Əbədiyyətdəki əziz
ünvanlarımız - Şəhidlər ölməz, Vətən
bölünməz!
Həyat nə qədər şirin olsa da, ölüm
heç bir insan övladının qaça bilməyəcəyi
tale yazısıdır. Amma Allah qatında seçilmiş elə
insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk
edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar.
Ölümlərin ən şərəflisi də
deyirlər buna. Bu, müqəddəs şəhidlik
zirvəsidir ki, hər kəsə qismət olmaz.
Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
sentyabr ayında başlanan və 44 gün davam edən Vətən
müharibəmiz 30 ilə yaxın erməni
işğalında olan torpaqlarımızın, Qarabağın
azadlığıyla nəticələndi.
Müharibə
varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də
qurbanlarsız ötüşmədi. Azərbaycanın
üç minə yaxın qəhrəmanı
torpaqlarımızın azadlığı uğrunda şəhidlik
zirvəsinə ucaldı, minlərlə igid qazi adını
qazandı. "525-ci qəzet" olaraq bu
layihəmizdə mütəmadi şəkildə hissə-hissə
həmin igidlərimizi oxucularımıza
tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq
dastanı olan bu həyatlarla qürur duyur, onları
unutmayacağımıza, unutdurmayacağımıza söz
veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu
layihəmizə dəstək olmaq üçün ətrafınızda
tanıdığınız, bildiyiniz şəhidlər varsa,
həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin
göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya
bilərsiniz!
shahane.mushfiq@gmail.com
***
Zərbəli Vidadi oğlu Qafarov 13 iyun 1990-cı ildə
Gəncə şəhərində anadan olub. Gəncə
şəhərində fəaliyyət göstərən 15
saylı orta məktəbdə təhsil alıb. Uşaq yaşlarından ağır atletika ilə məşğul
olan Zərbəli Qafarov müxtəlif yarışlarda
iştirak edərək bir çox nailiyyətlər əldə
edib. 1-ci, 2-ci 3-cü dərəcəli
diplomlarla təltif edilib.
Orta məktəbi bitirdikdən sonra 2 iyul 2008-ci ildə həqiqi
hərbi xidmətə yollanıb. O,
Füzuli rayonunun Şükürbəyli kəndindəki N
saylı hərbi hissədə qumbaraatan köməkçisi
kimi hərbi xidmətini layiqincə yerinə yetirib, 2010-cu il yanvarın 1-də tərxis olunub. Lakin Zərbəlinin vətənə olan sevgisi onu hərbçi
olmaq arzusundan çəkindirmədi. 5
avqust 2019-cu ildən Müddətdən artıq həqiqi hərbi
xidmətdə fəaliyyət göstərməyə
başladı. İşlədiyi müddətdə
vəzifə borcunu şərəflə, ləyaqətlə
yerinə yetirdiyi üçün 21 mart 2020-ci ildə fəxri
fərmana layiq görülüb.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində
cəsarətlə döyüşən Zərbəli Qafarov
Suqovuşan istiqamətində gedən ağır
döyüşlərdə xüsusi qəhrəmanlıq
göstərib. O, ağır döyüşlərin birində
oktyabrın 6-da şəhidlik zirvəsinə yüksəlib. 9 oktyabr 2020-ci ildə Gəncə şəhərində
Şəhidlər xiyabanında dəfn edilib.
Ailəli olan şəhidimizdən vətənə əmanət
iki övladı qalıb.
Zərbəli
Qafarov şəhadətindən sonra "Suqovuşanın azad
edilməsinə görə", "Cəsur
döyüşçü" və "Vətən
uğrunda" medalları ilə təltif olunub.
***
Elmin Saleh
oğlu Nəcəfov 30 yanvar 1999-cu il
tarixində Neftçala rayonunun Həsənabad qəsəbəsində
anadan olub. Atası Saleh dülgər, anası isə
Səidə idi. Ailədə 3 qardaş
olan Elmin onlardan ən kiçiyi idi. O, təhsilini 2005-ci
ildə Şəmsəddin Orucov adına Həsənabad
tam orta məktəbində alıb, 2016-cı ildə həmin
məktəbin məzunu olub. Elmin Nəcəfov 31 yanvar 2017-ci il tarixində Neftçala RHK-dan xidmətə
yollanıb. O, xidmətini əvvəlcə Gəncədə,
daha sonra Qazaxda çəkmiş, baş atıcı vəzifəsində
qumbaraatan olub. 1 iyul 2018-ci ildə xidmətini
başa vuran Nəcəfov əsgərlikdən
qayıtdıqdan sonra dülgərliklə məşğul
olub.
