Nizami Gəncəvinin dini-fəlsəfi görüşlərində ədalət və tolerantlıq

 

 

Xalqımızın bəşər sivilizasiyasına bəxş etdiyi və dünya poeziyasının ən parlaq simalarından biri hesab olunan Nizami Gəncəvi öz yaradıcılığında dini əxlaqi görüşlərə, eləcə də ədalət və multikultural həyat tərzi kimi ümumbəşəri dəyərlərə geniş yer verib.

 

Ümumiyyətlə, ədalət cəmiyyəti daim düşündürən məsələlərdən biri olub, İslam dinində də bu məsələyə olduqca böyük önəm verilib, ona xüsusi həssaslıqla yanaşılıb. İslama görə, doğru və qərəzsiz davranmaq, cəmiyyətdəki maddi durumundan və mövqeyindən aslı olmayaraq bütün insanlara bərabər münasibət göstərmək, toplumun və dövlətin təməlini təşkil edən əsas amillərdən biridir. Ədalətsiz toplumda həmişə hərc-mərclik, qarışıqlıq, insanları bədbəxtliyə düçar edən proseslər, narazılıqlar, inamsızlıq, bir sözlə, zülm hakim olar. Allahın buyurduqlarına boyun əyən insan isə heç kəsə zərrə qədər də olsun zülm etməməlidir. Belə ki, Uca Rəbbimiz bütün Səmavi Kitablarında, o cümlədən, Qurani-Kərimdə ədalətli olmağı, yaxşılığı, insanların haqqını aralarında fərq qoymadan verməyi buyurmuş, zülmü pisləyərək zalımların aqibətləri barədə xəbərdar etmişdir. Qurani-Kərimin "ən-Nisa" surəsinin 135-ci ayəsində buyurulur: "Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!"

Qeyd etdiyimiz ayədən anlaşıldığı kimi, Uca Rəbbimiz bu məsələdə iman gətirənləri istəklərinə görə deyil, onun razılığına uyğun hərəkət edərək haqdan üz çevirməməyi və ədalətdən möhkəm yapışmağı əmr etmişdir.

 

Hədis kitablarında da ədalət və onunla hökm edənlərin fəzilətinə diqqət çəkilmiş, bu ilahi buyruğu yerinə yetirənlər isə müjdələnmişdir. Məsələn, mənbələrdə bu barədə qeyd olunan bir hədisdə buyurulur ki, idarəçiliyi altında olanlarla ədələtlə davrananlar, Allah dərgahında nurdan olan minbər üzərində olacaqlar. Adil idarəçilər məhşər meydanında Allahın lütfünü və himayəsini qazanacaqlar.

 

Adil davranmaq və ədaləti uca tutmaq tarixin müəyyən dövrlərində şair və mütəfəkkirlərin əsərlərində prioritet məsələlərdən olub.

 

Dahi mütəfəkkir Nizami Gəncəvinin "Sirlər xəzinəsi"ndə irəli sürdüyü "şahlıq və ədalət" məsələsi məhz onun ədalətli cəmiyyət arzusundan irəli gəlmişdir. Nizamiyə görə, ədalət şahlığın əsas təməli, dövlətin qüdrəti və xalqa bağlı bünövrəsidir.

 

Belə ki, əsərin "Sultan Səncər və qarı" hekayəsində zülmə məruz qalmış yaşlı qadın Sultan Səncərdən ədalət tələb edir. Əsərdəki qoca qarı, yaxud müdrik qoca obrazı əslində, qafil hökmdarları ayıltmaq üçün bir vasitədir - kəfən geyib şahın hüzuruna gəlmiş qoca obrazıdır ("Sirlər xəzinəsi", 14-cü hekayə).

 

Burada məzmun humanizmin əsas kontekstinə - ictimai ədalət, şah və rəiyyət probleminin həllinə yönəldilmişdir. "Sirlər xəzinəsi"ndəki qarının haqlı danlaq və nəsihətləri isə əslində, Nizami Gəncəvinin öz düşüncələrinin məhsuludur. Dahi şairin düşüncələrini əks etdirən beytlərə diqqətə yetirək:

 

Adillik eşqindəsən, bəs hanı ədalətin?

