Milli özünüdərkin ədəbi kontekstdə təzahürünə əsaslı baxış  

 

Xalqın maariflənməsində, tərəqqisində misilsiz xidmətləri olan görkəmli ziyalıların müstəsna xidmətləri olmuşdur.

 

Millətin qayğıları və azadlığı üçün çalışan, onu azad gələcəyə qovuşdurmağa can atan bu ziyalılar əzab və əziyyətlərlə qarşılaşsalar da, öz əqidə və məsləkləri uğrunda mübarizə apararaq tarixdə özlərinə əbədi iz qoymuşlar. Milli özünüdərkin ədəbi prosesdəki rolunu çağdaş elmi-nəzəri prinsiplərə əsaslanan meyarlarla yeni təfəkkür işığında araşdırmaya cəlb etmək aktual problemlərdən biridir.

 

Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin yeni kitabında ("Milli özünüdərk ədəbi kontekstdə" Bakı, Azərnəşr, 2021) ədəbi-ictimai fikrimizin müəyyən bir mərhələsində xalqın formalaşması prosesində milli özünüdərkin inkişaf yolu, prosesləri, milli şüur və milli ideya məsələlərindəki rolu araşdırılır. Monoqrafiyada M.F.Axundzadə, C.Əfqani, H.Zərdabi, N.Vəzirov, M.Şahtaxtlı, N.Nərimanov, C.Məmmədquluzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Hadi, A.Səhhət, A.Şaiq, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli kimi fikir adamlarının əsərlərinə və düşüncələrinə milli özünüdərk kontekstindən yanaşılır. Ümumbəşəri dəyərlər sistemində milli-mənəvi özünüdərkin ölçüyəgəlməz rolunu xüsusi qeyd edən müəllif bu prosesin ədəbi düşüncədə də öz əksini tapdığını sərgiləyir. Başlanğıcını ta qədimdən götürən bu proses XIX əsrin əvvəllərində intensiv xarakter almış və milli özünüdərkin bədii düşüncədə yeni mərhələsi başlanmışdır. Xüsusilə bu proses Azərbaycan maarifçilərinin fəaliyyətində və əsərlərində ağıla söykənərək maarifçilik istiqamətinə yön almışdır. Maarifçilərdən A.Bakıxanov, M.Ş.Vazeh, İ.Qutqaşınlı bilik, elm və mədəniyyətin yayılmasının maarifçilik işində milli özünüdərkin təhsil və məktəbdən keçdiyini ilk dərk edənlərdən olmuşdur. Onları düşündürən xalqın taleyi, onun mənəvi yüksəlişi, milli şüuru və milli yaddaşı idi. Onların nəzərində milli özünüdərk həm də milli "mən"i mənimsəməklə bağlıdır. Milli özünüdərk millətin əsas göstəriciləri sırasındadır. Özünüdərk mədəniyyətlə ilgili millət üçün yüksək önəm daşıyan əlamətlərdən biridir. Təqdirəlayiqdir ki, professor Timuçin Əfəndiyevin monoqrafiyasında zəngin və geniş bir dövrün - XIX əsrin sonu və XX əsrin əvvəllərində milli özünüdərk problemi məntiqli şəkildə öz əksini tapıb.

 

Dörd fəsildən ibarət olan monoqrafiyanın ön sözündə müəllif əsəri yazmaqda əsas məqsədini açıqlayır: "Azərbaycanda milli özünüdərk prosesinin baş verməsində ədəbi-bədii düşüncənin ölçüyəgəlməz rolu olmuşdur. Milli ideya və milli müstəqilliyə gedən yol əvvəlcə milli şüurun oyanması, formalaşması sayəsində baş vermişdir. Milli özünüdərkin xalq düşüncəsində və siyasi-ictimai həyatında uzun bir yol keçərək özünün milli dövlətini yaratmasının və ideologiyasını formalaşdırmasının şahidi oluruq. Monoqrafiyanı yazmaqda əsas məqsəd milli özünüdərkin xalqın düşüncəsində, həyatında, təfəkküründə oynadığı rolu nəzərdən keçirmək, özünüdərkin bədii düşüncədəki təzahür komponentlərini araşdırmaqdır". Müəllifə görə milli özünüdərk xalqın bir millət olaraq formalaşmasının ən mühüm aspektlərindən biri kimi çıxış edir.

