85 yaşın qəribçiliyi Qərib Mehdinin 85 yaşına
Hərdən zəng edirəm:
"Salam, Qərib müəllim.
Hər vaxtınız xeyir olsun".
Əvvəl-əvvəl hal-əhval və ədəbi danışıqlar,
sonra dostlar haqqında sorğular. Daha sonra
"Elçin İsgəndərzadə
şəhərdədirmi?" soruşanda
sözlərindəki məsumluq
telefondan da sezilir. O, tələbələrini
çox sevir. Tələbələrinin isə
sayı çoxdur - deputat da var,
müəllim də, müdir də - hamısı da ədəbiyyat adamı, söz
sahibidir. Qərib müəllimin bu gün "Azərbaycan",
"Ulduz" jurnallarında,
"Ədəbiyyat qəzeti"ndə...
neçə dürlü
qəzet və jurnallarda çalışan,
"İlham" ədəbi
birliyinin şinelindən
çıxmış uşaqları.
Həmişəki fikrimdə
qalıram: Qərib Mehdi "İlham" ədəbi birliyinin ilk və şəriksiz rəhbəridir.
...5 il əvvəlin
söhbətidir. Yenə
telefon zəngi:
"Salam Qərib müəllim,
hər vaxtınız
xeyir olsun".
Bu dəfə mövzumuz
Qərib müəllimin
80 illik yubileyinin keçiriləcəyi ilə
bağlı təqvim,
təşkilatı və
hazırlıq işlərinə
aiddir. Məlum olur ki, Gəncə rəhbərliyi
yubiley keçirilməsini
qərara alıb, yerli teatr və
poeziya evləri, filarmoniya, universitet bu işə cəlb olunub. Hətta bir neçə poliqrafiya işlərinin eskiz və cizgiləri,
dəvətnamələr də
təsdiq olunub. Nizami yurdunun yayqabağı ədəbi hadisəsinin ilkin ssenarisi aydınlaşıb. Sonra Xan
bağının sərinliyi
kimlərinsə soyuq damarına düşmədi,
tədbir payıza qalsın dedilər. Qalsın, qalsın də, nə deyirəm.
Payız
da gəldi, Gəncəyə soyuq yağışlar yağdı,
Rövşən Behcətin
ölümündən sonraki
qərib səsinə
və 80 yaşlı Qərib Mehdinin adına olan bütün rəngli və rəngsiz kağız parçalarına
yağdı, yağdı,
hər şeyi saraldıb Gəncə tarixinin utanc bir səhifəsinə atdı. O səhifəyə
ki, Seyid Əzim Şirvani Nizami Gəncəvinin qəbri üstündə
acı-acı demişdi:
Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü-ehtişamı
dağılan...
Və indi də mənə elə gəlir ki, onsuz da
Qərib Mehdi bu dünyada bütün yaşlarında
qəribdir.
..."Salam, Qərib müəllim,
hər vaxtınız
xeyir olsun".
Bu dəfə söhbətimiz
uğurlu oldu, onun bu xəbərə
nə qədər sevindiyini bilmirəm, amma mən çox
sevindim, ona görə ki, Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq şairi Anarın, sevimli şairimiz Ramiz Rövşənin xeyir-duası,
şox sevimli Rəşad Məcidin qayğısı ilə Qərib Mehdinin 80 illiyinin mərkəzdə,
AYB-nin Natəvan klubunda keçirilməsinə
qərarı verilmişdi.
Əvvəlcə yazıçı Seyran Səxavətə telefon açdım, özümü təqdim etdikdən sonra tədbirin vaxtnı demək istədim, amma Seyran müəllim
artıq bu barədə məlumatlı
idi.
Beş il əvvəl
professor Elçin İsgəndərzadənin
aparıcılığı ilə Qərib Mehdinin 80 illik yubileyi ilk olaraq Bakıda, AYB-nin Natəvan klubunda keçirildi. Bu, bir tarixdir, amma bu tarixi tədbirin
çox xırda detalları da var. Fikrət Qocanın, Nəriman Həsənzadənin, Sabir Rüstəmxanlının, Seyran
Səxavətin, Vaqif Yusiflinin... Qərib Mehdi haqqında
fikirləri çox maraqlı idi.
Həmin
gün Qərib müəllimin 80 illik yubiley dastanının
"Bakı fəsli",
özünün yazdığı
kimi, "Çanaqqala"
restoranında "badə
döyüşləri" ilə sona çatdı.
Qərib
Mehdi–”Məni xatırlayın ki, yaşayım…” — Yazıçı
İsmayıl Qarayev haqqında
xatirələr | kultur.az
Az sonra 80 illik yubileyinin Bakı və Gəncə olayları haqqında Qərib Mehdi "Yubileynamə"
kitabını yazdı
və bu fikirlərini qısaca önə çıxardı:
"Mən yubiley savaşı aparmıram. Mən taleyimi yazıram. Taleyindən qaçan yazıçı
özündən qaçmış
sayılır".
