Əsgər bəy Eyvazov və
övladları
2021-ci il mayın 28-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhər
1 saylı məktəbin yeni binasının təməlini
qoydu. Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Emin Hüseynov dövlətimizin başçısına məktəb
barədə məlumat verdi.
Emin
Hüseynov: Cənab Prezident, bu məktəb Qarabağ bölgəsinin
ən qədim məktəbi hesab olunur. Əslində,
Əsgər bəy Eyvazov tərəfindən 1883-cü ildə
əsası qoyulub. O, müxtəlif yerlərdə fəaliyyət
göstərib. 1904-cü ildə həmin bu
binaya, bu əraziyə gəlib və 1949-cu ilə kimi burada
qalıb.
Prezident
İlham Əliyev: Bu ərazidə?
Emin
Hüseynov: Bəli, bu ərazidə qalıb. Məktəb
1993-cü ildə erməni işğalı zamanı tamamilə
dağıdılmışdır. İkimərtəbəli
bina olub. Amma təqdim olunan layihədə
üçmərtəbəli bina nəzərdə tutulur.
Plana uyğun olaraq, inzibati hissə, tədris
korpusları, idman meydançası, texniki zona təşkil
olunacaqdır.
Prezident
İlham Əliyev: Şagirdlərin sayı nə qədər
olacaq?
Emin
Hüseynov: Məktəb 960 nəfər şagird
üçündür.
Prezident
İlham Əliyev: Əvvəlki məktəbdə nə qədər
olub?
Emin
Hüseynov: Əvvəlki məktəbdə az
olub, 500 nəfər. Amma indi 960 şagird yerlik
olacaq. Eyni zamanda, 18 sinif otağı, 37 fənn
kabineti, kimya, fizika, biologiya laboratoriyaları yaradılacaq.
Məktəbdə təhsil üçün hər
cür şərait, bütün texniki imkanlar olacaqdır.
Prezident
İlham Əliyev: Çox yaxşı.
Sonra dövlətimizin başçısı məktəbin
təməlini qoydu.
Prezident
İlham Əliyev: Xeyirli olsun.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanın
şəhər və kəndlərində, o cümlədən,
Qarabağ bölgəsində fəaliyyət göstərən
yeni tipli məktəblərin sayı artmaqda idi. Bu məktəblərin,
yəni dünyəvi təhsil mərkəzlərinin
yaranmasında qabaqcıl maarifpərvər ziyalıların
xidmətləri əvəzsizdir. Qarabağda fəaliyyət
göstərmiş yeni tipli təhsil mərkəzlərinin
yaradıcıları əsasən Qori şəhərindəki
Zaqafqaziya Müəllimlər Seminariyasının, Şuşa realnı məktəbinin məzunları
idilər.
Belə təhsil ocaqlarından biri də Qori
Seminariyasının Azərbaycan şöbəsini bitirən
Əsgər bəy Eyvazov tərəfindən 1883-cü ildə
Muradbəyli kəndinin sakini Əbdül Zamanovun mənzilində
açılıb.
Məlumat üçün bildiririk ki, Muradbəyli Azərbaycan
Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidinin tərkibindədir. Kənd əvvəllər
Şıxbabalı kənd sovetliyinin, sonralar isə Ağdam
şəhər sovetliyinin tərkibinə daxil olaraq Ağdam
şəhəri Muradbəyli sahəsi kimi qeyd olunmuşdu.
Bu sahədə təxminən 200-ə yaxın ev
var idi. Ermənilər tərəfindən
işğal olunduqdan sonra evlərin və tikililərin
hamısı məhv edildi. 1993-cü ilin
iyul ayında Ağdam şəhərinin işğalından
sonra 1 nömrəli məktəbin də qismətinə
köçkünlük düşdü. Məktəb
1993-1994-cü tədris ilində Bərdə şəhərində
öz fəaliyyətini bərpa etdi.
Ağdam
şəhər 1 saylı orta məktəbi öz fəaliyyətinə
beş nəfər şagirdlə
başlamış və burada dərslər rus dilində
keçirilmişdi. Əsgər bəy Eyvazov
özü Azərbaycan və rus dillərindən, hesabdan və
hüsnxətdən dərs demişdi.