Haçan sona yetəcək sitəmin, qəbahətin?

Qaydadır ki, sultandan xalqa güc, qüvvət gələr,

Bəs niyə səndən bizə daim həqarət gələr?

Yetim malını yemək ədalətmidir məgər?

Hələ də lənətlənir Abxazda qarətçilər.

Dulların əmlakını soyma, çapma, talama!

Utan saçlarımdan, dəymə olub-qalana.

Sən qul olduğun halda şahlıq sövdasındasan,

Canidən şah olarmı, ey haqqı dardan asan?

Şah ölkədə hər işi sahmana salsın gərək,

Xalqın səadətinə keşikçi olsun gərək.

Adil olsa şah əgər, hamı ona baş əyər,

Bəslər məhəbbətini bütün canlar, könüllər.

 

(Farscadan tərcümə edəni Xəlil Rza Ulutürk. "Lider nəşriyyat", Bakı, 2004)

 

Qəlbi daim xalqı ilə döyünən, yüksək dünyagörüşə malik fenomen - mütəfəkkir, qeyd edəcəyimiz misralarda ədalət üzərində ucalan türk dövlətçiliyini nümunə göstərir:

 

Dağ kimi ucalmışdı bir zaman Türk dövləti,

Sarmışdı məmləkəti ədaləti, şəfqəti.

Sən yıxdın o şöhrəti, batıb getdi o ad-san,

Demək, sən türk deyilsən, yağmaçı bir hindusan.

Əllərinlə dağıldı şəhərlərin əsası,

Biçinçinin xırmanı, əkinçinin tarlası.

 

Nizami Gəncəvi əsərində həmçinin, insana öz əlinin əməyi ilə dolanmağı, bir qarın çörək üçün kimsəyə əl açmamağı tövsiyə edir. Şair gəncləri halal zəhmətə səsləyir.

 

 

 

Halal qazanc və ya halal loxma isə dinimizin ehkamlarına uyğun əldə edilən gəlir və qazanılan ruzidir. Qazancın və yeyilən çörəyin halal olması üçün hər şeydən əvvəl doğru işlərlə məşğul olmalı, üzərimizə düşənləri isə vicdan əxlaqi ilə - yəni "heç kim də görmürsə, Rəbbimiz görür" prinsipi ilə yerinə yetirməliyik.

 

Ümumiyyətlə, halal-haram məsələsi dinimizin çox önəm verdiyi mühüm məsələlərdəndir. Çünki sonuncu Səmavi Kitabdan anlaşıldığına görə, haram insanlığı məhvə sürükləyəcək, bəşər övladını dünya və axirəti pərişan edəcək, Allah və qul haqqını tapdamasına gətirib çıxaran günahlardandır. Halal və haram məfhumunu yaxşıca dərk etmək üçün isə Peyğəmbərimizin (s) bu hədisini xatırlamaq kifayət edər: "Halal olan şeylər müəyyən, haram olan şeylər də bəllidir. Bu ikisinin arasında, xalqın bir çoxunun halalmı, harammı olduğunu bilmədiyi şübhəli məsələlər də vardır. Şübhəli mövzulardan çəkinənlər isə, dinini və ismətini qorumuş olur. Şübhəli şeylərdən çəkinməyənlər isə get-gedə harama dalar. Necə ki, diqqət edin! Hər padşahın girilməsini qadağan etdiyi ərazisi vardır. Unutmayın ki, Allahın qadağan ərazisi də haram qıldığı şeylərdir. İnsan bədənində isə kiçik bir ət parçası vardır ki,əgər bu ət parçası yaxşı olsa, bütün bədən yaxşı olar. Əgər o, pozulsa, bütün bədən pozular. Bu ət parçası isə insanın qəlbidir".

