"Qarabağ
dastanı" - parlaq Zəfərin bədii salnaməsi
Qarabağ
əzəldən söz adamlarının əsas ilham mənbəyi
olub. O yerlərin təbiətindən, gözəlliyindən
tutmuş ən ağrılı günlərinə qədər
bütün məqamlar bədii ədəbiyyatda öz əksini
tapıb.
Hər
bucağı şeir pıçıldayan əzəli
torpaqlarımız Azərbaycanın mədəni həyatına
nəhənglər bağışlayıb. O yerləri
görməyən gənc nəsil belə Qarabağın
şəhdi hopmuş şeirlər, hekayələr, esselər
yazıb. Amma ötən ilin sentyabrın 27-si başlayan əks-hücum
tədbirlərindən Zəfər gününə uzanan
qalibiyyət yolu "oraları görməyən nəsil"
ifadəsini leksikonumuzdan birdəfəlik silib ata bildi. Məmməd Arazın "Ana vətən,
hər daşına üz qoyum" misrası bu günlərdə
Qarabağa yönəlmiş arzularda pöhrələnir. Bu
yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü
ilə çap olunan "Qarabağ dastanı" kitabı isə
təntənəli zəfər ədəbiyyatımızın,
qalib ruhlu nəşrlərimizin xoş qədəmli
başlanğıcıdır. "Qarabağ dastanı"
kitabı ötən əsrlərin təkzirələri qədər
dəyərli bədii salnamədir. O əski təkzirələrdə
əks olunan hər bir söz, misra nə qədər əhəmiyyətlidirsə,
bu kitab da gələcək nəsillər üçün o qədər
maraqlı, könüloxşayan olacaq.
Kitabın
redaktoru, AYB sədrinin müavini, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid ön sözdə
müharibə günlərindəki həssas məqamlara
qısa xronoloji səyahət edib. "Şuşa
havasının əritdiyi nisgil" adlı ön sözdə
müzəffər ordumuzun şücaəti barədə
yüksək şövqlə bəhs edən Rəşad Məcid
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin çıxışlarındakı qətiyyəti,
inamı, dönməzliyi barədə düşüncələrini
oxucularla bölüşüb, Prezidentin leksikonunun,
danışıq üslubunun, ürəkdən tikan
çıxaran sözlərinin insanlarda necə xoş aura
yaratdığını qeyd edib. Rəşad Məcid ön
sözdə kitabın strukturu barədə məlumat verib, bir
sıra yazılara xüsusi toxunaraq təəssüratlarını
bölüşüb.
Kitab
AYB-nin sədri, Xalq yazıçısı Anarın
ideyası ilə ərsəyə gəlib. Bu barədə Rəşad
Məcid yazır: "Anar müəllim müharibə
günlərində Qarabağdan olan
yazıçıları, şairləri arayaraq təbrik etdi
və arzuladı ki, onlar işğaldan azad olunan doğma
yurdları haqqında yazılar yazsınlar. Bu kitabın da əsas
mahiyyəti o oldu ki, hər bir yazıçı
uşaqlığının keçdiyi, yaddaşının ən
gözəl yerlərinə həkk olunmuş doğma torpaqlar
haqqında xatirələrini, duyğularını qələmə
alsın. Nəticədə belə bir kitab yarandı".
"Qarabağ
- Doğma yurdum" sərlövhəli birinci hissədə
bir sıra qələm adamı öz daş
yaddaşını dilə gətirərək xatirələri
sözə köçürüblər. Yazılarla
tanış olduqca 30
yaşlı bir həsrətin 44 günlük sevinc kölgəsində
yavaş-yavaş buxarlandığını hiss edirik. Bu hissə
Xalq yazıçısı Elçinin "Şuşanın
dağları başı dumanlı" yazısı ilə
başlayır. Aqil Abbasın "Evimi sökə bilərsən,
torpağımı yox", Rəşad Məcidin
"Qorxu", "Gecikmiş Ağoğlan bələdçiliyi",
Seyran Səxavətin "Adəm ilə Həvvanın yataq
otağı", Elçin Hüseynbəylinin "Xiffət...
lənət və sevgi", Nəsiman Yaqublunun "Xatirələrimdə
yaşayan Zəngilan", Ramiz Rövşənin
"Qapısız açarlar", Şirindil
Alışanlının "Su səltənəti
Laçın", Adil Cəmilin "Tanrının Kəlbəcər
möcüzəsi", Jalə Əliyevanın "Əziz Kəlbəcər!