Ağdam şəhər məktəbində təhsilə
maraq artdıqca şagirdlərin sayı çoxalırdı. 1884-cü ilin
fevralında şagirdlərin sayı 12 nəfərə
çatmışdı.
Əsgər bəy Cəbrayıl qəzasının
Qarğabazar (indiki Füzuli rayonunun Qarğabazar kəndi) kəndindəndir. Bu məqalədə Əsgər
bəyin oğlu, tibb elmləri doktoru Ədil Eyvazovun,
tanınmış jurnalist Orxan Zakiroğlunun (Baharlı) və
digər müəlliflərin araşdırmalarına və tədqiqat
materiallarına əsaslanaraq, Azərbaycanın ictimai-siyasi,
elmi-mədəni həyatında önəmli rol
oynamış görkəmli tarixi şəxsiyyət, maarifpərvər
ziyalı Əsgər bəy Eyvazovun pedaqoji və ictimai fəaliyyətinə
dair bəzi fakt və epizodları oxuculara xatırlatmaq, onun
övladları barədə bəzi məlumatlar vermək istəyirik.
Əsgər bəy Eyvazov Qori Seminariyasında oxuyarkən
tərəqqipərvər maarifçi A.O.Çernyavski
seminariyanın Azərbaycan şöbəsinin rəhbəri
idi. Məşhur pedaqoq hələ 1866-cı ildə
Şamaxı qəzasının Mərəzə kəndində
ibtidai xalq məktəbi açmışdı. O
dövrün müəllimləri onun bu sözlərini tez-tez
təkrar edərdilər: "İbtidai xalq məktəblərinin
canı müəllimdir. Tədris işinin
müvəffəqiyyəti ondan asılıdır. O, kənd
əhalisinin qaranlıqda qalan kütləsi içərisində
maarif pioneridir".
Əsgər bəy Qori Seminariyasında Hacı Kərim
Sanılı və Qulubəy Rəhimbəyov kimi görkəmli
ziyalılarla birlikdə təhsil almışdı. Azərbaycan mədəniyyətinin
inkişafında mühüm xidmətləri olmuş
Hüseyn Minasazov, Hənifə Terequlov, Fərhad Ağayev və
Ağəli Qasımov da həmin illərdə seminariyada
oxuyurdular. Ə.Eyvazov Azərbaycan ədəbiyyatşünaslığının
banisi Firidun bəy Köçərli ilə yaxın
dostluğundan iftixarla danışardı.
Qori Müəllimlər Seminariyasını bitirməsi
barədə Ə.Eyvazova verilmiş şəhadətnamədə
göstərilir ki, o, ibtidai məktəblərin ümumi təhsil
proqramından əlavə, şagirdlərə skripkada
çalmağı və nəğmə oxumağı da
öyrədə bilər. Şəhadətnamədə həmçinin
qeyd olunur ki, Ə.Eyvazov öz təcrübə vərdişlərini
kənd təsərrüfatı işlərində
(bağçılıq, arıçılıq, ipəkçilik,
bostançılıq) tətbiq edə, cildçəkmə,
idman məşğələləri apara, meteoroloji
müşahidələrlə də məşğul ola bilər. Əsgər bəy həm
də yaxşı foto çəkməyi
bacarırmış.
Bunu da qeyd etmək lazımdır ki, özünün ilk
iyirmi illik müəllimlik fəaliyyəti dövründə
Ə.Eyvazov yay tətilləri zamanı Qafqaz tədris dairəsi
müəllimləri üçün təşkil olunan kənd
təsərrüfatı və sənətşünaslıq
kurslarında iştirak edib.
Ə.Eyvazov
1898-ci il sentyabrın 1-dən Tuğ kəndində
ikisinifli məktəbdə, 1902-ci il sentyabrın 1-dən isə
Hadrut kənd məktəbində müəllim işləyib.
