Kukla
Teatrında ustad dərsi
Bütün
dünyada hökm sürən pandemiya səbəbindən uzun
müddətdir mövcud olan karantin rejimi xüsusən
teatrlarımızın işinə mənfi təsir göstərdi.
İlyarımdan bəri qapısı bağlı qalan
teatrlarımız onlayn şəkildə fəaliyyətini
davam etdirməyə çalışırlar.
Bu
yaxınlarda karantin rejiminin yumşalması, tədbirlərə
verilən icazə isə müəyyən qədər "nəfəs
almağa" səbəb oldu. Bu icazədən istifadə edən
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı
heç olmasa, balaca həvəskar aktyorlarını sevindirmək
və maarifləndirmək üçün öyrədici
layihələrə başladı. Belə ki, A.Şaiq
adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki
"Oyuq" teatr-studiyası balaca aktyorları
üçün silsilə ustad dərsləri keçirdi.
Artıq
ənənə halını almış ustad dərslərinin
növbəti qonağı mediamızın daim gülümsəyən cənabı,
nikbin telesiması Azər Qismət oldu. İyulun 9-da Kukla
Teatrına uzun müddətdən sonrakı səfərimizin
məqsədi də məhz bu dərs idi.
Azərbaycan
teleməkanında bir-birindən fərqli məzmun və
formatlarda proqramlara aparıcılıq edən,
tamaşaçıya zəngin mənəvi zövq
aşılayan və onları daim pozitiv enerjiyə kökləyən
yazıçı, jurnalist Azər Qismət həvəskar
aktyorlara seçilməyin incə məqamlarından
danışacaqdı.
Bütün
pandemiya qaydalarının gözlənildiyi dərsdə Azər
Qismət balaca, həvəskar aktyorlarla baş-başa idi.
Öncədən görünürdü ki, onları
maraqlandıran çox suallar var. Televiziyadan, mavi ekranlardan
gördükləri simayla şəxsi tanışlıq da
onları həyəcanlandırmışdı. Elə bu həyəcana
və marağa görə idi ki, hələ Azər bəy
çıxışa başlamamışdan ilk sual gəlir.
Bütün dərs boyunca ən aktiv dinləyicilərdən
olan balaca Sabir icazə aldıqdan sonra sualını səsləndirir:
"Bura çatmaq üçün nə qədər
vaxtdı yol gəlirsiniz?" Uşaq sadəlövhlüyü
ilə verilmiş, amma özündə dərin fəlsəfi
məna daşıyan suala Azər bəy də özünəxas
şəkildə sadə və fəlsəfi cavab verir:
"48 ildir ki, yol gəlirəm. Dağlar keçib, dərələr
aşmışam, uzun-uzun yolları qət edib sizlə
görüşə gəlmişəm".
Bu
cavabdan sonra Azər bəyin əvvəl ekranlardan, şəxsi
tanışlıqdan sonra isə canlı şahidi olduğum o
"uzun yolları" düşünürəm. 25 ildən
artıq telejurnalistika sahəsində "külüng döyən"
insanın yolu hamar olmaz ki...
Sonra
Azər bəy başlayır telejurnalistika, bir az da ümumi
jurnalistika haqqında danışmağa. Özünün bu
sahəni necə seçməyindən başlayıb, Vətən
müharibəmizə, Qarabağ qələbəsinə və
bu dövrdə jurnalistlərin fəaliyyətinə qədər
çox şeylərdən danışır. Əslində,
ağır mövzular kimi görünsə də, peşəkar
jurnalist dinləyicilərinin kimliyinin yaxşı fərqindədir.
Bu cür mürəkkəb mövzuları böyük
ustalıqla onların dilində, onların anlayacağı tərzdə
sadə şəkildə uşaqlara çatdırır.
Kitab
oxumağın faydaları, uşaq olsaq da, cəmiyyətə,
dünyaya faydalı olmağın yolları kimi məsələlərin
müzakirəsində Azər Qismətin öz şəxsi təcrübəsinə
və real hadisələrə əsaslanan misalları
uşaqların çox böyük marağına səbəb
oldu.
Dərsdə
bayaq adını çəkdiyimiz Sabir də səhnəyə
çıxmaq, çıxış etmək istədiyini
dedi. Azər bəy böyük sevgiylə ona özünü
səhnədə ifadə etmək imkanı yaratdı. Ekspront
baş verən bu hadisə təcrübi şəkildə dərsin
tərkib hissəsinə çevrildi.
Bir
saatdan çox davam edən ustad dərsi təkcə
uşaqlar üçün deyil, dərsdə iştirak edən
biz böyüklər üçün də çox
maraqlı və faydalı oldu.
Qeyd
edək ki, bundan öncə balaca aktyorlar tanınmış
televiziya aparıcısı Azər Süleymanlı və
"Asan radio"nun direktoru, peşəkar jurnalist Emin Musəvinin
ustad dərslərində iştirak ediblər.
Hər
zaman bir-birindən maraqlı layihələrlə istedadlı
uşaqları diqqətdə saxlayan və faydalı işlərlə
onları sevindirən A.Şaiq adına Azərbaycan Dövlət
Kukla Teatrı nəzdindəki "Oyuq"
teatr-studiyasının bu dəfəki layihəsini də
alqışlayır, gələcəkdə bu ustad dərslərinin
daha da artmasını arzulayırıq.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.- 13
iyul. S. 12.