 

Şairin yaradıcılığında öz əksini tapmış multikultural dəyərlərə gəlincə, onun Azərbaycanda qədim tarixi və böyük ənənələri vardır. Belə ki, ən qədim zamanlardan ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin birgə yaşamış, möhkəm dostluq və qarşılıqlı əməkdaşlıq mövcud olmuşdur. Bu dəyər bir çox şair və mütəfəkirlərimizin, o cümlədən, dahi Nizaminin də əsərlərində özünə yer tapmışdır.

 

Bu baxımdan böyük mütəfəkkir Nizami Gəncəvinin məşhur "Yeddi gözəl" poemasını da multikultural ideyalar əsasında yazılmış möhtəşəm bir sənət nümunəsi hesab etmək olar. Əsərdə Çin, Slavyan, Rum (Bizans), Hind, Xarəzm, Məğrib (Qərb) və İran gözəlinin dilindən deyilmiş hekayətlər və ibrətamiz hadisələri sanki Azərbaycan nağıllarında olduğu kimi təqdim olunur. Nizami Gəncəvinin "Yeddi gözəl" poeması məhz multikultural dəyərlərin insanın və cəmiyyətin mənəvi zənginliyindəki rolunu, yerini və əhəmiyyətini parlaq şəkildə nümayiş etdirir. Qısa desək, həmin əsərdə milli və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsə dərin ehtiram duyğuları ifadə olunmuş, bəşər övladı heç bir mənsubiyyətindən asılı olmayaraq uca tutulmuşdur.

 

Kainatın və hər şeyin yaradıcısının Allahın olduğunu bilən və bu cəhəti əsərlərində daim vurğulayan şair Uca Yaradanın varlığını malik olduğu dini bilikləri ilə anlatmağa və mədh etməyə çalışmışdır.

 

Dahi şair əsərlərində öncə Uca Yaradanı mədh etmiş, hər bir işə Allahın adıyla başlamağı tövsiyə etmiş, bütün yaxşılıq və gözəlliklərin Onun əsəri olduğunu vurğulamışdır. O, hər zamankı kimi "İqbalnamə" yə də məhz bu ənənəyə sadiq qalaraq başlamışdır:

 

Harda ki, ağıl bir xəzinə tapar,

Allahın adını eyləyər açar.

Allah ağıllıya nəvazişkardır,

Ağılsızlara da əlacı vardır.

O, sözün sirrini əyan eyləyər,

O verər zəlilə, acizə hünər.

Zahirdən, batindən aşikar, nihan,

Əqlə yol göstərən odur hər zaman.

 

(Nizami Gəncəvi. İskəndərnamə. İqbalnamə. Bakı, "Lider nəşriyyat", 2004)

 

Dahi mütəfəkkir qeyd edəcəyimiz digər beytlərdə isə etiqadımızın əsasını təşkil edən Peyğəmbərə imanı özünə məxsus gözəl bir üslubda belə dilə gətirmişdir:

 

Mələk simalıydı, allahtanıyan,

Bizə də allahı o verdi nişan.

Bizləri cənnətə odur aparan,

Cəhənnəm odundan odur qurtaran.

Parlayıb nur saçdı bu kainatda,

Bənzərdi Zülmatda abi-həyata.

Uca qalxmasaydı ərşin tağından,

Kimdi kainatın sirrini açan?

 

Ümumiyyətlə, bəzi tədqiqatçılara görə, orta əsr İslam dünyasında Qurandan sonra ən çox oxunan kitab məhz Nizaminin əsərləri olmuşdur. Əsərlərinin bu qədər sevilib mütaliə edilməsinin səbəbləri kimi isə seçdiyi dilin axıcılığı, üslubunun şirinliyi, beytlərinin məna dolu olması, əxlaqi və tərbiyəvi hekayələrdən geniş istifadə edilməsi, xüsusi ilə Quran ayələrindən, eləcə də Həzrət Məhəmmədin hədislərindən müxtəlif sitatlar gətirilməsi göstərilmişdir.

 

 

 

Səyyad ARAN

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini, Filologiya elmlər namizədi

 

525-ci qəzet.- 2021.- 14 iyul.- S.18.