Nərmin Qaralova:"Azərbaycanda
seçilən təhsil müəssisəsi olmağa
iddialıyıq"
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin (ADMİU) nəzdində Humanitar kollecin direktoru, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Nərmin Qaralovadır. Nərmin xanımla kollecin
iş prinsipləri, geridə qoyduğu tədris ili və gələcək planlar haqqında
danışdıq:
- Nərmin
xanım, hazırda direktoru olduğunuz kollecin ADMİU nəzdinə
keçərək, yeni ad və status qazanmasından bir il ötür. Kollecin son bir ildə
fəaliyyətini və başa vurduğunuz tədris ilini necə
qiymətləndirirsiniz?
-
Ümumiyyətlə, qeyd edim ki, orta ixtisas təhsil müəssisələrinin
öz profillərinə uyğun ali təhsil
müəssisələrinin nəzdinə keçməsi Azərbaycanda
tədrisin təşkili, potensialının yenilənməsi
və keyfiyyətinin yüksəldilməsi istiqamətində
uzun zamandır gözlənilən mühüm
addımdır. Həmçinin, orta ixtisas təhsil
müəssisələrinin maddi texniki bazalarının və
tədris proqramlarının yenilənməsi ilə
bağlı yeni qərarlar verilməsi, onların əmək
bazarına uyğun peşəkar kadrların
hazırlanmasına istiqamətlənmiş fəaliyyət
planı zamanla gənclərin orta ixtisas təhsili müəssisələrinə
marağının artmasına səbəb olacaq. ADMİU nəzdində Humanitar Kollecin fəaliyyətinə
gəldikdə isə onu deyə bilərəm ki, geridə
qoyduğumuz tədris ilində təhsilin distant qaydada təşkilinin
yüksək səviyyədə təmin edilməsi
üçün əlimizdən gələni etdik. Həmçinin, pandemiyanın yaratdığı məhdudiyyətlərə
baxmayaraq, mövcud qaydalara uyğun şəkildə tədbirlər,
vebinarlar, seminarlar təşkil olundu. Hesab
edirəm ki, bu çətin şəraitə rəğmən
kollecin müəllim heyəti və ümumilikdə kollektiv tədris
ilini müvəffəqiyyətlə başa vurdu.
-
2020-2021-ci tədris ili pandemiya ilə
yanaşı, II Qarabağ müharibəsi kimi tarixi və eyni
zamanda, ağır bir mərhələyə də təsadüf
etdi. İstərdim, bir az da bu haqda
danışaq.
-
Doğrusu, II Qarabağ müharibəsi bizə pandemiyanı
belə unutdurdu. Hər kəs 44 gün ərzində vəzifəsini,
peşəsini unudaraq, böyük inamla, səbrlə ordumuzun
döyüş əzminə, Ali Baş Komandanın daxili və
xarici siyasətinə, bir sözlə, 30 illik haqq
davamızın müqəddəratına kökləndi. Azərbaycanın
ərazi bütövlüyü uğrunda, tarixi ədaləti
bərpa etmək üçün gəncliyini,
arzularını qurban verən qəhrəman şəhidlərimiz
arasında ADMİU nəzdində Humanitar Kollecin də tələbələri
var - Əli Cabbarov, Hikmət Abbaslı, Mais Səfərov,
Şahmar Soltanlı və dəyərli müəllimimiz
Natella Heydərovanın oğlu Rafiq Heydərov... Həmçinin,
tələbələrimizdən Zeynallı Sənan, Vəlizadə
Murad, Namazov Nurəddin, Qasımov Cavid, kollecin müəllimi Fərid
Atazadə, əməkdaşımız Allahverdiyev Rüstəm
müharibə qazisidir. Müharibədən
sonra ilk işimiz şəhidlərimizin ailələri ilə
görüşmək, onların məzarlarını ziyarət
etmək oldu. Gənclər günündə
onların əziz xatirəsini əbədiləşdirmək
üçün qısa, amma mənalı həyatlarını,
keçdikləri döyüş yolunu əks etdirən xatirə
lövhəsinin açılışını təşkil
etdik. O xatirə lövhəsi kollecin ən müqəddəs
guşəsi, qürur yeridir. Eyni zamanda, kollecdə hazırda
təhsil alan və gələcəkdə
təhsil alacaq gənc nəslin bir vətəndaş kimi məsuliyyətini
dərk etməsində önəmli rolu var. Qeyd edim ki, istər
şəhidlərimiz və onların əmanəti olan ailələri,
istərsə də qazilərimiz hər zaman diqqət mərkəzimizdədirlər.
-
Heç kimə sirr deyil ki, günümüzdə kolleclər
nisbətən nüfuzunu itirib. Bunun əsas səbəbini
nədə görürsünüz və bu
reallığı dəyişmək üçün nə
kimi təklifləriniz var?