 

Monoqrafiyanın birinci fəsli "XIX əsrin ikinci yarısında ədəbi, ictimai proseslər özünütanımanın ilk mərhələsi kimi" adlanır. Səkkiz bölümü əhatələyən bu fəsildə özünütanımanın mənbə və qaynaqları, M.F.Axundzadə yaradıcılığında milli intibah ideyaları, milli teatrın yaranmasında özünüdərk problemləri, milli mətbuatda və "Kaspi" qəzetində özünüdərk məsələləri, H.Zərdabinin milli oyanma prosesində rolu və ideya məsələsi araşdırılır. M.F.Axundzadə komediyalarını xalqın milli ictimai şüurunun formalaşmasını praktik şəkildə həyata keçirən ilk bədii mətn nümunələri kimi qiymətləndirir və bədii düşüncədə xalqın özünüdərk etməsi prosesini onun komediyalarının start götürməsi ilə sərgiləyir. M.F.Axundzadə dramaturgiyasında xalq özünü görür, özünü tanıyır və özünə gülürdü. Bu əsərlərdə milli oyanışa, milli özünüdərkə və milli mənlik şüurunun inkişafına xüsusi yer verilirdi. M.F.Axundzadə şahzadə Cəlaləddin Mirzəyə məktublarının birində öz komediyalarını nəzərdə tutaraq yazırdı: "Bu əsərləri yazmaqda məqsədim öz xalqımı Avropada məlum olan dram və teatr sənəti ilə tanış etmək idi, bəlkə mənim başqa həmvətənlərim də son dərəcə faydalı olan bu gözəl sənətin şərtləri və tələbatı ilə tanış olub, bu cür əsərlər yazmağa başlasınlar". M.F.Axundzadənin əlifba dəyişdirmək ideyasına böyük önəm verən müəllif əlifba dəyişimini Şərq xalqlarının çağdaş sivilizasiya ilə ayaqlaşması, xalqın tərəqqi etməsi istəyi ilə bağlayır.

 

Teatrı milli-mənəvi dəyərlər konstekstində insanların özünüdərk prosesinə ən güclü təsir edə biləcək vasitələrdən biri hesab edən müəllif həm də onu milli "mən"i formalaşdıran ən mühüm faktorlardan sayır. Müəllif qeyd edir ki, teatr yalnız cəmiyyəti yeni ideyalar və ideallarla təmin etmir, həm də xalqın milli etnogenezini, etnoqrafik xüsusiyyətlərini müxtəlif boyalarla təqdim edir, dünyagörüşünü formalaşdırır. T.Əfəndiyev çeşidli qaynaqlara istinadən vurğulayır ki, milli "mən" şüurunun formalaşması həm də milli mətbuatın yaranmasından və inkişaf xəttindən keçir. H.Zərdabi millətin mədəni səviyyəsinin artması üçün məktəblərin açılmasını, təhsil alınmasını vacib faktorlardan biri hesab edirdi. O, "Əkinçi" qəzeti ilə dövrün yeniliklərini xalqın şüuruna yeritməyə çalışırdı, çünki inkişafı, tərəqqini yenilikdə görürdü. Bu fəsildə xalqın milli özünüdərkində M.Şahtaxtlının və "Kaspi" qəzetinin rolu da elmi araşdırmaya cəlb edilir.

 

Monoqrafiyanın ikinci fəsli "XIX əsrin sonu XX əsrin əvvəllərində milli özünüdərk" adlanır. Bu fəsil də özlüyündə yeddi bölümü əhatələyir. "Ədəbi ictimai prosesdə özünüdərk; ümmətçilikdən millətçiliyə" bölümündə N.Nərimanovun "Bahadır və Sona", Zeynalabdin Marağayinin "İbrahim bəyin səyahətnaməsi" romanlarının təhlilinə geniş yer verilir. Qeyd edilir ki, N.Nərimanov millət sözünü qəhrəmanın aydın proqramına çevirən ilk yazıçılarımızdan biridir. Bu fəsildə qeyd edilir ki, özünüdərketmənin ən böyük faktorlarından biri Millət və Vətən anlayışlarının cəmiyyət tərəfindən qəbul edilməsidir. Burada C.Məmmədquluzadənin "Anamın kitabı" tragikomediyası" elmi-nəzəri təhlillər əsasında, tarixilik və müasirlik mövqeyindən geniş təhlil olunur. Müəllif belə bir elmi qənaətə gəlir ki, C.Məmmədquluzadənin publisistikasının ana xətti olan Vətən, Millət və Dil triadasının dramaturgiya yaradıcılığında özünün ən yüksək bədii zirvəsinə çatdığını görürük. "Ü.Hacıbəyli publisistikasında milli özünüdərk problemləri" bölümündə görkəmli bəstəkar, musiqişünas və komedioqrafın felyeton yaradıcılığında xalqın milli kimliyi və özünüdərk problemləri şərh edilir.