Sən azadsan" yazıları adı çəkilən ədiblərimizin
həsrətinin yekunu, böyük zəfərin sevinci, illərdir
nisgilin qıfılladığı şirin xatirələrin
bədii təcəssümü idi. Yazılarla tanış
olduqca daş yaddaşın içindən çiçəklərin
pöhrələndiyinin şahidi oluruq. Ədiblərimiz bu
yazıların yazılacağı günü böyük həsrətlə
gözləyirdilər. Düşmən o doğma yerləri
viran qoysa da, xatirə xəritəsi bütün izləri
yenidən canlandırdı. Bu yazılar Qarabağın
işğal olunmamış vaxtlarından zəfərə qədər
uzanan ağrılı illər arasında bədii
körpü saldı: "Heç kəs unudulmur, heçnə
yaddan çıxmır". Ötən illərə sadiq qələm
nümunələri müəlliflərin vəfa borcunu ödədi...
"Qarabağ
sənət yaddaşımızda" bölməsi
Qarabağın mədəni həyatının zənginliyi
haqqındadır. Vilayət Quliyevin "Qarabağ ədəbi
həyatımızda" adlı yazısı həmin
mühitin ədəbiyyatımıza
bağışladığı dahilər barədədir.
Müəllifin özünün qeyd etdiyi kimi, bu mövzunu
icmal xarakterli bir yazıya sığışdırmaq
çox çətindir. Amma nə qədər lokanik olsa da,
bir o qədər zəruri məlumatlarla zəngindir. Akademik
Zemfira Səfərovanın "Şuşa Azərbaycan
musiqisinin qalasıdır" yazısı Qafqazın
konservatoriyası haqqında əhatəli bilgi verir. Mir
Möhsün Nəvvabdan üzü Rəşid Behbudova qədər
Şuşa musiqi mühitinin yetirmələri yazıda qeyd
olunub, bir çoxu haqqında qısa məlumat verilib. Məlumatlar
vikipedik xarakterdən uzaqdır, dolğundur, maraqlı
nüanslar qeyd olunub. Vasif Quliyevin "XVIII əsr Qarabağ
poeziya məktəbi" adlı yazısı dövrün
poetik zənginliyi barədədir. Bu məqaləni XVIII əsrin
bədii portreti adlandırmaq olar. Əsəd Cahangirin "Səs"
essesi Qarabağın milli koloriti, özünəməxsusluğu,
xüsusi ab-havası barədədir, son cümləsi isə
xüsusən təsirlidir: "Musa qövmünün
meditasiyası qırx, bizimki isə, 30 il çəkdi".
Yazıçı, ədəbiyyatşünas Pərvinin
"Qarabağı vərəqləmək" adlı
yazısı Qarabağ mövzusunun Azərbaycan kinosu və ədəbiyyatındakı
inkası haqqındadır.
"Yaddan
çıxmaz Qarabağ" bölməsi Mehriban Vəzirin
Qarabağın məşhur xanımları barədə
yazılarından ibarətdir. Ağabəyim ağa
Cavanşir, Gövhər ağa Cavanşir, Xurşidbanu Natəvan,
Həmid xanım Cavanşir haqqında geniş məqalələr
əks olunan bu hissədə adını çəkdiyim əzəmətli
Qarabağ qadınlarının ucalığı, isməti, iradəsi
barədə söhbət açılıb.
Belə
bir fikir mövcuddur ki, ən təsirli, möhtəşəm
əsərlər kədər motivli əsərlərdir,
yazıçını dərd-ələm yazdırır.
Amma mütəmadi eyni ton bir müddətdən sonra oxucunu
yorur, pessimistləşdirir. İşğal dövründə
Azərbaycanda yaxşı əsərlər yazıldı.
Amma Zəfər ədəbiyyatımız ağlar gəlininin
qara yaylığını açacaq və son aylarda da bunun
şahidi ola bilirik. "Qarabağ dastanı"
kitabının "Nisgil, ümid, zəfər ədəbiyyatı"
hissəsində nisgildən zəfərə doğru uzanan
ümidli bədii xətlər göstərilib. Xalq
yazıçısı Kamal Abdulla "Müharibə və
onun ədəbi-bədii əks-sədası" adlı
yazısında qalibiyyətdən doğacaq əsərlərin
ruhu, bunun kökləri, səbəbi barədə fikirlərini
oxucularla bölüşüb.
