Hər yeni ekspedisiya xəzinə dolu
sandıqlar açır
Xalqımızın bitib-tükənməyən sərvəti
olan, folklor materialları, şifahi xalq yaradıcılığı
nümunələri hər
zaman toplayıcılarını
sevindirir, eyni zamanda, bu cür
toplama prosesləri yeni nümunələrin ortaya çıxmasına,
xalqımızın mənəvi
tarixi haqqında gizli qatların aşkarlanmasına səbəb
olur.
Bu mənada AMEA Naxçıvan
Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
əməkdaşları hər
ilin aprel-oktyabr ayları ərzində muxtar respublikanın yaşayış məntəqələrində
olur, daha çox uzunömürlü,
yaşlı insanlarla söhbətlər edir, folklor nümunələri,
yeni dialektoloji materiallar, dil faktları, şivə və ləhcə xüsusiyyətlərini üzə
çıxarır, toponomik
və onomastik məqamları aşkar etməyə çalışırlar.
Bu ekspedisiyalar zamanı elmi heyətlərdə də
qarışıq komandalar
təşkil edilir və hər hansı informatorla eyni anda həm
folklor istiqamətli, həm dil istiqamətli
söhbətlər edilərək
məlumatlar qeydə alınır.
Ekspedisiyalara uzun illərdən bəri gedilsə də, hər dəfəsində açılmayan,
xəzinə dolu sandıqlarla rastlaşırıq. Bu dəfəki səfərimiz
də yeni faktların üzə çıxarılması ilə
biz tədqiqatçı və
toplayıcıları sevindirdi. Çünki indiyə qədər qarşılaşmadığımız dil faktları və folklor nümunələri ilə
tanış olduq. Naxçıvanın incisi sayılan,
hər cəhətdən
öz zənginliyi ilə digər bölgələrdən seçilən
Ordubad rayonunun Dəstə kəndində
üz tutduğumuz bir evdə adları
Zəhra olan iki nənə ilə söhbətimiz folklor və dil faktlarını zənginləşdirdi.
Yüksək qonaqpərvərlik mədəniyyəti
ilə seçilən
ordubadlılar səfərimizin
məqsədi olan mənəvi yaddaş xəzinəsindən qiymətli
daş-qaşlar toplama
məqsədimizdə də
öz qonaqpərvərliklərini
əsirgəmədilər.
Azərbaycanda ailə dəyərləri
hər zaman qorunmuş və yüksək tutulmuşdur. Bu gün də bu belə davam
edir. Xalqımız ailə böyüklərinə
hörmət etməyi
uşaqlara körpəlikdən
öyrədirlər. Bu
hörmətin içində
özündən böyüklərə
öz adları ilə deyil, tutduğu statusa görə müraciət
olunmasına da xüsusi diqqət yetirilir. Bunun üçün də ailə fərdlərinə müraciət
üçün lüğətimizdə
müəyyən dil vahidləri mövcuddur.
Məsələn ata, ana, bacı, qardaş, əmi, xala, qayın, baldız, qayınarvadı və s.
Bu adlar ədəbi dil faktı olduğu üçün
hər kəs tərəfindən bilinir.
Ancaq bölgələrimizdə bir
sıra fərqli müraciətlər də
qarşımıza çıxır.
