İşığını əsirgəmə!..
"Loqos" PNİM-in
rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə
Paşayevanın həyatından işıq zərrələri
"Mənim ən çox sevdiyim rəng insanın
üzündəki işıqdır. Bu
işığın mənbəyi bizim biri-birimizə bəslədiyimiz
sevgidir. Ən böyük istəyim budur
ki, siması işıq saçan hər bir insan öz vətənindən
və öz həyatından zövq alaraq yaşasın.
Belə yaşamaq əsl yaşamaqdır".
Öncəliklə
həyat həqiqətini ifadə edən, kifayət qədər
nikbin ovqata malik kəlmələri indi qələmə
aldığım bu ekspromt qeydlərin qəhrəmanı hələ
beş il bundan əvvəl müsahibələrindən
birində söyləmişdi. Fikir məni tutmuşdu deyə,
məhz həmin o dörd cümləni "Təranə
xanım: bir gəncin uğurlu yol xəritəsi - istedad, məqsəd,
zəhmət, şəxsiyyət" adlı ona həsr
edilmiş xüsusi buraxılışın üz
qabığında yerləşdirmişdim.
Oxunub-eşidildiyi anda düşüncəyə pozitiv
işıq zərrələri çiləyən həmin
sözlər kimə məxsusdur, söhbət kimdən gedir? Əlbəttə oxucular,
xüsusilə, "525-ci qəzet"in oxucuları
"Loqos" PNİM-in, eləcə də PXTM İctimai
Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə
doktoru Təranə Paşayevanın imzasına (bəli, məhz
imzasına) bələddirlər. Ən azı o səbəbdən
ki, Təranə xanım vur-tut 7 il ərzində
respublikamızın bir çox regionlarını əhatə
edən, insanlara psixoloji yardım və psixoloji maarifləndirmə
xidməti göstərən bir siqment (əslində şəbəkə)
yaradaraq onu uğurla irəlilətməklə yanaşı, həm
də bir-birindən maraqlı məqalələri, ekspert rəyləri
və müsahibələri ilə "525-ci qəzet"in səhifələrində,
eləcə də digər mətbuat orqanlarında,
özünün vətəndaş, iş adamı, psixoloq,
QHT rəhbəri mövqeyini zaman-zaman sərgiləmişdir.
Və bu
üzdən bəlkə kiməsə elə gələ bilər
ki, Təranə Paşayevanın məxsusi təqdimata
ehtiyacı yoxdur, onsuz da o, bizim milli ictimai mühitimizdə
konkret və əməli işin bəhrəsi olan yekunlara, nəticələrə
yetişən gənc, istedadlı psixoloq, psixoloji və nitq
inkişafı mütəxəssislərindən biri olaraq
yaxşı tanınır. Ən azı mətbuatdan,
nüfuzlu saytlardan, "Loqos" jurnalının səhifələrindən...
Amma mən əlahiddə situasiyalara həssas yanaşan,
lider təbiətli insanlara, zəhmətə, daimi hərəkətə
can atan şəxslərə xüsusi rəğbət bəsləyən
bir qələm sahibi olaraq tanınan, sevilən dəyərli
kəslərin dönə-dönə təqdimatları, təbliğ
edilmələri barədə fərqli düşüncədəyəm.
Amma yenə də deyirəm, təbliğat və təqdimatlar
dəyərli şəxsiyyətlərin özlərinə fərdi
olaraq bəlkə heç gərək deyil. Hardasa, hə.
Amma məsələ burasındadır ki, gərəkli
şəxsiyyətlərin uğur yolu, əldə etdiyi təcrübələr,
ümumiyyətlə yaxşı insanların obrazı hər
zaman çevrəyə təsir göstərir, ömür
yolu başqalarına nümunə olanların obrazı bir bələdçi,
güzgü, mənəvi monitor timsalında qəbul edilir.
Və əgər insanın əldə etdiyi bu
nailiyyət gənc yaşın qismətidirsə və əgər
bu uğur özəl-intellektual sahədə
qazanılmışdırsa, nəhayət və əgər gənc
insanın amalının, iradəsinin təsir gücü
çevrəni yaxşı mənada heyrətləndirirsə,
həmin nümunə-örnək ikiqat əhəmiyyət
qazanır. Ona görə də başladığım
hekayəti xatircəmliklə davam atdirirəm...
Əvvəlcə informatik bilgi verim. Təranə
Paşayeva Azərbaycan cəmiyyətinin yüksək dəyər
verdiyi alim-ziyalı ailəsində üç bacıdan sonra
və sonbeşik qardaşdan əvvəl dünyaya göz
açan dördüncü övladdır. Həyatın ecazkar illəri bədii, tarixi və
müxtəlif dilli (rus, ingilis, ərəb, türk) kitablar
arasında keçsə də, o, sosial elmlər sahəsində
təhsilə başlamış, Azərbaycan Dövlət
İqtisad Universitetinin maliyyə-kredit fakültəsini
bitirmişdir. Eyni universitetin magistratura pilləsindəki
2 illik çalışmaları da onun təhsil karyerasına
daxildir.
