Cümhuriyyətin dövlət təhlükəsizliyi
və Nəsib bəy Yusifbəylinin fəaliyyəti
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət təhlükəsizliyinin təmin olunması məsələsi müstəqilliyin elan edildiyi ilk gündən aktuallaşıb.
Bunu şərtləndirən
bir sıra amillər vardı: hökumətin ölkə ərazisinə
köçürülməsi və idarəetmə
orqanlarının yaradılması ilə normal fəaliyyətin
təşkili; Bakıda idarəçiliyi ələ
keçirmiş düşmən, daşnak-bolşevik qüvvələri
tərəfindən 1918-ci ilin mart-aprel aylarında
soyqırıma məruz qalmış Azərbaycanın
türk-müsəlman əhalisinin təhlükəsizliyinin,
ölkənin xarici (əsasən Denikin könüllü
ordusu və bolşevik Rusiyasından) təcavüzlərdən
müdafiəsinin təmin edilməsi; ərazi-sərhəd
problemlərinin həlli; sərhədlərin müəyyənləşdirilməsi
və mühafizəsinin təşkili; daxili sabitliyin təmin
edilməsi və sair. Bu vəzifələrin bəziləri
müstəqillikdən əvvəl də mövcud idi və
onların həlli böyük səylər tələb
edirdi. Ancaq Nəsib bəy kimi Azərbaycanın
azadlığı, müstəqilliyi uğrunda illərlə
mübarizə aparmış, həyat amalı doğma
xalqına xidmət olan ziyalılar qarşılarına
bütün bu çətinliklərin öhdəsindən gəlmək
kimi müqəddəs bir vəzifə qoymuşdular və
onlar bu tarixi missiyanın öhdəsindən layiqincə gəldilər.
Əvvəla
qeyd edək ki, milli ideyalara sədaqəti, həqiqi liderlik
keyfiyyəti ilə 17 il Azərbaycanın
siyasi səhnəsində mühüm yer tutan şəxsiyyət
kimi N.Yusifbəylinin müstəqil dövlətin təhlükəsizlik
məsələlərinin həllində söz sahiblərindən
olması arzuedilən və təbii idi. N.Yusifbəyli
bu taleyüklü vəzifələrin yerinə yetirilməsində
nəinki fəal iştirakçı, müəyyən
dövrdə onları müəyyənləşdirən və
bu istiqamətdə fəaliyyətə rəhbərlik edən
şəxs olmuşdur. Onun bu fəaliyyəti
əsasən iki mərhələni əhatə etmişdir.
Müstəqilliyin elanı ərəfəsi və
dövlət quruculuğunun ilk ayları; 4-5-ci hökumətlərə
rəhbərlik dövrü.
N.Yusifbəyli Gəncə Milli Komitəsinin həmrəhbəri
olduğu dövrdə N.Şeyxzamanlının və bir
neçə nəfər fəalın Azərbaycana
mümkün hərbi yardım göstərilməsi xahişi
ilə Türkiyəyə göndərilməsinin təşəbbüskarı
olmuşdu. "Azərbaycanın mərkəzi Bakı
düşməndən təmizlənməlidir. Çünki başsız bədən olmaz və
yaşamaz. Bizim xalq qüvvələrimiz
bunun üçün kifayət deyildir. Böyük
bir yardıma ehtiyac vardır və bu yardımı da bizə
ancaq Osmanlı İmperatorluğu edə bilər", - deyən
Nəsib bəy həmin yardımın yalnız Azərbaycanın
müstəqilliyinin təmin edilməsi şərti ilə
göstərilməli olduğunu da vurğulayırdi. Çünki onun amalı Azərbaycanın müstəqil
yaşaması idi və bu məsələdə heç vəchlə,
heç bir təhlükə qarşısında və ən
yaxın bildiyi dövlətə də güzəştə
gedilə bilməzdi.
