Dağ kəndinin dağ
vüqarlı igidi
Şahbuz
rayonunun Biçənək
kəndində yaşayan
Kamal Rəhimovla telefon danışığımız
olur:
- Salam, Vətənimin igid oğlu, sənin kimi oğullarla tək mən yox, xalqımız fəxr edir.
- Çox sağ
olun. Bu, bizim
illərlə ürəyimizdə
gəzdirdiyimiz torpaq həsrəti idi. O həsrətə son vermək
üçün səfərbər
olduq. Düşünürəm ki, bu, hər bir Azərbaycan
əsgərinin, gəncinin
vətəndaşlıq borcu
idi.
Özümü təqdim etdikdən sonra gənc nəslə örnək olacaq bu gənci
oxucularla görüşdürmək
istəyimi bildirirəm.
- Siz əziyyət çəkməyin, maşınım
var, mən özüm şəhərə
gələrəm.
Bildirək ki, bu il mayın 7-də Naxçıvan şəhərində
Azərbaycan Respublikasının
ərazi bütövlüyünün,
müstəqilliyinin, konstitusiya
quruluşunun müdafiəsi
ilə əlaqədar
sağlamlıq imkanları
məhdudlaşan iki, hərbi xidmət vəzifələrini yerinə
yetirərkən sağlamlıq
imkanları məhdudlaşan
iki və Çernobıl Atom Elektrik
Stansiyasında baş
vermiş qəzanın
aradan qaldırılmasında
sağlamlığını itirən bir nəfərə "Xəzər-LX"
markalı minik avtomobili təqdim edilib. Avtomobillə təmin olunanlardan
biri də İkinci Qarabağ müharibəsinin birinci qrup əlili Kamal Rəhimovdur.
Qısa telefon danışığının
səhərisi günü
təbiətin qoynunda,
Əcəmi seyrangahında
müsahibimin yolunu gözləyirəm. Təyin olunan saatdan
müəyyən səbəblərə
görə bir qədər gecikən müsahibim üzr istəyir.
- Biz sizin yolunuzu 44 gün gözlədik, 44 dəqiqə nədir ki?!
Beləcə söhbətə körpü
salıb hal-əhval tutduqdan sonra özünü oxuculara təqdim etməsini istəyirəm.
- Mən Kamal Famil oğlu Rəhimov 2001-ci il
avqustun 5-də Şahbuz
rayonunun Biçənək
kəndində anadan olmuşam. Orta təhsilimi Biçənək
kənd tam orta məktəbində almışam.
Vətən, torpaq sevgisi
ilk olaraq ailədə
aşılanıb. Atam Famil
Rəhimov 1990-cı illərdə
ermənilərin Naxçıvana
hücumları zamanı
Sədərək və
Şahbuz istiqamətində
gedən döyüşlərin
iştirakçısı olub.
O dövrün hadisələrini
atamdan, məktəbdə
isə müəllimlərimdən
öyrəndikcə, oxuduqca,
kadrlardan izlədikcə
düşmənə nifrətim
artıb. Məni ağrıdan daha
çox Xocalı faciəsi olub. Düşməndən qisas almaq mənim ən böyük arzum idi. Arzumun bu qədər
tez reallaşacağını,
doğrusu, gözləmirdim.
Lakin cərəyan edən hadisələr, 27
sentyabr 2020-ci il tarixdə düşmən təxribatlarının
qarşısının alınması
məqsədilə Vətən
müharibəsinin başlaması
və həmin ərəfədə Naxçıvanda
N saylı hərbi hissədə xidmət etməyim mənim də yolumu o torpaqlardan saldı. Heç görmədiyim, havasını
udub, suyunu içmədiyim o nabələd,
nabələd olduğum
qədər də ürəyimizə, ruhumuza
doğma torpaqlardan.
Bir əsgər kimi, mən də bu döyüşlərə
könüllü qatıldım.
Bakıya çatanda ailəm
mənim döyüşə
yollandığımı öyrəndi.
Düzü, atam biləndən sonra məni dəstəklədi,
ot kökü
üstə bitər, dedi. Atamın dəstəyi mənə daha da qol-qanad
verdi. Beləcə, döyüş yolum Hadrutdan başladı.
Artıq
məqsədimin, arzularımın
astanasında idim.
Ayağımızı o torpaqlara basdıqca
sanki torpaq gücümüzə güc
qatırdı.
- 19 yaşlı bir gənc üçün müharibənin dəhşətlərini,
ağrı-acılarını dadmaq necə bir hiss idi?
- Müharibə fəlakətdir,
silahdaşlarını itirirsən,
hər anı ölümdür. Şəhid
olan, yaralanan yoldaşlarımız
da oldu yanımızda.
