Multikulturalizm kontekstində dil haqları
Qloballaşan dünyanın ən böyük əhəmiyyətlərindən
biri mədəniyyətlərarası ünsiyyətin
sağlam bir şəkildə qurulmasıdır.
Keçmişdən
bu günümüzədək ünsiyyət həmişə
həyatımızın bir parçası olmuş,
digər xalqların mədəniyyətlərindən xəbərdar olmaq, mədəniyyətlərarası
ünsiyyət yaratmaq hər zaman mühüm rol
oynamışdır. Ancaq söhbət fərqli dillərdə
danışan insanların, fərqli mədəniyyətlərə
sahib olan xalqların ünsiyyət qurmasına gəldikdə,
bu zaman ünsiyyət
yaratma prosesində bəzi
çətinliklər ortaya çıxır. Dilimizdə
işlətdiyimiz "Tarixi-Nadiri yarıya kimi oxumuşam, amma
sənin nə danışdığını başa
düşmürəm" kimi ifadələr bəzən
doğma dilin içərisində belə, ünsiyyət yaratmada bəzi
çətinliklərin yarandığını göstərir. Bu günümüzdə ünsiyyətin
yaranmasında mədəni
məhdudiyyətlərin yox olması ilə bərabər, bir
çox fərqli mədəniyyətdən olan insanların və
ya azsaylı xalqların ünsiyyətinin
yaradılmasının sadə və rahat bir şəkildə
olmasının vacibliyi gedərək artmaqdadır. Bu kontekstdə Ümumdünya Dil Haqları Bəyannaməsi
ideyası ilk dəfə 1984-cü ildə Beynəlxalq
Müasir Dil Müəllimləri Federasiyasında (FIPLV) bəyan
edilmişdir. Bu ideya bəzi əsas dil
hüquqlarını və təhsilə təsirlərini
formalaşdıran Braziliya Dilçilik Dərnəyinin
keçmiş prezidenti, professor
Fransişku Qomeş de Matuş tərəfindən irəli
sürülmüşdür.
V.Belinskinin ifadəsi ilə desək, dili xalq yaradır,
filoloqlar kəşf edir və sistemləşdirir,
yazıçılar isə onun üzərində söz sənəti
yaradırlar.
Xalqla onun həyatıyla yaxınlıq - sənətin
qanunudur, torpağı, suyu, havasıdır. 1950-ci ildə
"Müasir Amerika romanının inkişafına verdiyi özünəməxsus yaradıcı töhfələrə görə" Nobel
mükafatına layiq görülmüş Uilyam Folknere belə bir sual verirlər: "Hesab edirsinizmi ki, amerikan dili öz inkişafında getdikcə ingilis
dilindən daha çox uzaqlaşır?" Uilyam Folkner bu
suala belə cavab verir: "Heç şübhəsiz, onun neçə nəsildən,
yaxud neçə əsrdən
sonra tamamilə başqa bir dilə çevriləcəyini
demək çətindi, amma əgər dil inkişaf etmirsə,
o, məhvə məhkumdur. Dil haqları milliyyətçiliyin
önəmli bir
parçasıdır. Dilin inkişaf etməsi
üçün isə insaların yaşadıqları
ölkədə öz dillərində sərbəst
danışmaq azadlıqlarının olması vacibdir.
1996-cı
ildə Beynəlxalq PEN Klubu və bir sıra qeyri-hökumət
təşkilatları tərəfindən dil hüquqları,
xüsusilə nəsli kəsilməkdə olan dillərin
hüquqlarını dəstəkləyən bir sənəd,
bəyannamə 6-9 iyun 1996-cı il tarixlərində
Barselonada keçirilən Dünya Dil Hüquqları
Konfransının yekununda qəbul edilmişdir. Mədəni
müxtəliflik meydana çıxdıqca və çoxmədəniyyətlik
tələbləri yüksək səslə dilə gətirilməyə
başladıqca, fərqli dinlərdən olan insanların bir
arada yaşaya bilməsi mövzusu qabardılmağa
başlamışdır. Fərqli dinləri olduğu
kimi fərqli dillərə sahib olan etnik qrupların
yaşadıqları ölkədə öz ana dillərində kitab və
jurnallar əldə edə bilməsi, eləcə də
dövlətin bəzi ictimai məsələlərdə
onlara dəstək ola bilməsi, təhsili öz ana dillərində
ala bilmələri üçün mövcud şəraitin
yaradılması məsələləri ortaya
çıxır. Multikulturalizmin termin kimi sərhədlərini
təyin edən iki əsas anlayış dil və dindir.