 

Monoqrafiyanın "Azərbaycan ədəbiyyatının milli hərəkat dövründə özünüdərk" adlanan üçüncü fəslində "Molla Nəsrəddin" jurnalı və ədəbi hərəkatında milli oyanış, "Füyuzat" və füyuzatçıların yaradıcılığında milli özünüdərk məsələləri, Sabir satirasında özünütanıma və milli kimlik, maarifçi realistlərin yaradıcılığında vətən və vətəndaşlıq motivləri, tənqidi realistlərin yaradıcılığında vətən və xalq taleyi problemi, "Açıq söz" qəzeti və milli ideya məsələsi elmi-nəzəri təhlildən keçirilir. Qeyd edilir ki, mollanəsrəddinçilər ədəbi məktəbi xalqın özünüdərk prosesində ayrıca bir mərhələdir. Məhz bu jurnalın sayəsində cəmiyyət və onun bütün təbəqələri özünə yenidən baxdı, onun tənqid filtrindən keçərək özünü tanıdı. Xalqın özünü tanımasında, dövrün ictimai-siyasi proseslərinin dərk edilməsində jurnalın və onun müəlliflərinin əvəzsiz rolu oldu. Azərbaycan ədəbi, ictimai, mədəni şüurunun formalaşmasında "Füyuzat" dərgisinin roluna xüsusi önəm verən müəllif yazır: "Cəmi bir il ömür sürməsinə baxmayaraq, onun yaratdığı yol, qoyduğu konsepsiya, işlətdiyi dil, bədii estetik düşüncə, romantizm cərəyanına təkan verməsi, romantikləri öz ətrafında toplaması və s. yeni bir ictimai, əxlaqi, ədəbi şüurun formalaşmasından xəbər verirdi. Nə qədər qəribə də olsa, cəmi bir illik fəaliyyəti bir əsrdən sonra da onun qoyduğu yol, yaratdığı ədəbi-estetik təsir haqqında danışmağa imkan verir".

 

Monoqrafiyanın sonuncu - dördüncü fəsli "Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı milli özünüdərkin yeni mərhələsi kimi" adlanır. Bu fəsil də özlüyündə yeddi bölümü əhatələyir. Müəllif qeyd edir ki, XX əsrin əvvəllərində həm türk adı, həm də türkçülük ideyası Azərbaycan ədəbi, ictimai-siyasi mühitinə daxil olur. Ə.Hüseynzadənin "Türklər kimdir və kimlərdən ibarətdir" məqaləsini milli özünüdərkin formalaşması istiqamətində Azərbaycan ədəbi, elmi, ictimai-siyasi mühitinə böyük təsir kimi dəyərləndirir. Poeziyada türk adı və onun milli özünüdərki M.Hadi, A.Şaiq, A.Səhhət, Ə.Müznib, H.Cavid, Ə.Cənnəti və başqalarının yaradıcılığında aydın ifadə olunurdu. Tədqiqat əsərində bu şairlərin yaradıcılığından da bədii nümunələr göstərilir. Müəllif qeyd edir ki, XX əsrin əvvəllərindən Azərbaycan ədəbiyyatında, xüsusilə poeziyasında təşəkkül tapan türkçülük ruhu bolşevik işğalından sonra həm ədəbiyyatdan, həm də ictimai fikirdən çəkilir və yalnız 80-ci illərin sonlarından milli hərəkatın növbəti dalğasında yenidən geri qayıdır.

 

Ümumiyyətlə, monoqrafiyanın bütün fəsillərində müəllif tədqiq etdiyi bütün əsərləri əhatəli təhlil etməyə və hər bir əsərin məziyyətlərini üzə çıxarmağa və onların elmi izahını verməyə çalışmışdır. Fəsillərdə təhlilə çəkilən problemlər mövzuya yeni baxış bucağından konseptual əhəmiyyət kəsb edir. Müəllifin nəzəri baxışlarında, elmi mülahizə və təhlillərində diqqəti çəkən orijinallıq var. Monoqrafiyada irəli sürülən elmi mülahizələr çoxsaylı elmi mənbələrə söykənməklə elmi-nəzəri konstekstdən, həm də geniş tipoloji müstəvidə araşdırmaya cəlb edilib. Professor Timuçin Əfəndiyevin nəzəri-estetik fikirlər əsasında yazdığı yeni monoqrafiya elmi dəyəri, qaldırdığı problemin nəzəri dürüstlüyü və aktuallığı ilə seçilir.

