Şuşada... Ulu
öndərin iki
addımlığında...
Hər bir azərbaycanlının
qəlbində Şuşa şəhərinin
xüsusi yeri vardır. İlk növbədə əlbəttə, musiqi, muğam beşiyi kimi. Bu da
təbiidir-bizim ruhumuz
musiqiylə yoğrulub,
musiqi bizim mənəvi qidamızdır.
Daha sonra təbiəti ilə, Azərbaycan-havası
ilə.
Bir dəfə
Şuşanı görən
insan ömrü boyu unuda bilməz
bu şəhəri. Burda dunyaya
göz açib, burda yaşamış insanlar Şuşasız yaşaya bilməz. Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyev bu fikri bütün
azərbaycanlılara şamil
edərək demişdi:
"Biz Şuşasız yaşaya
bilmərik!" Həqiqətən
də, hər bir azərbaycanlı 28 il idi ki, bu hisslə
yaşayırdı. Elə
ona görəydi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
və xeyir-duası ilə şir ürəkli cəsur oğullarımız dırnaqları
ilə sıldırım
qayalara dırmaşıb,
gözlənilmədən Şuşaya
daxil oldular, düşmənlə əlbəyaxa
döyüşdə onların
belini qırdılar, qovub şəhərdən
kənara atdılar.
Bütün bu qələbələr uşaqdan böyüyə,
ağsaqqaldan ağbirçəyə
hər bir vətəndaşımızın qəlbinə sevinc, fərəh hissi doldurdu. Bu insanlardan biridə mənəm.
Çünki mənimdə
həyatımın iki
ili Şuşa
şəhərində keçib.
O vaxtlar fəaliyyət göstərən Mirhəsən
Vəzirov adına
Şuşa Kənd Təsərrüfatı Texnikumunda
"kənd təsərrüfatının
iqtisadiyyat, təşkili
və planlaşdırılması"
fənni üzrə müəllim işləyirdim.
Ömrümdə ən əlamətdar,
ən yaddaqalan günlərdən biri
1982-ci ilin yanvar ayının 14-dür. Ulu
öndərimiz Heydər
Əliyevin təşəbbüsü
və tapşırığı
ilə 1981-ci ildə Azərbaycanın böyük
şairi Molla Pənah Vaqifə Şuşanın ən səfalı, görkəmli
yerlərindən olan məşhur "Cıdır
düzü"ndə möhtəşəm
bir məqbərənin
ucaldılmasına başlanıldı.
1982-ci il yanvar
ayının əvvəlində
bu abidə məqbərənin ətrafında
təmizlik, abadlıq
işləri görülməklə
açılış üçün
hazırlıq işləri
aparıldı. Məqbərənin açılışı yanvar
ayının 14-nə nəzərdə
tutulmuşdu. Qış fəsli
olsa da, havalar mülayim keçirdi. İşlədiyim texnikumun müəllim və tələbə heyəti aparılan təmizlik və abadlıq işlərinə
cəlb olunmuşdu.
Bu işə hamı bir nəfər kimi can yanğısı ilə yanaşır və xalqımızın
görkəmli oğlu,
o zaman Azərbaycan KP
MK-nın I katibi, Sov.İKP Siyasi Bürosunun üzvlüyünə
namizəd, müstəqil
respublikamızın qurucusu,
yaradıcısı, unudulmaz
Heydər Əliyevi xalq səbirsizliklə gözləyirdi. Nəhayət, gözlənilən vaxt gəlib çatdı. Yanvar ayının
13-ü gündüzdən başlayan qar axşama doğru daha da gücləndi.
Şuşa sakinləri belə
qənaətə gəldilər
ki, yəqin, hava şəraiti belə olduğu üçün məqbərənin
açılışı təxirə salınacaq, Heydər Əliyevin gəlişi başqa vaxta keçiriləcək.
Lakin insanların fikirləşdiyi
kimi olmadı. Gecə ikən xəbər verildi ki, məqbərənin
açılışı nəzərdə tutulan vaxtda, yanvarın 14-də olacaq. Ulu öndərə məlumat verilir ki, Şuşaya möhkəm qar yağır, şəhərə
qalxmaq çətin olacaq.
Xankəndi dəmiryol stansiyasına
qatarla gələn Heydər Əliyev tapşırıq verir ki, Şuşa
əhalisi məni gözləyir, çətin
olsa da, məqbərənin açılışını
nəzərdə tutulduğu
vaxtda edəcəyəm.
Xankəndi dəmiryol
stansiyasından xidməti
avtomobili ilə həmin gün, yəni yanvarın 14-də
səhər saat
09:00-da Heydər Əliyevi,
Bakıdan gələn
şairləri, yazıçıları,
aidiyyəti nazirləri
Şuşanın "aşağı
zastava" deyilən yerində qar yağa-yağa yerli ziyalılar, ağsaqqallar,
gənclər gülərüzlə
qarşılayıb maşın
karvanının arxasınca
şəhərə, oradan
da "Cıdır düzü" nə qalxdılar.
