Yanuş Korçak: dövrün reallıqları fonunda

 

Müasir kompüter elmi, internet şəbəkəsi nə qədər inkişaf etmiş olsa da, yenə də tarixə örnək kimi yanaşmaq zərurəti vardır. İndi təhsildə müasir tendensiyalar gənc tədqiqatçıları daha çox cəlb edir, amma buna rəğmən, tarixi-pedaqoji külliyata diqqəti azaltmaq düzgün olmaz. Jurnalist Böyükağa Mikayıllının fəaliyyəti bu baxımdan əvəzedilməz örnəkdir.

 

Böyükağa Mikayıllı görkəmli pedaqoq, həkim, uşaqların təlim-tərbiyəsi sahəsində çoxsaylı elmi, publisistik, bədii əsərlərin, tibbi araşdırmaların müəllifi, 20-ci əsrin əvvəllərində Polşanın Varşava şəhərində "Yetimlər evi" yaratmış böyük humanist Yanuş Korçakın həyatı və yaradıcılığı ilə ciddi maraqlanıb, onu dərindən öyrənib. O, Korçakın yaşadığı yerləri - Polşanın əsrarəngiz Vislaətrafı ərazilərini - Varşavanı, Krakovu gəzib, dahi pedaqoqun irsini araşdıran akademiyalar, elmi tədqiqat institutları, tədqiqatçılarla, jurnalistlərlə əlaqə yaradıb, əsəri zəngin jurnalist araşdırmalarının nəticəsi olaraq meydana gətirib.

 

Müəllif, Yanuş Korçakın millətin maariflənməsində təlimin rolu, həmvətənlərinin mənəvi düşüncə tərzinin formalaşmasında əqli, əxlaqi tərbiyənin imkanları, məktəb, müəllim haqqında fikirlərinin əhəmiyyətini yaradıcı təfəkkür süzgəcindən keçirərək təqdim edir. Əsərdən bəlli olur ki, Yanuş Korçak uşaqları heç vaxt milli məsubiyyətinə görə ayırmayıb. Onun yaratdığı yetimlər evinin humanist qayda-qanunları uşaqların əsl şəxsiyyət kimi yetişməsində önəmli rol oynayıb. Dahi pedaqoqun, kitabda yer alan bəşəri əhəmiyyətli fikirlərindən bir neçəsinə nəzər salaq: Uşaqları tərbiyə etməyə başlamazdan öncə özünü tərbiyə et; Mən müşahidə edirəm ki, ancaq axmaq adamlar istəyirlər ki, ətrafdakıların hamısı eyni cür olsun. Axı bu, necə ola bilər? Axı ətrafda heç nə eyni deyil: gecə var, gündüz var, yay və qış var, cavan və qoca var, kəpənəklər və quşlar, müxtəlif rəngli gözlər, qızlar və oğlanlar var...; Bizim ən böyük səhvlərimizdən biri bu olub ki, pedaqogikanı insan haqqında deyil, uşaq haqqında elm kimi qəbul etmişik; Həyat insan üçün çox sürprizlər hazırlayır. Biz uşaqları elə tərbiyə etməliyik ki, uşaqlar həyatın çətinliklərinə hazır olsunlar...

 

Əsərin nəzəri cəlb edən bir cəhəti də budur ki, müəllif dünyada öz təlim-tərbiyə konsepsiyası ilə tanınan Yanuş Korçakın maarifçi kimi yetişməsini klassik realizmdən ayırmır, zəngin ənənələri olan pedaqogika tarixinin inkişafı zəminində yarandığını göstərir. Bu doğru metodoloji prinsip tədqiqatçıya imkan verir ki, yaradıcılığa "Qordi düyünü" adlı məqalə ilə başlayan bir yazıçının, pedaqoqun zəngin yaradıcılıq yolunu, pedaqoji baxışlarını, ictimai-siyasi fəaliyyətini izləsin, onun elmi-pedaqoji təhlilini versin. Oxucu əsərdə Yanuş Korçak yaradıcılığının hansı ideya-məzmun keyfiyyətlərlə zənginləşdiyini müşahidə edir, onun novatorluğunun xüsusiyyətləri, mənəvi dəyəri ilə tanış olur. Əgər fransız pedaqoqu Jan Jak Russo "Emil, yaxud tərbiyə haqqında" əsərində Emilin kəndli kimi işləməsini, filosof kimi düşünməsi ideyasını irəli sürürdüsə, Yanuş Korçak "Uşağı necə sevməli?" kitabında yazır ki, "İmkan verin ki, uşaq olduğu kimi görünə bilsin, saxtakarlıqdan, sünilikdən uzaq olsun. Həm də bunu yubanmadan edin, çünki tərbiyə işində gecikmək olmaz".

