İncə ruhlu böyük bəstəkar
Unudulmaz bəstəkar, pedaqoq, xormeyster, Xalq artisti Cahangir
Cahangirovun bu ilin 20 iyununda 100 illiyi tamam oldu.
Cahangir
Cahangirov "Ana", "Buludlar", "Nazənin",
"Ağ şanı, qara şanı", "Durnalar",
"Zərif gülüşlüm", "Ana Kür",
"Alagöz", "Qarabağ" kimi bir-birindən
gözəl mahnıların, "Azad", "Xanəndənin
taleyi" operalarının, "Füzuli", "Nəsimi"
kimi ölməz kantataların, "Sabir"
oratoriyasının müəllifidir. O, mənim və
yaşıdlarımın ən çox sevdiyi bəstəkarlardan
idi.
Şəxsən
mən özümü bir dinləyici kimi xoşbəxt hesab
edirəm ki, Fikrət Əmirovu, Qara Qarayevi, Maestro Niyazini,
Soltan Hacıbəyovu, Cahangir Cahangirovu, Tofiq Quliyevi, Şəfiqə
Axundovanı, Süleyman Ələsgərovu, Hacı Xanməmmədovu,
Vasif Adıgözəlovu, Rauf Hacıyevi, Ramiz Mirişlini həyatda
görmüşəm, konsertlərində,
tamaşalarında, yubiley gecələrində iştirak
etmişəm, bəziləri ilə həmsöhbət
olmuşam, müsahibə götürmüşəm, radio
verilişi hazırlamışam. Onların
canlı söhbətlərini, təəssüratlarını
eşitmək, opera və balet tamaşalarını seyr etmək,
xatirələrini dinləmək nə qədər xoş idi.
Bu ölməz bəstəkarların
simfoniyalarının, opera və baletlərinin
tamaşaçısı olmaq, mənalı, hikmətli,
ruhsal, qəlbə fərəh gətirən,
düşündürən mahnılarını dövrün
ən ünlü, gözəl səsli müğənnilərinin
ifasında eşitmək, onların dinləyicisi olmaq olduqca
qürurverici idi.
Yaşıdlarım kimi mən də Cahangir Cahangirovun
"Ana" mahnısını ilk dəfə dahi müğənnimiz
Rəşid Behbudovun ifasında eşidib sevmişdim. Budur, xəyalımda Rəşid
Behbudov oxuyur:
Könlümün
nuru, canım ana,
Böyütdün sən məni yana-yana.
Odlusan
gün kimi, bir qaynar həyat kimi,
Borcluyam mən
sənə, sənə bir övlad kimi,
Əziz ana.
Bəstəkarın
"Zərif gülüşlüm" mahnısı
İslam Rzayevin, "Durnalar"ı Şövkət Ələkbərovanın,
"Ana Kür"ü Gülağa Məmmədovun, "Qarabağ"ı
Sara Qədimovanın ifalarıyla yaddaşıma
köçüb:
Sən
ellərin,
Könüllərin
Ülvi
diyarısan,
Şirin
canın
Azərbaycanın
Bir əbədi baharısan.
Cənnətim
Qarabağ!
Zinətim
Qarabağ!
Nəğmələr
gülüstanısan,
Sevgi
dastanısan!
Cahangir
Cahangirovun "Yenilməz batalyon", "Koroğlu",
"Dəli Kür" bədii filmlərinə
yazdığı musiqilər də unudulmazdı. Bu filmlərdə
səslənən "Teymurun nəğməsi", "Ana
Kür", "Dəli Həsənin mahnısı" bu
gün müstəqil mahnılar kimi yaşayır və dillər
əzbəridir. Mən "Yenilməz
batalyon" filminə ilk dəfə Kalinində əsgərlikdə
olarkən baxmışam. Kazarmada rusların,
ukraynalıların, gürcülərin, özbəklərin
və bir neçə azərbaycanlı əsgərin tamaşa etdiyi
bu filmdə gənc Teymurun - Ceyhun Mirzəyevin dördtəkərli
furqona qoşulmuş bir cüt atı çapa-çapa
oxuduğu mahnını (səsləndirən İslam Rzayev
idi) millətindən asılı olmayaraq hər kəs
böyük maraqla dinləmişdi. Atların
qaçışı, sevinci, fərəhi
aşıb-daşan Teymurun - Ceyhun Mirzəyevin qəlb
çırpıntısı vardı bu mahnıda. Şən,
həyat eşqi ilə dolu olan bu mahnı biz azərbaycanlılarda
xüsusi qürur hissi doğururdu:
Yel əsər,
dağıdar dumanı,
Anamın
gözləri yoldadır,
Bircə
mənə qalmış gümanı,
Gedib
görüm əziz anamı,
a
qarlı dağlar.