O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsində savaşıb. Nəcəfov
29 sentyabrda könüllü olaraq döyüşlərə
qatılıb, xüsusilə Füzuli və Cəbrayıl
rayonlarının işğaldan azad olunmasında iştirak
edib. O, müharibə zamanı manqa komandiri vəzifəsində
çalışıb.
Elmin Nəcəfov 9 oktyabrda Cəbrayıl uğrunda gedən
döyüşlərdə Ermənistan qüvvələri tərəfindən
atılan artilleriya mərmisi nəticəsində şəhid
olub. O, 21 noyabrda
anadan olduğu Neftçala rayonunun Həsənabad qəsəbəsində
dəfn olunub.
Elmin Nəcəfov
şəhadətindən sonra “Vətən uğrunda",
"Cəsur döyüşçü", "Cəbrayılın
azad olunmasına görə" medalları ilə təltif
olunub.
***
Nicat
Aşur oğlu Xankişiyev 27 yanvar 1999-cu il
tarixində Neftçala rayonunun Həsənabad qəsəbəsində
anadan olub. Atası Aşur traktor
sürücüsü, anası isə Seyidnisə idi. O,
daha 2 oğlan və 2 qızın olduğu ailənin ən
kiçik uşağı idi. Xankişiyev 2005-ci ildə Şəmsəddin
Orucov adına Həsənabad qəsəbə
tam orta məktəbində 1-ci sinfə daxil olmuş,
2016-cı ildə həmin məktəbin məzunu olub.
Nicat
Xankişiyev 30 yanvar 2017-ci il tarixində
Neftçala RHK-dan hərbi xidmətə yollanıb. O, xidmətini
Beyləqan rayonunda edib, 2018-ci ilin iyul ayında tərxis olub. Kəşfiyyatçı kimi xidmət etmiş
Xankişiyev hərbi xidmətini təşəkkürnamə
ilə başa vurub.
N.Xankişiyev
21 sentyabr 2020-ci il tarixində cəbhəyə
yollanıb. O, 2020-ci il sentyabrın 27-də
başlanan Vətən müharibəsində savaşıb,
Füzuli, Cəbrayıl, Suqovuşan, Xocavənd, Qubadlı,
Hadrut döyüşlərində yaxından iştirak edib.
N.Xankişiyev 7 oktyabr 2020-ci il tarixində
Hadrut uğrunda gedən döyüşlərdə şəhid
olub və Həsənabad qəsəbəsində dəfn
edilib.
Nicat
Xankişiyev şəhadətindən sonra "Vətən
uğrunda", "İgidliyə görə", "Cəbrayılın
azad olunmasına görə", "Xocavəndin azad
olunmasına görə", "Şuşanın azad
olunmasına görə" medalları ilə təltif
edilib.
***
Aysənan Əsgər oğlu Abbasov 29 iyun 1992-ci ildə
Tərtər rayonunda anadan olub. Təhsilini
tamamladıqdan sonra 27 dekabr 2014-cü ildə hərbi xidmətə
çağırılıb. Hərbi xidməti
başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi
xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirib.
Azərbaycan
Ordusunun əsgəri olan Aysənan Abbasov 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsində
iştirak edib. Suqovuşanın
azadlığı uğrunda gedən döyüşlərdə
vuruşub və 30 sentyabr 2020-ci ildə Suqovuşan
döyüşləri gedişatında Goranboy rayonu istiqamətində
döyüş tapşırığının yerinə
yetirilməsi zamanı qəhrəmancasına şəhidlik
zirvəsinə ucalıb.
Aysənan Abbasov şəhadətindən sonra "Vətən
uğrunda" və "Suqovuşanın azad olunmasına
görə" medalı ilə təltif edilib.
***
Elçin Ələkbər oğlu Əliyev 15 yanvar
1997-ci ildə Neftçala rayonunun Mikayıllı kəndində
doğulub. Elçin hələ körpə ikən 1 yaş 6
aylığında anası dünyasını dəyişib.
3 bacının yeganə qardaşı olan
Elçin atası ilə yaşayırdı.
İlk təhsilini Mikayıllı kənd məktəbində
alıb və həmin məktəbin məzunu olub.
Məktəbi bitirdikdən sonra 2015-ci ildə Həqiqi hərbi
xidmətə çağırılıb və Tərtər
rayonunda xidmətə başlayıb.
