Üç görüşün təəssüratı
OLJAS
SÜLEYMENOVUN QƏZƏBDƏN TİTRƏYƏN
SƏSİ VƏ DOLMUŞ GÖZLƏRİ
1990-cı
ildə Bakıda qanlı qırğın törədildiyi günün
səhəri türk xalqının ləyaqətli oğlu
Oljas Süleymenov xəstə olmasına baxmayaraq, dərdimizə
şərik olmaq üçün Bakıya gəldi, bir
neçə gün şəhərdə qaldı və
yaşadığı mehmanxananın da divarları gülləbaran
edilən şair (görəsən, bu, təsadüf idimi?) Azərbaycan televiziyası ilə çox təsirli
bir çıxış elədi. Yaxşı
xatırlayıram - çıxışının sonunda qəzəbdən
titrəyən və kövrələn şair göz
yaşlarını zorla saxladı...
O vaxtlar mən
"Bakı" qəzetində işləyirdim və ertəsi
gün işdə bu çıxış haqqında
danışıb onun mətninin qəzetlərdə dərc
olunmasının vacibliyini vurğuladım. Şöbə
müdiri, yazıçı-publisist Ağəddin Mansurzadə
(Allah ona rəhmət eləsin) təklif elədi ki, təcili
telestudiyaya gedim və əgər komendant Qorbaçovun
ünvanına ittiham dolu bu çıxışın
yazısını pozdurmayıbsa, onu lentə alıb gətirim.
Əl altında diktofon yox idi, vaxt isə
gözləmirdi. İşi belə görən
qocaman jurnalist Şakir Abdullayev (Allah ona da rəhmət eləsin)
evlərinə zəng edib səsyazma funksiyası olan
böyük bir maqnitofonu təcili redaksiyaya gətizdirdi və
mən həmin o maqnitofonu götürüb telestudiyaya getdim,
çox çətinlikə, necə deyərlər,
partizanlıq edə-edə Oljasın
çıxışının surətini yazıb redaksiyaya
gətirdim. Həmin o təsirli və tarixi
çıxışının mətni "Qışdan sonra mütləq
bahar gələcək" sərlövhəsi ilə (bu ifadə
Oljasa məxsus idi) qəzetimizin axşam çıxan nömrəsinin
1-ci səhifəsində dərc olundu. Ertəsi
gün isə bütün qəzetlər bu mətni öz
nömrələrində O.Süleymenovun məqaləsi kimi
paylaşdılar.
Və mənə
elə gəlirdi ki, həmin yazını oxuyan hər kəs
Oljasın titrəyən səsini də eşidir, dolmuş
gözlərini də görürdü...
Fikirləşirəm ki, nə yaxşı ki, biz o vaxt
bu işi gördük. Çünki həmin
çıxışın videoyazısı yəqin ki,
çoxdan silinib. Amma qəzet variantı
artıq tarixi fakta çevrilib.
Allah
bütün şəhidlərə rəhmət eləsin,
O.Süleymenova isə cansağlığı versin.
39 İL
ƏVVƏL GENNADİ XAZANOVUN "DİLİNİ"
NECƏ "AÇDIM"
1982, ya da 1983-cü ilin payızı idi. Məşhur
parodiya ustası Gennadi Xazanovun Bakıya qastrol səfəri
gözlənilirdi.
Şəhər ictimaiyyəti bu görüşə
ciddi hazırlaşırdı. Onun iri şəkilləri
ilə müşayiət olunan afişalar Bakının ən
gur yerlərində asılmışdı. Xazanov o vaxtlar şöhrəti bütün
SSRİ-ni bürümüş persona idi və onun canlı
konsertlərinə düşmək hər adama nəsib
olmurdu. Buna
görə də biletlər hələ onun gəlişindən
əvvəl satılıb qurtarmışdı. İndiki
H.Əliyev adına
sarayda konsertlər başlayandan sonra isə
axşamlar sarayın qarşısında 1 bilet öz qiymətindən
3-5 qat baha qiymətə göydə gedirdi.
Amma hər
axşam az qala bütün Bakının
Xazanovla birlikdə güldüyü həmin o dəmlərdə
Bakıda çıxan bütün qəzet redaksiyalarında
bir gərginlik hökm sürürdü. Aydın
məsələdir ki, qəzetlər bu səfəri geniş
işıqlandırmalı idilər. Amma
Xazanovun jurnalistlərlə o qədər də arası yox idi
və müsahibə verməyi xoşlamırdı. Hətta rus dilində çıxan nüfuzlu qəzetlərin
təcrübəli müxbirləri də öz arzularında
umsuq qalmışdılar.