Həyatın
öz diktəsi, öz fürsətləri var. Tale elə gətirdi
ki, Təranə xanım, obrazlı mənada, ilk əmək fəaliyyətinə,
Nazim Hikmət demiş, analıq sənəti ilə
başladı, yəni ailə qurdu, üç gözəl
övlada ana oldu.
O,
universiteti yüksək qiymətlərlə başa
vurmuşdu, iqtisadiyyat, maliyyə istiqamətində uğurla
çalışa bilərdi. Bəs psixologiya
sahəsinə qəti dönüşün səbəbi nə
idi? Gənc, qətiyyətli, düşündüyü
məqsədi yüksək amal
səviyyəsinə qaldırmağa qadir olan Təranə
Paşayeva "Loqos"un 5 illik fəaliyyətinə həsr
olunmuş "Beş il insanlara doğru" kitabında (kitab
üç dildədir - Azərbaycan, rus, ingilis) zəngin
çalışma yolunu bəlirləyən ilk
işartıları yada salır və yazır ki, "niyə
məhz bu istiqaməti seçmək təfsilatına gəlincə,
deyə bilmərəm ki, "Loqos"u yaratmaqla yalnız
uşaqlıq arzularımı reallaşdırmağa
çalışmışam. Ata-ana himayəsindən
məhrum olan, küçə həyatı yaşayan
uşaqlara, xəstə, baxımsız, kimsəsiz qocalara
kömək etmək məsələsi məni ağlım kəsən
yaşlardan düşündürüb. Xəyallarımda
qocalar, uşaq evləri yaratmışam, hətta ailə
qurandan sonra, Xocalı qətliamında ata-anasını itirən
bir neçə uşağı himayəmə
götürüb övladlarımla birgə böyütmək
istəyində olmuşam..."
Şəxsi həyatdakı bir epizod isə Təranə
xanımın psixoloji və nitq İnkişafına yardım
istiqamətində ciddi hərəkətin
başlanğıcı olub. T.Paşayeva xatırlayır və
yazır: "Öz həyat təcrübəmdən bəlkə
də çoxlarının az əhəmiyyət verəcəyi
bir misal çəkmək istəyirəm. Yəqin
fikir vermisiniz, lap kiçik yaşlarından uşaqların əksəriyyətinin
nitqində xırda qüsurlar olur. Onlar "R" hərfini
"L" kimi, "Ş"-nı
"S" kimi səsləndirir, nitqdə ləngimələr
olur. Bəzən yaşlı nəsil
ata-analarımız, nənələr, babalar bunu ciddiyə
almır, böyüyəndə keçib gedər, deyə
sakitləşirlər. Eyni təskinliyi gənc
ana olaraq mənə də verirdilər. Amma yenə də
evə loqoped çağırmağa nail oldum. Bir
tanışın peşəkar mütəxəssis kimi təqdim
etdiyi xanım demək olar, aylarla evimizə gəldi-getdi,
uşaqlarla məşğul oldu, amma müsbət nəticə
alınmadı. "Loqos"u yaratmaq
ideyası elə o vaxtdan mənim həyatımda tam
aktuallıq kəsb etdi".
Bax belə, məndən asılı olmayan səbəbdən
bir qədər təfsilata yol verdim. Lakin bu, elə bir məqamadır
ki, məhz o an insanın qəlbində onu yeniləşdirən,
dəyişən bir təlatüm baş verir, sanki yol
işıqlanır.
Məhz
bu tərpənişdən sonra bir zamanlar Bakı şəhərindəki
164 nömrəli məktəbin şagirdi, İqtisad
Universitetinin magistrantı olan Təranə Paşayeva cəmi
3 nəfərlik kollektivlə "Loqos"u ilkin olaraq nitq
inkişafı mərkəzi formatında qurdu.
Bu gün
"Loqos" Mərkəzi ofisi və 5 filialı Bakı
şəhərində, ümumilikdə isə 10 filialla
respublikanın Gəncə, Bərdə, Xaçmaz, Lənkəran
kimi iri şəhərlərdə əhaliyə psixoloji və
nitq inkişafı sahəsində yardım göstərir. Psixoloqlar, loqopedlər, digər mütəxəssislər
də daxil olmaqla indi "Loqos" PNİM-də onlarla peşəkar
mütəxəssis, ümumilikdə isə üç
yüzə yaxın əməkdaş çalışır.
