Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr

 

(Əvvəli 7 noyabr 2020-ci il sayımızda)

 

Afina dünyaya bu gün də totalitarizmə və avtoritarizmə qarşı möhkəm mühafizə səddi çəkən siyasi sistem kimi demokratiyanı kəşf edib, minillər sonra özünün bu siyasi nou-hau-sunu dünyaya ötürmüşdü. İslahatçı qanunvericilər Solon və Klisfen, praktiki fəaliyyəti ilə demokratiyanın inkişafında çox şeyə nail olan Perikl xalq hakimiyyətinin eybəcər siyasi quruluşlardan tam fərqli olduğunu göstərməklə, Böyük Aleksandrın b.e.ə. IV əsrdə yaratdığı Faros adlanan mayakla da müqayisədə, ondan xeyli əvvəl, dövlət sistemi timsalında daha faydalı və minillər ərzində cazibə qüvvəsi sönməyən, həm də parlaq şüası ilə seçilən bir möcüzəli işıq yandırmışdılar.

 

Afinada bir-birindən fərqli olan fəlsəfə məktəbləri yaranmışdı. Sokrat, Platon və Aristotel bu elmin baniləri səviyyəsinə yüksəlmiş, Qərb fəlsəfəsinin binövrəsini yaratmaqla, Renessansdan sonrakı və XIX əsr Avropasında təbiətin, cəmiyyətin və idrakın inkişafının ümumi qanunauyğunluqlarının öyrənilməsinə böyük təkan vermişdilər.

 

Həm də yunan dahilərinin əsərləri sayəsində tarix özü də elmə çevrilmişdir. Herodot, Fukidid əslində, tarix fənnini yaratmışdılar. Ksenofont da daxil olmaqla onların tarixi tədqiqatları məlum dünyanı dərk etməkdə əsl köməkçi vasitə rolunu oynamışdı. Qədim Roma tarixçiləri Salyusti, Livi, Tatsit öz sələflərinin yolu ilə gedərək, reallığı ifadə etməyə daha çox meyl etmişdilər.

 

Yunanlar dünyada ədəbiyyatın meydana çıxmasında da təkrarolunmaz xidmət göstərmişlər. Hələ b.e.ə. VIII əsrdə Homer özünün ölməz əsərləri olan "İliada" və "Odisseya"nı yazmaqla nəinki gözəl poeziya nümunəsi və ilk epik poemalar yaratmış, həmçinin, yunan tarixinin bəzi mühüm səhifələrini işıqlandırmağa nail olmuşdu. Beş əsr əvvəl baş vermiş hadisələr nəql edilsə də, Homer həm də yarımmifik, yarımtarixi şəxsiyyətlər qalereyasını yaratmışdır və ondan az qala min il sonra yazıb-yaradan yunan tarixçisi Plutarx özünün qələmə aldığı dahi şəxsiyyətlər qalareyasında ulu əcdadının modellərindən geniş istifadə etmişdir. Bütövlükdə isə yunan poeziyasından və dramasından xeyli dərəcədə Qərb ədəbiyyatının formaları icad edilmişdir.

 

Elmin digər sahələri də yaradılmaqla, yunanlar həndəsəni icad etmişdilər, onlar cəmiyyətin intellektual inkişafına və xurafatdan azad olunmasına xeyli köməklik göstərmişdilər. Hippokrat tibb elminin banisi olmaqla, mifik əcdadı Asklepinin işini davam etdirmişdi. Bizim eranın əvvəllərində isə Qalen insan orqanizminin öyrənilməsi sahəsində sanballı iş görmüşdü. B.e.ə. III əsrdə Sirakuzada yaşayan böyük yunan alimi Arximed fizika elminin inkişafı və praktiki tətbiqi üçün müqayisə olunmaz bir fəaliyyət göstərmişdi, matematikanın təbiətşünaslıqda və texnikada istifadə edilməsinin real nümunələrini irəli sürmüşdü.