Sabir
Rüstəmxanlının "Biz
qayıtmışıq" adlı yazısı çox
güclü təsir oyadır. Doğrudan da, sanki Qarabağın bardağının
daşmasına bir damla qalmışdı: "Adama elə gəlir
ki, o torpaqlar bu baharı da bizsiz qarşılasa, bizdən həmişəlik
üz döndərərdi". Sabir müəllimin
"Qarabağa dönüş" poemasının isə,
bu kitabda toplanan bədii nümunələr içərisində
xüsusi yeri var. Qalibiyyətdən sonra yazılmış ilk
iri həcimli lirik poemadır. Şair bu poema ilə tarixə nəzər
salaraq xalqımızın mücadiləsini təqdir edir.
Günel
Anarqızının "Ataya" və "Arzu" hekayələri
işğal dövründə yazılmış təsirli
epik əsərlərdəndir. Xüsusən, "Ataya"
hekayəsində Qarabağın dərdi hopan iki xarakterik obraz
var: Məktubu yazan Qarabəxtdir. Qarabağa həsrət qalan
övladları Qarabəxtin timsalında ümumiləşib.
Məktub ünvanlanan isə, ata - Qarabağdır. Bu hekayədə
ağrılarımız bədiiləşib...
"Qarabağ:
dostlar və düşmənlər" adlı bölmə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər
günündə keçirilən paraddakı
çıxışlarından hissələrlə
başlayır. Bu hissədə Türk dünyası
yazarlarının Ermənistanın Azərbaycana qarşı
apardığı terror siyasətinin dayandırılmasına
dair bəyanatı da yer alıb. Türkiyə Yazarlar Birliyinin
başqanı Musa Kazım Arıcan, Türkiyə Ədəbiyyatı
Vəqfi idarə heyətinin başqanı Sərhat Kabaklı
və "Türk Ədəbiyyatı"dərgisinin baş
redaktoru Bəxtiyar Aslanın Xalq yazıçısı Anara
ünvanladığı məktublar da oxucuların nəzərinə
çatdırılıb.
Günay
Əfəndiyevanın "Qarabağ cazibəsi" adlı
yazısında "Dəmir yumruq" əməliyyatını
xalqın iradəsinin ifadəsi kimi qiymətləndirir, erməni
vəhşiliyini isə, qeyri-insani kinin əlaməti kimi qələmə
verir. Anar müəllimin "Növbəti sayıqlamalar və
bəzi başqa məsələlər haqqında",
Çingiz Abdullayevin "Zori Balayanın Vladimir Putinə
ünvanlanmış açıq məktubuna aid qeydlər"
adlı yazılarında isə, emənilərin uzun illərdən
bəri mahiyyətsiz ədavəti və bunun absurd səbəbləri
barədə fikirlər öz əskini tapıb.
"Şeir
çələngi" bölməsində çoxminillik ədəbiyyat
tariximizin bir parçası kimi Qarabağ mövzusunda yazılmış
şeirlər yer alıb. "Şeir çələngi"
bölməsi Vaqif Bayatlı Odərin ön sözü və
şeirləri ilə başlayır. Səməd Vurğundan,
Rəsul Rzadan üzü çağdaş poeziyamıza qədər
yazılmış bədii nümunələrin bir hissəsi
"Qarabağ dastanı"na rəng qatır, kitabın
estetikasını daha da gözəlləşdirir. Mənim
üçün qürurverici məqam isə odur ki, pərəstiş
etdiyim bəzi qələm adamları ilə eyni kitabda
altında imzam olan şeirim çap olunub, sonuncu şeirin
müəllifi mənəm. Amma "Qarabağ
dastanı"nı mənim üçün xüsusiləşdirən
məqam bu deyil. Kitabın ərsəyə gəlmə zərurəti
bütün yazılanlardan daha özəldi. Qələm
sahiblərini vəcdə gətirən də elə budur.
Xalq
yazıçısı Anarın "Ötən günlərin
yazıları" bölməsində yer alan essesi, şeirləri
həm düşündürür, həm heyrətləndirir,
həm kədərləndirir... Anar müəllimin 80-ci illərin
ortalarında qələmə aldığı "Qarabağ
şikəstəsi" essesi şirin, kövrək xatirələr
toplusudur. Ona görə kövrək ki, bu esse hələ gələcək
müsibətlərdən xəbərsiz
yazıçının o yerlərlə bağlı xoş təəssüratlarıdır.
