Rəşad Əhmədzadə: Qarşıya qoyduğumuz məqsədlərin 90 faizinə çatmışıq"  

 

Bu il Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubileyidir.

 

Teatrın direktoru, Əməkdar Mədəniyyət işçisi Rəşad Əhmədzadə ilə yubiley ərəfəsində Kukla Teatrının keçdiyi yol, pandemiya və II Qarabağ müharibəsində fəaliyyəti və sair kimi mövzular ətrafında geniş söhbət etdik:

 

***

 

- Rəşad müəllim, teatrın hazırkı vəziyyəti necədir? Pandemiyanın hansı zərərlərini yaşayırsız?

 

- Pandemiya tək bizim yox, bütün dünyanın problemidir. Dövlətimiz var olsun, hamı vaxtı-vaxtında maaşını alır. Ancaq son nəticədə, belə görünür ki, yaradıcı adam üçün maaşdan əlavə, fəaliyyətdə olması da çox vacib məsələdir. Bu da bizdən asılı olan bir məsələ deyil. Pandemiya dövründə maksimum nə etmək mümkündürsə, etmişik. Əslində, "ilki biz eləmişik" sözündən xoşum gəlməsə də, həqiqət budur ki, pandemiya və müharibə dövrlərində bir sıra ilkləri məhz biz elədik. "Evdə qal" layihəsi, roliklər, video-çarxlar və sair kimi fəaliyyətləri ilk olaraq Kukla Teatrı və teatrın nəzdində olan studiyalar edib. Pandemiyanın ilk günündən bu günə kimi hər cümə, şənbə və bazar günləri yutubda tamaşalarımız qoyulur. Başa düşürəm ki, canlı ünsiyyət tamam başqa məsələdir, onlayn tamaşalar o effekti vermir. Amma hazırkı vəziyyətdə əldən gələn budur. Bizim yutub kanalımızın 1 milyon 500 min tamaşaçısı vardı. Nədənsə, pandemiya başlayanda bizim yutub kanalımız silindi. Biz də yenidən yaratmaq məcburiyyətində qaldıq. Çox sağ olsun tamaşaçılarımız da, uzun müddət gözləmədik, yenidən bizi izləməyə başladılar. İndi də say artmaqdadır. Biz hər il mövsüm sonunda həm jurnalistləri, həm də öz əməkdaşlarımızı mükafatlandırırdıq. Bu il isə yəqin ki, yutubda ən çox baxılan tamaşa mükafatlandırılacaq.

 

- Başqa teatrlarda aktyor təkcə özünün fiziki hazırlığına cavabdehdirsə, burda həm də kuklalarla iş məsələsi var. Pandemiya sizin aktyorlara necə təsir etdi?

 

- Təzə vaxtlarda çox ağır dövr yaşadıq. Amma 2020-ci il millətimiz üçün dəyərli, uğurlu il oldu. Azərbaycanın işğal altındakı torpaqlarının azadlığı, möhtəşəm zəfəri bütün bu problemləri, demək olar ki, unutdurdu. Aktyorlara gəldikdə, bəzən biri səhhətiylə və ya başqa problemlə əlaqədar bir ay işə gəlməyəndə, sonra özünü bərpa etmək üçün ona müəyyən vaxt lazım olub. Pandemiya vaxtında televiziyaya, hansısa çəkilişə dəvət alanda, əgər kuklalardan istifadə etmişiksə, bəzi aktyorlar kuklaları icazə alıb evə aparıblar ki, məşq eləsinlər, əlləri öyrəşsin. Yəqin ki, işə start veriləndə bir ay aktyorların kukla idarə etməklə bağlı məşqlərinə zaman lazım olacaq. Hər halda öhdəsindən gələrik. Çünki bütün yaradıcı insanlarımız tamaşaçı üçün qəlbən darıxıblar.

 

- Onlayn repertuarınızda hansı tamaşalar var?