 

Yunan elmi quru yerdə yaranmamışdı, münbit torpaq timsalındakı qədim yunan mifologiyası əsasında boy atmışdı. Mifologiyadakı Olimp allahları öz ehtirasları, əməlləri, mərhəmətləri və qəddarlıqları ilə heç də bəşər övladlarından fərqlənmirlər, geri qalmırlar. Mifologiya min illərdir ki, insanlara odu bəxş etdiyinə görə allahlar tərəfindən cəzalandırılan Prometeyi, əllaməliklərinə görə ağır əzablara düçar edilmiş Tantalı və Sizifi, monstr olan ögey qardaşını öldürməyə gəlmiş Teseyə sevgisinə görə kömək edən çar Minosun qızı Ariadnanı, eyni qaydada sevdiyi Yasona kömək etmək üçün Kolxida çarı olan atasına qarşı çıxan Medeyanı, məhəbbəti yolunda qurban gedən Adonisi, eşqinin bolluğundan hər şeyə əl atan, buna görə hətta öküz və ya qu quşu qiyafəsinə girən Zevsi, gözəlliyinin layiqli qiymətini almadığına görə ehtirasına boyun əyərək ərinə xəyanət edən Afroditanı, on iki təhlükəli igidlik göstərən, çoxbaşlı Lerney gidrasını, yer altında yaşayan ikibaşlı cəhənnəm köpəyi Tserberi, həmçinin adamyeyən quşları məhv edən Heraklı vermişdir.

 

 

 

Qədim yunan mifologiyası həyat haqqında, xeyir və şər haqqında çoxşaxəli, hər fəsli bir-birindən maraqlı olan nəhəng bir epopeyadır. Bu mənada təsvir olunan hər bir hadisə, maraqlı şəxsiyyətlər dünyası, istər bu, Allah, ya da bəşər övladı olsun, olduqca ibrətamiz xarakter daşıyır. Yeni, daha inkişaf etmiş yunan incəsənəti üçün mifolgiya münbit zəmin yaratmışdı. Bu şərtilik həyatın bədii idrakı və cəmiyyətin həyatında incəsənətin oynadığı rolun genişlənməsi üçün qəribə məhsuldarlıq şəraiti yaratdı. Təbiət hadisələri və qüvvələri burada yeni qaydada göründü: Allah, qəhrəman və ya digər mifoloji varlıq insan sifətinə yiyələndi.

 

 Dünya haqqında mühüm başlıca mülahizələr adətən ilahi-qəhrəmanlıq dünyasına məxsus olan təmtaraqlı obrazlarda ifadə olunur. K.Marks qeyd edirdi ki, yunan incəsənəti üçün heç də istənilən mifologiya əsas ola bilməz. O, məhz "insan cəmiyyətinin uşaqlığı... bütün gözəl şeylərin inkişaf etdiyi" yerdə meydana gələn mifologiyanı önə çəkirdi. Bu cəmiyyətin yaradıcıları isə Marksın obrazlı ifadəsinə görə "normal uşaqlar" idi. Ona görə də görkəmli yunan dramaturqları Esxil və Sofokl bu nəcib miflər əsasında özlərinin ölməz əsərlərini yaratmışlar. Məhz bu əsərləri tamaşaya qoymaqla antik teatr daha yüksək zirvəyə qalxmışdı və indi də ən uğurlu tamaşanı məhz onun səhnə möcüzəsi ilə müqayisə edirlər. 1980-ci illərin əvvəllərində Tbilisinin K.A.Marjanaşvili adına Dram Teatrı Sofoklun "Çar Edin" pyesini tamaşaya qoymuşdu və teatr Bakıda qastrolda olanda bu dahiyanə quruluşa və aktyorların ecazkar oyununa mən də baxmışdım. Sonralar teatr Afinaya yollanmış və həmin tamaşanı göstərmişdi. Yunan teatrşünasları gürcülərin "Çar Edip" tamaşasının emosional əlçatmazlığını özlərinin antik teatrlarının yaradıcılığı ilə müqayisə etmişdilər.