Məhz
biz də Zəhra nənələrdən bu
mənada ilk dəfə
eşitdiyimiz qohumlara müraciət etiketlərini
böyük sevinclə
və maraqla qeydə aldıq. Özünəməxsus şirin
şivə xüsusiyyətləri
olan Ordubad regionuna uyğun şirinliklə danışan
Zəhra Qənbərova
ailədə "qəyin"lərə
(qayınlara) bu kəndə məxsus müraciət formalarından
danışdı. Belə
ki, çox qardaşlı ailəyə
gəlin gələn qız öz qayınlarına böyükdən
kiçiyə olmaqla aşağıdakı şəkildə
müraciət edir:
"Mirzə" - böyük
qəyin
"Ağadadaş" - ikinci
qəyin
"Baladadaş" - üçüncü
qəyin
"Dadaş" - ən kiçik qəyin
Qayınlarda olduğu kimi, qayınarvadları da bu kənddə böyükdən kiçiyə
belə adlandırılır:
"Hanımcanı" - böyük
qayınarvadı
"Şirincanı" - kiçik
qayınarvadı
"Sonacanı" - ondan kiçik qayınarvadı
"Həmdəmcanı" - yaşıd
olan qayınarvadı
Zəhra nənələr yaşadıqları
Ordubad rayonunun Dəstə kəndində
baldızlara da yaşa, yaxud böyük-kiçikliyinə görə
xüsusi xitabla müraciət edirlər. Belə
ki, baldızlar böyükdən kiçiyə
görə belə adlandırılırlar:
"Şahbacı" - böyük
baldız
"Ağabacı" - ortancıl
baldız
"Balabacı" - kiçik
baldız
Bu müraciətlərin hər biri təkcə
bizim üçün
deyil, aid olduğu elm sahələrimiz üçün
də yeni oldu. Bundan əlavə, bu
müraciətlər bir
daha xalqmızın ailəyə, özündən
böyüklərə və
kiçiklərə olan
hörmətini göstərir.
Deməli, gəlinlər hörmət
mənasında baldıza,
qayına, qayınarvadına
adları ilə deyil, onları ifadə edən daha fərqli əzizləyici adlarla müraciət edirlərmiş.
Sevindirici haldır ki,
bu adlar bu gündə həmin bölgədə
yaşayır. Maraqlı
məqam həm də odur ki,
bundan əvvəlki dövrlərə aid nə
hər hansı bir yazılı mənbədə, nə toplama mətnlərində,
nə dilçilik,
dialect materialında, nə
də yazıçı
və şairlərimizin
əsərləridə tam şəkildə bu müraciət şəkillərinə
rast gəlinmişdir.
Bu baxımdan qeyd
edək ki, bu adlar dialektoloqlar
kimi, folklorçulara da dəyərli material oldu. Və bəzi folklor
mətnlərində ayrı-ayrı
nümunələrdə ifadə
olunan belə sözlərin mənasını
tam aydın şəkildə
başa düşməyimizə
gətirib çıxartdı.
AMEA Naxçıvan Bölməsinin
əməkdaşları olaraq
bu cür ekspedisiyalarda əldə etdiyimiz hər bir yeni nümunə
xalqımızın zəngin
söz yaradıcılığının
üzə çıxarılması
baxımından bizə
böyük sevinc bəxş edir. Elmi dövriyyəyə
yeni materiallar qazandırır.
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dəstə kəndində
qarşımıza çıxan,
qayın, qayınarvadı
və baldıza bu cür müraciət
şəkillərinin ölkəmizin
digər bölgələrində
də olub-olmadığını
deyə bilmərik. Lakin bu cür toplama prosesləri özlüyündə
ölkəmizin digər
bölgələrində də
bu cür dil faktlarının olma ehtimalını düşünməyə əsas
verir. İstər
sadə oxucular, istərsə də elm adamları Azərbaycanın
digər şəhər,
qəsəbə və
kəndlərində, hər
hansı bir yaşayış məntəqəsində
bu cür müraciətlərin olduğunu
müşahidə ediblərsə,
onu qəzet vasitəsi ilə bizə bildirsələr, qarşılıqlı elmi
müqayisələrə və
ortaq elmi araşdırmalara böyük
köməklik etmiş
olarlar.
Biz əminik ki, zəngin xalq yaradıcılığına sahib olan xalqımızın hər bir nümayəndəsinin
sinəsi açılmamış
xəzinələrlə zəngindir. Hər gedilən
ekspedisiyalar da bizə yeni-yeni xəzinələri üzə
çıxarmağa köməklik
edəcəkdir.
Çinarə RZAYEVA
Nuray
ƏLİYEVA
Elxan
YURDOĞLU
AMEA Naxçıvan Bölməsinin əməkdaşları,
filologiya üzrə fəlsəfə
doktorları
525-ci qəzet.- 2021.- 14 iyul.- S.23.