Osmanlı dövləti ağır durumuna və
imperiyanın sarsılmasından istifadə edən xarici
qüvvələrin onu tamamilə məhv etmək
planlarına baxmayaraq, çətin gündə Azərbaycandan
öz köməyini əsirgəmədi. Nuru
paşanın başçılığı altında hərbi
güc, Qafqaz İslam Ordusu Şərqdə ilk demokratik
Cümhuriyyətə yardım üçün göndərildi.
İkinci məqam N.Yusifbəylinin Azərbaycanda milli
ordunun yaradılmasındakı xidmətləri ilə
bağlıdır. O, Gəncədə ilk hərbi birləşmələrin
formalaşdırılması, xüsusi ilə silah-sursat təchizatı
və başqa məsələlərin həllində təşkilatçılardan
idi.
Nəsib
bəy Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə
köçürülməsi və yeni ünvanda işin təşkili
üçün müvafiq şəraitin yaradılması
kimi mühüm təhlükəsizlik tədbirinin yerinə
yetirilməsinə rəhbərlik etmiş, buna X.Sultanov və
R.Şəfibəyovla birlikdə nail olmuşdu.
Onun dövlət təhlükəsizliyinin təminatı
istiqamətindəki fəaliyyətinin ən gərgin və
intensiv dövrü 4-cü və 5-ci hökumətlərə
rəhbərlik etdiyi illərlə bağlıdır. 1919-cu il aprel ayının
14-də Baş nazir vəzifələrinin icrasına
başlayan N.Yusifbəyli yeni hökumətin proqramı ilə
bağlı bəyan edirdi ki, xarici siyasət sahəsində əsas
vəzifə böyük dövlətlərin Azərbaycanın
suverenliyini tanımaqlarına nail olmaq, ölkənin ərazi
bütövlüyünü təmin etmək, qonşu
dövlətlərlə mehriban, xoş münasibətlər
saxlamaqdan ibarət olacaq. "Təşkil etdiyim hökumət,
üzərinə nə qədər ağır və nə qədər
böyük bir məsuliyyət almış olduğunu
anlayır... Müstəqilliklə bərabər,
qarşımızda heç də az əhəmiyyətli
olmayan başqa vəzifələr də durur ki, onların
tezliklə həll edilməsini hökumət özünün
təxirəsalınmaz və müqəddəs borcu hesab
edir... Azərbaycanın ayrılmaz hissəsi
olan Lənkəran qəzası hələ yadlar əlindədir.
100 minə qədər vətəndaşımız hər an təhlükələrə, təhqirlərə
və təzyiqlərə məruz qalır. Azərbaycanın
Tiflis və İrəvan vilayətlərində bulunan hissələrinə
göz dikənlər dəxi vardır".
Dördüncü hökumətin işə
başladığı dövr respublikada iqtisadi
böhranın güclənməsi dönəminə təsadüf
etmişdi. Hökumət kabinetinə daxil olmayan "Hümmət"çi
bolşeviklər qadağalara baxmayaraq, Bakı fəhlə
konfransı vasitəsi ilə fəhlələri tətillərə
təhrik edir, iqtisadi böhranı dərinləşdirməyə
çalışırdılar. "Onlar öz məclislərində
açıq deyirlər ki, biz gərək bütün
Rusiyada, o cümlədən, Azərbaycanda, - onu Rusiyanın
bir parçası hesab edirlər, - Sovet hökuməti təşkil
edək... İki yüz milyon put neft var. Onu satmaq lazım,
satmaq üçün də mühüm bir bazar Həştərxandır.
Ancaq hökumət və millət deyir ki, neft
bacını da verər, Sovet hökumətini bura gətirməz
və istiqlalından əl çəkməz. Əgər Rusiya bizim istiqlalımızı
tanırsa, bizimlə hesablaşırsa, o zaman neft verərik.
Bunlar olmayınca hökumət sovetlərə
neft verməz".