Dil, sosial mədəniyyətləri bir-birindən
ayıran və fərqi qoruyan ən vacib amildir. Dünyada olan ölü dillər barədə
düşünərkən dövrümüzə qədər
mövcud olan saysız-hesabsız hadisələri
xatırlamalı oluruq. Bəzi ölkələrdə
yaşayan etnik qruplar və ya fərqli xalqların nümayəndələri
nəinki öz ana dilində təhsil ala bilmir, hətta
yaşadıqları ölkənin dilini öyrənmədən
onlara vətəndaşlıq verilmir. Tarixə
nəzər salsaq görərik ki, elə xalqlar olub ki, dilləri
də özləri də nüfuzlu olub, lakin indi tarix səhnəsindən
yoxa çıxıblar. Məsələn şumer, akkad, xurrit elam dilləri kimi. Həmçinin,
tarixdə Hun imperiyası deyə böyük imperiya da olub,
lakin indi hun dili
deyə bir dil yoxdur. Dil
haqlarının qorunması təkcə dilin qorunması demək
deyil, həmçinin, böyük bir insan kütləsinin
hüquqlarının qorunması, müdafiə olunması deməkdir.
Bildiyimiz kimi, 21 fevral bütün dünyada ana dili kimi
qeyd olunur. Dil hər bir millətin maddi və mənəvi
irsini qoruyan və inkişaf etdirən ən mühüm və
ən güclü vasitədir. Hər bir
insan öz ana dilini yaxşı bilməli və onu
qorumalıdır. Ana dili insanın mənəvi
aləminin zənginləşməsində,
dünyagörüşünün genişlənməsində,
mükəmməl təhsil almasında, öz
soydaşları ilə ünsiyyət qurmasında
mühüm rol oynayır. Milli
azlıqların müdafiəsinin təmin edilməsində ən
zəruri prinsiplərdən olan milli mənsubiyyət və
dil hüququ Azərbaycan Konstitusiyasında birmənalı
şəkildə təsbit edilmişdir. 2009-cu il əhalinin
siyahıya alınmasına görə, Azərbaycan Respublikasında əhalinin 8,4 %-ni milli azlıq, azsaylı xalq
və etnik qrupların nümayəndələri təşkil
edir. Azərbaycanın orta ümumtəhsil məktəblərində
tədris 3 dildə - Azərbaycan, rus və gürcü dillərində
aparılır. Milli azlıqların
sıx yaşadıqları rayonların orta məktəblərində
(ibtidai siniflərdə) ana dili dərslərinin tədrisi
(avar, kürd, ləzgi, talış, saxur, tat, udi,
xınalıq, ivrit dillərində) təşkil olunmuş,
milli dillərdə dərsliklər və proqramlar tərtib
edilmişdir. Həmçinin, dövlət vəsaiti
hesabına rus, avar, talış, kürd, ləzgi, saxur, tat,
udi, xınalıq və s. dillərdə əlifbalar, tədris
proqramları və digər dərsliklər, məktəbli
lüğətləri çap olunur və bu iş mütəmadi
olaraq davam etdirilir.
Bu gün Azərbaycanda yaşayan azsaylı xalqların
nümayəndələri öz ana dillərində sərbəst
danışırlar. 2003-cü ildən Bakıda ivriti, yəhudi
tarixi və mədəniyyətini tədris edən özəl
yəhudi orta məktəbi açılmış, Bakı
Dövlət Universitetinin şərqşünaslıq
fakültəsində ivrit dilinin tədrisi təşkil
edilmişdir. Bir çox ali və
orta məktəblərdə ana dillərinin işlənilməsi
təmin olunur, adət-ənənələrə hörmətlə
yanaşılır. Onu da qeyd edək ki, Təhsil Nazirliyi Azərbaycanda
yaşayan milli azlıqları hər il dərs
vəsaitləri ilə təmin edir. Ehtiyac
yarandıqca, onlar yeni dərslikləri hazırlayır,
nazirlik isə çap etdirir. Nazirlikdən bildiriblər
ki, əvvəlki illərdə talış, ləzgi, saxur,
avar, ötən il isə udinlər
üçün yeni dərsliklər çap etdirilib. Yeri gəlmişkən, Azərbaycanda milli azlıqlara
münasibət və qayğı beynəlxalq təşkilatlarda
da yüksək qiymətləndirilib. Məsələn,
ATƏT-in Vyanada yerləşən katibliyində ATƏT məkanında
milli azlıqların təhsil problemlərinə həsr
olunmuş konfransda Azərbaycan nümayəndə heyəti
milli azlıqların təhsil məsələləri ilə
bağlı Azərbaycan hökumətinin hesabatını təqdim
edib. Qeyd edilib ki, çoxmillətli ölkə
olan Azərbaycanda azsaylı xalqların hüquqları
yüksək səviyyədə qorunur və onların
nümayəndələri üçün geniş təhsil
imkanları mövcuddur.