 

A.Dürerin sözüdür: "İnsanı işləmək qədər heç nə xoşbəxt edə bilməz". Professor T.Əfəndiyevin yaradıcılıq diapazonu genişdir. O, təkcə filoloq alim, ədəbiyyatşünas, ədəbiyyat nəzəriyyəçisi kimi yox, həm də sənətşünas və mədəniyyətşünas alim kimi səmərəli fəaliyyət göstərir. Elmi işə olan marağı və həvəsi heç vaxt səngimək bilmir. Onun teatr tənqidinə, dramaturgiyaya və mədəniyyətin aktual problemlərinə həsr etdiyi elmi-nəzəri məqalələri də yüksək peşəkarlıqla yazılıb. Alimin müxtəlif  illərdə çapdan çıxmış "Hüseyn Cavidin ideyalar aləmi", "Romantik dramaturgiyada tarixilik və bədiilik", "Azərbaycan dramaturgiyasında metodlar", "Mədəniyyət və incəsənətimizin məbədgahı", "Azərbaycan mədəniyyəti və incəsənəti", "Azərbaycan teatr tarixi", "Mədəniyyətdə tarixilik və müasirlik", "Hüseyn Cavid: ideal həqiqət axtarışı", "Ənənədən başlanan yol", "İllərin izi ilə", "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri" və sair əsərləri yüksək nəzəri səviyyəsi və elmi yeniliyi ilə seçilir. T.Əfəndiyev Azərbaycanda və xaricdə nəşr olunmuş çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Xaricdə keçirilmiş bir çox elmi-nəzəri konfrans və simpoziumlarda məruzəçi kimi çıxış etmişdir. Görkəmli elm və mədəniyyət xadimi T.Əfəndiyev "Əməkdar incəsənət xadimi", "Əməkdar elm xadimi", "Şöhrət" ordeni və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. T.Əfəndiyev müxtəlif illərdə "Humay", Akademik Yusif Məmmədəliyev adına mükafatlara və Azərbaycan Teatr Xadimləri İttifaqının Qızıl Medalına layiq görülmüşdür. 2013-cü ildə isə "Dünya Mədəniyyəti İnstitutunun Akademiki" fəxri adı ilə təltif edilmişdir. T.Əfəndiyev onlarla aspirant və doktorantın elmi rəhbəri olub. O, bir sıra elmi monoqrafiya və dərsliklərin redaktoru olub və ön söz yazıb. Bir neçə dərsliyi və dərs vəsaiti çap olunub. Timuçin müəllim Azərbaycan ədəbiyyatının, elminin, təhsilinin və mədəniyyətinin şərəfini daim yüksək tutan təəssübkeş ziyalılarımızdandır. Bu yerdə unudulmaz Xalq şairi Qabilin alimə həsr etdiyi məqaləsi yadıma düşür: "Timuçin müəllim hər bir insanın yerini bilən ziyalı şəxsiyyətdir. O, öz tələbələrinə və müəllimlərinə həmişə qayğı və tələbkarlıqla yanaşır. İstedadlı tələbələri o, müqəddəs varlıq kimi qoruyur və onların qeydinə qalır. Timuçin Əfəndiyev Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xüsusi xidmətləri olan  bir şəxsdir. Bu gün rəhmətlik İlyas müəllimin ruhu şaddır. Ona görə şaddır ki, soyadını daşıyan Elçin və Timuçin qanadlı oğlanları respublikamızda böyük hörmət və nüfuz sahibidirlər.

 

Timuçin həm də nümunəvi bir övlad kimi fəxr ediləsi oğuldur. Ataya, valideynlərə hörmət onun üçün ən müqəddəs keyfiyyətdir. O, həmişə fəxr edir ki, yazıçı İlyas Əfəndiyevin oğluyam. Mən də fəxr edirəm ki, unudulmaz dostum İlyas Əfəndiyevin ocağında Timuçin kimi davamçısı var. Mən Timuçini əziz qardaşoğlum sayıram. Onun uşaq təravətli sadəliyi Allahın bəxş etdiyi ən gözəl xasiyyətdir".

 

İyulun 17-si professor Timuçin Əfəndiyevin doğum günüdür. Gənclik ehtirası ilə elmi fəaliyyətini davam etdirən, ədəbiyyat və mədəniyyətlə nəfəs alan, yüksək ziyalılığı ilə nüfuz və hörmət qazanan böyük şəxsiyyəti -  Timuçin müəllimi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayıram.

 

 

Vəfa XANOĞLAN

Sənətşünaslıq üzrə elmlər doktoru, professor

 

525-ci qəzet.- 2021.- 15 iyul.- S.10;11.