Burada işə başlayandan bir ay sonra onu
Yelizavetpolda (Gəncədə) Bağmanlar rus-tatar məktəbinə
müdir təyin ediblər. Bir neçə
vaxtdan sonra o, Ağdama gəlib və burada ikisinifli məktəbində
müdir vəzifəsində işləməyə
başlayib.
Unudulmaz müəllimi A.Çernyavskinin "ibtidai xalq məktəblərinin
canı müəllimdir" prinsipi ilə çalışan
Ə.Eyvazovun əmək fəaliyyəti heç də həmişə
rəvan, əndişəsiz, ağrı-acısız
olmayıb. O,
əsassız təqiblərə də məruz qalıb. 1908-ci ilin mart ayında Əsgər bəydən
yuxarılara belə bir donos çatdırılıb ki, guya
o, qeyri-leqal millətçi "Difai" cəmiyyətinin
üzvü olub. 1906-cı ildə
burjua-mülkədar ziyalılardan, bəylərdən təşkil
olunmuş bu millətçi partiyanın Qaryagində də
özəyi var idi. Bu donosdan sonra Əsgər
bəyi həbs ediblər. Ağdam məktəbində
dərslərə müvəqqəti olaraq fasilə verilib.
Ə.Eyvazov haqqında xəbərçiliyin əsassız
olduğu sonralar təsdiqlənib. Donosu yazan varlı təbəqənin
nümayəndəsi idi. O, Ə.Eyvazovun qəzetdə dərc
olunmuş məqalələrindən qəzəblənərək,
belə çirkin əmələ əl atmışdı.
Əsgər
bəy işinə bərpa olunandan sonra onun dərslərində
bilavasitə iştirak etmiş xalq məktəbləri
direktorunun hazırladığı arayışda deyilirdi:
"O, dərsi məharətlə aparır və öz
söhbətləri ilə şagirdlərində vətəndaşlıq
hissləri oyadırdı". Ə.Eyvazovun
demokratik baxışları ilə heç cür
barışmayan nadanlar donos yazmaqda davam edirdilər. Lakin böhtan və iftiralar yoxlama zamanı təsdiq
olunmurdu. 1917-ci ilin aprelində növbəti
araşdırmadan sonra xalq məktəbləri müfəttişi
yazırdı: "Ə.Eyvazov əhali arasında
bacarıqlı pedaqoq və vətəndaş kimi xüsusi
hörmətə malikdir. O, hər dəfə həmkəndliləri,
həmçinin, əhali ilə hökumət məmurları
arasında baş verən münaqişəli məsələləri
həll etmək üçün dəvət olunur".
Cəmiyyətdə tutduğu mövqeyinə görə
Ə.Eyvazov ictimai xadim kimi xalq arasında dərin hörmət
qazanmışdı. Təsadüfi deyil ki, 1921-ci ilin sentyabrında
o, Cəbrayıl Qəza İcraiyyə Komitəsi Bürosunun
qərarı ilə Volqaboyu aclarına yardım komitəsinin
katibi seçilmişdi.
Maraqlıdır ki, Ə.Eyvazov eyni zamanda, həm xalq
maarif şöbəsinə, həm də ictimai təminat
şöbəsinə rəhbərlik edirdi. O zaman qəzada müəllimlər
kursunun, mədəni-maarif müəssisələrinin təşkili
də onun adı ilə bağlıdır.
1922-ci ildə Azərbaycan SSR Xalq Maarif
Komissarlığına yazılmış arayışda
deyilirdi ki, xalq maarif şöbəsi qəzada öz işini
nümunəvi quran və səliqəliyi ilə fərqlənən
yeganə şöbədir. Buna məhz
Ə.Eyvazovun əməksevərliyi, enerjisi və öz
işini yaxşı bilməsi nəticəsində müvəffəq
olunub.
1923-cü ildə Ə.Eyvazov Qaryagin rayonundakı iki dərəcəli
məktəbə müdir təyin edilib. O, həmin məktəbdə
1926-cı ilədək işləyib. Sonra
Bakı Pedaqoji Texnikumunda dərs deməyə dəvət
edilib. O, Bakıda işləyərkən, Qiyabi Pedaqoji
İnstitutun Azərbaycan dili və ədəbiyyatı
şöbəsini bitirib.
