Xalq
rəssamı Mirəli Mirqasımovun yaradıcılıq
dünyası
Azərbaycan
heykəltəraşlıq sənəti tarixində o da
adı fəxrlə çəkilməyə layiq sənətkardır.
İstər dəzgah və istərsə də, monumental heykəltəraşlıq
sahəsində müəllifi olduğu yaddaqalan
yaradıcılıq nümunələri ilə incəsənət
xadimləri və sənətsevərlərin xüsusi rəğbətini
qazanıb. Söhbət Xalq rəssamı Mirəli Mirəsədulla
oğlu Mirqasımovdan (1924-2003) gedir.
M.Mirqasımov
AMEA-nın ilk prezidenti, akademik, tibb alimi olmuş Mirəsədulla
müəllimin aliəsində dünyaya göz
açmışdı. Şübhəsiz ki, ailəsində
elmə, sənətə olan maraq ona ilk növbədə
valideynlərindən sirayət eləmişdi. M.Mirqasımun gələcəkdə
tanınmış incəsənət xadimi olmasında onun
anası Ceyran xanımın həlledici rolu olub. Yeddi
yaşında eşitmə qabiliyyətini itirmiş gələcək
heykəltəraşa anası cəfakeşliklə
qayğı göstərib, oğlunun sənətin sirlərinə
yiyələnməsində xüsusi fədakarlıq edib.
M.Mirqasımov orta və ali ixtisas təhsilini sırf heykəltəraşlıq
ixtisası üzrə almış ilk heykəltəraşlardandır.
O, əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Məktəbində (1939-1943) müəllimi,
məşhur heykəltəraş P.Sabsay, daha sonra İ.E.Repin
adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq
və Memarlıq İnstitutunda (1944-1950) təhsil alıb və
tanınmış incəsənət ustaları, heykəltəraşlar
A.T.Matveyev, V.A.Sinayski, M.K.Anikuşin, rəssamlar S.L.Abuqov və
A.A.Mılnikovdan sənətinin incə sirlərinə yiyələnib.
Təhsilini başa vurub ölkəmizə dönən
M.Mirqasımov yarım əsrdən çox uğurlu bədii
yaradıcılıq fəaliyyəti ilə məşğul
olub, bədii estetik məziyyətlərə malik bir çox
büst-portret əsərləri və monumental heykəltəraşlıq
abidələri ərsəyə gətirib. M.Mirqasımovun
yaradıcılığının əsas xüsusiyyətləri
kimi professional işlənilmə, mükəmməl bədii
obraz yaradıcılığı, surətlərin fərdi
xarakterik və ümumiləşdirilmiş formada bədii
işlənilmə xüsusiyyətlərini vurğulamaq olar.
Dəzgah heykəltəraşlığı sahəsində
yaratdığı büst-portretlərə nə qədər
poetiklik, lirizm və zahiri statiklik xasdırsa, monumental heykəltəraşlıq
abidələrində isə əksinə olaraq dinamizm, daxili
ekspressivlik və gərgin müdrik
düşündürücülük əlamətləri
var. Bu xüsusiyyətlər həmçinin, obrazları
yaradılmış qəhrəmanların özlərinin
yaşamış olduqları həyat tərzləri ilə əlaqədardır.
Qeyd etmək lazımdır ki, heykəltəraş
yaradıcılığının ilk illərində
animalistik janrda heykəllər yaratmağa üstünlük
vermişdi. Ümumiyyətlə Azərbaycan heykəltəraşlıq
sənətində nədənsə animalistik janrda heykəltəraşlıq
əsərləri çox az yaradılıb. Bu baxımdan
heykəltəraşın bu sahədə olan
yaradıcılıq fəaliyyəti təqdirə layiqdir.
