Çünki o,
balacadı
"Sən,
ey uşaqlıq...
Sən
bizdən uzaq düşdün artıq..."
...Çünki
o, balacadı!... "Qoy onun
olsun!", "Onu da apar!", "Qoy o seçsin!",
"Onunkudur! Dəymə!", "Ona
saxla!"... Bütün bunlara
qarşı "Niyə???" dedikdə tək cavab
-"çünki o, balacadı!"
Özümü dərk etdiyim müddətdən bəri
eşitdiyim bu əmr cümlələrindəki
"o"ların hamısı mənəm. Çünki
mən balacayam, mən humanist fikirləri özündə əks
etdirən güzgüyəm-insanların, böyüklərin
qayğısı mən də əks olunmalıdır. Amma görəsən, heç fikirləşdilərmi
mən balaca deyiləm, onlar böyükdülər? Mənim
4-5 yaşım, onların 8-9 yaşı olanda da, mənim 8-9
yaşım onların 12-13 yaşı olanda da, mənim
12-13... həmişə mən balacayam. Məhz
MƏN - O! Bir illüziya kimi sanki onların
böyük olduqları yox, mənim balaca olduğum gözə
girirdi. Bunların arasında çox incə bir cizgi
var... Mən Tatarıstanda-Kazanda
doğulmuşam. Demək olar ki, oralardan çox az şeyi xatırlayıram. Heç
məni oralara bağlayan bir tellər də yoxdur. Sadəcə bəxtimin rüzgarı belə əsib.
Artıq 5 yaşımda mənim
"qaçaq" həyatım başa çatır. Amma yox, nənəm illərdi üzünü
görmədiyi sonuncu nəvəsini yanında saxlamaq istəyir.
Bununla da mən "hakimiyyətə gəlirəm".
Nənəm başda olmaqla bütün
böyüklər-vəzirim, vəkilim, əyanlarım,
dayıoğlu başda olmaqla və digər bütün nəvələr,
üstəgəl qonşu uşaqları-mənim zülm
etdiyim qara camaatım idi.
Etiraf edirəm
ki, məni
çox "ilahiləşdirirdilər". Bu
mənim buynuzlarımın çıxmasına səbəb
olurdu. İlk gəldiyim günlər böyüklər məni
özlərindən aralamırdılar. Bütün
günüm əzizlənməklə keçirdi (Əvvəl-əvvəl
dil problemi yaşayırdım. Sözləri
mənimsəyə bilmirdim. Zaman
keçdikcə artıq səsimi kəsə bilmirdilər).
Onların uzunmüddətli nəvazişindən sonra mənə
uşaqların yanında "Yıxılar ha!",
"Uzağa getməyin", "Əlindən tutun!" sədaları
ilə oynamağa icazə vermişdilər...
...Həmin
vaxt uşaqlar
həqiqətən məni çox sevirdilər. İlk dəfə məni görəndə saatlarla
danışdırmağa çalışmışdılar.
Onlar məni qucaqdan-qucağa ötürə-ötürə
saxlayırdılar. Mən bütün
qüvvəmlə onlardan canımı qurtarmağa
çalışırdım. Hələ
məni qarşılarına qoyub balaca saçlarımı
burur, fərqli paltarlar geyindirirdilər. Onlar
üçün oyuncaqdan fərqim, arada dərindən nəfəs
alıb qaşlarımı çatanda hiss olunurdu. Hələ dayıoğlu mən oturan kimi tez gəlib
uzanırdı qarşımda. Əllərini çənəsinin
altında tutub, ayaqlarını havada oynada-oynada saatlarla dodaqlarının
arasından iki aralı dişlərini mənə göstərirdi.
Mən bütün qohumlarımın arasında onun adını əvvəlcədən
bilirdim. Təkcə onunla yaş fərqimiz az
idi - cəmi bir yaş.
İlk günlər o mənim bilmədiyim oyunları mənə
öyrətməyə çalışırdı. Qonşuluqdakı
uşaqları da məcbur tutub gətirirdi ki, gəlin
oynayaq. Sonra bizim liderlik üstündə tez-tez
mübahisələrimiz düşürdü. O, həmişə
cığallıq edirdi. Uduzanda tez özün
haqlı çıxarmağa çalışırdı.
O qədər də çoxbilmiş idi ki, haqsız
olduğun ona sübut edincə, özüm küsüb,
oyundan çıxıb ağlayırdım. Hələ
bir dəfə onu palçığın içinə itələmişdim.