Molla Pənah
Vaqifin abidəsi qarşısına minlərlə
insan yığışmışdı. Açılışda Azərbaycanın görkəmli
şair və yazıçıları çıxış
etdilər. Nəhayət, söz Heydər Əliyevə verildi.
Ulu öndər
Şuşanın tarixindən,
Molla Pənah Vaqifin həyat və yaradıcılığından
geniş danışdı. Yaxşı yadımdadır,
Xankəndindən gəlmiş
Samvel Qriqoryan adlı bir erməni
şairinə də söz verildi. O, Azərbaycan dilində çıxış edərkən
arada üzünü ulu öndərə çevirib dedi ki, yoldaş Heydər Əliyev, mən Vaqifin şeirlərini erməni dilinə çevirib bir kitab hazırlamışam,
tərcümə zamanı
bəzi sözlərə
düzəlişlər də
etmişəm. Heydər
Əliyev onun sözünü sərt baxışları ilə
kəsib dedi ki, Vaqif kimi
qüdrətli bir şairin sözlərinə
düzəliş verməyə
sizin qüdrətiniz çatmaz. Beləliklə, sözü yarımçıq
kəsilən Samvel Qriqoryan tribunadan "suyu süzülmuş"
kimi düşdü.
Yığıncağın rəsmi hissəsi qurtardıqdan sonra Heydər Əliyev tribunadan aşağı düşərək ətrafında
olan mühafizəçilərə
tapşırdı ki,
kənara çəkilin,
insanlara mane olmayın,
xalqla təmasda olmalıyam.
Mən də bu fürsətdən istifadə edərək Ulu Öndərin iki addımlığında
dayana bildim.
Mən bu gün də özümü xoşbəxt
sayıram ki, o tədbirdə iştirak etmişəm və dahi Heydər Əliyevi yaxından görə bilmişəm
(Bu məqamı əks
etdirən, qəzetlərdə
verilən fotoşəkili
də əziz bir yadigar kimi
saxlayıram).
Ulu öndər
Heydər Əliyevə
sonsuz rəğbətim
ömrüm boyu davam edəcəkdir. 14 yanvar
1982-ci il mənim həyatımda əziz gün olsa da, 2003-cü ilin 12 dekabr günü də hüzn günü oldu. Həmin gün Ulu Öndərin
vəfatı ilə əlaqədar belə bir şeir də
yazmışdım və
mətbuatda da çap olunmuşdu:
Ömrünü büsbütün həsr
etdin bizə,
Səninlə xalqımın başı
ucaldı,
Qurdun ölkəmizi, başdan yaratdın,
Vətənin torpağı, daşı
ucaldı.
Gözlədik yolunu aylardan bəri,
Nə bilək
bu yolun sonu görünmür.
Gözünü ekrana dikən nəvəm də
Soruşur, babamız hanı, görünmür.
Mən necə ovudum məsum körpəni,
Necə izah edim bu
bəd xəbəri?!
Sənin
tək dahini, hamı bilir ki,
Tarix yetirməyib yüz ildən bəri...
Elə bil yuxudur, sənin
yoxluğun,
İnan bilmirik, bu xəbər
ağır.
Yanaqlar islanır, ürək çırpınır,
Hər kəsin
üzündən qəm-qüssə
yağır.
Günəş tək ölkədə
işıq saçırdın,
Sənin nurun ilə boyanmışıq biz.
Qəflət yuxusunda yatmışdı
bu xalq,
Səslədin, səsinlə oyanmışıq
biz.
Necə
bəd işlərdən
qorudun bizi,
Milləti dünyaya tanıtdın,
Baba.
Təkrarsız yaratdı Yaradan
Sizi,
Batıbdı matəmə bu el, bu oba.
Tarix yaşadacaq Səni əbədi,
Bu dünya durduqca izin qalacaq,
Gözlər qarşısında o nurlu çöhrən,
Qəlblərdə söhbətin, sözün
qalacaq.
Ömrünü-gününü həsr
etdiyin xalq
Gedir arxasınca
oğlun İlhamın.
Vida mərasimi ağır olsa da,
Axır görüşünə indi
el - hamı.
Biz xoşbəxt millətik ki, Ulu Öndərimiz,
Prezident, Ali Baş Komandan cənab İlham Əliyev kimi ən layiqli
davamçısı var. Cənab
Prezident müdrik ata vəsiyyətini inamla yerinə yetirdi, işğal altında olan bütün torpaqlarımızı,
xüsusən müqəddəs
Şuşamızı işğaldan
azad etdi.
Seyid Əsgər MÜZƏFFƏROĞLU
Şair, Azərbaycan
Yazıçılar Birliyinin üzvü
525-ci qəzet.- 2021.- 15 iyul.- S.8.