiqi
mahiyyətini anlayacaq; Maltusun əslində nə etmək istədiyini
başa düşəcək; Monteskyonun fəlsəfi və
hüquqi görüşləri ilə yanaşı, siyasi,
iqtisadi, tarixi, məntiqi məzmunda olan, habelə təbiətşünaslığa
aid hazırda da öz əhəmiyyətini və təsirini
itirməyən əsərləri olduğundan xəbərimiz
olacaq.
Yunis XƏLİLOV
525-ci qəzet.- 2021.- 10
iyul. S. 21.