- Hər
nə qədər radikal səslənsə də deməliyəm
ki, cəmiyyətimizin özündə təhsilə
münasibət ürəkaçan deyil. Məqsədyönlü
təhsil almaq, ixtisas seçimində prinsipial olmaq əvəzinə
topladığı bala əsasən "püşkatma"
ilə öz gələcəyini qurmaq istəyən gənclərimiz
çoxluq təşkil edir. Həmin tələbələr
daha sonra həyatda özünü realizə edə bilmir və
nəticədə əmək bazarında itir. Hesab edirəm ki, orta məktəblərdə
şagirdlərə gələcəkdə təhsillərini
doğru planlaşdırmaları, potensiallarına uyğun
ixtisas seçmələri üçün təlimlər
keçilməlidir. Ali təhsil almaq
potensialı olmayan şagirdlərdə peşə təhsilinə,
orta ixtisas təhsilinə maraq yaradılmalıdır. Bu
gün Azərbaycanda yüksək səviyyəli peşə
təhsili müəssisələri fəaliyyət göstərir
və əmək bazarında da bu istiqamət üzrə
yaxşı mütəxəssislərə ehtiyac var. Həmçinin,
orta ixtisas təhsil müəssisələrində, yəni
sizin qeyd etdiyiniz kolleclərdə ali təhsil
almaq potensialı olmayan gənclər üçün
perspektivli ixtisaslar var. Məsələn, zərgərlik,
videoperator və sair. Kolleclərin nüfuzunu
itirməsinə səbəb də məhz cəmiyyətin
müəyyən hissəsinin reallıqdan
uzaqlaşmasıdır. Elə abituriyent
var ki, o, orta ixtisas təhsili müəssisələrindən
birində öz gücünə, maraq dairəsinə
uyğun hər hansı ixtisası seçib, hətta ödənişsiz
əsaslarla yaxşı təhsil ala bilər. Amma ailəsinin
təkidi ilə ali təhsil müəssisələrinə
imtahan verir, yüksək bal toplaya bilmir, ödənişli əsaslarla
və universitetin mürəkkəb tədris yükü ilə
yüklənir, nəticədə ən yaxşı halda
akademik borclarla 4 ili "yola verir". Beləliklə,
kolleclər təhsilini müvəffəqiyyətlə
başa vurub, onun nüfuzunu qaldıracaq məzunlar itirir.
Təhsilin qeyd etdiyim kimi, mərhələli və
şüurlu şəkildə təşkilini təmin edə
bilsək, kolleclərin də peşə təhsili müəssisələrinin
də nüfuzu qısa zamanda artacaq.
-
ADMİU nəzdində Humanitar Kollec zamanında yüksək
nüfuza sahib olan Mədəni Maarif Texnikomunun xələfi
hesab olunur. Sizcə, bu nüfuzu geri qaytarmaq
mümkün olarmı?
-
Doğrusu, sualın bu cür qoyulması ilə razı deyiləm.
Hər şeydən əvvəl onu qeyd edim ki,
artıq ADMİU nəzdində Humanitar Kollec bayaq
adlarını qeyd etdiyim qəhrəman tələbələri
ilə yüksək nüfuza həm layiqdir, həm də
sahibdir. İstər şəhidlərin,
istərsə də qazilərin düşünmədən vətən
üçün canlarından, sağlamlıqlarından
keçməsində, tarixi kökünə, milli dəyərlərinə
sahib çıxmasında, inandıqları həqiqət
uğrunda ölümü gözə almasında ailə qədər
təhsil aldıqları müəssisənin, onlara dərs
deyən müəllimlərin də rolu var. Bəli, Mədəni
Maarif Texnikomunda dövrün istedadlı sənət
adamları təhsil alıblar. Amma bu
gün də bizim istedadlı, savadlı, gələcəyi
parlaq olan tələbələrimiz, məzunlarımız var
ki, kollecdə aldıqları keyfiyyətli təhsilin nəticəsi
olaraq artıq Polşa, İtaliya kimi ölkələrdə təhsillərini
davam etdirmək üçün çalışırlar.
Həmçinin, bu yaxınlarda İrlandiya-Polşa ölkələri
arasında onlayn formatda keçirilən "Star Bridge" -
Ümumdünya İslam Dövlətləri Beynəlxalq
İncəsənət müsabiqəsində kollecin tar
ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Məmməd
Hacıyev II yeri qazanıb. Daha sonra 24 iyun tarixində
Türkiyənin nüfuzlu universitetlərindən biri olan
Antalya AKEV Universiteti ilə kollecimiz arasında "Akademik
işbirliyi protokolu" imzalandı. Bu qeyd
olunanları nəzərə alsaq, tam arxayınlıqla və
məsuliyyətlə deyə bilərəm ki, biz hər
hansı nüfuzun geri qaytarılmasına deyil,
övladlarımızın qanı bahasına
qazandığı nüfuzun qorunub-saxlanılmasına və
daha yüksəklərə qaldırılmasına
çalışırıq.
- Siz həm
də ADMİU-nun "Musiqi tarixi və nəzəriyyəsi"
kafedrasının dosenti, sənətşünaslıq üzrə
fəlsəfə doktoru, pedaqoqsunuz. Rəhbər vəzifədə
çalışmaq, gərgin iş rejimi elmi-pedaqoji fəaliyyətinizə
necə təsir edir?