Günlər isə bir-birini əvəz edirdi.
Belə günlərin birində dərsdən sonra
kandarını yağır elədiyim "Ədəbiyyat və
incəsənət" qəzetinin redaksiyasında mənə
Xazanovdan müsahibə almaq təklifi ediləndə
düzü, əvvəlcə çaşıb qaldım. Amma "
Könlü balıq istəyənin..." məsəlini
xatırlayanda razılaşmaqdan başqa əlacım
qalmadı.
...Havalar
soyuq keçirdi. Axşam lap nağıllarda deyildiyi kimi,
altdan geyinib üstdən qıfıllandım, köhnə,
nimdaş plaşımı geyinib üz tutdum Saraya tərəf.
Telefon köşklərindən birinə girib
inzibatçının əvvəlcədən əldə
etdiyim nömrəsini yığdım. Cavab
eşidən kimi mıqsədimi bildirdim.
İnzibatçı daş atıb başını tutdu:
"Nə danışırsan? Konsertə az
qalıb, Xazanov dincəlir".
Dedim, mən
Mədəniyyət Nazirliyi və Yazıçılar
İttifaqının birgə orqanı olan nüfuzlu qəzeti
təmsil edirəm. Mümkünsə, kömək
edin.
İnzibatçı
dedi:
- Bir az gözlə, Xazanovla danışım. Bəlkə sizi onun özü ilə
calaşdıra bildim.
Dəstəyi asıb bir dəfə sarayın
başına fırlandım. Sonra daha bir dəfə...
və üçüncü zəngdə dəstəkdən
Xazanovun səsi gəldi. Məqsədimi
bildirdim. Xazanov çox quru tərzdə dedi ki, mənə
maksimum 10-15 dəqiqə ayıra bilər. Dedim, razıyam və
dəstəyi asıb saraya tərəf cumdum, içəri
keçib az qala qaça-qaça
yuxarı mərtəbəyə qalxdım və deyilən
otağın qapısını döydüm.
Xazanov kresloda oturub kofe içirdi. Mizin
üstündə o vaxtların ən defisit siqareti olan bir qutu
"Marlboro" vardı. Başını
qaldırıb salamlaşdı, yer göstərdi və sonra
üzümə baxdı - yəni eşidirəm.
Mən
ilk sualımı verdim və elə ilk cavabı eşidən
kimi onun jurnalistlərlə belə soyuq münsibətinin səbəbini
anladım - Xazanov sadəcə olaraq müsahibə verməyi
bacarmırdı, daha doğrusu, onun jurnalistlərin heç
xoşlamadığı müsahibə vermək üsulu
vardı - hər sualı 2, uzabaşı 3 cümlə ilə
cavablandırırdı.
İndi gəl
bu söhbətdən müsahibə düzəlt!
Mənim
verdiyim 5 suala Xazanov maksimum 12-13 cümlə ilə cavab verdi. Bu müddət ərzində
həmin o 10-15 dəqiqə də əriyib yox oldu və
Xazanovun qırımından anladım ki, artıq şələ-küləmi
yığışdırıb getmək vaxtıdır.
Axşam söhbəti mətnə çevirəndə
kağız üzərində çox kiçik,
"balacaboy", sınıq-salxaq bir müsahibə
doğuldu.
Yaxşı, indi mən onu redaksiyaya necə aparım? Deməzlərmi
ki, ay perspektivli jurnalist hesab elədiyimiz filankəs, səninki
elə bu qədər imiş?
Yenidən qarşımdakı mətnə, Xazanovun
cavablarına baxdım. Bu dəfə
onlar mənə açılmaq üçün tərpəşən
tumurcuq, yaxud gözü açılmaq istəyən bulaq təsiri
bağışladı. Elə bil
yazdığım hər cavab içində ən azı 5-6
cümlənin enerjisini gizlətmişdi və o cümlələr
yazılmış cümlənin bətnindən xilas olub onu
tamamlamaq istəyirdi.
Məsələn,
mənim "Sizcə, bir sənət hadisəsi kimi
gülüşün mahiyyəti nədir" sualıma
Xazanov belə cavab vermişdi: "Gülüş digər sənət
növlərinə nisbətən daha demokratikdir, insanları
birləşdirən sənət faktıdır". Bu cümlənin içindəki alt cümlələr
üzə çıxarılıb elə onun özünə
qatılmaq üçün alışıb-yanırdılar
və bu işdə onlara kömək etmək sözlə
manipulyasiya etmək yox, onun çatdırdığı
informasiyanın sərhədlərini genişləndirmək
kimi bir şey idi.