 

Biz Pestalotsinin insan, vətəndaş tərbiyəsi haqqında ideya və fikirlərinin davamını, onun özünəməxsus formada inkişafını Böyükağa Mikayıllının tədqiq etdiyi Yanuş Korçak yaradıcılığından da görə bilirik. Bu da təsadüfi deyil, çünki Yanuş Korçak pedaqoji fəaliyyətinin hələ ilk vaxtlarında Pestalotsinin elmi-pedaqoji irsi ilə tanış olmuş, ondan öyrənmişdir.

 

Böyükağa Mikayıllının “Yanuş Korçak” haqqında kitabı nəşr olunub

 

Böyükağa Mikayıllının təhlilinə məxsus konkretlik, dəqiqlik, yığcamlıq, aydınlıq, mövzunun incəliklərinə nüfuz etmək, ideyalılıq bu əsərdə də özünü göstərir. Müəllif Yanuş Korçakın elmi-pedaqoji, tibbi, publisistik məqalələrini, ədəbi, dram əsərlərini bir-bir təhlil edir, maarifçi, humanist insanın keçdiyi mürəkkəb yaradıcılıq yolunun eniş-yoxuşlarını, yaşadığı dövrün ziddiyyətlərini, faciələrlə dolu məqamlarını, dahi pedaqoqun insanlığın sabahı naminə tutduğu mövqeyi yaradıcı şəkildə göstərir, onun əsl insani obrazını açır.

 

Əsərdə Yanuş Korçak ədəbi-pedaqoji mühitin tərkib hissəsi kimi təhlil olunur. Müəllif yeri gəldikcə Korçak yaradıcılığını ədəbi həyatla əlaqələndirir, müqayisələr aparır, hər dövrün, hər mərhələnin ümumi səciyyəsini verməyə çalışır. Bütün bunlar Yanuş Korçakın pedaqogika tarixində tutduğu mövqeyi təyin etməkdə tədqiqatçıya kömək edir.

 

Yanuş Korçakın həyatı, yaradıcılığı, pedaqoji görüşləri və pedaqoji fəaliyyəti haqqındakı ilk geniş təəssüratları Azərbaycan oxucusuna Böyükağa Mikayıllının bu əsəri bəxş edir.

 

Korçak yaradıcılığı pedaqogika nəzəriyyəsi və tarixi yönümdən çox zəngindir. Onun "Uşağı necə sevməli?", "Uşağın hörmət hüququ", "Bir də balaca olsaydım...", "Salon uşaqları", "Tərbiyə anları" və s. əsərlərində realizm, insanın mənəvi aləmi, uşaqların, cəmiyyətin sosial-mənəvi problemləri, yeri gəldikdə romantizm, xalq həyatına vurğunluq əsas səciyyəvi xüsusiyyətlərdir. "Yanuş Korçak" əsərinin bir əhəmiyyətli cəhəti də ondadır ki, burada pedaqoq Korçak yazıçı Korçakdan təcrid edilməyib, yazıçı-pedaqoq yaradıcılığı tam halda təhlil olunub.

 

Müasirlik, tarixə günün tələbləri nöqteyi-nəzərindən yanaşmaq, uşaqların mənəvi tərbiyəsini zamanın ən vacib problemi kimi qabartmaq, fəaliyyətini yaşadığı dövrün tarixi hadisələrinin gedişatına uyğun nizamlamağa çalışmaq Yanuş Korçak yaradıcılığının səciyyəvi keyfiyyətləridir. Dahi pedaqoq tərbiyəvi mövzuda yazdığı əsərlərində asan yol ilə - tarixi əsərə köçürmək yolu ilə getmir, o, dövrünün dünənində baş vermiş, bugünündə cərəyan edən hadisələrə yaradıcı yanaşır, onları müasir həyatın tələbləri ilə həmahəng təqdim etməyə çalışır, əsl sənətə məxsus bir yol - ümumiləşdirmə yolunu seçir.