O da qazları mənim üstümə qovmuşdu (nənəmgil
həmişə qaz, ördək saxlayırdılar). Bu mənim ilk məsumiyyət dolu "faciə"m
idi. Həmin gündən bir-birimizə
düşmən kəsildik.
Mən qazla ördəyi bir-birindən fərqləndirə
bilmirdim. Hər dəfə ayağımı evdən
çölə qoyanda üstümə qovulan
varlığın ördək olduğunun fərqinə
çox sonralar vardım. Həqiqətən
də ağılsız olmuşam. Təbii
ki, mənə hücum edən qaz ona da hücum edərdi.
O da qazdan qorxmalı idi.
Hər dəfə eyni hadisələr təkrarlanırdı: o əvvəlcə ördəkləri qovurdu, sonra mən çığırıb yıxıla-yıxıla, üz-gözümə döyə-döyə evə doğru qaçırdım. Sonra kimsə səsimizə gəlirdi. Onu danlayırdı, mən də qorxu hissimi birə-beş artırıb gözümün suyunu axıdırdım. Mən hər dəfə uzun müddət ağlayar, onun iki qatı qədər müddətə də küncdə durub içimi çəkərdim (indi o tez-tez mənim bu hərəkətimi mənə xatırladır). Hər gəlib-gedənin "Nə olub?" sualının cavabına bir-iki damcı göz yaşı, bir az da hıçqırıq əlavə edib (Çox unikal reseptdir). onu təkrar danlatdırardım. Hətta bir dəfə dayım onu bu hərəkətinə görə vurmuşdu da. Yaxşı ki, o, həssas uşaq deyildi. Sözü deyirdin, bir az qızarıb-bozarırdı, vəssalam. Təkcə arada məni nənəmə qısqanırdı. Amma mən elə deyildim.
Bir dəfə dayımla biz həyətdə tut yığrdıq. Həmin gün həyətdə çoxlu işləmişdik: ağaclara, güllərə qulluq, onları sulamaq, budamaq və daha nələr. Bir sözlə, bizi küyləyib qoçaqlaşdırmışdılar. Xeyli yığıb yorulmuşduq ki, nənəm bizi samovar istirahətinə çağırdı. Həyətdən çıxanda yolumuzu böyük su arxı kəsdi. Dayım:
- Əlinizi verin...Bir-iki-üç... - dedi. Guya tullanırdıq. Biz yıxıldıq, dayım keçdi. İkimiz də arxın içində qalmışdıq. Dizimizə qədər palçıq olmuşduq. Dayım bizi çıxartmalı idi. O, birinci əlini ona verdi. Mən həmin an özümü Dostoyevskinin Nellisi kimi hiss etdim: təhqirlərə məruz qalmış, kimsəsiz, döyülmüş, ifadə etmək çox çətindi o hissi. Elə bilirdim ki, dayım əlini ilk olaraq ona verməklə bərabər mənə qarşı bütün sevgisini də ona verib. Elə bir hissə qapılmışdım ki, sanki daha məni heç kəs sevmir. Əslində balaca olduğum üçün birinci mən çıxarılmalıydım. Sadəcə göz yaşlarım ilan kimi boğazıma sarılıb məni boğurdu. Xatırlayıram ki, həmin gün heç kəslə danışmamışdım. Mənə kimsə qayğı göstərəndə süni sanırdım. Bütün sentimentallığımla insanlara nifrət hissi bəsləyirdim. İnanıram ki, dayım birinci məni çıxarsa idi, dayıoğlu heç qətiyyən fikir verməzdi ki, birinci kim çıxarılıb. Çünki o, bütün uşaqlar kimi həssas deyildi. Əksinə, uşaqlara məxsus nadinclik onda qəddarlığa qədər inkişaf etmişdi. İstənilən adamı öz yalan "həqiqətlər"inə inandıra bilərdi. O, çox rahat yalan danışırdı. Hətta bəzən elə şeylər uydurub deyirdi ki... Ümumən, məncə, yalan danışmağı bacarmaq mükəmməl bir üstünlükdür (yalan yox, onu danışmağı bacarmaq).
Nənəm həmişə bizə qəpik verirdi. Evlərinin arxasında mağaza vardı. Qaçardıq ora. Bir dəfə-"atəşkəs" elan edən vaxtlarımız nənəm bizə bir manat vermişdi ki, əlli-əlliyə bölüb mağazaya gedək. O, tez manatı xırdaladıb:
- Bax, yeddi qəpik var. Dördü sənin, üçü mənim. Qoy çoxu sənin olsun (İlahi, o necə də mərhəmətlidir və mən necə də xoşbəxtəm). Sən get, al. Mən uşaqlarla oynayacam - deyib getmişdi.
