Nə yazım?..
"Elə bil bu aralar yazmırsan
axı. Saytda gözlərim hey imzanı axtarır".
Gülümsünürəm: - Nə yazım? O anda da Sabirin məşhur
şeirinin misralarını
xatırlayıram:
Şairəm, çünki vəzifəm
budur, əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım.
Düşünürəm ki, mütləq nəsə yazmaq lazımdır. Əgər oxucu səni
oxumaq istəyirsə,
yazmamağa haqqın yoxdu. Lap işin
işinə qarışsa
da, xəstəlik əhədini kəssə
də, yazmağa imkan verməsələr də, yazmalısan. Gündüz gün işığı azlıq
eləsə, gecə
ay işığında, ulduz
işartısında, lap elə
telefon işığında
yazmalısan. Səni düşündürən,
səndən keçən,
sənin işinə qarışan, yolunu kəsən hər şeydən yaza bilərsən. Çox zaman
qəbul etməsələr
belə, yazmaq yazanın, jurnalistin borcudur.
Kompüterin arxasına keçirəm. Gözəl bir
başlıq yazıb
dayanıram. Məsələn:
"Dəmir yumruğun
Polad həlqəsi"...
Elə bunun altından ikihissəli bir roman yazmaq olar. İkinci hissənin də adı "Generalın övladları" olar.
O övladlar ki, onu qanını yerdə qoymadılar. Başlayıram yazmağa:
"Hələ böyük
zəfərin başlandığı
ilk günə yetmiş
yeddi gün qalırdı. İyul ayının yandırıcı
istisində General, cəzalı əsgərini
meydançada on dövrə
qaçırtmaqla bilmədən
onu sabahın ağır döyüşünə
hazırlayırdı. Qarşıdakı
dörd gündə isə
həyatının ən
qürurverici, yaddaqalan
və yaddaşlarda qalan günlərini yaşayacağını hələ
bilmirdi. Növbətçi əsgərin addım
səslərindən başqa
bütün kazarmada səssizlik hökm sürürdü. Əsgər son dövrəni vurub dayandı. Generala hərbi təzim
edib, getmək istədi. Generalıın
amiranə səsi eşidildi:
- Əsgər, dayan!
Dayandı və sərrast addımla geri çevrilib onun gözlərinə baxdı. Generalın gülümsər
çöhrəsi, zəhmli
qara gözləri ilə həmahəng idi. Sanki xeyirxahlıq
mələyi həqiqət
pərdəsinə bürünüb
onun simasından boylanırdı.
- Elə bil bayaq
futbola baxmaq istəyirdin. Gəl gedək mənim
otağıma, bir yerdə baxaq. İtalyanlar ingilislərlə oynayır
deyəsən, hə?
Əsgər onun bu sözləri
rəsmiyyəti aradan
qaldırmaq üçün
dediyini bilsə də, cavab verməyə çəkindi.
- Çəkinmə, gəl
görüm... - General, ata
qayğısı ilə
qolunu əsgərin boynuna salıb, kazarmanın içərilərinə
doğru apardı...
Generalın bu hərəkəti
rusların "slujba slujboy, a drujba drujboy" məsəlini xatırlatsa da, onun özünəməxsus
xarakteri heç bir şeylə müqayisə edilməzdi..."
Fikrimdə Generalın bütün həyatını canlandırıram. Amma hardasa
lentlər qırılır.
Qırılsa da, bu, bir insan həyatının
bütövlüyüdü, müqəddəsliyidi, əbədiliyidi.
Ağır döyüşlər,
düşməni yerinə
oturtmaq əzmi, Generalın polad iradəsi relsdə gedən qatar
kimi beynimdə dolanır. Özümü
azğın düşmənlə
savaşda hiss edirəm.
Topların, minamiyotlarin,
avtomatların qulaqbatırıcı
səsləri içimdə
dərin bir sükut yaradır. Düşmənin əsas
hədəflərini nişan alan PUA-lar göydə qartal kimi süzərək
düz obyektin mərkəzinə sancılır.
İçimdəki sükutun
içində bir
insan addımlayır.
O, hər yerdə görünür. Mərkəzdən tapşırıq alır.
Komandir kimi zabit və
əsgərlərə döyüş
tapşırığı verir. Öndə müharibənin içində ildırım
kmi irəli şığıyır. Əsgərlərini qələbəyə ruhlandırır. Yaralı əsgəri
döyüş meydanından
çıxarır, yarasını
sarıyır. Gün batmağa
doğru getsə də, arabir güllə səsi eşidilir. Quru torpağın, daş
kimi daşın üstündə əsgər
paylarını yeyən
döyüşçülərin arasında dolanır.
Onların yanında oturur.
Evlərindən, ailələrindən danışır. Onlarla kədərlənir,
onlarla sevinir. Bütün əsgərlər onu izləyir, sözünə
qulaq kəsilir. Ona müqəddəs insan kimi rəğbətlə,
məhəbbətlə baxırlar..."
Deyəsən, yazmağa köklənirəm. Bu an adımın
çağrıldığını eşidirəm:
- Siz verilişi montaj etdinizmi?
Fikirli nəzərlərlə
baş redaktorun üzünə baxıram. Ağlımla
dilim eyni sözü demir:
- Etmişəm... Bəli, montaj etmişəm,
hazırdı.