2016-cı ildə baş vermiş Aprel döyüşlərində
iştirak edib.
II Qarabağ müharibəsinə qatılmaq
üçün bacısı ilə birlikdə rayon
komissarlığına gedib. Yol boyu Allaha dua edirmiş ki, dostu İsməti müharibəyə göndərməsinlər,
Allah qorusun, başına bir iş gələr 2 övladı
atasız qalar.
Beləliklə, sentyabr ayının 29-u Elçin
müharibəyə yollanır və gedərkən ailəsinə
narahat olmamağı, arxasınca ağlamamağı
tapşırır. Sonuncu dəfə ailəsi ilə
oktyabrın 18-də əlaqə saxlayıb.
Füzuli,
Qubadlı, Zəngilan rayonları uğrunda gedən
döyüşlərdə iştirak edib. Əliyev
Elçin oktyabr ayının 21-i qızğın
döyüş zamanı Sınıx körpü adlanan ərazidə
şəhidlik zirvəsinə yüksəlıb və oktyabr
ayının 23-də doğulduğu Neftçala rayonunda
Şəhidlər xiyabanında son mənzilə yola
salınıb.
Elçin Əliyev şəhadətindən sonra "Vətən
uğrunda" və "Cəsur
döyüşçü" medalları ilə təltif
olunub.
***
Qəzənfər
Ədalət oğlu Mütəllimov 1992-ci il
yanvarın 27-də Sumqayıt şəhərində anadan
olub. Üç bacının tək
qardaşı, evin son beşiyi idi. Anası
onları çətinliklə böyütmüşdü.
1999-cu ildə Sumqayıt şəhər 6 nömrəli
məktəbdə orta təhsilə başlayıb. 9-cu sinfi
bitirdikdən sonra sənədlərini peşə liseyinə
verir. Liseyi bitirən ili
axırıncı imtahanı aprelin 25-nə
düşdüyünə görə onu aprel
çağırışına hərbi xidmətə
aparırlar. Aprelin 25-də sonuncu
imtahanını verən Qəzənfər günorta hərbi
xidmətə çağırış məntəqəsinə
gedərək könüllü ərizə yazıb, elə həmin
axşam hərbi xidmətə yollanır. Hərbi xidmətini Tərtər və Goranboyda səngərdə
düşmənlə üz-üzə keçirir. Onu çevikliyinə görə manqa komandiri
seçirlər. Hərbi xidmətini
başa vurduqdan sonra 2013-cü ildə Azərbaycan
Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris
mərkəzində kurs keçərək NATO tərkibli
Sülhməramlıların hərbi hissəsində xidmət
edir. Xidməti dövründə bir
çox xarici ölkələrdə təlim və kurslar
keçir.
2015-ci ildən Xüsusi Təyinatlı taborunun Xüsusi
Təyinatlı qrupunun kəşfiyyatçısı kursunu
uğurla keçərək kəşfiyyatçı kimi
ayrı-ayrı hərbi hissələrdə xidmət edib.
2016-cı ildə Aprel döyüşlərində
Talış kəndi istiqamətində ağır
döyüş yolu keçib. Həmin
döyüşdə Qəzənfərin şəhid olma xəbəri
gəlir. Döyüş qurtardıqdan 3
gün sonra Qəzənfər özü ilə bərabər
4 nəfər və hərəsinin çiynində bir
yaralı mühasirəni yararaq geri dönürlər.
Müharibədən
qayıdan Qəzənfər Zöhrə adlı qızla ailə
qurur. Bu nikahdan onun Mələk adlı qız
övladı dünyaya gəlir.
2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsi
başlayır. Bu müharibədə
Füzuli-Cəbrayıl istiqamətində ağır
döyüş yolu keçir. Döyüş
yoldaşları Qəzənfərin igidliyindən çox
danışırlar. Heç kimin
bacarmadığı tapşırıqları Qəzənfər
yerinə yetirirdi. Döyüş bölgəsindən
yüzlərlə yaralı və şəhid
yoldaşlarını kənara çıxarıb. Cəsurluğuna görə yoldaşları Qəzənfərə
"Pələng" ləqəbi vermişdilər. Ermənilər onun başına pul qoymuşdular ki,
öldürülsun.