7 il ərzində "Loqos"a üz
tutan insanların sayı minlərlədir. Səbəb
əlbəttə ki, yüksək səviyyəli, layiqli xidmətdir.
Böyük sevgi ilə, öz soydaşlarına sonsuz məhəbbətlə
çəkilən zəhmət, təbii ki, bəhrələrini
verməlidir.
Təranə Paşayeva gənc olmasına
baxmayaraq, "Loqos" şəbəkəsinin hər bir
istiqamətini təşkilati idarəçiliyin prinsiplərinə
uyğun şəkildə tənzimləyə bilir. Sadəcə
vaxt öldürən, "az aşım, ağrımaz
başım", deyib maaş
gününü gözləyən, yəni təşəbbüssüz
insanlar onun tabeçiliyində ola bilməzlər. Hər bir
işçi öz məsuliyyətini dərk etməli, əməyinin
dəyərləndirilməsi müqabilində "Loqos"un uğurlarına töhfə verməlidir. Tələbkarlıq,
nizam-intizama dərin diqqət, mütəxəssislərin
yerli və beynəlxalq təcrübələrinin
artmasına, təhsil səviyyəsinin yüksəlməsinə
qayğı T.Paşayevanın iş metodurur və bu
yanaşma hər dəfə yeni nailiyyətlərlə nəticələnir.
Yaşlı
mütəxəssislərin təcrübəsinin kollektiv tərəfindən
mənimsənilməsinə çalışmaq və daha
çox gənclərin qüvvəsinə, yaradıcı
enerjisinə, təşəbbüskarlığa meydan vermək
o deməkdir ki, Təranə Paşayeva "Loqos"un irəlidəki
yaxın və uzaq planına daha nikbinliklə baxır, yəni
irəlidəki gözləntilər daha ciddi yekunlar yaradacaq.
Təranə
Paşayeva "Loqos" PNİM-in formalaşması, dərin
inkişafı ilə ayaqlaşmaq üçün öz
biliklərini dərinləşdirmək öhdəliyini də
unutmadı. "Loqos" təşkilatını idarə edərkən
ali iqtisadçı təhsili ona maliyyə,
iqtisadi dayanıqlılıq məsələlərini həll
etməyə nə qədər imkan versə də, o, psixoloji
yardım və loqopedik xidmətlə bağlı ali təhsil
pillələrini adlamalı olmuşdur.
O,
2014-cü ildə M.E.Jukov adına Xarkov Milli Aerokosmik
Universitetinin Psixologiya fakültəsini bitirmiş, V.M.Bexterev
adına Sankt-Peterburq Klinik Psixologiya və Psixoterapiya
İnstitutunda klinik psixologiya ixtisası üzrə tam təhsil
almış, 2018-ci ildə elmi işini müdafiə edərək
psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi
qazanmışdır.
Təranə
xanımın bütün uğurlu addımları, bəzən
işin gərginliyi ilə əlaqədar
qarşılaşdığı təzyiqlər, amma
bütün hallarda heç yorulmadan çalışmaq, daim
insanlarla işləmək və onun ümumi işin xeyirinə
olan digər zəruri cəhdləri demək olar ki,
gözümüzün qarşısında baş vermiş və
gənc xanımın dəyanətini, inadkarlığını,
nikbinliyini çoxlarına nümunə göstərmişəm,
bunu özümə borc bilmişəm. Çünki
T.Paşayevada olan qabiliyyətlərə malik şəxslərlə
hər addımbaşı rastlaşmaq olmur axı. Təranə
xanımın simasında istedad və zəhmətsevərliyin,
öz seçiminə qarşı bəslədiyi həvəsin
necə birləşib vəhdət halına gəldiyini
yalnız mən demirəm...
Xeyirxahlıq,
mərhəmət hissi, yaxşı işçinin qədrini
bilmək, kollektivçilik duyğusu, ağsaqqal və
ağbirçək insanlara ehtiram bəsləmək...
bütün bu Allahın qismət elədiyi gözəl xasiyyətlər
Təranə Paşayevanın qazandığı uğurlarda az rol oynamır məncə.
İnsan həyatının elə günləri var ki, həmin
vaxt aralığında istəkli, doğma insanların
xoş sözlər söyləməsi nəinki qəbul edilən
olur, hətta zərurətə çevrilir. Düzdür,
hər adamın ad günü doğmalar üçün əzizdir,
amma hər adamın doğum gününü ictimailəşdirmək,
hətta faktı mətbuata çıxarmaq müəyyən
ədalətə, cəmiyyət tərəfindən bəyənilən
dəyər və statusa söykənməlidir.
O, gəncdir.