Bulud, kəs
aranı,
Qoy arabanı kəndə çatsın.
Mən Cahangir Cahangirovu qiyabi olaraq 1987-ci ildə
Şövkət Ələkbərova haqqında kitab üzərində
işlərkən tanımağa başlamışdım. Çünki
Şövkət xanımla üzbəüz oturub onun
yaradıcılıq yolu barədə söhbətləşəndə
Üzeyir bəydən başlayaraq bir çox bəstəkarları
yad edir, o cümlədən, Cahangir Cahangirovdan da
danışırdıq. Onda bildim ki,
Cahangir Cahangirov Üzeyir bəyin ən istəkli tələbəsi
olub, hətta onu filarmoniyada yaratdığı Dövlət
xoruna solist götürüb. Gənc
Cahangirin də Şövkət xanımla
tanışlığı o zamandan başlayıb. Çünki Şövkət xanım da Dövlət
xorunun solisti idi.
Sonra onu da öyrəndim ki, Üzeyir bəy işinin
çoxluğunu nəzərə alaraq 1940-cı ildə
Dövlət xoru ilə rəqs ansamblını birləşdirib,
mahnı və rəqs ansamblını yaradıb və onun təklifi
ilə Qılman Salahov bu yeni yaranmış ansamblın bədii
rəhbəri, Cahangir Cahangirov isə xormeysteri olub. Şövkət
xanım da ansamblın xor qrupunun solisti. Şövkət
Ələkbərova söyləyərdi ki, Cahangir Cahangirovun pəsdən
çox gözəl səsi varmış.
Xatırladım
ki, əsası Üzeyir bəy tərəfindən qoyulan xor
sənətini zirvəyə qaldıran Cahangir Cahangirov 15 il Azərbaycan radiosunun nəzdində
yaradılan xora rəhbərlik etmişdi. Əlamətdar hadisədir
ki, illər sonra gəncliyində xormeysteri olduğu
"Mahnı və Rəqs Ansamblı"nın
bədii rəhbəri vəzifəsində də
çalışmışdı.
Əhməd
İsazadənin tərtibçiliyi ilə 1990-cı ildə nəşr
olunan "Üzeyir Hacıbəyov haqqında söz"
toplusunda çıxan məqaləsində Cahangir Cahangirov
Dövlət xoruna üzv olması tarixini belə
xatırlayır: "İlk dəfə Üzeyir Hacıbəyovla
görüşüm 1937-ci il aprel ayında
Azərbaycan Dövlət Filarmoniyasında oldu. Üzeyir
bəy filarmoniyanın nəzdində yüz nəfərdən
ibarət ilk Azərbaycan xor kapellası təşkil
etmişdi. Mən bu vaxtlar teatr texnikumunda təhsil
alırdım. Biz bir neçə nəfər
yoldaşla filarmoniyaya gəldik. Mənim
çox diapazonlu səsim olmasa da, musiqini qavrama qabiliyyətim
yaxşı idi. Məqsədimiz xora daxil
olmaq idi. O vaxt tələbə kimi 40 manat təqaüd
alırdıq, xora qəbul olsaydıq, maliyyə məsələmiz
qismən yaxşılaşacaqdı.
Ü.Hacıbəyov bizə qulaq asdıqdan sonra 5 nəfərdən
2 nəfərin səsi və musiqi qavrama qabiliyyəti
xoşuna gəldi. Bizi xora qəbul etdi. Mən
ikinci tenorlar qrupunda oxumağa başladım.