Qapı örtülür. Gözlərimi yumub gedənləri
geri qaytarmağa çalışıram. Beynimin yaddaş
tərəfini qurdalayıram.
Son vaxtlar yaman
unutqan olmuşam.
"Gedənlər geri qayıtmaz" ifadəsini qəbul etmirəm. Onlar nə zamansa
qayıdır. Bir
az geci-tezi
var. Kiminsə üz cizgilərində, kiminsə
səsində, kiminsə
xarakterində qayıdır.
Yazı da belədir. Gəlməyini deməz. Birdən gələr.
Gözlədiyin, amma nə zaman təşrif buyuracağını bilmədiyin
qəfil qonaq kimi. Bir də görürsən
qara bir qələmin ucundan gözlərinin içinə
baxır. "Məni tanıyırsanmı?"
- sualı ilə. Mən gülümsünürəm.
Çünki hərəkətləri tanışdı. Gözlərimin önündə, əlimdə-ovcumda
böyümüş birini
əlbəttə tanıyıram.
Və canı-könüldən onunla
söhbətə başlayıram.
Təzə tanıyanda nə
qədər təcrübəsiz
idisə, indi özünə güvənlə,
əzmlə qarşıma
çıxıb, mən
buyam - deyirdi. Və onunla söhbətimiz cox səmimi olur. Tərəddüdsüz ona qulaq asıram. Məni öz dünyasına qonaq aparır.. Mən məndən
çıxıram...
Əgər zəncirin bir həlqəsi qırılarsa,
onu əvvəlki halına qaytarmaq çox çətindi. Amma qırılan
həlqə zənciri
çəkib qırmaq
istəyənin başına
dəyir. Özü də
böyük zərbə
ilə. Hələ o həlqə poladdan olarsa, ondan həqiqətən
qorxulur. Çünki polad sınar, amma əyilməz.
"Onlar Generalın olduğu yerin koordinatlarını haradan bilmişdilər? Niyə General özünü qorumağı unutmuşdu, ya da ki, onu qorumamışdılar? Sonra öz dediyimi özüm təkzib eləyirəm: - Bəli, General idi, şair, rəssam, bəstəkar deyildi. Əsasən böyük savaşlarda uzaqgörən başçı xalqa lazımlı, dəyərli insanları - sənətkarları mühafizə edir, onların döyüşə getməsinə izn vermirdi. Amma özü öndə gedirdi. Biz Şah İsmayıl dövrünü yaşayan, onu haqq, nahaq tərəfi ilə qəbul edən müsəlmanlarıq. Tarix çox qəliz məsələdi. Burdan bir haşiyə çıxım: oxucum məni başa düşməkdə çətinlik çəkər deyə bir fikrə aydınlıq gətirmək istəyirəm. Yazdıqlarım şəxsi fikrimdi. Çaldıran döyüşündə Şah İsmayıl məğlub oldu və ondan sonra heç bir döyüşdə iştirak etmədi. Yəni Səfəvilər dövləti süquta uğradı. Əslində, o döyüşdə biz bizi məğlub etmişdik. Bəylər paşalara məğlub olmuşdu. Bu yerdə məşhur bir kəlamı xatırlamamaq mümkün deyil - "Türkün türkdən başqa dostu yoxdu". Amma vaxtılə türkün türkdən güclü düşməni də olmayıb. Osmanlı İmperiyası Səfəvi İmperiyasına qalib gəlib. Kaş ki, dost olsaydılar...
Şah İsmayılla bağlı oxuduğum əsərlər çox olub. Həmişə də dövlət başçısı kimi, həm də gözəl şair kimi onunla qürur duymuşam. Ağqoyunlu, qaraqoyunlu, göytürk soz birləşmələrini fikrimdə qəbul etməmişəm. Bu nədi, bir milləti iki yerə, on yerə, yüz yerə bölmək üçün bu adları uydurublar. Gərək varmıydı yəni? Bu adlardakı rəngləri qarışdırıb dünyanın ən gözəl rəngini almaq, ən güclü dövlətini yaratmaq olardı. Necə də sadəlövhəm, deyilmi? Vallah, bu siyasət mənlik deyil. Şair gərək şeiri, aktyor rolu, rəssam rəng deposu, müğənni mahnısi ilə, jurnalist də düzü düz, əyrini əyri yazmaqla məşğul olsun. Yol çəkən yolunu çəksin, ev tikən evini tiksin, ev yıxanın da öz işi var, təbii ki. Nə isə. Siyasətlə qoy siyasətçilər məşğul olsun.
Söz
sözü gətirdi, mən də qələmin
könlünə dəymədim. Sonunda yazan odur, mən
deyiləm. Ürəyim
diktə elədi amma. Məmməd Araz vaxtilə belə yazmışdı:
Çox
oldu ürəyinin diktəsinə baxmadın,
İlğımlar qova-qova yulğunlar
qucaqladın,
Sən ağlından qəlbinə
gedən yolu bağladın...
Heç vaxt
ağlınızdan qəlbinizə gedən yolu
bağlamayın. Yoxsa dünyanın ən
gözəl və ən çirkin
planetində yaşamağa haqqınız
olmaz.
Təranə ARİFQIZI
525-ci qəzet.- 2021.- 16 iyul.- S.14.