Oktyabrın 5-i Qəzənfər və onunla birlikdə
7 döyüş yoldaşı - 3 gizir, 5 əsgər olmaqla
sübh çağı tapşırığa gedirlər. Yolları
üstündə pusqu quran ermənilərlə
qızğın döyüş gedir və Qəzənfər
döyüş yoldaşları ilə birgə şəhid
olur. Oktyabrın 6-sı Sumqayıt Şəhidlər
xiyabanında dəfn edilib.
Gizir Qəzənfər Mütəllimov
sağlığında Silahlı Qüvvələrin 95 illik
yubileyi, 100 illik yubileyi medallarına və bir çox fəxri
fərmanlara layiq görülüb.
Ailəli olan şəhidimizin Mələk və
Nişanə adlı iki yadigar qızları var.
Qəzənfər
Mütəllimov şəhadətindən sonra "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına"
görə, "İgidliyə görə" medalları ilə
təltif olunub.
***
Tank komandiri gizir Səbuhi İbrahim oğlu Səmədov
23 iyun 1985-ci ildə Neftçala rayon Xıllı qəsəbəsində
anadan olub.
2002-ci ildə Rafiq Gözəlov adına 1
saylı tam orta məktəbi bitirib. Müddətli
həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra, yenidən
ordu sıralarına qayıdıb. 2010-cu
ildə tank komandiri vəzifəsinə təyin edilib. Xidmət müddətində nümunəvi xidmətinə
görə dəfələrlə fəxri fərman və
medallara layiq görülüb. Aprel
döyüşlərinin də iştirakçısı
olub.
II Qarabağ müharibəsi başlayanda o da
döyüşlərə qatılır. Sonuncu dəfə ailəsi
ilə oktyabrın 7-si səhər saatlarında telefon əlaqəsi
saxlayarkən böyük ruh yüksəkliyi ilə hər
şeyin yaxşı olduğunu deyib, tezliklə ordumuzun düşmən
işğalında olan bütün torpaqlarımızı
azad edəcəyindən danışıb. Lakin
təəssüf ki, özü bu azadlığı görə
bilmədi. O, Cəbrayıl rayonunun azad olunması
uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhidlik zirvəsinə ucaldı və oktyabr
ayının 9-u Neftçala rayonunda dəfn olundu.
Səbuhi daim Aprel döyüşlərində
iştirak etməsindən, Lələtəpənin azad
olunması döyüşlərindən qürurla
danışar, Ali Baş Komandanın əmri ilə
işğalda olan torpaqlarımızın azad olunmasına
hazır olduğunu deyərmiş. O, hər zaman anasına deyərmiş:
"Ay ana, Cənnət sənin ayaqlarının
altındadır. Mən səndən ayrı
düşməmək üçün Cənnəti
qazanmalıyam".
Səbuhi Səmədov şəhadətindən sonra
"Vətən uğrunda" və "Cəbrayılın
azad olunmasına görə" medalları ilə təltif
olunub.
***
Rövşən
Məmmədağa oğlu İsmayılov 1999-cu il 30 oktyabr tarixində Bakıda doğulub. O,
orta təhsilini 2005-2016-cı illərdə 83 nömrəli məktəb-liseydə
alıb. Rövşən məktəb illərində
kyokuşinkay karate, kikboks və boksla məşğul olub.
O, 2016-cı ildə Kooperasiya Universitetinin Maliyyə fakültəsinə
qəbul olub.