...1938-ci
ildə Moskvada keçirilən Azərbaycan incəsənəti
və ədəbiyyatı günlərində bizim xor
kollektivimiz Üzeyir Hacıbəyovun rəhbərliyi ilə
çıxış etdi. Biz "Koroğlu" operasında
da iştirak edirdik" .
Yeri gəlmişkən, Cahangir Cahangirovla bağlı
maraqlı bir faktı da burada yada salmağı özümə
borc bilirəm.
1945-ci ildə Cənubi Azərbaycana göndərilən
Cahangir Cahangirov Təbriz şəhərində xalq
çalğı alətləri orkestri və 50 nəfərlik
xor təşkil etmişdi. Bu da bir tarixdir.
Maraqlı təsadüfdür ki, bu əlli nəfər xor
ifaçılarından biri - Məmmədəli Müciri
vaxtilə "Yazıçı" nəşriyyatında mənimlə
bir yerdə işləyirdi.
Çox
sonralar 22 yaşında Təbrizdə Dövlət
Filarmoniyasının rəhbəri və təşkilatçısı
olmuş Əməkdar incəsənət xadimi, şair
Əli Tudə öz Cənub xatirələrində Cahangir
Cahangirovun xidmətlərini məmnunluqla yad edərək
yazıb: "Milli hökumət Təbrizdə Dövlət
Filarmoniyası təsis etmək fikrində idi... O zamanlar Təbrizdəki
Sovet Mədəniyyət Evində coşqun fəaliyyət
göstərən gənc, lakin olduqca istedadlı bəstəkar
Cahangir Cahangirov həm işi ilə, həm də
yaradıcılığı ilə Cənubi Azərbaycan incəsənətinə
ləyaqətlə xidmət etmişdir. Milli
orkestrin yaranmasında, fəaliyyətində Cahangir Cahangirovun
səmərəli əməyi olmuşdu. O, Azərbaycan
Milli hökumətinin sürudunu (himnini) yazmış, "Fədailər
marşı"nı bəstələmiş,
"Təbrizim" mahnısını nota
salmışdı. Hər üç musiqi əsərinin
sözləri Mirmehdi Etimadındı. Sonralar
Cahangir Cahangirov "Arazın o tayında" adlı simfonik
poema yazdı. Əsərdə mənim
Arazın o tayında yazdığım şeirlərdən də
istifadə etdi. Dinləyicilər tərəfindən
hərarətlə qarşılanan bu simfonik poema Respublika
Dövlət mükafatına layiq görüldü".
Biləsiniz ki, Təbriz Dövlət Filarmoniyası
1946-cı ilin baharında yaradılmış, 2 sentyabrda isə
binasının açılışı olmuşdur. Xalq artisti, bəstəkar
Hacı Xanməmmədov bu filarmoniyanın bədii rəhbəri
olmuşdur. Aşıq Hüseyn Cavan, Əməkdar
artist, xanəndə Sahib (Ruhi) Şükürov da burada
çalışmışlar. Şair Əli
Tudə "Öz gözlərimlə" kitabında Təbriz
Dövlət Filarmoniyasının yaranması və fəaliyyəti
barədə geniş söhbət açmışdır.
Təbriz Filarmoniyası 12 dekabr 1946-cı ilə
- Milli hökumətin süqut etdiyi günə qədər fəaliyyət
göstərmişdir.