 

Miflər digər xalqların folkloruna daxil olan nağıllardan özünün intellektual səviyyəsinə görə tamamilə fərqlənir. Bəzi miflərdəki təsvirlər min illəri qabaqlayır. Nağıllardakı bayağılıq, ucuz şişirtmələr, fantastikaya meyillilik və uğursuz allyuziyalar qədim yunan miflərinə, demək olar ki, yaddır. Məhz bu cəhətdən yunan mifologiyası digər xalqların folklorundan kəskin surətdə fərqlənir. Hadisələrin və obrazların yüksək səviyyəsinə və ibrətamizliyinə görə ziyalı insanlar tez-tez bu zəngin xəzinəyə müraciət edirlər.

 

 

 

Yunan incəsənətinin belə bir qabiliyyəti var idi ki, təmasda olduğu hər bir ölkənin və xalqın dilinin tələblərinə özünü uyğunlaşdırırdı. Qədim romalılar intellektə aid olan məsələlərdə yunanlardan çox şeyi əxz etmişdilər, yunan mifologiyasını bütünlüklə götürüb özününküləşdirmişdilər. Təkcə miflərin personajlarının adını dəyişdirib, öz dillərinə uyğunlaşdırmışdılar. Zevs Yupiterə, Ares Marsa, Afrodita Veneraya, Poseydon Neptuna, Gera Yunonaya və s. çevrilmişdi. Romalılar Romul və Remin uşaqlığı və xilas olmaları barədəki əfsanələrini çar Edipin ilkin taleyinə oxşatmışdılar. Roma qədim Yunanıstandan çox şeyi əxz etsə də, elmi fəlsəfəni və texnikanı lazımınca inkişaf etdirə bilmədi, hətta hərbi silahlar da təkmilləşməyə məruz qalmamışdı.

 

Qədim yunan mifologiyası öz geniş və dərin mənalı mövzularına, personajlarının dolğunluğuna görə hətta Bibliyadakı hadisələri də müəyyən mənada kölgədə qoya bilir. Bibliya yalnız iudaizmin və xristianlığın ali dini kitabı olduğuna görə daha geniş yayılmışdır. Özünə belə bir ideologiya yaradan yunanlar heç də bilmirdi ki, onların mifləri min illər boyu bəşəriyyətin faydalandığı bir nümunələr xəzinəsi olacaqdır və onun qəhrəmanlarının ləyaqəti və qəzəbi, hədd tanımayan coşqun hissləri heç zamana da təslim olmayacaq, öz bəşəri əhəmiyyətini itirməyəcəkdir. Müasir insan adətən qarşısına çıxan çətinliklərdən və böhranlardan baş çıxarmaq üçün bu incilərin müdrikliyinə müraciət edir.  

 

Qədim yunanlar Allahlarını insan timsalındakı varlıqlar kimi qəbul edirdilər. Onlar ölməzlik xüsusiyyətinə və fövqəl bəşər qüdrətinə yiyələnmişdirlər. Olimp allahları və ilahələri insanpərvərlikləri ilə seçilirdilər, yerə düşüb adamlara qarışırdılar. Onlara təbiətin gözəlliyi və sehirliliyi hopmuşdu, həyatdan həzz alırdılar. Məbəd ilahi ev hesab olunurdu. Hər polisin öz xüsusi himayə edən ilahi qüvvəsi var idi. Afinə şəhərininki Afina Pallada, Arqosunku Hera, Korinfinki Afrodita, Delfininki Apollon idi. Hami sayılan allahın məbədi, yunanlıların Akropol və ya "Yuxarı şəhər" adlandırdıqları qalada yüksəlirdi. Burada polisin xəzinəsi saxlanırdı. Afinada bu məbəd Parfenon idi, o, ilahə Afina Palladaya həsr olunmuşdu.

 

Bu xalq təbiətin bütün sirlərinə bələd olmağa can atırdı. İngilis Henri Meyn yazırdı ki: "Bu dünyada təbiətin kor qüvvələrindən başqa elə bir şey yoxdur ki, onlar ilkin olaraq yunanlarda olmasın". Təsadüfi deyildir ki, qədim Yunanıstan müasir Avropanın və Amerikanın əcdad valideynləri hesab olunur.

 

(Ardı var)

 

Telman ORUCOV

525-ci qəzet.- 2021.- 10 iyul. S. 22.