Burada qeyd etmək lazımdır ki, Əsgər bəy
Eyvazovun həyat yoldaşı Əsmət xanım
dövrün məşhur maarifçisi Allahverdi bəy
Ağabəyovun qızı olub.
Əsgər bəyin həyatı əsl örnək və
nümunə olub. Ondan övladlarına nə var-dövlət,
nə mülk, nə qiymətli əşya, nə də
başqa bir maddi sərvət qalıb. Onlara
qalan atalarının təmiz adı olub. Faydalı
zəhməti, elmə, biliyə can atması, millət
üçün pərvanə kimi oda yanması isə hədər
getməyib. Onun haqqında Azərbaycan mətbuatı
səhifələrində müxtəlif vaxtlarda bir sıra
geniş materiallar dərc edilib. Azərbaycan
Dövlət Radio və Televiziyasında onun maarifçilik fəaliyyəti
barədə verilişlər təşkil olunub.
Bu faktlar və məlumatlar Ə.Eyvazovun fəaliyyəti
barədə məlumatların yalnız cüzi bir hissəsidir. Eyni zamanda qeyd
etməliyik ki, onun fəaliyyəti ilə bilavasitə
bağlı olan çoxsaylı məqalələrdə və
dərc olunmuş elmi işlərdə təqdim olunan bəzi
məlumatların dəqiqləşdirilməsinə də zərurət
var. Bir sözlə, onun həyat və fəaliyyətini tam əks
etdirən tədqiqat işinin aparılmasına ehtiyac var. Bununla belə,
Ağdamda yeni tikilən məktəb binasında Əsgər
bəyin xatirə lövhəsinin quraşdırılması
barədə də düşünməyə dəyər.
Bir az da
Əsgər bəyin oğlanları - Əməkdar elm xadimi,
Əməkdar həkim, professor Bahadur Eyvazov və tibb elmləri doktoru Ədil
Eyvazov barədə danışmaq istəyirik.
Bahadur Əsgər oğlu Eyvazov 1907-ci ildə Füzuli
rayonunda anadan olub. Hələ tələbə ikən elmi-tədqiqat
işinə həvəs göstərib. Ali
təhsilini başa çatdırdıqdan sonra o, institutun dəri-zöhrəvi
xəstəlikləri kafedrasında saxlanılıb, tibb
elminin ən zəruri məsələlərinin həlli ilə
məşğul olmağa başlayıb. Ziyalı
ailəsində doğulub tərbiyələnmiş gənc
B.Eyvazov hələ 29 yaşında tibb elmlər doktoru elmi dərəcəsi
alıb. 1946-1964-cü illərdə Azərbaycan
Dövlət Tibb İnstitutunun rektoru olub. İndi
də xatirələrdə əfsanəvi rektor kimi
yaşamaqdadır.
1973-cü ildən Azərbaycan SSR Elmi-Tədqiqat
Hematologiya və Qanköçürmə İnstitutunun
direktoru vəzifəsində
çalışmışdı. Tədqiqatı əsasən, dəri-zöhrəvi
xəstəliklərin klinikası və
epidemiologiyasının, respublika balneoloji kurort sərvətlərinin
(Naftalan nefti, Suraxanı kükürdlü suyu, Şuşa
iqlim kurortu və s.) öyrənilməsinə həsr
olunmuşdu.
Bahadur Eyvazov Azərbaycan Cümhuriyyətinin rəhbərlərindən
olan Həsən bəy Ağayevin qızı Xurşid
Ağayeva ilə ailə qurmuşdu. Azərbaycan SSR Ali
Sovetinin (2-ci və 5-ci çağırış) deputatı
seçilmişdi. 1987-ci ildə vəfat
etmişdi.