N.Yusifbəyli
əhaliyə 28 may müraciətində Çar
Rusiyasında hər bir huquq, mədəni tərəqqi və
ən adi siyasətdən məhrum olan, arzuları məhv edilən,
bolşevik hərc-mərcliyi vaxtı, evləri talan və qarət
edilən, böyük fəlakət və musibətlərə
düşürülən Azərbaycan türklərinin
"Bu az vaxt ərzində özlərinin azad və müstəqil
yaşamağa layiq olduqlarını göstərib, dövlət
təşkilində istedad və qabiliyyətlərini sübut
etdilər", - deyirdi.
Nəsib bəy hökuməti ölkənin bütün
ərazisində hakimiyyətin bərqərar olunması
üçün ən qəti tədbirlər
görürdü. Çünki bu dövrdə Azərbaycan
öz ərazilərinin üçdə birində real hakimiyyətə
malik deyildi. Bir yandan xarici müdaxilə təhlükəsi,
digər tərəfdən, daxili sabitliyin kövrəkliyi vəziyyəti
gərginləşdirmiş, antiazərbaycan qüvvələri
hərəkətə gətirmişdi. Lənkəran qəzasında
oyuncaq "Muğan respublikası"nın
ləğvi, idarəçiliyin nəzarətə
götürülməsi hökumətin dövlətin təhlükəsizliyi
və müstəqilliyin möhkəmləndirilməsi
üçün qətiyyətlə hərəkət etdiyini
göstərirdi.
Eyni qətiyyət Dağıstanda gedən proseslərə
münasibətdə də nümayiş etdirilirdi. Dağıstanın müstəqil
yaşamasının, Rusiya ilə arada bir sədd
olmasının vacibliyini nəzərə alan
hökumət sədri orada tökülən qanlara
etirazını bildirməklə, Dağıstan və Azərbaycan
dövlətlərinin ortaq strateji maraqlarını
mühüm amil kimi dəyərləndirirdi.
"Dağlılar İttifaqı Cümhuriyyəti ilə
aramızda ixtilaf deyil, tam anlaşma və həmrəylik var.
Denikinin ordusu Şimali Qafqaza hücum edərək cəsur və
şücaətli dindaşlarımızın qarlı
dağlarını al qanlara boyayıb, onları və onlarla bərabər
bizləri yenidən əsarət altına almaq fikrindədirlər".
Ciddi narahat olan Baş nazir müttəfiqlərin
komandanlığından Denikinin Dağıstandan
çıxarılması üçün qəti tədbirlər
görülməsini xahiş etmişdi. İyunun 5-də
parlament iclasında bir neçə gün əvvəl
Denikinin Azərbaycanın istiqlalını tanıması
haqqındakı məktubunu xatırladan N.Yusifbəyli qeyd
edirdi ki, o sözlərə "nə mən oxuyan, nə də
siz eşidən zaman etibar etməmişdiniz. O məktubunun
mürəkkəbi qurumamış, onun tam əksinə olan
ikinci məktubu oxuyanda Denikinin bəyanatına şübhə
etməkdə nə qədər haqlı olduğumuzu bilərsiniz".
"Məsələnin Rusiyada təşkil olunacaq ali hakimiyyət tərəfindən həllinə
qədər Azərbaycanın istiqlalını münasib bilir
və tanıyırıq".
Bununla
bağlı müttəfiq qüvvələrin Cənubi
Qafqazda yeni baş komandanı, general Q.Kori və polkovnik
Şatalvertlə görüşən Baş nazir onların
"nə tədbir görürsünüz" sualına
cavab olaraq: "...vətənimizi müdafiə edəcəyik.
Buna görə hər bir tədbir görürük və
görəcəyik", demiş və qətiyyətlə
onlara vədlərini xatırlatmışdı: "Sizin vədləriniz
olmasaydı, biz Dağıstana böyük kömək
göndərərdik, bu gün
Dağıstan məğlub və sərhədimiz təhdid
altında olmazdı".