- İlk olaraq onu qeyd edim ki, elə ən yüksək, ən
nüfuzlu və məsuliyyətli vəzifə müəllimlikdir. Bir müəllimin
sənəti ilə bağlı məsuliyyəti,
qayğıları, narahatlığı heç nə ilə
müqayisə edilə bilməz. Ali təhsil
müəssisəsində pedaqoji fəaliyyətlə məşğul
olmaq isə daha mürəkkəb prosesdir. Çünki
orada təhsil almağa gələn gənclərin
formalaşmış bir fikri, individuallığı, təfəkkür
tərzi, həqiqəti var. Onların üzərində
işləmək, bir şəxsiyyət kimi
formalaşmaları üçün səy göstərmək,
yanlışlarını düzəltmək (qeyd edim ki, bu,
çox çətin prosesdir), doğru bildiklərinə inam
yaratmaq, analitik düşüncə formalaşdırmaq, hadisələrə,
problemlərə yanaşma üslubunu aşılamaq
böyük səbr, vaxt və enerji tələb edir. Amma zaman keçdikcə onların gələcək
vəd edən fərdlərə çevrilməsini görmək,
şəxsiyyət kimi formalaşmalarının ilk addımlarına
şahid olmaq bütün yorğunluğumuzu unutdurur. Tam əminliklə deyə bilərəm ki, bu gün
ən böyük motivasiyam pedaqoji fəaliyyətim və
etimadımı doğruldan tələbələrimdir. Bu günümü mənə nümunə olan, məsləhətlərini
əsirgəməyən müəllimlərimə borcluyam.
Hər zaman öz müəllimlərim kimi
müəllim olmağı arzulamışam, bunun
üçün əlimdən gələni edirəm.
Müəllimin iş rejimi nə qədər gərgin olur
olsun, hardasa elmə, öyrənməyə, maariflənməyə
ehtiyacı olan bir şagird onun işığını
gözləyirsə, sönməyə haqqı yoxdur.
Həmçinin, pedaqoji fəaliyyətimlə
yanaşı, bir musiqişünas kimi elmi fəaliyyətimə
də vaxt ayırıram. Beynəlxalq
konfranslarda musiqişünaslıqla bağlı aktual olan
mövzularda çıxış edirəm, jurnallarda məqalələrim
çap olunur.
- Vəzifəyə təyin olunduğunuz gündən həm sizin, həm də kollecin ətrafında çox söz-söhbətlər dolaşdı. Bunlara münasibətiniz necədir?
- Əvvəla deyim ki, mən "söz-söhbətdən" uzaq adamam (gülümsəyir). Bizim ilk gündən prioritet məsələmiz kollecdə olan bütün neqativ halları aradan qaldırmaq olub. Bu prosesi isə şəxsi ambisiyalarımızı güdmədən, hər cür qərəzli mövqedən uzaq, tam obyektiv şəkildə və ən əsası dövlətin təhsil siyasətini dəstəkləyəcək formada həyata keçirmişik. Təhsilin keyfiyyətinin yüksəldilməsi adına gördüyümüz işlər, müsbət dəyişikliklər narahatlığa səbəb olubsa, deməli, doğru yoldayıq. Tarixdə passiv mübarizənin lideri kimi tanınan Mahatma Qandi deyir ki, "Əvvəl səni görməzdən gələrlər, sonra sənə gülərlər, sonra səninlə mübarizə apararlar və sonda sən qalib gələrsən"... Mən hesab edirəm ki, biz bu ardıcıllığın sonuncu mərhələsindəyik!
- Kollecin gələcək fəaliyyəti ilə bağlı nə kimi planlarınız var?
- Yeni tədris ilinə hazırlaşırıq. Ümid edirik ki, artıq ənənəvi təhsil bərpa olunar və tədrisin təşkilində daha səmərəli fəaliyyət göstərə bilərik. Bayaq qeyd etdiyim kimi, Antalya AKEV Universiteti ilə imzaladığımız "Akademik işbirliyi protokolu" çərçivəsində əməkdaşlığımız olacaq. Tələbələrin müasir təhsil standartlarına cavab verəcək səviyyədə təhsil alması üçün birgə layihələr təşkil edəcəyik. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələrin mədəni tədbirlərə cəlb olunması, ölkədaxili və beynəlxalq müsabiqələrdə iştirak etmələri üçün əlimizdən gələni edəcəyik.
Biz ADMİU nəzdində olduğumuza görə kollecimizdə incəsənət yönümlü ixtisasların da sayını artırmağı düşünürük. Bu məqsədlə növbəti tədris ilində iki yeni ixtisas - kinooperator və aşıq sənəti açılıb. Əsas məqsədimiz daha sonra təhsilini bakalavr kimi davam etdirəcək tələbələrin nəzəri və praktiki cəhətdən hazırlıqlı olmasını təmin etməkdir. Burada illərini pedaqoji fəaliyyətə həsr etmiş, vicdanla çalışan müəllimlər var. Başda onlar olmaqla, bütün kollektivin səyi və dəstəyi ilə Azərbaycanda ən nüfuzlu və seçilən təhsil müəssisəsi olmağa iddialıyıq.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 14 iyul.- S.12.