Şövkət Ələkbərovanın bir
müğənni kimi imkanlarını qabarıq nəzərə
çarpdıran, onun səs-obrazını gözlərimiz
önündə canlandıran əsərlərdən biri də
respublikanın Xalq artisti Cahangir Cahangirovun "Füzuli"
kantatasıdır. Kantata ilk dəfə 10 dekabr 1958-ci ildə
dahi şairimiz Məhəmməd Füzulinin 400 illik yubiley gecəsində
səslənmişdir. O gecə dahi müğənnimiz
Bülbül ilk dəfə özünün məşhur
"Füzuli təsnifləri"ni, Xan
Şuşinski Füzuli qəzəllərinə
"Zabul" muğamını, Rübabə Muradova "Uca
dağlar"ı oxuyublar. Qara Qarayevin "Yeddi
gözəl" baletindən fraqmentlər göstərilib,
Fikrət Əmirovun "Sevil", Üzeyir Hacıbəylinin
"Koroğlu" operalarından ariyalar oxunubdur. Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblı çalıb-oynayıb, Əminə Dilbazi qavalla rəqs
edibdir. Daha sonra o gecənin yaddaşına
C.Cahangirovun "Füzuli" kantatası əbədi həkk
olunubdur. O gecə kantatanı opera və balet
teatrının orkestri və xoru, Azərbaycan SSR Nazirlər
Soveti yanında Radio Verilişləri və Televiziya Komitəsinin
xoru və bir də Şövkət Ələkbərova
oxuyubdur. Kantatanın xormeysterləri N.Məlikov
və R.Yusibova, dirijor Maestro Niyazi idi.
"Füzuli" dahi şairimiz M.Füzulinin qəzəllərinə
yazılmış kantatadır. Kantatanın əsasını
Füzulinin "Söz haqqında", "Məhəbbət
haqqında", "Məni candan usandırdı" mətnli
məşhur qəzəlləri təşkil edir. Sonuncu qəzəl "Şəbi-hicran"... ilk dəfə
Ü.Hacıbəyli tərəfindən "Leyli və Məcnun"
operasının proloqunda istifadə edilmiş və o vaxtdan
geniş şöhrət qazanmışdır.
Kantata musiqinin inkişafı baxımından bir-birilə
bağlı olmayan üç hissədən ibarətdir. Əsər
üçün götürülən qəzəllər
kantatanın hissələrinin formalarını - əsasən
kupletli və ya üçhissəli sadə mahnı
formasını da müəyyənləşdirir.
Kantatanın ikinci hissəsi sevgilisinin həsrətini
çəkən şairin ifadəli obrazının təsvirindən
ibarət kədərli mahnıdır. Bu hissənin
melodiyasında və inkişaf mətnində muğamların
təsiri xüsusilə aydın duyulur. Hər
bir sonrakı bölmə əvvəlki bölmənin
inkişafının bir variantı kimi hiss edilir,
çünki hər bir cümlə əslində başqa
cümlələrlə intonasiya vəhdəti ilə
bağlıdır" (S.Osmanova, N.Bağırova).
"Füzuli" kantatası haqqında
musiqişünasların fikri belədir. Lakin bu deyilənlər
azdı, çox az! Əgər
kantatanın musiqisini sözə çevirmək, musiqinin
yaratdığı mənzərəni rəsm etmək, xorun,
müğənninin "Şəbi-hicran", "Məni
candan usandırdı" harayından boylanan böyük
Füzulinin obrazını sözlə toxumaq mümkün
olsaydı, bu mahnının təhlilinə bir kitab həsr etmək
olardı.
Nədənsə hər dəfə bu haqda
düşünəndə mənə elə gəlir ki,
"Füzuli" kantatasına gündüz qulaq asanlar
çox şey itirir. "Füzuli" kantatasına gərək
bahar gecəsində, ayın, ulduzun işığı
altında qulaq asasan və düşünəsən. Yox, "Füzuli" kantatasının insanda
oyatdığı hissləri təsvir etməkdə qələm
acizdir.
Ancaq əlac bu yerdə kantatanın musiqisini yada salmaq,
xorun əzəmətli səsini dinləmək və
Şövkət Ələkbərovanın təbiətin
zümzüməsi qədər təmiz səsinə qulaq
asmaqdır.
Budur, işıqlar keçir, bütün diqqət
"Füzuli" kantatasını oxuyan xora dikilib. Kantatanın solo hissəsini
Şövkət Ələkbərova oxuyur və oxuduqca bizə
elə gəlir ki, onun səsini Füzuli babamız özü
də eşidir:
Məni
candan usandırdı,
Cəfadan yar usanmazmı?