Azərbaycanın üzləşdiyi bu təhlükələr,
açıq-gizli təhdidlər, xüsusi ilə müdafiə
sahəsində hökumət tərəfindən təcili və
kompleks tədbirlər görülməsini tələb edirdi. Mövcud problemlərin həlli
üçün Nazirlər Şurası 1919-cu il
iyun ayının 9-da fövqəladə səlahiyyətlərə
malik Dövlət Müdafiə Komitəsinin yaradılması
haqqında qərar qəbul etdi. Bu Komitənin
ölkə ərazisində hərbi, müharibə vəziyyətləri
elan etmək, ümumi hərbi səfərbərlik keçirmək,
könüllü müdafiə dəstələri yaratmaq, həmin
vəzifələrin daha uğurla yerinə yetirilməsi
üçün yeni strukturlar təşkil etmək və sair
kimi geniş səlahiyyətləri vardı. Ölkə həyatının ən mühüm sahələrində
təhlükəsizliyin təmin olunmasına məsul olan bu
dövlət qurumuna Baş nazir özü sədrlik edirdi.
DMK fəaliyyətinin ikinci günü bütün
respublika ərazisində hərbi vəziyyət elan etdi. DMK vəziyyətlə
əlaqədar dövlət orqanlarından gələn təklifləri
müzakirə edir, əsasən müdafiə və təhlükəsizlik
məsələləri ilə bağlı təxirəsalınmaz
qərarlar qəbul edirdi. Baş Qərargah rəisi
M.Sulkeviçin DMK-ya ünvanlanmış 1919-cu il 26 iyun tarixli raportunda deyilirdi: "Qarabağ
hadisələri, Lənkəran qəzasında
iğtişaşlar, şübhəsiz ki, Könüllü
ordunun Dağıstanda peyda olması ilə əlaqəlidir və
dövləti təhlükə təkcə şimaldan deyil, cənubdan
və qərbdən də gözləyir".
Hökumətin qərarı və hərbi nazirin əmri
ilə Lənkəran şəhərinin alınması və
Azərbaycan hakimiyyətinin bərqərar olunması
üçün general Səlimovun komandanlığı
altında Lənkərana üç növ qoşun hissəsindən
ibarət xüsusi dəstə göndərildi. Hərbi nazirin dediyi kimi:
"Bu dəstə Lənkəran qəzasını və
Muğanı Azərbaycanın ağuşuna qaytardı".
DMK-nın
ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi
yolunda mühüm addımlardan biri iyun ayının 11-də
"Əksinqilabla mübarizə təşkilatı"nın yaradılması oldu. Qurumun
əsas vəzifəsi kəşfiyyat və əks-kəşfiyyat
işini həm də mülki təşkilatlar və əhali
arasında aparmaq, xarici və daxili düşmənlərin təxribatlarının
qarşısını almaq idi.
1919-cu ilin yayında daha da fəallaşan Denikinin
artıq Cənubi Qafqaz respublikalarını özünə
tabe etdirmək niyyətini gizlətmir, öz notasında Azərbaycanın
hərbi-ticarət gəmilərinin rus bayrağından
başqa hər hansı bayraqla üzməsinə yol verməyəcəyini
bildirirdi. Bu əsassız
notanı Azərbaycanın suveren hüquqlarına qəsd kimi
qiymətləndirən DMK Xarici İşlər Nazirliyinə
bu məzmunda cavab verilməsini tapşırmışdı:
"Rusiya və İran arasında imzalanmış Türkmənçay
müqaviləsi yalnız Rusiya və İran üçün
məcburi ola bilər, bu, yeni
yaranmış dövlətlərə aid deyildir; Azərbaycanın
Xəzər dənizi sahillərində yerləşən
limanları və ticarət gəmiləri vardır və bu gəmilər
Azərbaycan bayrağı altında üzəcəkdir". Bu cavab da Baş nazirin ölkənin müstəqilliyi
məsələsində hansı qəti mövqe
tutmasının növbəti sübutu idi.