2020-ci ildə universiteti bitirdikdən sonra iyul ayında hərbi
xidmətə N saylı hərbi hissəyə yollanıb. 2 aylıq təlimdən
sonra N saylı hərbi hissəyə göndərilib. Ailəsinə kəşfiyyat qrupuna qoşulmaq istəyini
deyəndə ailədə ciddi narazılığa səbəb
olmuşdu. Rövşən ailəsindən
gizlin şəkildə hərbi hissədə
yaradılmış "Həmlə" könüllülər
qrupuna qoşulur. Onun xidmət etdiyi
bölükdə vəzifəsi baş atıcı idi. Uşaq yaşlarından vətənpərvər
ruhda böyüdülən Rövşən həmişə
müharibədə iştirak arzusunda olub. Bu arzusu da reallaşır. Rövşən
II Qarabağ müharibəsində Ağdərə istiqamətində
gedən döyüşlərdə iştirak edir. Bu döyüşlərin əsas məqsədi
şimal cəbhəsində gərginliyi saxlamaqla, cənub və
orta cəbhədə irəliləyişi təmin etmək
olub. Məhz bu səbəbdən Ağdərə
cəbhəsi çox ağır olub. Burda
savaşan igidlərimizin çoxu 2 dəfə yaralanıb
yenidən döyüşə qayıdanlar, yaralı, şəhid
yoldaşlarını döyüşdən çiyinlərində
çıxaranlar olublar. Rövşən
oktyabrın 3-də əlindən və üzündən qəlpə
yarası alır və hospitala göndərilir. O, oktyabr
ayının 18-nə kimi sərəncamda olmalı idi. Hospitalda bir neçə döyüş
yoldaşları ilə birlikdə müalicələrini
yarımçıq qoyub, həkimlərin
narazılığına baxmayaraq, böyük israrla
oktyabrın 7-si yenidən döyüş meydanına
qayıdırlar. Son döyüşdən
bir gün əvvəl - 12 oktyabrda ailə üzvləri ilə
son dəfə danışır. 13 oktyabr
gecə Ağdərə istiqamətində, "Tülkü
dərəsi" adlanan yerə döyüşə
yollanırlar. Rövşən ən
öndə gedən 8 nəfərlik dəstənin
üzvü idi, belə ki, həmin yerə ilk və son ayaq
basan onlar olurlar. Rövşən
döyüş yoldaşlarıyla ilə birlikdə azad etdikləri
bir erməni səngərindən digərinə keçən
zaman başından snayper gülləsi alaraq şəhid olur.
Rövşən və onun dostları həmin səngərdə
şəhid olurlar. Rövşənin nəşi
ailəsinə şəhid olduqdan 35 gün sonra təhvil
verilir və o, noyabrın 19-da Binəqədi rayonunun Şəhidlər
xiyabanında dəfn olunur.
Rövşən müharibədə iştirak etdiyi 16
gündən heç bir xatirəsini ailəsi ilə
bölüşmür. Şəhadətindən sonra
bütün bu məlumatlar ailəsinə döyüş
yoldaşları tərəfindən çatdırılır.
Rövşən yəqin ki, şəhid
olacağını gözə almışdı. Çünki döyüş yoldaşı
Rövşəndən xatirə qalan köynəyi və
qolbağını onun istəyilə sonradan ailəsinə
çatdırır.
Rövşən
İsmayılov şəhadətindən sonra "Vətən
uğrunda", "Suqovuşanın azad olunmasına görə"
və "Cəsur döyüşçü"
medalları ilə təltif olunub.
***
Babək
Saleh oğlu Həsənov 1990-cı il
sentyabrın 14-də Qazax rayonunun Birinci Şıxlı kəndində
anadan olub. 1996-2007-ci illərdə M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində
təhsil alıb. Babək Həsənov 2008-ci
ildə müddətli həqiqi hərbi xidmətə
çağırılıb.
2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin
N saylı hərbi hissəsində xidmət edib. 2013-2018-ci illərdə
Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi
hissəsində müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə
olub.
Azərbaycan
Ordusunun əsgəri olan Babək Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Füzuli, Cəbrayıl,
Laçın və Qubadlı rayonunun azadlığı
uğrunda gedən döyüşlərdə iştirak edib.
B.Həsənov noyabrın 4-də Füzuli
döyüşləri zamanı şəhid olub və Qazax
rayonunun Birinci Şıxlı kəndində torpağa
tapşırılıb.
Ailəli olan şəhidimizin bir qız övladı Vətənə
əmanət qalıb.
Babək
Həsənov şəhadətindən sonra "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə", "Qubadlının azad olunmasına görə"
və "Laçının azad olunmasına görə"
medalı ilə təltif edilib.
***
Xaspolad
Fikrət oğlu Qasımov 1993-cü il
dekabrın 14-də Xızı rayonunun Giləzi qəsəbəsində
anadan olub. 2000-ci ildə Mikayıl Müşfiq adına
Giləzi qəsəbə tam orta məktəbin I sinfinə
gedib. 2011-ci ildə isə 11 illik təhsilini
başa vurub, hərbi xidmətə yollanıb. Xidmətdə olduğu müddətdə nümunəvi
hərbi qulluqçu olmuşdur.
Azərbaycan
Ordusunun kiçik giziri olan Xaspolad Qasımov 2020-ci il
sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri
tərəfindən Ermənistan işğalı altında
olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması
üçün başlanan Vətən müharibəsi
zamanı Cəbrayıl və Füzulinin azadlığı
uğrunda gedən döyüşlərdə savaşıb. Xaspolad Qasımov oktyabrın 6-da Füzuli
döyüşləri zamanı şəhid olub.