Fələklər
yandı ahımdan,
Muradım şəmi yanmazmı?
Daha sonra müğənni böyük ustalıqla
"Şəbi-hicran" oxuyur və beləliklə, səsi
ilə mahnının "zirvəsini" fəth edir.
Necə olub ki, "Füzuli" kantatasının solo
hissəsini ilk dəfə Şövkət xanım oxuyubdur? Bunun da öz tarixçəsi
var, kantatadan söz düşəndə Şövkət
xanım o tarixçəni də mənə
danışmışdı:
"Əvvəllər Cahangir müəllimlə mən
bir binada, hətta bir dəhlizdə yaşayırdıq. Bir gün
Cahangir müəllim mənə zəng elədi ki, onlara gəlim.
Getdim. Bir az ordan-burdan
danışandan sonra Cahangir müəllim pianonun arxasına
keçdi, bir melodiya çaldı, doğrusu, musiqi məni
heyran elədi. Sonra Cahangir müəllim
Füzulinin "Şəbi-hicran"nı, "Məni candan
usandırdı" qəzəlini pəsdən oxumağa
başladı. Yeri gəlmişkən deyim
ki, Cahangir müəllimin yaxşı səsi də var. Bu da bəstəkar
üçün bir nemətdi. Nəsə,
Cahangir müəllim çalıb-oxuyur, mənsə nəfəsimi
içimə çəkərək durub qulaq asırdım.
Musiqi məni məndən almışdı, fikirləşirdim:
"Bu ki böyük bir kantatadı!" Musiqi
bitdi. Cahangir müəllim pianonun
arxasından qalxdı, mənə baxdı, heç bir söz
demədi. Mən də elə bil deməyə
söz tapa bilmirdim. Eşitdiyim musiqi məni
məftun eləmişdi. Evə gəldim,
kantatanın melodiyası yadımdan çıxmırdı.
Səhəri yenə Cahangir müəllimgilə
getdim. Cahangir müəllim yenə də həmin
kantatanı çaldı, oxudu. Mən də
sakitcə oturub qulaq asdım və qalxıb öz evimə
getdim. Bir neçə gün belə
keçdi. Bir gün Cahangir müəllim
mahnısını yarıda kəsib, sərt şəkildə
mənə: - Bura bax, - dedi, - sən hər gün gəlib
sakit oturub gedəcəksən, axı mən sənin səsini
nəzərdə tutub yazmışam bu kantatanı. Oxu! Bəyənirsən,
bəyənmirsən, fikrini de!
Dedim:
- Cahangir
müəllim, bəyənirsən nədi? Kantatanıza heyran
olmuşam! Siz pianoda çalıb-oxuduqca mən
dahi şairimiz Füzulini düşünürəm,
çıxış edəcəyim bu ilk kantatada necə
oxuyacağımı fikirləşirəm.
Cahangir müəllim razılığını bildirdi. Sonra biz xor və
orkestrlə birgə opera teatrının səhnəsində
kantatanın məşqinə başladıq. Füzulinin 400 illik yubiley gecəsində
"Füzuli" kantatası səsləndi. Yadımdadı, o gecə alqışdan az
qalırdı tavan uçub tökülsün".
O,
sözünə ara vermişdi. Gözləri xəyallanmışdı. Mənə elə gəlmişdi ki, Şövkət
xanım "Füzuli" kantatasının əsrarəngiz
musiqisinə qulaq asır. Gözlədiyimin əksinə
o, handan-hana Cahangir Cahangirovun başqa bir əsərini
xatırlamışdı:
- Cahangir
müəllimin "Nəsimi" kantatası da çox
gözəldir. Mən "Nəsimi"
kantatasını da çox sevirəm. Xoşbəxtəm
ki, bu gözəl kantataların solo hissələrini ilk dəfə
mən oxumuşam, - deyərək, sözünü "Nəsimi"
kantatasından bir parçanı zümzümə etməklə
bitirmişdi...