Mən mağazaya qaçanda qonşu uşaqlardan biri:
- O, səni aldatdı. Çoxu özünə götürdü.
- Yox, mənə dördünü verdi. Bax, bir-iki-üç-dörd.
- Bax,
bunların üstünə on yazılıb. Amma
onunkulara iyirmi yazılmışdı. Onda
altmış qəpik var, səndə qırx.
Altmış qırxdan böyükdü...
O, mənim
yerli pulları tanımamağımdan çox məharətlə
istifadə etmişdi. Ondan hər şey gözləməli
idim. Hər
halda pulun çoxunu mənə verməli idi ki, özünə
götürməməli idi. O, məni hər zaman
qorumalı idi, məni çox istəməli idi. Nə də olsa mən ondan balaca idim. Həmin an "Qırx altmışdan
böyükdü" sözlərini eşitmək necə də
xoş olardı...Hətta eşitsəydim, həqiqət kimi
qəbul edərdim də. Özümü axmaq kimi hiss edirdim. Boğulduğumun fərqində idim. Beynimdə elə bil qazanlar qaynayırdı. O
qədər sarsılmışdım ki, ağlaya-ağlaya
mağazaya qaçıb satıcıdan:
- Əmi,
qırx böyükdü, yoxsa altmış?-
deyə soruşmuşdum...
Həmin gün axşam o, evə gələndə pilləkənlərin ən başında onu gözləyirdim. O, ayaqqabılarının ipini açıb çıxarınca, bir-bir ayağını pillələrə basdıqca, ürəyim elə döyünürdü ki. Səsi elə bil qulağımda musiqi kimi səslənirdi. Nəhayət, o, gəlib mənim bərabərimə çatdıqda. Mən onun ayaqlarından tutub çəkdim. O, yerə yıxıldı. Düz pillələrin başından onu itələdim. O ,mənim bu hərəkəti edəcəyimi gözləmirdi. Hətta, bəlkə də, tez-tez etdiyimiz zarafatlardan biri olduğunu sanmışdı. Amma mən bunu bütün acımasızlığımla etmişdim. Qəsdən etmişdim. Yaxşı da eləmişdim.
Ona heç nə olmamışdı. Amma yenə də ağlamalıydı axı, əlinə belə gözəl fürsət düşmüşdü. Dayım məsələni öyrənib (Bütün münaqişələrimizdə hər şeyi birinci mən danışardım. Onda həm bir az günahlarımı ixtisara salardım, həm də bir az rola girib özümü yazıqlaşdırıb qarşı tərəfi pis vəziyyətdə qoyardım.) ikimizi də danlamışdı. Hətta ona:
- Çıxart qəpiklərin hamısını ver ona. Sənə pul yoxdu. - demişdi.
- Al, on qəpik götürmüşdüm, verirəm. - deyib mənə on qəpik uzatmışdı.
- Hamısını ver! - dayım onu cəzalandırmaq istəmişdi.
- Niyə?
Bəs mən...
- O,
balacadı. Sən onu çox istəməlisən.
Ver ona, sonra da üzr istə.
O, qəpiklərin
hamısını mənə verdi. Hətta
o an nifrətlə üzümə
baxıb "balacaymış" dedi. Mən
bundan çox mütəəssir oldum. Özümün
etdiyim şərəfsizlik öz üzümə
çırpılmışdı. Biz
qapının ağzına çıxan kimi qəpikləri
ona uzatdım, amma o eynən onu itələdiyim yerdən məni
itələdi. Mən onun kimi xəsarətsiz
qurtarmadım. Ayaq barmaqlarım
çıxmışdı...
...Artıq
bizə bir yerdə oynamağa icazə vermirdilər. Mən böyük dayıqızının
"himayəsində" idim. Amma həqiqətən
də biz barışmışdıq. Hətta
tez-tez dayıqızı mənə vitamin atdıranda öz
payımı gizlicə ona verirdim. Mən
sevmirdim o dərmanları, amma o çox sevirdi. Bir dəfə onun üçün
dayıqızından xəbərsiz ona vitamin də
oğurlayıb vermişdim. O da əvəzində öz
konfetlərini mənə vermişdi. Həmin
gün axşam məlum oldu ki, o konfetlər onun deyilmiş.