Lakin dediyimiz mövqeyə yüksəlmiş
bir övladdır və bu yazıdakı kifayət qədər
kəsib azaltdığım xoş kəlmələrin hər
birini Təranə xanıma ana südü kimi halal edirəm.
Eyni
zamanda, bir neçə il onun rəhbərliyi
altında "Loqos" jurnalını redaktə edərkən,
"Psixoloq" qəzetinin hər sayında bu təşkilata
ayrılan qoşa səhifənin materiallarını
hazırlayarkən müşahidə etdiyim bir çox əsas
cəhətləri söyləməsəm olmaz.
Təranə
Paşayeva "Loqos"un ilk
addımlarından təşkilatın mətbuata
açıq olduğunu bildirən azsaylı iş adamı və
ictimai birlik rəhbərlərindəndir. Çünki
o, psixoloji maarifləndirmənin kütləviliyinin vacibliyinə
və belə bir geniş miqyaslı təbliğatın mətbuatsız
ötüşə bilməyəcəyinə əmindir.
Həm də işin lap əvvəlindən.
Mən hər
zaman onun Vətənə sevgisində az
qala yaşından qat-qat dərin bir müdriklik müşahidə
edirəm. Vətənə sevgi onun dövlətçiliyə
qırılmaz tellərlə bağlanmasını təmin
edir. Səbəbsiz deyil ki, o, özünün məqalə
və müsahibələrində dönə-dönə
söyləyir ki, "Loqos"un uğurlarının təminatçısı
vətənimizin müstəqilliyi, Azərbaycan dövlətinin
özəl-intellektual sektora yüksək qayğısı,
xüsusilə cəmiyyətdə qadınların
nüfuzunun yüksəlməsinə birbaşa təsir
göstərən bir örnəyin - Heydər Əlieyv
Fondunun sədri, Azərbaycanın birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın nümunəsinin
varlığıdır. Hansı ki, bu faktor gənc
insanları yaradıcı düşüncəyə, cəsarətli
olmağa, dövlətin imkanlarından yararlanmağa sövq
edir.
Həm dünyanı, eləcə də Azərbaycanı iki ilə yaxın bir müddətdə amansız xəstəliklə təhdid edən Covid-19 pandemiyası dövründə, həm də xalqımız üçün virus qədər qorxulu erməni faşistlərinə qarşı aparılan və böyük zəfərlə yekunlaşan 44 günlük müharibə zamanı Təranə xanımın bütün xalqımızla bahəm hansı həyəcan və təlaşlar keçirdiyi gözümün önündədir. Yaranmış ekstremal vəziyyətlə əlaqədar, o, "Loqos"da online xidmətlər təşkil etməklə yanaşı, ölkə mətbuatında hər iki mövzuya dair odlu-alovlu məqalələrlə çıxış edib, hadisələrin psixoloji baxımdan dəyərləndirmələrini aparırdı. Böyük zəfər münasibəti ilə Ali Baş Komandan İlham Əliyevə həyəcan dolu, Prezidentin çevik, cəsarətli siyasətinə dəstək ruhlu müraciət ünvanlayirdı...
Bunu da deyim, onun yaradıcı ziyalılara - alim, yazıçı, şair, musiqiçi və digər sənət adamlarına rəğbəti, "Loqos"un ən geniş salonlarını yaradıcı şəxslərlə onların pərəstişkarlarının görüş yerinə çevirməsi xüsusi qeyd olunmağa dəyər.
Bu yazını tanıyanların hamısının istəklisi Təranə xanımın işıqdan, nurdan bəhs edən cümlələri ilə başlamışdım. Niyə? Ona görə ki, xeyirxah işıq, pak nur onun şəxsiyyətinin leytmotivi, ana xəttidir. Hardasa oxumuşam, yerin dərin qatlarında, mədənlərdə çalışan şaxtaçıların tez-tez işlətdikləri, əslində, konkret anda həyat anlayışının ekvivalenti olan bir söz var: İşığını əsirgəmə! Şaxtaçıların başlarına taxdıqları dəbilqənin alın hissəsində işıq yanır, onlar başlarının duruşunu elə nizamlamağa çalışırlar ki məhz onun dəbilqə fanarından qarşıdakı, yandakı, yaxud arxadakı həmkarının yoluna işıq düşsün!
Mən onun ürəyinə bələdəm, o, həyatı bahasına olsa da, vətəni, xalqı yolunda işığını heç zaman əsirgəməz. Çünki zəhməti sevən insanların ürəyi saf olur. Bizim isə Allahdan diləyimiz, sadəcə olaraq, budur ki, qoy onun qəlbindəki işıq həmişə aşıb-daşsın və heç tükənməsin!
13 iyul, 2021, Mərdəkan
Rəhilə
GÜLGÜN
525-ci qəzet.- 2021.- 14 iyul.- S.14;24