Əbədiyyət ünvanı
O
GÜNDƏN QIRX GÜN ÖTDÜ...
İyunun
4-də Kəlbəcər rayonun
Susuzluq kəndinə gedən yolda AZƏRTAC-ın əməkdaşı Məhərrəm
İbrahimovla
Azərbaycan televiziyasının
operatoru Sirac Abışovun tank əleyhinə
mərminin partlaması
nəticəsində həlak
olaraq şəhidlik zirvəsinə yüksəldikləri
gündən qırx gün keçdi...
Ağrı, iztirab, üzüntü,
təəssüf, həsrət
dolu qırx gün...
Susuzluq yolunda partlayan mərminin səsi haralarda eşidilmədi, kimləri
silkələmədi? Dünyanın
aparıcı informasiya
agentlikləri, televiziya
kanalları, ayrı-ayrı ölkələrin
mətbu nəşrləri
peşə fəaliyyətini
yerinə yetirərkən
erməni terrorunun qurbanı olan həmkarlarımız haqqında
faciəni dünyaya yaydılar. Tanınmış ictimai-siyasi xadimlər,
siyasətçi və
politoloqlar erməni vəhşiliyinin növbəti
ifadəsi olan bu hadisəyə münasibət bildirdilər.
Həmin
o mərminin bir qəlpəsi də milyon-milyon ürəklərə
yayıldı, iş başında
xidməti vəzifəsini
icra edən günahsız adamların
faciəli ölümü
sinələri göynətdi...
İşğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Xocavənd, Ağdam, Qubadlı rayonlarını
kənd-kənd, məhlə-məhlə,
küçə-küçə, ev-ev lentə alıb erməni quldurlarının törətdiyi
vandallığı tarixin
yaddaşına çevirənlər
indi özləri yaddaşa çevrildılər.
Hər gün Bakının Binəqədi rayonunda Məmmədəmin Rəsulzadə
qəsəbəsi, Cəfər
Cabbarlı küçəsində
dalan yollarına düşən izlərdən
biri itdi. Qırx gündür ki, bu həyətdə hər şey dəyişib, evin hər küncünə, hər qarışına atasızlıq, kimsəsizlik
və hüzn çöküb.
Üç qardaşın, dörd
bacının istəkli
qardaşı, iki uşağın atası Məhərrəm İbrahimov
həyat səhnəsindən
çəkilib getdi...
Qırx
gündür ki, Məhərrəmsiz qalan ev, həyət,
küçələr, iş
yeri... Onsuz qalan ailə üzvləri, qohumlar, dostları, yoldaşları...
O, bir də bu
dalan yolları ilə addımlayıb qapının ağzında
dayanıb yolunu gözləyən həyat
yoldaşı Baharın,
bir cüt gül balasının görüşünə tələsməyəcək...
Axşamlar işdən qayıdıb
darvazadan içəri
girəndə bir cüt uşağın tamet döşənmiş
həyətdə onun
qarşısına yüyürüb
"Atam gəldi!"
sədası qaçaq
düşdü...
Böyük oğlu Uğur "Ata, bazar günü məni gəzməyə apararsan"
deməyəcək...
Səhərlər evdən çıxanda
kiçik oğlu
"Ata, axşam mənə
şirniquş alıb
gətirərsən" tapşırmayacaq...
Qardaşları Əkbər, Əsgər,
Qarabağ əlili Ələsgər,
bacıları Sevda,
İradə, Fəridə
və Azadə ötən qırx günün hər saatında, hər dəqiqəsində
ailənin sonbeşik üzvünün itkisi ilə yanıb-yaxıldılar...
Azərbaycan Televiziyasının həyətində
ağ mərmər lövhə üzərində
Birinci Qarabağ müharibəsi dövründə
öz peşə fəaliyyətini yerinə
yetirərkən şəhid
olan jurnalistlərin sırasına
AZƏRTAC-ın müxbiri
Məhərrəm İbrahimov
və Azərbaycan Televiziyasının operatoru
Sirac Abışovun da adları əlavə olundu. Televiziyanın girişində,
AZƏRTAC-ın foyesində
şəhid jurnalistlərin
xatirəsini əbədiləşdirən guşənin
önünə hər
gün təzə-tər
gül-çiçək dəstələri
qoyuldu.
Prezidentin Sərəncamı ilə
3-cü dərəcəli "Vətənə xidmətə
görə" ordeni
ilə təltif edildi.
"Vikipediya"nın beş xarici dil bölməsində
"Susuzluq kəndi yaxınlığında partlayış"
adlı məqalə yaradıldı.
Niderlandda azərbaycanlı jurnalistlərin
xatirəsinə beynəlxalq
poçt markası buraxıldı.
... AZƏRTAC-ın ordu
və hüquq xəbərləri redaksiyasında
Məhərrəmin oturduğu
stul qırx gündür ki, boşdur.
İş yerinin dördüncü
mərtəbəsində pilləkənin
başındakı zibilxanaya
atılan siqaret kötükləri azaldı, dost-tanış toylarında bir hava çalınmadı...
Rus yazıçısı
Vladimir Nabokov yazır ki,
insan ömrünün
ən qısa tarixçəsi qəbiristanlıqda
başdaşlarının üstünə
həkk olunmuş rəqəmlərdir. İndi Məhərrəmin qara mərmər başdaşı
üzərində iki
rəqəm yazılıb:
1982-2021. Amma bu iki rəqəm arasına nə qədər hiss, həyəcan,
duyğu və iztirab sığışıb.
Bir şairin misralarıdır:
Söykəndik dünyanın yaxşı
dağına,
Heyf, sonra bildik sonu hədərdi.
Heyf yaxşıların yaxşılığına
Hamısı bir ömrün boyu qədərdir.
Amma yox! Nə yaxşılıq,
nə qəhrəmanlıq
bir ömrün boyu qədər ola bilməz.
İllər ötüb
keçəcək, Suzuzluq
yolunda baş verən faciəli hadisə zaman-zaman xatırlanacaq və həmin faciənin qurbanı olan Məhərrəm İbrahimovla
Sirac Abışov həmişə ən xoş hisslərlə xatırlanacaq, onların ruhuna dualar oxunacaq...
İnsan doğulur ölmək üçün, ölür yaşamaq üçün. Dünyanın bu əzəli və əbədi qanununa qarşı kim çıxa bilib ki? Ölüm gec-tez, əvvəl-axır hamının qismətidir. Qardaşı Əsgərin də dediyi kimi: "İnsan ömrü 70-80, bəlkə də bir az artıq ola bilər. Şəhid ömrü isə əbədidir. Biz bu dünyada olmayanda onların adı yaşayacaq, xatırlanacaq, göstərdikləri nümunə sonrakı nəsillərə örnək olacaq. Qardaşım əbədiyaşarlıq qazandığına görə iftixar hissi keçirirəm".
Lakin Məhərrəm 39
yaşında öz ölümsüzlüyünü,
əbədiyyətini qazandı. Zaman
ötsə də, neçə-neçə illər
keçsə də, o, bu
dünyanın əbədi sakinlərindən biri
olaraq qalacaq...
Süleyman QARADAĞLI
525-ci qəzet.- 2021.- 14 iyul.- S.24.