Ailəli olan şəhidimizin bir oğlu yadigar qalıb.
Xaspolad
Qasımov şəhadətindən sonra "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə" və "Hərbi xidmətlərə
görə" medalları ilə təltif edilib.
***
İlham
Tahir oğlu Rəşidov 1983-cü il
martın 1-də Türkmənistan Respublikasının
Marı vilayətində doğulub. Sonradan Rəşidovlar
ailəsi Azərbaycana gəliblər və Xudat şəhərində
yaşamağa başlayıblar.
Azərbaycan
Ordusunun baş giziri olan İlham Rəşidov 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Murovdağ istiqamətində gedən
döyüşlərdə savaşıb. İlham
Rəşidov sentyabrın 27-də Murovdağ
döyüşləri zamanı şəhid olub. Xudat şəhərində dəfn olunub.
Ailəli olan şəhidimizin bir oğlu və bir
qızı yadigar qalıb.
İlham
Rəşidov şəhadətindən sonra "Vətən
uğrunda", "İgidliyə görə" və
"Kəlbəcərin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
İskəndər Vüqar oğlu Dövlətli 24
sentyabr 1992-ci ildə Lerik rayonunun Soru kəndində
doğulub. Hərbi xidmətdən sonra isə ailəsi ilə
birgə Sulutəpədə məskunlaşmışdı.
Əmisi Aqşin Dövlətli 1992-ci ildə Birinci
Qarabağ müharibəsində döyüşüb və
şəhid olub.
Orta təhsilini aldıqdan sonra hərbi xidmətə
yollanan İskəndər hərbi xidmət müddəti bitəndə
yenidən orduda qalıb və hərbi xidmət müddətini
davam etdirib. Kəşfiyyatçı İskəndər xidmətinə
görə gizir rütbəsi alıb.
Azərbaycan
Ordusunun giziri olan Sahil Məmmədov 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsində
iştirak edib. Cəbrayılın və Hadrutun
azadlığı uğrunda gedən döyüşlərdə
vuruşub. O, oktyabrın 30-da Hadrud istiqamətidə gedən
döyüşlərdə qəhrəmancasına şəhidlik
zirvəsinə ucalıb.
İskəndər Dövlətli şəhid olduğu
gündən 33 gün sonra atası Vüqar Dövlətli vəfat
edib.
İskəndər Dövlətli şəhadətindən
sonra "Vətən uğrunda" və "Cəbrayılın
azad olunmasına görə" medalları ilə təltif
edilib.
***
Həci Kərim oğlu Hüseynov 1996-cı ildə
iyunun 12-də Sumqayıt şəhərində anadan olub. O, orta məktəb illərində
idmanla maraqlanıb, futbolla məşğul olub.
Vətən
müharibəsində ön cəbhədə vuruşan əsgər
Həci Hüseynov öz şəhidliyini də öncədən
hiss edib sanki. Döyüş
yoldaşlarının sözlərinə görə, Həci
şəhid olmamışdan 3 gün öncə yuxuda
sürdüyü maşının aşdığını
görüb.
O, əsgər yoldaşları arasında "Canavar" adını qazanmışdı. Hətta bir dəfə yaralanıb hospitalda yatsa da, müalicəsi tam bitməmiş silah yoldaşının şəhid olduğunu eşidib, yenidən könüllü döyüşlərə qoşulmuşdu. Bütün döyüş bölgələrində iştirak etmişdi, lakin Şuşadan başqa. Ən böyük arzusu isə Şuşanı görmək imiş.
Döyüş yoldaşlarının sözlərinə görə, söhbət əsnasında onlar arzularından, xəyallarından danışarkən Həci "mən üç gün sonra şəhid olacam, görərsiniz" - deyib. Onun dediyi kimi də olur. Bu söhbətdən 3 gün sonra - oktyabrın 23-dən 24-nə keçən gecə maşınında əsgərləri apararkən düşmən öndəki maşının qabağına minamyot atıb və Həci Hüseynov əsgərlərə heç nə olmasın, çox şəhid verilməsin deyə maşının istiqamətini dəyişmək istəyəndə maşın dərədən aşıb və elə oradaca şəhidlik zirvəsinə ucalıb.
Füzulidə şəhid olan Həci 25 oktyabr 2020-ci ildə Xocahəsən qəsəbəsində dəfn olunub.
Həci Hüseynov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.- 15 iyul.- S.14-15.