 

- 20-yə yaxın tamaşa var: "Qırmızı papaq", "Cırtdan", "Turp", "Qoğal" və sair. Demək olar ki, bütün tamaşalar var. Bilirsiniz ki, biz açıq kassaya işləyən teatrıq. Bəzi tamaşalar var ki, mövsümün sonuna yaxın hazırlandığı üçün biz onu çox vermirik. Hansısa xüsusi günlərdə nümayiş etdiririk. Məsələn, "Don Kixot", "Yeddi nar çubuğu" və sair. Onu da deyim ki, yeni mövsüm üçün artıq iki tamaşamız hazırdı. Tanınmış kukla rejissoru Namiq Ağayevin quruluş verdiyi "Qara balığın nağılı" və Anar Məmmədovun "Qızıl balıq" nağılı. Bundan əlavə, 2021-ci ilin sentyabr-dekabr aylarında biz beş tamaşa da təhvil verməliyik. Onların birini Aqil M.Quliyev, o birini Elşad Rəhimzadə, digərlərini isə baş rejissorumuz Qurban Mənsimov, rejissorlarımız Anar Məmmədov və Səidə Haqverdiyeva təhvil verəcəklər.

 

- Bu il həm də teatrın 90 illik yubileyidir, ona necə hazırlaşırsız?

 

- 90 illiklə bağlı tamaşalardan başqa, proqram layihələrimiz var. Pandemiyaya görə onun hansı formatda olacağı hələ özümüzə də məlum deyil. 80 və 85 yaşımızı çox uğurla qeyd eləmişik. İnanmaq istəyirəm ki, 90 yaşımız da uğurla qeyd edəcəyik. Əgər o vaxta teatrlara, tədbirlərə icazə verilsə, bizim çox böyük tədbirlər planımız var. Əgər alınmasa da, çalışacağıq onlayn vasitəsiylə sosial şəbəkələrdə canlı yubiley tədbiri keçirək.

 

Həmçinin, mərhum sənətkarımız Ələkbər Hüseynovun 60 illik yubileyi oldu. Bununla bağlı onun özünün quruluş verdiyi son tamaşasını nümayiş etdirəcəyik və yubiley tədbiri keçirəcəyik.

 

- 90 illik yubileyinizə dövlət səviyyəsində diqqət varmı?

 

- Biz hər zaman dövlətimizdən diqqət görmüşük. Teatrların təmiri, yenidənqurması başlayanda ilk olaraq, 2006-cı ildə Kukla Teatrı təmir olunub və 2007-ci ildə istifadəyə verilib. İndi pandemiyaya görə özümüz yubileyi arxa plana çəkdik. Bir neçə gün qabaq mədəniyyət nazirimiz Anar Kərimova yubileylə bağlı yazılı müraciət etmişəm. Yəqin ki, sentyabr ayı üçün cavab hazırlanıb göndəriləcək. Hər şey yenidən pandemiyaya bağlanır.

 

- 90 yaşlı Kukla Teatrını necə xarakterizə edərdiniz?

 

- Demək olar ki, biz Kukla Teatrının qarşıya qoyduğu məqsədlərin 90 faizinə çatmışıq. Əvvəllər Kukla Teatrının hansısa festivalda iştirakı çox böyük problem idi. Artıq belə bir problemimiz yoxdur. Hər il 12-13 festivaldan dəvət alırıq və hansı festivalda iştirak edəcəyimizi özümüz seçirik. Dövlət proqramına uyğun olaraq, teatrlarımıza dəstək göstərilib. Biz də bunun nəticəsi kimi, 10 il ərzində dünyanın az qala hər yerində 30-dan çox festivalda iştirak etmişik, uğurlu nəticələr qazanmışıq. Çalışmışıq dövlətin bizə göstərdiyi etimadı doğruldaq. İnanıram ki, doğrultmuşuq. Bundan sonra da çalışacağıq ki, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirək. Bundan başqa, belə hesab edirəm ki, teatr aləminə də teatrımızı sevdirmişik. Əgər bu gün hansısa akademik teatr bizim rejissoru quruluş vermək üçün öz teatrına dəvət edirsə, bu, Kukla Teatrının uğurudur. Əgər bu gün digər akademik teatrlar kukla tamaşaları hazırlayır, ya da kukla elementlərindən istifadə edirsə, demək, biz onlara da sevdirə bilmişik bunu. Bu məhəbbəti yarada bildikləri üçün öz kollektivimizə təşəkkür edirəm.

 

2011-2013-cü illərdə Azərbaycanda ilk dəfə Beynəlxalq Kukla Teatrı festivalı keçirildi. 2015-ci ildə tədbirlərin çoxluğuna görə bu, dayandırıldı. Ancaq o festival elə bir səviyyədə keçirilib ki, orda iştirak edən adamlar bu günə qədər bizimlə yazışıb, yenidən burda qonaq olmaq arzularını bildirirlər. İnanıram ki, 90 illiyimizi təntənəli sürətdə qeyd edəndən sonra yenidən şərait yaradılacaq ki, III Beynəlxalq Kukla Teatrı Festivalı olsun.