 

Jurnalist Böyükağa Mikayıllı Yanuş Korçakın yaradıcılıq fəaliyyəti ilə yanaşı, pedaqogika tarixi və nəzəriyyəsi, təhsilin müasir problemləri ilə də ardıcıl məşğul olub, bu istiqamətdə maraqlı məqalələrlə mütəmadi çıxış edib. "Kür çayının qonaqları" adlı məqaləsindən başlayaraq sonrakı illərdə ədəbi-pedaqoji-psixoloji-nəzəri fikrin problemlərinə həsr edilmiş "Tənqidi təfəkkürə doğru", "Abay Kunanbayev haqqında düşüncələr", "Pedaqoji fikir tarixinin öyrənilməsi zərurəti", "İnsanlara gərəkli olmaq insanı yaşadan ən böyük qüvvədir" (2001), "Türk xalqları pedaqogikası tarixinin izi ilə" (2002), "Pedaqoji elm və pedaqoji proses", "Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabi irsinin mənəvi varisi", "Pedaqoji fikir tarixinin gələcək inkişafına yönəlmiş tədqiqat işi", Nəsirəddin Tusi, Marağalı Əvhədi, Yusif Balasaqunlu, görkəmli şərqşünas Mirzə Kazım bəy, akademik Mehdi Mehdizadə, Quzey Kıbrıs Türk Cümhuriyyətinin ilk rəhbəri Rauf Denktaş, görkəmli pedaqoqlar Anton Semyonoviç Makarenko, məşhur türk şairləri Osman Türkay, Namik Kamal haqqında və başqa çox sayda sanballı məqalələrində jurnalistin hadisələrə, faktlara tarixilik və müasirlik aspektindən yanaşmasının şahidi oluruq. Böyükağa Mikayıllının dünyanın qabaqcıl təhsil sistemləri, nüfuzlu universitetləri haqqında apardığı araşdırmalar böyük maraqla izlənir. Universitet tədqiqatçılığı, innovativ universitetlərin fəaliyyəti kimi aktual məsələlər Böyükağa Mikayıllının jurnalist qələmi ilə oxucuya aydın, səlis şəkildə, elmi-publisistik dildə çatdırılır.

 

Böyükağa Mikayıllı "İşıq" (sənədli roman), "Yaradıcılıq axtarışları", "Müasir dərs, yeni yanaşmalar", "Bir ömrün simfoniyası", "Bir səma altında" (Azərbaycan, rus və Ukrayna dillərində), "Dünyanın Kıbrısı, Kıbrısın dünyası" (Azərbaycan, türk, ingilis dillərində), "Yanuş Korçak" (Görkəmli polyak pedaqoqu haqqında, Azərbaycan və ingilis dillərində), "Azərbaycanın təbiət abidələri" (tərtibçiliyi ilə Azərbaycan, ingilis, rus dillərində çap olunub), "Övladınız məktəbə hazırlaşırsa" (tərtibçiliyi ilə çap olunub) adlı kitabların müəllifidir. O, 1993-cü ildən mətbuat sahəsində fəaliyyət göstərir. "Aqrar Elmi jurnalı"nda (1993-1995) müxbir, "Vaxt" qəzetində (1998-2000) məsul katib, "Kür-Xəzər" (2000-2002), "Körpü" (2002-2004), Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Respublika Təhsil Şurasının orqanı "Təhsil və zaman" qəzetində (2002-2018) redaktor vəzifələrində çalışıb. Azərbaycan Respublikası Təhsil nazirliyinin "Azərbaycan məktəbi" elmi-nəzəri jurnalının müxbir-redaktoru, şöbə redaktoru (2018-2020) vəzifələrində işləyib. 2002-ci ildən 2018-ci ilədək, eyni zamanda, ictimai əsaslarla Azərbaycan Respublikası Təhsil Şurası İctimai Birliyinin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri vəzifəsini daşıyıb. Elm və təhsil jurnalistikası sahəsində xidmətlərinə görə, UNESCO Beynəlxalq Mərkəzi tərəfindən mükafatlandırılıb (2019-cu il Ukraynanın Mijqore şəhərində). Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri kimi tövsiyə olunub. Ukraynada "Sülh missiyası" Beynəlxalq Elmin, Təhsilin, Mədəniyyətin, İncəsənətin təbliği təşkilatının həmsədri seçilib. Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Məktəbəqədər və ibtidai təhsil" elmi-metodik jurnalının məsul katibidir.

 

Azərbaycan Jurnalistlər Birliyinin, UNESCO Beynəlxalq Mərkəzinin, UNESCO Nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının üzvü, yaradıcılığa dərin ehtiram bəsləyən, elmin inkişafı üçün əlindən gələni əsirgəməyən, enerjisini bütünlüklə xalqın mədəni tərəqqisinə həsr edən Böyükağa Mikayıllını pedaqogika tarixinə "Yanuş Korçak" adlı sanballı əsər gətirməsi münasibətilə təbrik edir və ürəyincə olan daha böyük uğurlar arzulayırıq.

 

Kamal CAMALOV

525-ci qəzet.- 2021.- 13 iyul. S. 15.