M.Mirqasımovun
müəllifi olduğu dəzgah yeykətəraşlığı
əsərlərinə nümunə olaraq "M.Ə.Sabirin
büstü" (1948), "At" (1950, gips), "Şir"
(1950, gips), "Qız portreti" (1955, mərmər),
"Anasının portreti" (1956, gips), "Qız göyərçinlə"
(1956, mərmər), "Şah yaylaq" (1957, gips),
"Qız portreti" (1958, mərmər),
"C.Cabbarlı" (1958, mərmər), "Neftçi
Qurban" (1959, bürünc), "Azadlıq" (1959,
bürünc), "İkar" (1962, bürünc), "Xəzri"
(1966, bürünc), "Akademik Mirəsədulla
Mirqasımov" (1980, bürünc), "Hərəkət
qüvvətdir" (1982, bürünc), "C.Cabbarlı"
(1987, bürünc) və başqalarını göstərmək
olar. Sadalan hər bir sənət əsərinin ərsəyə
gətirilməsi heykəltəraşın gərgin
yaradıcılıq axtarışları və zəhməti
hesabına başa gəlib. Nümayiş olunan bu sənət
incilərinə tamaşa edib, estetik zövq alan
tamaşaçı çox zaman fikirləşmir ki, sənət
nümunəsi kimi tamaşa etdiyi əsər hansı və
necə mürəkkəb yaradıcılıq proseslərindən
keçərək gəlib bu səviyyəyə
çıxır. Heykəltəraş
yaradıcılığının ilkin dövrlərində
gənclik şövqü ilə yaratdığı obrazlarda
daha çox vurğunu gözəllik, lirika üzərində
kökləyib. M.Mirqasımovun yaratmış olduğu
"Ana" "Nefçi" və "Qız göyərçinlə"
portrtetləri 1955-ci ildə Varşavada təşkil olunan Gənclərin
və Tələbələrin V Ümumdünya festivalında
laureat adına layiq görülmüşdü. Bu mükafat
heykəltəraşın dəzgah heykəltəraşlığı
sahəsindəki yaradıcılığına verilmiş
ümumi qiymət idi. Ümumiyyətlə,
yaradılmış bütün monumental heykəltəraşlıq
nümunələrinin ilkin variantı dəzgah heykətəraşlığından
keçir. O, hər hansı bir monumental heykəltəraşlıq
abidəsi üzərində işlərkən onun kiçik
modellərini, eskizlərini hazırlayıb. M.Mirqasımovun
iştirak etdiyi müsabiqələrdə monumental heykəltəraşlıq
abidələri üçün yaratmış olduğu eskiz
layihələrə "C.Cabbarlı" (1959, gips),
"M.Füzuli" (1962, gips), "İ.Nəsimi" (1973,
gips), "C.Cabbarlı" (1981, gips) və
başqalarını qeyd etmək olar.
M.Mirqasımovun
müəllifi olduğu monumental heykəltəraşlıq
abidələrinə Sumqayıt şəhərində
"N.Nərimanovun abidə büstü" (1964,
bürünc), Naxçıvan şəhərində "C.Məmmədquluzadənin
heykəli" (1974, bürünc, memar Ənvər
İsmayılov), Bakı şəhərində "C.Cabbarlının
heykəli" (1982, qranit, memar Yusif Qədimov) göstərmək
olar. Sadalanan heykəltəraşlıq abidələri şəhərlərimizin
ümumi memarlıq quruluşunun həllində və yerləşdiyi
yerlərin məkan plan qruluşları ilə ahəngdarlıq
təşkil edir. Həmçinin, şəhər sakinlərinin
bədii estetik zövqünün formalaşmasında
mühüm rol oynayır.
Dahi
yazıçı, məşhur "Molla Nəsrəddin"
jurnalının naşiri və redaktoru Mirzə Cəlilin heykəli
Naxçıvan şəhərində ucaldılmış
ilk monumental heykəltəraşlıq abidələrindən
biridir. Yazıçının adını daşıyan Naxçıvan
Dövlət Musiqili Dram Teatrının qarşısında
qaya üzərində sağ ayağı bir az
yığılı, sol ayağı bir qədər irəli,
sağ qolu sağ qıçı üzərində
uzalı, sol əli sol qıçına söykəli (sanki
yazıçı irəliyə doğru əyilmiş bədəninin
müvazinətini saxlayır), başı bir qədər yana
yönəlmiş, əngin xəyallar burulğanına qərq
olmuş vəziyyətdə, baxışlarından fikir
süzülən yazıçının son dərəcə
poetik, əsl Mirz Cəlil xislətinə malik bədii
obrazı əbədiləşdirilib.
