Dağlar Yusif Əfəndi: "Şəhidlərimizə çox həsəd aparmışam"

 

"Müqəddəs müharibədə şəhid olan qazanır, sağ qalan isə yaşamağa məhkum olur"

 

Müsahibimiz istedadlı teatrşünas, Vətən müharibəsinin iştirakçısı Dağlar Yusif Əfəndidir.

 

Ötən il magistratura təhsilini tamamlayan Dağlar hərbi xidmətə yola düşmüşdü.

 

İki ayın əsgəriykən Vətən müharibəsinin iştirakçısı oldu və iyunun 24-də "Kəlbəcərin azad edilməsinə görə" medalıyla təltif olundu.

 

Bu günlərdə tərxis olunan Dağlarla görüşüb müharibə xatirələrini bölüşdük:

 

***

 

- Dağlar bəy, müharibəyə necə qatıldınız?

 

- Hələ hərbi xidmətə getməzdən öncə dostlarıma müharibə olacağını və mənim də müharibəyə getdiyimi deyirdim. Halbuki hələ iyulun 2-si idi. Müharibə isə sentyabrda oldu. Onu deyim ki, müharibənin olmasını, Qarabağ probleminin həllini mən çox arzulayırdım. Çünki torpaqlarımızın itirilməsi şüuraltı olaraq sanki bütün xalqımızda məğlubluq psixologiyası yaratmışdı. Bu, hər şeydə özünü göstərirdi.

 

Əvvəlcə Gəncəyə getdim. Hələ 10 gün idi xidmətə başlamışdım, Tovuz hadisələri başladı və general Polad Həşimov şəhid oldu. Onda nəinki, hərbidə, bildiyimə görə, mülkidə də döyüş, müharibə ab-havası yaranıb. Biz də çox gərgin məşqlər, hazırlıqlar keçirdik. Sentyabrın 12-də Daşkəsənə getdim. Ordakı məşqlərdən sonra da sentyabrın 24-də qalxdıq posta. O post erməni postlarıyla üz-üzə idi. Sentyabrın 27-si səhər tezdən gördük ki, qırıcılarımız erməni postlarını bombalamağa başladı. Düzü, çoxu müharibə olacağına inanmırdı. Amma bununla da müharibə başladı. Müharibənin qanlı-qadalı səhifələri, itkiləri orda iştirak edən adam üçün ən təbii bir şeydir. Artıq 2-3 gündən sonra bunlar bizimçün adi şeyə çevrilmişdi. Hər şeydən önəmlisi odur ki, mən millətimizin nəhəngliyini gördüm. 18-19 yaşlı uşaqların qəlbindəki vətən sevgisini, ruhundakı cəsarəti gördüm. Hamısı irəli can atırdı. Bu, müharibənin dərinliklərdə uyuyan milli qeyrətimizi oyatması idi. Bizim istiqamətimizdə hücum xarakterli müharibə təxminən 7-10 gün oldu. Murovdağda idik, çox çətin və təhlükəli relyefdə vuruşurduq. Texnika işləmirdi, düşmən bizdən hündürdə idi. Erməni o tərəfdə itirdiyi torpaqların heyfini burda almaq, Gəncəyə, Tovuza soxulmaq istəyirdi. Ona görə də biz 10 gündən sonra müdafiə xarakterli müharibəyə keçdik. Ən çox şəhid də bizim istiqamətdə oldu. Amma sona kimi vuruşduq.

 

- Müharibə başlayanda qorxu keçirirdinizmi?

 

- Qəhrəmanlığın düsturu qorxmamaq deyil, qorxuya qalib gəlməkdir. Qorxu instinktdir. Heç kim deyə bilməz ki, minamyot mərmisi gəldi, yanımdakı döyüş yoldaşımın ayaqlarını apardı və mən qorxmadım. Bu, absurddur. Orda sən hər an ölümlə nəfəs-nəfəsəsən. Yanındakı silah dostunu öldürən minamyotun bir saniyə sonra sənin başına nə gətirəcəyini kimsə bilmir. Amma 3 gündən sonra biz artıq key vəziyyətdə idik. Qorxu təbii ki, vardı, sadəcə "nə olacaqsa, olsun" deyirdik. Orda qorxusuna qalib gəlməyən, ağlayan, sızlayan, qaçıb getmək istəyən, postu tərk edən görmədim. Bu millətin canındakı vətən sevgisi və düşmənə olan nifrət var, heç bir qüvvə bu milləti məhv edə bilməz. Orda olanda vətənin nə demək olduğunu anlayırsan. Təkcə torpağını deyil, arxadakı bacını, qardaşını, ananı, millətini də qoruyursan. Çünki bilirsən ki, burdakı bircə anlıq səhlənkarlığın, səhvin düşmənin torpağına girməsi, millətini təhqir etməsi, öldürməsi deməkdir. Onda anlayırsan ki, sən demə, vətən anam, bacım, iş yoldaşım, dostum, nə vaxtsa dalaşdığım tanışım, mənə nifrət edən həmkarım, küçədən keçən o yad insan imiş. Mən onların hamısı üçün burdayam. Çünki onların hamısı mənimdir və mən sağkən kimsə onları təhqir edə bilməz. Teatr sənətində ən nifrət etdiyim insanı belə səngərdə olanda axtarmışam, xatırlamışam. Çünki bilmişəm ki, o da indi burda olsa, səni düşməndən qoruyar, səninlə birgə vuruşar. Dərdimiz və məqsədimiz ortaqdır. Daha heç bir azərbaycanlıya düşmən kimi baxa bilmərəm. Düşmənimi gördüm və tanıdım. Müqəddəs müharibədə şəhid olan qazanır, sağ qalan isə yaşamağa məhkum olur. Quranda buyurulur ki, şəhid olana öldü deməyin, onlar sağdırlar. Etiraf edim ki, şəhidlərimizə çox həsəd aparmışam. Mən 44 gün yox, 10 ay vuruşmuşam. Müharibədən sonra Kəlbəcərə, ordan da Göyçəyə getmişik və hamısında qeyri-rəsmi şəkildə düşmənlə vuruşmuşuq. Çünki dayanmırlar, partizanlıq edirlər. Şəhidlərimizin taleyi imiş gəlib orda dünyasını dəyişmək. Allah hamısına rəhmət eləsin!