Gedib o biri
bacısının konfetlərini
çırpışdırmışdı.
Bizi bir-birimizdən aralayandan sonra mən daha çox
dayqızlarına "zülm" edirdim. Ən sevimli məşğuliyyətim
pəncərədə nəfəsimlə buxar yaradıb orda
öz sənət əsərlərimi işləyirdim. Hər dəfə məni danlayırdılar. Şüşəni təmizləmək çətin
idi. Böyük
dayıqızı hər dəfə mənə bir söz deyə
bilməyib özü oturub ağlayırdı. Mən bundan sonra çox pis olurdum. Bir az da özümə nifrət edirdim,
özümü çox yararsız və başbəlası
hesab edirdim-əslində belə idim. Hər dəfə də
evdəkilər:
-
Balacadı da... Uşaqdı... Daha sən niyə
ağlayırsan?-deyib onu borclu çıxarırdılar. Bu mənə
ruhi rahatlığım üçün ən ideal təskinlik
idi (bəhanə də demək olar).
Ümumən, uşaqlığımı "vicdan əzabı" ilə xatırlayıram. Xatırladıqca da ətrafdakılarıma qarşı "bıııyyyy, yazıq..." reaksiyası verirəm. Mən neçə-neçə oyunların pozulmasına (Çox nadir hallarda babamın bütün nəvələri bir arada olurdu. Bir dəfə o nadir günlərdən biri idi. "Gözbağlayıcı" oynayırdıq. Mənim növbəmdə bir ağlamaq ağlayıb "gözüm ağrıyır" demişdim. Məhz mənim səsimə başqaları gəlməsin deyə neçə nəfər ağzımı tutub "biz bağlayarıq" demişdi), dəfələrlə uşaqların əlindən konfetlərinin alınmasına, məhz mən getmirəm deyə neçə gəzməkdən qalmalarına səbəb olmuşdum. Hələ qızlardan birinə təzə paltar alanda elə pis baxışlarla baxırdım ki, ya çıxarıb mənə verirdi, ya da paltarın ömrü çox çəkmirdi Hətta dayıoğlunun da paltarlarına tamah salardım. Hələ uşaqlar əllərinə bir şey alanda "ver ona!" kəlməsini eşidib mənə nifrət dolu baxardılar. Bütün bunları xatırlamağıma səbəb: bir dəfə dalaşanda ("niyəsi"i yadımda deyil) o, əlindəki dəmirlə mənim əlimə vurmuşdu - balaca barmağımın üstündən. İndi yerində çapıq qalıb. Hətta neçə ildən sonra fikir vermişəm ki, əlimdə çapıq var. Amma yaxşı ki, var. Bunu bir hədiyyə kimi sevirəm, çünki mən solaxayam, sağla solu fərqləndirəndə əziyyət çəkirəm.
...çünki
o, balacadı!... "Qoy onun
olsun!", "Onu da apar!", "Qoy o seçsin!",
"Onunkudur! Dəymə!", "Ona
saxla!"... Bütün bunlara
qarşı "Niyə???" dedikdə tək cavab -
"çünki o, balacadı!"...Sonralar mən
artıq bu cümlələrdəki o yox, sən oldum. İndi
çox böyük hüznlə qəlbimdən keçirirəm:
heyif deyil balaca olmaq - O olmaq... hər zaman sənin doğru və
ya yalnışına baxmayaraq, məhz balaca olduğun
üçün dəstəkləndiyini görmək. Arzularının həyata keçməsi
üçün sadəcə "istəyirəm!" demək.
Yanlış olduğunu özün dərk etmək.
Hər yalnışında da qorunmaq-daim qorunduğunu hiss etmək...
izah olunmaz ki... "O" olmaq məchuldur (hisslərin x-i
"o"dur). Həll etmək, axtarmaq yaramaz,
yaşamaq lazımdır. Darıxıram "o"
üçün - hər tərəfli; onun bütün istəkləri
sadəcə çiyələkli şokoladdır, onun ən
ali kədəri partladılmış şardır, onun ən
böyük arzusu uçmaqdır, onun ən yaxın dostu
mürəkkəbə batırılmış köynəyidir,
onun ən böyük qorxusu körpüdür, onun ən
böyük sevinci şıqqıldayan qəpiklərdir, onun ən
böyük problemi "qazlar"dır, ...çünki o,
balacadı...
Lalə ƏMİRQULİYEVA
525-ci qəzet.- 2021.- 17 iyul.- S.15.