"Əkinçi"ni vərəqlərkən...  

 

Bu ilin iyul ayının 22-də "Əkinçi" qəzetinin ilk sayının çıxmasının 146 ili tamam olur. Görkəmli ziyalı maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşüb.

 

Xalqımızın milli özünüdərk istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində "Əkinçi"nin böyük xidmətləri olub.

 

Milli mətbuatımızın ilk qaranquşunda Zaqatala ilə bağlı hansı xəbərlərin verilməsi məni çoxdan maraqlandırırdı. Mətbuat günü ərəfəsində qəzetin çap olunmuş 56 nömrəsini yenidən vərəqlədim. Məlum oldu ki, "Əkinçi" qəzetində rayonumuzla ilə əlaqədar 6 xəbər verilib. Bu xəbərlər XIX əsrin II yarısında bölgəmizin tarixini öyrənmək baxımından çox qiymətli mənbələrdir.

 

"Əkinçi"də Zaqatala ilə bağlı ilk yazı qəzetin 29 fevral 1876-cı il tarixli IV nömrəsində verilib. Qəzetin "Təzə xəbərlər" şöbəsində verilən qısa xəbərdə deyilir: "Tiflisski vestnik" qəzeti yazır ki Zəkərtala (Zaqatala) şəhərində 50 000 manat qədər məbləğ cəm olunub ki, ətraf kəndlər üçün bank açılsın".

 

Bu da təsadüfi deyil. 1851-ci il 7 iyun tarixli İmperator fərmanı ilə Zaqatalaya şəhər statusu verildi. Bu fərmandan sonra şəhər sürətlə böyüməyə başladı. Zaqatala aqrar kənd təsərrüfatı bölgəsi olsa da, şəhərdə müxtəlif sənaye sahələri inkişaf etməyə başladı. Xüsusilə toxuculuq, ipəkçilik, dulusçuluq, rəngkarlıq, dəmirçilik kimi sahələrdə böyük bir canlanma yarandı.

 

Mənbələrdə göstərilir ki, 1886-cı ildə Zaqatala dairəsində 2 iri ipəksarıma fabriki - Səfərovun 40 dəzgahlı, Aniyevin 14 dəzgahlı fabrikləri fəaliyyət göstərirdi. Hər iki fabrik Avropadan gətirilmiş avadanlıq buxar maşınları ilə təchiz olunmuşdu. Dairədə daha iki fabrik fəaliyyətdə idi.

 

Sənayenin inkişafı ilə əlaqədar kadr hazırlığına da diqqət yetirilirdi. Belə ki, XIX əsrin 70-ci illərində dairə rəisi Şelkovnikovun təşəbbüsü ilə dairədə sənət məktəbi təşkil edilmiş burada 40-a yaxın şagird müxtəlif peşələrə yiyələnirdi. Məktəbin nəzdindəki nümunəvi meyvə bağları barama açan müəssisənin, fermanın gətirdiyi gəlir hesabına məktəbin bütün xərcləri ödənilirdi.

 

Zaqatala şəhərində müxtəlif sənaye müəssisələrinin fəaliyyət göstərməsi, digər qurumların yaradılması təbii ki, onlara xidmət göstərən bankların yaradılmasına səbəb olmuşdu.

 

"Əkinçi"dəki qısa xəbər bunu deməyə əsas verir ki, XIX əsrin sonlarında Zaqatala dairəsində kənd təsərrüfatının inkişafı da diqqət mərkəzində olub. Bu da təbiidir. XIX əsrin II yarısında Zaqatala dairəsi Azərbaycanın iqtisadi həyatında mühüm rol oynayır dairədə əkinçilik, ipəkçilik, maldarlıq, tütünçülük, bağçılıq sair sahələr sürətlə inkişaf edirdi.

 

Bütün bunlar isə dairədə kəndlilər üçün kənd təsərrüfatının inkişafına yardım göstərəcək bankın açılmasını zərurət kimi tələb edirdi.