 

 

 

- Bir il öncəki Dağlarla indiki Dağların nə fərqi var?

 

- Bir il öncəki Dağlar yoxdur, mən onu xatırlamıram.

 

- Bəs siz nə vaxt yenidən "doğuldunuz"?

 

- Müharibə başlayan andan tərxis olunub evimə gəldiyim günə qədər hər saat doğuldum. Bir saat öncəki Dağlar bir saat sonra yox idi. Doğulduqca da həyatdan uzaqlaşdım. O Dağları daha kimsə görə bilməz. Kəlbəcərdə ayağımızı hər atanda kəlmeyi-şəhadətimizi deyirdik ki, hər an minaya düşə bilərik. Erməni öz postunda ağır silahı üzü biz tərəfə qoymuşdu. Biz posta çıxanda şəstlə dayanırdıq onların qabağında, guya ki, o silahdan qorxmuruq. Çünki erməni elə bir millətdir ki, ona bir balaca qorxduğunu göstərdinsə, hər şey edər. Ermənini bizim xüsusi təyinatlılarımız yalın əllə döyüb qovurdular. Sadəcə onların təqdimatı güclüdür. Təqdimat isə çox önəmlidir. Erməninin azərbaycanlıya nifrəti əqli deyil, instiktivdir. 5 yaşlı erməni də azərbaycanlını necə öldürə biləcəyini düşünür. Bu, onun təbiətidir. Ona inanmaq və rəhm etmək olmaz. Yüz il dostluq edib, yüz birinci il bizi qıracaq. Çünki evində belə yetişir. Bu müsahibəni oxuyan hər kəsə səslənirəm ki, bunu heç vaxt unutmayaq. Bundan sonra daha həssas yanaşmaq lazımdır. Müharibələr qısa olur, döyüş isə bitmir. Vuruşmaq üçün əlinə silah götürmək vacib deyil. Bütün cəbhələrdə vuruşmalıyıq. Qazilərimizi unutmaq, incitmək olmaz. Bu insanlara borcluyuq biz. Qazilərimiz, müharibə iştirakçılarımız da hər zaman nümunə olmalıdırlar.

 

- Bu mərhələni ailəniz necə keçirdi?

 

- Mən Bakıda işləyəndə bir ayda iki dəfə gedib anama dəyməsəm, o, xəstələnir, yatağa düşür. Həmçinin, atam, bacılarım, qardaşım və bütün ailəm. Təsəvvür edə bilmirəm ki, onlar bu mərhələni necə keçiriblər. Nə onlar danışdım, nə mən soruşdum. Orda olanda çox əlaqə saxlaya bilmirdim. Amma gəlib gördüm ki, anam, atam ən az 10 il qocalıblar. Nəinki tək onlar, hətta mənim qohumlarım, dostlarım da. Ailə o günləri çox ağır, çətin keçirdi. Amma özləri də deyirlər ki, bircə saniyə də arzulamadıq ki, müharibə bitsin. Müharibə vaxtı yaxşı ki, o cür birlik var idi. Sağ olsun millətimiz. Onların maddi-mənəvi dəyərini çox hiss edirdik. Hərbi xidmətə gedərkən təzə şalvarımı çıxarıb, bir az köhnəsini geyinmişdim ki, onsuz da orda alacaqlar. O təzə şalvarı da bir yerə qoymuşdum. On ay sonra məzuniyyətə gələndə gördüm o şalvarı necə qoymuşamsa, elə də qalıb. Anama deyirəm, niyə götürməmisən? Deyir ürəyim gəlmədi götürməyə. Bu cür keçirdilər. Sinirləri pozuldu, yaşlandılar. Amma bunlar hamısı düzələr, əsas odur ki, qələbə qazandıq və bundan sonra bunu əldən verməyək.

 

- Gələcəkdə müharibənin sənətdəki əksini necə görürsünüz?

 

- Hər cür görürəm, bircə, bəlağətli, pafoslu görmək istəmirəm. Çünki mən müharibədə pafos görməmişəm. Ağıllı, müharibəyə, qələbəyə layiq işlər görmək istəyirəm. Müharibə necə səliqəli bir şəkildə işləndisə, onun məntiqi davamı kimi də bu işlər görülməlidir. Bizim kimi incəsənət adamları üçün müharibə hələ indidən sonra başlayır. Görək, biz bu işin öhdəsindən necə gələcəyik, nə qatacağıq? Bircə ricam var ki, hər kəs öz bacardığını vicdanla ortaya qoysun. Çünki bu işdə başısoyuqluq düşmənə satılmaq kimi bir şeydir. Yol vermək olmaz. Kim müharibəylə bağlı nəsə etmək istəyir, öncədən uğurlar arzulayıram və bildirirəm ki, mən ona təmənnasız, canla-başla əlimdən nə gəlsə, kömək etməyə hazıram. Fikirləşirəm ki, xidmətim davam edir, yəqin ömrümün axırına kimi də davam edəcək.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2021.- 13 iyul. S. 13.