Onun kitablarının
sayı 44-dür, bu, kəmiyyət göstəricisidir. 1967-ci ildən üzü bəri indiyə kimi çap olunan kitablarının bədii səviyyəsi haqqında isə zaman-zaman çox müsbət fikirlər söylənilib.
İllər öncə gözəl
yazıçı və
xeyirxah insan Mir Cəlal Paşayev müəllif haqqında deyirdi: "Gəncəlilər,
Qəribi oxuyun və Qəribi qoruyun".
Kitablarının həm sayına, həm bədii səviyyəsinə, bir də əsl vətəndaşlıq mövqeyinə
görə Qərib Mehdi ikinci böyük
şəhərimizin ən
sayılıb-seçilən söz sahiblərindən,
nasir və publisistlərindəndir. Ünlü
şairimiz Ramiz Rövşənin Qərib
Mehdiyə ünvanladığı
təbrik teleqramından
xatırladığım bu
sətirlər fikrimi bir daha təsdiqləyər:
"Sənin bütün
ömrün və yaradıcılığın vətənimizin
ikinci böyük şəhəri qədim Gəncəyə bağlı
olsa da, paytaxtda yaşayan qələm sahibləri ilə müqayisədə
sən heç vaxt ikinci dərəcəli
yazıçı olmamısan.
Sənin
adın, uzun illərdi ki, rəhmətlik Altay Məmmədovla
yanaşı, Nizami yurdu Gəncənin ədəbiyyatımıza bağışladığı
ən ciddi yazıçı imzalardan
sayılır".
***
Beş il ötüb-keçib.
Artıq
2021-ci ildir. Qərib Mehdinin
85 illik yubiley tarixi.
Daha bir telefon zəngi:
"Salam, Qərib müəllim,
hər vaxtınız
xeyir olsun".
Hal-əhvaldan sonra
"Bir-iki günə
Gəncədə olacağam,
yəqin görüşərik"
- deyib telefonu söndürürəm.
Pandemiya səbəbindən Gəncədə
olmağımdan bir ildən artıq vaxt keçib.
Mayın son günlərindən birində
Qərib müəllimlə
Xan bağında görüşürük. Yerişində bir ləngər, ağayanalıq var. Üzünün
nuru, bənizindəki
məsumluq yerindədir.
Çayxanada oturub müxtəlif
mövzulardan danışırıq,
bütün tələbələrini
soruşur, salam
göndərir. Bu ara Kərim Kərimlinin ünvanına xoş sözlər söyləyir,
məlum olur ki, Qərib Mehdinin bir hekayəsi
44 günlük Vətən
müharibəsinə aid 44 ədəbi nümunə toplu kitabına daxil edilib və
çapa göndərilib.
Söhbətləşib ayrılırıq. Ertəsi gün şair
Əbülfət Mədətoğluya
telefon açıram.
Sən demə, Qərib Mehdi haqqında yazısı artıq hazırmış. İlk təbrik
yazısı də elə Əbülfət Mədətoğlunun "Ədalət"
qəzetində çap
edilən "Gəncədəki
halal kişi" məqaləsi olur.
Sonra "Ədəbiyyat"
qəzeti yubilyarın
ünvanına təbrik
ünvanlayır. Sonra AYB sədri Anarın
Qərib Mehdiyə məktubu çap olunur.
Bu isti yay günlərindən biridir,
Bakının xudmani kafelərindən birində
oturmuşuq. Şair Əlisəmid Kür Qərib Mehdidən söz salır, onun
şərəfinə badə
qaldırır, arzusunu
dilə gətirir.
"Qərib müəllimin
90 illik yubileyini elə bu balaca
kafedə qeyd edəcəyik" - deyib arzusunu telefon vasitəsi ilə Qərib müəllimin diqqətinə çatdırır
və badəni xoşluqla başına çəkir: "85 yaşın
mübarək olsun, Qərib müəllim".
...Sabah ona yenə telefon
açacağam, həmişəki
kimi deyəcəyəm:
"Salam, Qərib müəllim,
hər vaxtınız
xeyir olsun".
Sonra 85 illik
yubileyi münasibətilə təbrik edib, sağlamlıq və
yaradıcılıq uğurları arzulayacağam,
deyəcəm ki: "Qərib müəllim,
"İlham" ədəbi birliyinin ilk və şəriksiz
rəhbəri kimi Sizin
fəaliyyətiniz Gəncə ədəbi mühitinə yeni nəfəs gətirdi və bütün bunlar
danılmazdır. Bu münasibətlə Nizami yurdunun
oxucularını - ədəbiyyatsevər gəncəliləri
təbrik edirəm".
Xosrov
NATİL
525-ci qəzet.- 2021.- 17 iyul.- S.13.