Anar müəllim özü də qeyd etdiyi kimi, o, burada
doğulmayıb, burada böyüməyib, əsli-nəsli bu
şəhərdən (Şuşadan) deyil, qohum-əqrabası
burada yaşamır, amma "Qarabağ şikəstəsi"
essesindən kökləri dərindən-dərin olan elə əsrarəngiz
sevgi yağır ki, bunu ifadə etmək çətindir, tam
anlamaq üçün mütləq esseni başdan-ayağa
oxumaq gərəkdir. Anar müəllimin "Şuşa
nisgili" şeirinin bu essenin ardınca çap olunması
ayrı bir hüzn doğurur. O körpə uşaq sevinci kimi
xoş gülümsəyən yazıdan sonra bu nisgilin qələmə
alınmağı mənə belə təəssürat
bağışlayırsa, müəllif üçün 10
qat ağrılı olub. "Qədim xalq mahnısını
dinləyərkən" şeirini oxuyanda ustad xanəndə
Zülfi Adıgözəlovun "Mən gedirəm Zəngilana"
mahnısı qulağımda cingildədi. Elə bu şeir də
Zəngilan işğal olunandan sonra yazılıb. Anar müəllim
bu mahnıya qulaq asa-asa Zəngilana gedə bilməməyin
faciəsini şeirə köçürüb...
"Zəfər
günlərinin yazıları"nın içərisində
Anar müəllimin "Cocuq Mərcanlı
çoçuqları" essesinin yer alması böyük
anlam kəsb edir. Bu qalibiyyətin rüşeymləri hələ
Cocuq Mərcanlı azad olunanda cücərmişdi. Hələ
o zaman yazıçı bayrağımızın kölgəsini
bütün işğal altında olan ərazilərin üzərində
sezmişdi...
Akif
Rəfiyevin təşəbbüsü ilə çap olunan
"Gəncəyə səyahət" jurnalını
oxuyanda Anar müəllimin "Gəncəm mənim"
adlı yazısı ilə tanış olmuşdum.
"Qarabağ dastanı"nda görən kimi
xatırladım. Müharibənin gedişatında yazılan
bu yazıda ən təsirli məqam bu idi: "Ona da
inanıram ki, öz ad gününə bir gün
qalmış və bir daha heç vaxt ad gününü
özü qeyd edə bilməyəcək on beş
yaşlı Nigarın - anamın adaşı Nigar Əziz
qızı Əsəgərovanın qanı da bütün
şəhdilərimizin qanı kimi yerdə qalmayacaq". Qalmadı
da...
Anar
müəllimin "Erməni mifinin süqutu",
"Senatorlar və paraşütçülər",
"Gözün aydın, Şuşam, gözümüz
aydın!" yazıları da bu bölmədə öz əksini
tapıb.
"Zəfərdən
sonra" bölməsi "Qarabağ dastanının"
şövqlü finalıdır. Anar müəllimin
"Yaşa, Şuşa" şeirində Şuşaya
tapılan qafiyələr insana xoş aura
bağışlayır, bədii zövq verir.
Günel
Anarqızının "Şuşaya məktub"
yazısı, sanki, bayaq müəllifin adını çəkdiyim
"Ataya məktub" yazısının xoşbəxt
sonluğu idi. "Ataya məktub"da oğlu Qarabəxtdən
Qarabağa məktub ünvanlanmışdı.
"Şuşaya məktub"da isə, övladları ilə
Qarabağın qovuşmasının bəxş elədiyi
xoşbəxtlik əks olunub.
Rəşad
Məcidin "Şuşa gör nələr eylər"
("Qələmsiz yazılanlar" silsiləsindən) essesi
müəllifin uzun illərdən sonra Şuşaya səfəri,
bəzi şuşalıların torpaqlarına
qovuşması, "Xarıbülbül
festivalı"nın bağışladığı təəssüratlar
barədədir. Rəşad müəllimin Şuşanın
dağıdılmış hissələrinə rəğmən
vaxtilə olduğu yerləri hövlnak axtarışı,
polis Fəridlə dialoqu, Aqil Abbasla telefon
danışığı səfərinin böyük hərarətindən
xəbər verir. Rəşad müəllim Məmməd
Arazla birgə Şuşaya gəlişini xatırlayır...
Rəşad
Məcidin bir şeiri var:
Tanrının
yerdəki əziz bəndəsi,
Məni
də mülkündə kirəkeş eylə.
Artır
qüvvətimi, çoxalt gücümü,
Sıfırı
bir eylə, biri beş eylə.
Şuşaya
səfəri zamanı yazdığı şeirdə isə
bu misralar var:
Biri
beş edəndir, güc artırandır,
Qoşundur,
əsgərdir, ordudur Şuşa.
Şeirdə
də deyildiyi kimi, Şuşa bizim güc-qüdrət mənbəyimiz,
Qarabağ daim çağlayan İlham
Bulağımızdır...
Nadir YALÇIN
525-ci qəzet.- 2021.- 13
iyul. S. 8.