 

"Əkinçi"də Zaqatala ilə bağlı digər iki xəbərdə Zaqatala şəhərində baş vermiş dəhşətli yanğından bəhs edilir. Qəzetin 25 iyun 1876-cı il sayında "Təzə xəbərlər" şöbəsində bununla əlaqədar aşağıdakı xəbər verilib: "İyun ayının 5-ində Zəkərtala (Zaqatala) şəhərində bərk yanğın olub. Şəhərin 3-dən 2 hissəsi bilmərrə yanıb. Ona binaən Rusiya qəzetləri evləri yananlar üçün pul cəm ediblər. Bu səbəblərə yazıb məlum edirik ki, hər kəs Zəkərtala şəhərinin xalqına Allah rizasına pul vermək istəsə, bizə göndərsin ki, dərhal onlara göndərək".

 

"Əkinçi"nin 9 avqust 1876-cı il tarixli 15-ci nömrəsində yenidən Zaqatalada baş vermiş yanğına qayıdılmışdı. Qəzetdə acı-acı yazılır ki, bu günə qədər yardım üçün bir qəpik pul göndərilməmişdi. Halbuki rus qəzetlərinin idarəsinə xaricilər yardım üçün pul göndərirlər, biz isə (müsəlmanlar) bir qəpiyə heyifsilənirik.

 

Qəzetin 17 mart 1877-ci il tarixli 6-cı sayında "Kafkaz" qəzetinə istinadən göstərilir ki, Zaqatala dairəsindən 400 nəfər, Car kəndindən isə 13 nəfər könüllü əsgər getməkdən imtina etmişlər. Odur ki, general Frankin 2 batalyon soldat 1 batareya top ilə Car kəndinə gəlmiş, 13 nəfər əvəzinə 30 nəfəri zorla əsgər aparmışdı.

 

Qəzetin 18 avqust 1877-ci il tarixli 17-ci nömrəsində verilən xəbərdə isə qeyd edilir ki, 1877-ci ilin 3 avqustunda Zaqatala şəhərindən Tiflisə 12 nəfər ayağı buxovlu adam gətirmişlər. Onlar camaata əsgər verməyə mane olurmuşlar.

 

Hər iki xəbərdə təkidlə qeyd olunur ki, Zaqatala dairəsinin sakinləri rus ordusuna əsgər verməkdən ciddi şəkildə imtina etmişdilər. Bu da səbəbsiz deyildir. Həmin dövrdə Rus-Türk müharibəsi başlanmışdı. Dairənin sakinləri isə Rusiya tərəfindən Türkiyəyə qarşı vuruşmaq istəmirdilər.

 

Bu deyilənləri həmin dövrdə (1877-1878) ölkəmizdə səyahətdə olan ilk avropalı səyyah qadın, fransız Karla Serena "Mənim səyahətim" adlı əsərində dəqiqliklə qeyd etmişdir.

 

Karla Serena Azərbaycana səfərini Zaqatala şəhərindən başlamışdır. Həmin vaxt Rus-Türk müharibəsinə ciddi hazırlıq gedirmiş səyyah qadının söylədiyinə görə, Zaqatala əhalisinin üsyanı gözlənilirmiş. O, Zaqatalanın həmin günlərini belə təsvir edir: "Qalada yaşayanlar hər gün hücuma məruz qalacaqlarını gözləyirdilər. Qalanın komendantı da üsyan baş verəcəyini bilirdi. Şübhəli adamlar həbs olunurdular".

 

Azərbaycan mətbuatının bünövrəsini qoymuş bir qəzetdə rayonumuzla əlaqədar çap olunmuş bu yazılar qəlbimizdə böyük qürur hissi oyadır. Görkəmli maarifçi, böyük ustad Həsən bəy Zərdabinin əziz xatirəsi önündə ehtiramla baş əyirik.

 

Həşim İSMAYILOV

Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı  (Zaqatala rayonu Sumaylı kəndi)

 

525-ci qəzet.- 2021.- 15 iyul.- S.11.