Qələmi götürüb işə
başladım, cümlələri elə "suvardım"
ki, hər biri qol-budaq atıb şaxələndi və
müsahibə də boy atıb, "kökəlib"
sanballı bir görkəm aldı.
Səhər müsahibəni redaksiyaya aparanda şöbənin
işçiləri yaxşı mənada təəccübləndilər. Yazı Nəriman müəllimə
çatanda isə demişdi: "Bu tələbəyə
halaldır. Təcrübəli
jurnalistlərin edə bilmədiklərini o bacardı".
VAXTANQ
KİKABİDZENİN İKİQAT ZARAFATI
Ötən
əsrin 70-ci illərində "Qəm eləmə",
"Mimino" filmlərində yaratdığı parlaq
obrazlarla Azərbaycanda da xeyli pərəstişkar
qazanmış Vaxtanq Kikabidze 80-ci illərin ikinci
yarısında müğənni kimi Bakıya qastrola gəlmişdi.
O vaxt mən "Bakı" qəzetinin ədəbiyyat və
incəsənət şöbəsinin müxbiri idim və təbii
ki, qəzet üçün qonaqdan müsahibə almaq da mənə
həvalə olunmuşdu.
"Batano"nun (gürcülərdə müraciət
formasıdır) qaldığı mehmanxanada
görüşdük, ikimizin də bir-birinə
caladığı siqaretlərin tüstü dumanına qərq
olmuş lüks nömrədə söhbət etdik. Deməzdim ki, müzakirə
edə biləcəyimiz bütün mövzular ətrafında
geniş, əhatəli fikir bölüşdük - Bakı
şəhər partiya komitəsinin orqanı olan
"Bakı" qəzetində "Şəhərimizin
qonaqları" rubrikası altında verilən
yazıların standart həcmi və tematikası vardı və
qəzetin bütün digər əməkdaşları kimi mən
də bu yazılmamış qaydalara riayət etməli idim. Digər tərəfdən, o illərdə
diktofon-filan yox idi, biz jurnalistlər müsahibəni ya
yaddaşımıza "yazırdıq", ya da bloknotumuza.
Hər günü gərgin rejimdə keçən
qonaqların isə bizə, necə deyərlər,
"imla" yazdırmağa nə həvəsləri olurdu,
nə də vaxtları...
Amma həmin
görüş vaxtı mən daxilimdən gələn
inersiya ilə həmsöhbətimə
bir neçə plandankənar sual verdim. Onlardan
biri də "Qatso"nun özünün hansı aktyoru sevməsi
ilə bağlı idi.
Kikabidze
sualı eşidən kimi dərhal Georgi Burkovun adını
çəkdi və soruşdu:
- Yəqin
onu tanıyırsan da?
Mən
"Qaraj", "Qırmızı basin ağacı" və
sair filmlərdə maraqlı obrazlar yaratmış bu aktyoru
tanıyırdım. Amma həmin o məqamda nə
isə "Georgi Burkov" sözlərini aparıb həmin
aktyorun adının və soyadının yerinə qoyaraq məsələni,
Zülümov demişkən, birdəfəlik həll etməyə
mane oldu. Bunu hiss edən Kikabidze yuxarıda
sadaladığım filmlərin adlarını çəkdi,
amma yenə də bir şey hasil olmadığını
görəndə zarafata keçdi, analogiya
metoduna müraciət edərək "daşdan keçən"
arqument gətirdi:
- Nə əcəb tanımırsan? - dedi, - sonra sağ əlini dodaqlarına tərəf apardı, nə hoqqa çıxartdısa alt dodağı pırtlayıb çıxdı qabağa və əlavə elədi:
- Bax belə sallaq dodağı var - lap sənin dodağın kimi (?!)
Uşaqlıq illərində alt dodağımın həqiqətən bir az sallaq olduğunu, sonrala da bir müddət bu tip dodaqların siyahısında qaldığını bilirdim. Amma ağlıma gəlməzdi ki, ötən müddət ərzində bir çox əyir-əskiyimi rəndələyib abıra salan illər mənim bu eybimin öhdəsindən tam gələ bilməyibmiş.
"Qatso" bir az tutulduğumu görüb zarafatına son nöqtəni qoydu:
- Əşi, fikir eləmə, elə mən özüm də salladodağın biriyəm. Bir bax...
Baxıb gördüm ki, "Qatso" düz deyir, heç onun da fərli-başlı dodağı yox imiş.
...Gülüş sizin ciddi simanıza çox
yaraşır, batano Vaxtanq. Allah cansağlığı versin!
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2021.- 16 iyul.- S.12.