Nəsib
bəy 1919-cu il avqustun sonunda: "Xarici
düşmənlərimiz içində yalnız Denikin deyil,
bolşevik qüvvəti də vardır. Bütün
dünya bu qüvvənin qarşısında kəndimizi necə
saxlaya biləcəyimizi dörd gözlə gözləyir.
Biz indi çox mühüm imtahan dövrləri
keçiririk. Təəssüf, bu
xüsusda hamınız həmrəy deyilsiniz. Bəziləri
bu xüsusda hökumətə kömək etməkdən
çox, mane olur... Məmləkətimiz əleyhinə gələ
biləcək təhlükələrə qarşı, bu təhlükə
istər sağdan, istərsə də soldan olsun, xarici
düşmənlərdən müdafiə üçün
sizdən kömək gözləyirəm", - deyirdi.
N.Yusifbəylinin dördüncü hökumətdə həm
də daxili işlər naziri olması ölkədə daxili
sabitliyin təmin edilməsində birbaşa iştirakına,
lazım gəldikdə bu sahədə gündəlik qərarlar
qəbul etməsinə imkan yaradırdı. "Azərbaycan" qəzeti
1919-cu il 22 avqustda daxili işlər
nazirinin ingilislərin Bakıdan getməsi ilə əlaqədar
əhali arasında şayiələr yayılması ilə
bağlı onları sakitliyə, qayda-qanunu gözləməyə
çağırdığını, hökumətin
heç bir zorakılığa yol verməyəcəyini
bildirdiyini yazırdı.
Nəsib
bəy ölkədə daxili sabitliyə nail olunması
üçün bolşeviklərin törətdiyi təxribatların
qarşısının alınmasının başlıca məsələlərdən
olduğunu dəfələrlə vurğulamış, bu sahədə
lazımi tədbirlərin görülməsini təmin
etmişdi. Təfərrüatlara varmır, yalnız onu
vurğulayırıq ki, 1920-ci ilin 27 aprelində hakimiyyəti
zorla ələ keçirən bolşeviklərin birinci
növbədə Nəsib bəyi və Fətəli Xan
Xoyskini sui-qəsd yolu ilə aradan götürmələrində
həmin mübarizənin xüsusi rolu olmuşdu. Bolşeviklər bu "xidmətləri" unuda
bilməzdilər və onu öldürmək üçün
haqqında ənənəvi xüsusi qovluqlar yaradaraq
düşmən olduğunu sübuta yetirməyə də
ehtiyac yox idi, çünki Nəsib bəy
açıq-aşkar bolşeviklərin düşməni idi.
1919-cu
ilin son ayları, xarici missiyaların, xüsusi ilə Amerika və
İtaliya dövlətlərinin nümayəndələrinin
Azərbaycana ciddi maraq göstərmələri, ingilislərdən
sonra ümumən Cənubi Qafqazda nüfuz dairəsi yaratmaq təşəbbüsləri
ilə xarakterikdir. Rusiyanın başının
daha çox öz daxili problemlərinə
qarışdığı bir vaxtda bu cəhdlərin müəyyən
uğurlarla nəticələnməsi mümkün idi. Şərur-Naxçıvan vilayətlərində
ermənilərlə azərbaycanlılar arasında silahlı
toqquşma ilə pozulmuş sülhün, əhalinin əmlakı
və şəxsi təhlükəsizliyinin bərpası
üçün növbəti təşəbbüslərdən
biri Amerika dövlətinin nümayəndəsi V.Haskel tərəfindən
göstərilir. Haskel bu ərazini idarə
edən şəxs kimi oktyabrın 23-də Naxçıvanda
Amerika general-qubernatorluğu yaradıldığını
bildirirdi. Amerika nümayəndəsinin
bölgədə mübahisəli məsələlərə
yanaşması ilə bağlı daha çox bir cəhətə
diqqəti yönəldək ki, bütün xarici missiyalar
Qafqazda öz nüfuzlarını möhkəmləndirmək
üçün ilk əvvəl burada guya mümkün
münaqişə ocaqlarını ləğv etmək məqsədi
güddüklərini göstərməyə
çalışırdılar. Bununla bölgədə
yaşayan xalqların daxili problemlərinə daha dərindən
nüfuz etməklə onlarla yaxından tanış
olmaq, ən başlıcası isə özləri barədə
sülhməramlı dövlət imici formalaşdırmaq istəyirdilər.
