Müharibədən şeirlər  

 

Seyid Aynur 1987-ci ildə Bakıda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Hüquq, eləcə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültələrinin məzunudur.

 

2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Anton Çexov, Federiko Qarsiya Lorka, Rabindranat Taqor kimi məşhur yazıçı şairlərin yaradıcılığından tərcümələrin müəllifidir.

 

Şeirləri "Art Kaspi", "Ulduz", "Mədəniyyət" jurnallarında müxtəlif ədəbiyyat portallarında yayımlanıb.

 

Müharibədən şeirlər

 

Qeyrətinin üzünü yudu zabit,

Zühur etmiş arzular bulağında

Çiçək açdı mərmilər,

tüpürdü çarmıxa çəkilmiş İsa

erməni xislətinə.

 

Həsrətinlə yaşıd oğullar gəldi,

nəğmə

deyə-deyə, fit çala-çala,

Bir evdə bir ananın

yuxusunda çilikləndi aynalar

vağzalı çalınmadı.

 

Xatirələri başdaşlarında qalan,

Ağoğlanı düşünüb Məryəm ana

yaddaş məzarlığında

hıçqırdı elə hey ağac-ağac,

saraldı yarpaq-yarpaq.

 

Göyə əl açan yaralı məscidlər,

Gileyləndi bu dünyanın işindən

üfüqlər əcəl kimi:

Peyğəmbəri-əkrəmin hüzurunda

Ağlamsındı mələklər.

 

Dalğalanar gözlərimdə bayrağım,

Gəldim oturub söhbətləşək, Şuşa:

sən, mən, dəfnə ağacı

Səbrim ovuclarıma sığmır daha

çırp keçmişin tozunu.

 

Təbiətin beşinci fəslindəyəm-

bir budağım gətirib qucaq-qucaq,

o biri tumurcuqlayıb

Dastan yazıb Cıdırda yallı gedən

Koroğlular, vətənim!.

 

"Xudayarın nəğməsi" ni oxuyur,

Yarım qalan səngər-səngər məktublar

Dağlara şeir aparın,

bir ovuc dolu vətən buğdası-

göyərçin yuva salıb.

 

***

 

Qar yağır yerə lay-lay,

Anam oxuyar lay-lay

Elin igid oğluna,

Səngərlər deyər lay-lay.

 

Əzizim, xarı bülbül,

Ağladı yarı bülbül

Beşiyi dağlar oldu,

Saraldı sarı bülbül.

 

Düzləri qar aldı,

Yol çəkən göz ağardı.

Axtarmayın əsgəri,

Əhdi dağlarda qaldı.

 

Əzizim asa məni,

Sırğa tək asa məni

Don vurmuş bənövşəyəm,

Çağırın yasa məni.

 

***

 

Boz rəngli qeyd kitabçasında

Ləpələnir gözləri bir qızın

dəniz-dəniz,

birdən qayıtmaz deyə

hər gün şəhadət barmağını

sətirlərə tuşlayan əsgər

öldürür sevgisini,

Hardansa uzanan ana əli

silir vağzalının

 göz yaşlarını.

 

***

 

Ata evidir vətən,

bayrağı pəncərəsi,

cığırları alnımın qırışı,

duası anamın göz yaşları.

Dəftərin kənarına

çinar ağacı çəkib

kölgəsində illərin yorğunluğunu

çıxarmağım gəlir.

 

 Seyid Aynur

 

525-ci qəzet.- 2021.- 17 iyul.- S.16.