Yazıçının üst geyimi - paltosunun sol çiyninə
aşırılmış vəziyyətdə təsvir edilməsi
obrazın bədii estetik məzmununu qüvvətləndirməyə
hesablanıb və kompozisiyanın bitginliyini təşkil edir.
Heykəlin ümumu hündürlüyü 5 metrdir, postamenti
qranit üzlüklə üzlənib. Abidə monumental heykəltəraşlıq
sənətimizdə xüsusi yer tutur. M.Mirqasımovun
yeradıcılığında xüsusi əhəmiyyət kəsb
edən heç şübhəsiz ki, məşhur
yazıçı, dramaturq, incəsənət xadimi
C.Cabbarlının heykəlidir. Əzəmətli -
hündürlüyü 5,5 metrə çatan abidə son dərəcə
mükəmməl kompozisiya və bədii işlənilmə
xüsusiyyətlərinə malikdir. Hündür qranit
postamentin üzərində yazıçının ayaq
üstə, başını sola çevirmiş, əllərini
sinəsinə qoşalamış vəziyyətdə və gərgin
fikirlər keçirdiyi məqamda, orijinal formada monumental bədii
obrazı yaradılıb. Dramaturqun ümumiləşdirilmiş
bədii obrazı yaradılıb və
yazıçının ekspressiv, üsyankar və
barışmaz məni daha çox surətin zahiri quruluşu
ilə üzə çıxarılıb. Dramatizm və
dinamizm, yazıçının daxili gərginliyi abidənin
ümumi plastik həlli yolu ilə açılıb. Heykəltəraş
bu abidə əsərində də paltodan obrazın ümumi
bədii həllində vahid element kimi istifadə edib.
Yazıçının çiyinlərindən
asılmış palto sanki teatrın pərdələrini
xatırladır və obrazın monolitliyini və
monumentallığını artırır. Postamentdə teatr
maskalarının əks etdirilməsi abidənin vahid kompozisiya
biçimində həllinə xidmət edir və surətin bədii
ifadəliliyinə əlavə estetik zövq bəxş edir.
C.Cabbarlının heykəli Azərbaycan heykəltəraşlıq
sənətində bədii və texniki işlənilmə, həmçinin,
qranitdən yonulmuş ən monumental heykəltəraşlıq
abidəsi kimi daxil olub. Bu abidə SSRİ Rəssamlıq
Akademiyasının diplomuna layiq görülüb.
M.Mirqasımov
eyni zamanda, Fəxri xiyabanda AMEA-nın ilk prezidenti, akademik Mirəsədulla
Mirqasımovun qəbirüstü memorial abidəsinin də
müəllifidir. Həmçinin, bu memorial abidə nümunəsi
də özünün bədii xüsusiyyətləri ilə
diqqəti cəlb edir.
Heykəltəraş
M.Mirqasımov bütöv yaradıcılığı boyu hər
zaman yüksək sənət amallarına sadiq qalaraq,
uğurlu yaradıcılıq yolu keçmiş və hər
zaman bədii estetik zövq aşılayan, nəzər-diqqəti
cəlb edən bitkin sənət əsərləri ərsəyə
gətirmişdi. XX əsr heykəltəraşlıq sənətimizin
tanınmış tədqiqatçısı, sənəşünaslıq
doktoru, professor Cəmilə Novruzova heykəltəraşın
yaradıcılığı barədə yazırdı:
"M.Mirqasımovun yaradıcılığında bir-birilə
bağlı olan iki istiqamət - hərarətli lirizm və
plastikanın güclü forması aydın sezilir. Bu iki
istiqamət bir-birilə qırılmaz vəhdətdədir".
Heykəltəraş
M.Mirqasımovun bədii yaradıcılıq fəaliyyəti
dövlət tərəfindən yüksək qiymətləndirilib.
O, Əməkdar incəsənət xadimi (1963), Xalq rəssamı
(1982) fəxri adlarına və müstəqil dövlətimizin
"Şöhrət" ordeninə layiq
görülmüşdü.
Xalq
rəssamı, məşhur heykəltəraş Mirəli
Mirqasımovun müəllifi olduğu əsərlər var
olduqca, sənətkar təsviri sənət tariximizdə həmişə
yaşayacaq.
Əsəd QULİYEV
525-ci qəzet.- 2021.- 13
iyul. S. 14.