Əks halda həmin bölgədəki
maraqları ciddi təhlükələrə məruz qalar, nəzərdə
tutulan layihələrin reallaşdırılması
qeyri-mümkün olardı. Bütün
bunların mahiyyətini dərindən başa düşən
hökumət sədri güclü Qərb dövlətlərini
təmsil edən missiyalara son dərəcə ehtiyatla
yanaşır və onların imkanlarından istifadə etməklə
həm əzəli ərazilərimizin işğal edilməsinin
qarşısını almağa, həm də bölgədə
əmin-amanlığa nail olmağa
çalışırdı. Daxildə və
sərhədin bir addımlığında kifayət qədər
düşməni olan Azərbaycanın özünə yeni əleyhdarlar
qazanmasına yol vermək olmazdı. N.Yusifbəyli
hökuməti belə məqamları nəzərə
alır, düşünülmüş addımlar
atırdı.
1919-cu ilin payızına qədər ölkə daxilində
sabitliyin nisbətən möhkəmlənməsinə, bir
sıra ərazilərdə hakimiyyətin bərpa
olunmasına baxmayaraq, koalisiyalı əsaslarda
formalaşdırılmış hökumət fəaliyyəti
ilə əlaqədar müxtəlif çətinliklərlə
qarşılaşırdı. Hökumətin təşkilində
iştirak etmiş bəzi parlament firqələri müəyyən
şərtlər irəli sürür, kabinetdə öz mənafelərinə
uyğun dəyişikliklərə nail olmağa
çalışırdılar. Bu isə
hökumətdaxili mübarizəni kəskinləşdirir,
qarşıya qoyulan vəzifələrin uğurla həyata
keçirilməsinə maneçilik törədirdi. Belə
bir durumda başı daxili münaqişələrə
qarışdırılan bir hökumətin lazımi səmərə
ilə işləyə bilməyəcəyini nəzərə
alan N.Yusifbəyli 1919-cu il sentyabrın 18-də
parlament sədrinə məktub yazıb sosialist və
"Əhrar" firqələrinin hökumətə etibarı
müəyyən şərtlərə bağladıqları
üçün istefa verdiyini bildirmişdi. Bu,
ciddi bir xəbərdarlıq idi. Bunu nəzərə alan parlament sədri firqələrin
razılığı əsasında 22 sentyabrda N.Yusifbəyliyə
yeni kabinet yaratmaq təklifi ilə müraciət edir.
1919-cu il noyabrın 16-da yeni hökumətin ilk tərkibi
"Azərbaycan" qəzetində dərc olunsa da, onun fəaliyyətə
başlaması yalnız üç ay sonra mümkün oldu.
1919-cu il 22 dekabrda parlamentdə yeni, 5-ci
hökumətin proqramını bəyan edən N.Yusifbəyli
qarşıda duran ən mühüm vəzifələri belə
səciyyələndirmişdi: "...İkinci məsələ
Qarabağ məsələsidir. Qarabağ
haqqında danışarkən biz 4 qəzanı nəzərdə
tuturuq. Son vaxtlar müxtəlif intriqalarla və
fəsadlarla Zəngəzur qəzasının Qarabağdan kənarda
yerləşməsini sübut etmək istəyirlər. Yüz və min illərdir ki, Zəngəzur
Qarabağın tərkib hissəsidir, Qarabağ isə Azərbaycanın
ürəyidir, buna görə də aydındır ki, bu fəsadlardan
bir şey çıxmayacaq. İndi
Qarabağın üçdə ikisi bizim əlimizdədir, Zəngəzur
qəzasının yarısı isə
qiyamçıların əlindədir. Üçüncü
məsələ Şərur-Naxçıvan məsələsidir,
yaxud əhalisinin əsas hissəsi azərbaycanlılar olan
İrəvan quberniyasının bir hissəsi".