İtkilərimizə sarsılsaq da,
bu, bizim irəli getməyimizə
mane olmadı. Şəhid qardaşlarımızın
qisası alınmalı,
torpaqlarımız işğaldan
azad olunmalıydı.
Bu amalla Şuşaya
qədər irəlilədik.
Müharibədən həm sağ
çıxmalı, həm
də qalib olmalısan. Vətən sevgisi,
torpaq həsrəti hər birimizə güc verir. Yaralananlar belə döyüşü
tərk etmək istəmirdi. Hamı qalibiyyət şərbətini
içməyə can atırdı,
canı bahasına olsa belə, vücudunun bir hissəsini itirsə belə. Azərbaycan əsgərinin əzmini
düşmən də
yaxşı görürdü.
Ona görə onlar geri çəkilməyə
məhkum idi. Bu gücün, bu
iradənin qarşısında
nəinki canlı qüvvə, heç texnika da dayana
bilməzdi. Digər tərəfdən
Ali Baş Komandanın
qətiyyətli çıxışları,
xalqın dəstəyi,
Azərbaycan əsgərinin
gücünə olan inamı bizi irəli aparırdı.
Biz bu qələbəni
haqq edirdik. Qarabağ əzəli və əbədi ata-baba torpağımızdır.
Noyabrın 8-i mən Şuşada yaralandım, gözümü
açanda özümü
xəstəxanada gördüm. Qəlpə onurğa
nahiyəmdən dəymişdi.
İndi sağ ayağımı
hiss etməsəm də,
özümü qalib Azərbaycan əsgəri kimi çox məğrur və güclü hiss edirəm.
Mən fəxr edirəm ki, adım qalib
əsgərlər sırasında,
siyahısındadır.
Kamal Rəhimov döyüşdə
göstərdiyi şücaətə
görə "Döyüşdə
fərqlənməyə görə",
"Xocavəndin azad olunmasına görə"
və "Şuşanın
azad olunmasına görə" medalları
ilə təltif olunub.
Vətən qarşısında xidməti
olanlara avtomobillərin
verilməsi mərasimində
iştirak edən Naxçıvan MR Ali Məclisinin
sədri Vasif Talıbov deyib: "Vətənpərvərlik olan
yerdə ölkə inkişaf edir, müstəqillik qorunur, dövlət-xalq birliyi yaranır. Vətən müharibəsində torpaqlarımızın azad
olunması uğrunda
10 minlərlə könüllünün
iştirakı və ordumuzla həmrəylik nümayiş etdirməsi bu birliyin nəticəsidir.
Vətənpərvərlik nümunəsi göstərərək
xidməti vəzifələrini
layiqincə yerinə yetirmiş insanlar isə hərtərəfli
dövlət qayğısı
ilə əhatə olunurlar. Avtomobillərin təqdim olunması
bu kateqoriyadan olan şəxslərin həyatına rahatlıq gətirəcəkdir. Dövlətin qayğısı və sizin vətənpərvərliyiniz
gənclərimizə örnəkdir.
Bu da onu
göstərir ki, hər bir gənc,
hər bir vətəndaş öz ölkəsinə xidmət
etməli, vətənpərvər
olmalıdır".
Kamal Rəhimov dövlətimizin Vətən müharibəsi iştirakçılarına, qazi və şəhid ailələrinə olan diqqət, qayğısını da xüsusilə vurğuladı: "Bu, biz gənclərə olan diqqət və qayğı ilə yanaşı, həm də dövlətimiz tərəfindən müharibə iştirakçılarına göstərilən dəstəkdir, dövlət-xalq-ordu birliyinin ifadəsidir".
Dağ kəndinin dağ vüqarlı igidi əvvəlki 19 ildən fərqli olaraq bu ilin avqustunda 20 yaşını Şuşa fatehlərindən biri kimi qeyd edəcək: alnıaçıq, üzüağ. Şahbuzun dilbər guşəsi olan gözəl Biçənək kəndində, ailəsi ilə birlikdə. Biçənək təbiətinə görə, Batabat yaylağına gedən yolun üzərində yerləşən kənd olduğuna görə məşhurdur. Bu yerlərdən kimlər keçməyib ki, təbiətin sehrinə dalmaq üçün?!
Ey bu yoldan ötən yolçu, bil ki, Biçənək yalnız təbiəti ilə deyil, vətənpərvər, cəsur insanları ilə də sevilməyə layiqdir. Bil ki, bu torpağın gənc və gələcək nəsillərə örnək olan, yüzlərlə gənc kimi sağlamlığını qurban verərək bizi Qarabağa qovuşduran 20 yaşlı Şuşa fatehi Kamal Rəhimovu var.
Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru
525-ci qəzet.- 2021.- 16 iyul.- S.15.