Bəstəkar
Cahangir Cahangirov özü isə müğənni haqqında
deyirdi: "Şövkət xanım mənim mahnılarımı
qəlbim istəyən kimi təfsir eləyir, onunla mahnı
üzərində işləmək əsl
yaradıcılıq işidir. O, bəstəkarı dərindən
duyur, nüansları fövrən qavrayır".
Şövkət Ələkbərova haqqında
yazdığım "Oxu, gözəl" kitabının əlyazmasını
aparıb "İşıq" nəşriyyatına təqdim
eləmişdim. Kitabı plana salmaq üçün Xalq
artisti Tofiq Quliyevə rəyə vermişdilər. Bundan mənim xəbərim yoxdu. Çünki o zaman nəşriyyatlar əsərləri
kənar müəlliflərə rəyə göndərirdilər
və bunu müəlliflərdən gizli saxlayırdılar.
Bir neçə gündən sonra nəşriyyatdan mənə
zəng edib dedilər ki, kitabıma bəstəkar Tofiq Quliyev
müsbət rəy verib, üstəlik, tapşırıb ki,
ona zəng vurum. O vaxt mənim görkəmli bəstəkarımız
Tofiq Quliyevlə şəxsi tanışlığım yox
idi. Nə gizlədim, bu böyük bəstəkarın
kitabıma müsbət rəy yazması məni qəlbən
sevindirmişdi. Mən Tofiq müəllimə
zəng vurub özümü təqdim etdim. Bəstəkar kitabım haqqında xeyli xoş
sözlər söylədi və ona layiq bir ön söz
yazdırmağımı tövsiyə etdi. Mən bir qədər
ürəklənib: - Tofiq müəllim, vaxtınız varsa,
bəlkə, bu ön sözü özünüz
yazasınız, - dedim.
- Təəssüf
ki, biz bəstəkarlar məqalə yazmaqda o qədər də
səriştəli deyilik. Kitabınızı poetik bir dillə
yazmısınız, o dilə yaraşan da ön söz
olmalıdır, - dedi və birdən mətləbdən yan
keçib soruşdu ki, haranı bitirmisiniz?
-
Universitetin jurnalistika fakültəsini, - dedim.
-
Yazınızı oxuyan inanmaz. Siz musiqini çox gözəl
duyursunuz, - dedi.
Tofiq müəllimə bir daha təşəkkür etdim və dərhal kitabıma ön söz yazdırmaq qayğısına qaldım. Ancaq təəssüf ki, o poetik ön sözü yazan tapılmadı. Qazancım o oldu ki, o zaman Tofiq Quliyevin də fikirlərini yazdım.
Kitabıma ön söz yazdırmaq niyyəti ilə konservatoriyaya gedib Cahangir Cahangirovla görüşdüm. Gəlişimin səbəbini söyləyib əlyazmamı ona təqdim etdim. Bir həftə sonra əlyazmamı götürmək üçün Cahangir müəllimin yanına getdim. O, kitaba ön söz yazmasa da, çox təriflədi - "lap roman yazmısan" deməyi də unutmadı. Mən ondan ön söz yazmadığı üçün qətiyyən incimədim. Çünki bəstəkarların çoxunun məqalə yazmaqda elə də səriştəli olmadıqlarını bilirdim. O zaman gənc bir müəllif olaraq mənim üçün möhtəşəm "Füzuli" kantatasının müəllifi ilə görüşmək, onunla fikir bölüşdürmək, kitabımın əlyazması haqqında ürək sözlərini eşitmək hər şeydən önəmli idi.
Öz bənzərsiz bəstələri ilə ölümsüzlük qazanan Cahangir Cahangirov 25 mart 1992-ci ildə haqqa qovuşub. Amma o hər zaman bizimlədir. Bəstələrinin hər biri dəyərli sənət əsəridir. Hər birinin öz yeri, öz hüsnü var. Mənim isə ən çox sevdiyim, müəllifini hər zaman rəhmətlə yad etdiyim "Füzuli" kantatasıdır.
30 iyun 2021-ci il
Mustafa
ÇƏMƏNLİ
525-ci qəzet.- 2021.- 14 iyul.- S.16-17.