 

- Kukla Teatrının ölkədəki digər kukla teatrlarıyla da çox yaxşı və sıx əlaqəsi var. 90 illik yubiley münasibətiylə həmin kukla teatrlarıyla birgə hansısa tədbir və ya layihə ola bilərmi?

 

- Bizim teatrda bütün məsələlər Bədii Şurada həll olunur. Şura üzvlərinin təklifləri müzakirə olunur və dəyərləndirilir. Məsələn, keçən həftə təklif olunub ki, 90 yaşımızla əlaqədar sentyabrın 1-dən bütün ucqar kəndlərimizə qastrol səfərləri edək, yəni təmənnasız olaraq orda tamaşalar göstərək. Digər kukla teatrlarıyla çox yaxşı əlaqələrimiz var. Onlar çox uğurlu və çalışqan teatrlardır. Mərkəz teatr olaraq biz də çalışırıq həmişə əlimizdən gələn qədər onlara da dəstək olaq. Dediyiniz kimi, həmin kukla teatrlarıyla birgə yubiley tədbiriylə bağlı təklif olarsa, dəyərləndirəcəyik.

 

- Teatrın nəzdində olan studiyalardan danışaq. Onların fəaliyyəti nə yerdədir?

 

- Qəbul olunmuş dövlət proqramına əsasən, 10-dan çox teatrlarda studiyalar yaradıldı. Ancaq bu gün, demək olar ki, hələlik bir bizim "Oyuq" teatr studiyası fəaliyyətini davam etdirir. Bundan əlavə, daha iki studiya da yaradılıb: "Küllücə" və "Oyun". Bu günlərdə "Oyuq" studiyası yeni bir layihə həyata keçirdi. Balaca aktyorlara ustad dərsləri təşkil olundu. Ümumiyyətlə, studiya beynəlxalq festivallarda, dövlət tədbirlərində, tamaşalarda bizimlə paralel fəaliyyət göstərir. "Oyuq" teatrının üzvləri Sankt-Peterburq şəhərində keçirilən festivaldan Qran-Pri ilə qayıtdılar. Hesab edirəm ki, bu, çox böyük uğurdur. Hətta deyə bilərəm ki, Kukla Teatrının nəzdində yaradılan 3 studiyadan biri artıq müstəqil teatr kimi fəaliyyətə başlayır.

 

- Vətən müharibəsi və ondan sonrakı dövr teatra necə təsir etdi və ya edəcəkmi?

 

- Vətən müharibəsi elə bir mövzudur ki, bu, bizim 30 illik yaralı yerimizdir. Hansı sahədə işləməyindən asılı olmayaraq, hər kəsə təsir elədi. Qürurumuz özümüzə qayıtdı. On il ərzində 30-dan çox festivalda iştirak etmişik, onun çoxunda ermənilərlə üz-üzə gəlməli olurduq. Özü də onlar o qədər həyasız millətdir ki, hər yerdə bizimlə görüşmək istəyirdilər. Bizsə imtina edirdik. Vasitəçiylə özlərinə də demişdim ki, Qarabağ problemi həll olunandan sonra görüşərik. Əvvəl imtina etdiyim o festivallara indi getmək istəyirəm ki, təki onlarla görüşüm. İndi onlara deyəcək sözlərimiz var. Əgər 19-20 yaşlı ali məktəb bitirməyən, yalın əllə generalı, polkovniki boğan uşaq ölkədə fəaliyyət göstərən 5 kukla teatrından birində bir dəfə də olsa, olubsa, deməli, bizim də onun vətənpərvərlik ruhunda böyüməsində əməyimiz var. Allah şəhidlərimizin hamısına rəhmət eləsin! Biz I Qarabağ müharibəsinin şahidləriyik. Onda ölkənin hər küncündə müharibə hiss olunurdu. Amma indi müharibə elə aparıldı, dövlətimizin siyasəti elə uğurlu oldu ki, heç Bakıda müharibə olduğu hiss olunmadı. Bu da dövlətin digər sahədə qələbəsidir. Buna görə kollektivimiz adından müzəffər Ali Baş Komandana və şücaətli ordumuza təşəkkür edirik.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 14 iyul.- S.15.