Ölkəmizdə 380-dən artıq dini icmanın
mövcud olması və onlara eyni münasibətin göstərilməsi
yanaşı, az saylı xalqların
bir-birinin dilinə göstərmiş olduqları
anlayış və hörmət yalnız tolerant mühiti
olan bir ölkədə mümkündür. Milli
azlıqların müdafiəsinin təmin edilməsində ən
zəruri prinsiplərdən olan milli mənsubiyyət və
dil hüququ
Konstitusiyanın 45 ci
- "Ana dilindən istifadə hüququ" maddəsində
deyilir: "Hər kəsin ana dilindən istifadə etmək
hüququ vardır. Hər kəsin istədiyi
dildə tərbiyə və təhsil almaq,
yaradıcılıqla məşğul olmaq hüququ
vardır. Heç kəs ana dilindən
istifadə hüququndan məhrum edilə bilməz".
Ümumi birgəyaşayış qaydalarına əməlolunma
bu xalqları bir-birinə hər nə qədər
yaxınlaşdırsa da, onlar öz
etnoqrafik xüsusiyyətlərini, ən əsası isə
dillərini qoruyub saxlamağı
bacarıblar.
Dil hər bir xalqın milli kimliyini əks etdirən əsas göstəricisidir və dilsiz millətin varlığı olmadığı kimi, o xalqın dövləti və dövlətçiliyidə şübhə altındadır. Dünyanın özü dəyişdikcə dünya dillərinin nüfuzu da dəyişir. Bu baxımdan hər il bütün dünya dövlətləri tərəfindən qeyd olunan Beynəlxalq Ana Dili Günü həm dünyanın aparıcı dillərini, həm də kiçik etnik qruplara məxsus dillərin inkişafını stimullaşdıran amil kimi xüsusi əhəmiyyətə malikdir. Bu gün eyni zamanda bizə onu xatırladır ki, müasir dünya nə qədər qloballaşsa da, beynəlxalq dillərin nüfuz dairəsi nə qədər artsa da, sosial bazası kiçik olan etnik qruplarının dilləri də, qorunmalı yaşamalı və inkişaf etməlidir.
Müasir dünyanın iqtisadi-siyasi mənzərəsi bunu deməyə əsas verir ki, hansı dövlətin iqtisadiyyatı siyasəti sosial həyatı güclüdürsə, həmin ölkənin dövlət dili də güclü olur. Bu tendensiyadan çıxış edərək qeyd etmək olar ki, artıq bu gün beynəlxalq aləmdə rəqabət təkcə siyasət, iqtisadiyat üzərində deyil, həm də dil üzərində qurulur. Bu cəhətdən Azərbaycan dili öz gücünü, enerjisini, potensialını ortaya qoyaraq, dünyanın nüfuzlu beynəlxalq dilləri ilə rəqabətə girə bilir. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ulu öndərin "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm" müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.
Qeyd edilməsi mühümdür ki, məmləkətimizin
etnik mənzərəsi
göyqurşağı kimi rəngarəngdir və
burada kimsə digərinin haqqını heç zaman pozmayıb.
Biri digərinin milli mədəniyyətini, adət-ənənəsini,
dilini və dinini qoruyub saxlamağa mane olmayıb. Onlar bir ailədirlər:
azərbaycanlı. Elə dünyaya da məhz azərbaycançılıq
məfkurəsindən baxırlar.
Tahirə
MƏMMƏDZADƏ
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı
525-ci qəzet.- 2021.- 16 iyul.- S.8.