1920-ci il 11 yanvarda müttəfiqlərin Azərbaycanın müstəqilliyini tanınmasına, dövlət təhlükəsizliyi sahəsində bir çox məsələlərin həllinə baxmayaraq, ölkə hələ xarici, xüsusi ilə Sovet Rusiyası tərəfindən gözlənilən təcavüzdən tam müdafiə imkanlarına malik deyildi.
N.Yusifbəyli hökuməti yalnız daxildə deyil, qonşu dövlətlərin ərazisində kompakt yaşayan türk-müsəlman əhalinin təhlükəsizliyinin təmin edilməsi məsələlərini də diqqətdə saxlayırdı. Parlamentin 1920-ci il 9 mart iclasında Baş nazir Qarsda növbəti türk-müsəlman qırğınları barədə məlumat vermişdi: "Erməni qoşunları 24 ədəd müsəlman kəndini yerlə-yeksan edib, əhalini təmamən qırmış, ya da qovmuşlar və işğal etmişlər... məsələ yalnız Qars deyil, ermənilərin idarəsi altında olan Eçmiədzin, Yeni Bayazid, İrəvan qəzalarında və sair yerlərdə külli miqdarda müsəlman var idi. Hər halda əhalinin otuz faizi qədərdi. Necəsə, birdən-birə bunların hamısı yox olmuş və nəticədə indi orada müsəlman yoxdur. Ancaq iki kənd qalmışdır. Bizi qorxudan budur ki, Qarsda da belə olsun. Buna görə bunun önünü almaq lazımdır".
Nəsib bəy parlament üzvləri və xalqdan soyuqqanlı davranaraq, daxildə bunun əksini, kimin vəhşi, kimin mədəni olduğunu göstərməyə imkan verilməsini xahiş edirdi. Təbii ki, hər fürsətdə əzəli türk yurdlarını özününküləşdirmək istəyən ermənilər tam fərqli düşünürdülər və törətdikləri qırğınları dayandırmaq fikirində deyildilər. Əsas niyyət geniş ərazilərə malik monoetnik Ermənistan yaratmaq idi. M.Ə.Rəsulzadənin dediyi kimi: "Bu günlərdə Parisdəki Poqos Nubar paşadan gələn məlumatdan anlaşılır ki, vahid Ermənistan məsələsi həll edilmək üzrədir... Biz bilirik ki, Qars tərəfinə vahid Ermənistanın mərkəzi kimi baxırlar. Məqsəd süni bir Ermənistan düzəltməkdir".
1920-ci il martın sonlarında ermənilər
Ermənistan və Rusiyanın təhriki və dəstəyi
ilə Qarabağın Cavanşir, Zəngəzur qəzalarında
üsyan qaldırdılar. Milli ordu hissələri
üsyanı yatırsa da, əsl niyyət Azərbaycanın
işğalına zəmin hazırlamaq idi və
hazırladılar. Rusiyanın
işğalçı ordusu ilk demokratik dövlətimizi
süquta uğratdı və N.Yusifbəyli kimi millət fədailərinin
başlatdığı böyük işlər, o cümlədən,
ilk Cümhuriyyətimizin dövlət təhlükəsizliyi
sisteminin formalaşdırılması prosesi
yarımçıq qaldı.
Lətif
BABAYEV
Tarix
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2021.- 15 iyul.- S.12-13