"O, həkim
idi. Ancaq heç zaman yalnız həkimliklə
kifayətlənməmişdi. Eyni zamanda,
işgüzar, qüsursuz, səriştəli bir təşkilatçı
və həmişə gələcəyə baxan, irəlini
görən bir insan idi. O, ömrü boyu yenilik hissi ilə
yaşamışdı. Təbabət elminin
hansı sahəsində çalışırsa
çalışsın, orada qısa vaxt içərisində
sər-sahman yaratmağı bacarırdı. Düzlüyü, təmizliyi sevən, qəlp
ürəkli, natəmiz adamlara nifrət edən prinsipial bir
şəxsiyyət idi. Belə yüksək
bəşəri keyfiyyətlər hər adama nəsib
olmur", - bu sözləri Bahadur Eyvazov haqqında Azərbaycanın
Xalq yazıçısı, Əməkdar incəsənət
xadimi Qılman İlkin deyib.
Bu məqalənin müəllifi ilk dəfə
1960-cı ildə, 12 yaşı olarkən Bahadur Eyvazovla
görüşüb. Əlbəttə, on iki yaş
qayğısız bir həyat yaşaya biləcəyiniz, lakin
eyni zamanda, yetkin bir gənc olmağa
başladığınız çox gözəl bir
yaşdır. Həmin il mən
Bakıdakı orta məktəblərin birinin şagirdi idim və
yay tətilində Bərdəyə valideynlərimin yanına
gəlmişdim. Atam burada rəhbər partiya
işində işləyirdi. Avqust
ayının bazar günlərinin birində Bahadur Eyvazov
Ağdamdan bizim evimizə təşrif buyurmuşdu. O, Səhiyyə
Nazirliyinin rəhbərliyinin tapşırığı əsasında
qonşu rayonda
ezamiyyətdə olmuşdu.
İşlərini tam başa çatdırandan sonra
professor Bakıya getməmişdən öncə
yolüstü uzun illər boyu tanıdığı atamı
görmək üçün onu ziyarət etməyi qərara
almışdı. Həyətdəki nəhəng qoz
ağacının kölgəsi altında çay masasının
arxasında oturan atam və qonağı sakit tərzdə adətən
iki yaxın dostun görüşündə
danışıla biləcək mövzuda nələri isə
müzakirə edirdilər. Bir müddət
sonra professor məni yanına çağırdı və mənimlə
danışmağa başladı. O, daha çox nəyə
həvəs göstərməyim və dərslərim barədə
suallar verirdi, hansı fənləri daha yaxşı bildiyimi,
hansında çətinliklərim olduğunu, məktəbi
bitirdikdən sonra nə ilə məşğul olmaq istədiyimi
soruşurdu. Bu və digər suallara
mümkün qədər dolğun cavablar verməyə
çalışırdım. Bir az
narahatlığımı və utancaq durumumu hiss edərək,
o, cavablarımı mehriban bir təbəssüm və
anlayışla qəbul edir, bu və ya digər epizodu
özü şərh edirdi.
Sonra mənə
dərslərimdə uğurlar arzulayan professor, iyirminci əsrin
əvvəllərində məktəb yaşlı
uşaqların hansı çətinliklərlə üzləşdikləri,
o cümlədən, ibtidai və orta təhsil müəssisələrinin
çatışmazlığı, orta məktəblərdə
ümumi nisbətdə azərbaycanlı şagirdlərin
sayının az olduğu barədə
danışmağa başladı. Bahadur Eyvazov
bütün bunları qeyri-adi dərəcədə sadə və
çox anlaşıqlı bir şəkildə
danışırdı.
Bəli, bu kiçik söhbət həqiqətən
çox təbii alınmışdı. Bu da professorun
müdrik bir insan olması, onun nəzakət hissinin dərinliyi,
geniş dünyagörüşü ilə bağlı idi.
Buna görə də 60 ildən sonra da onun
söylədiyi fikirlər yaddaşımda qalıb. Bu
gün həmin görüşü dəfələrlə
xatırlayaraq, sonrakı illərdə onun həyat və
yaradıcılığı ilə bağlı
araşdırmaları təhlil edərək bir nəticəyə
gəlirəm: o, parlaq zəkalı və mehriban bir insan idi. Bu, onun öz qəlbinin dərinliklərindən gələn
bir keyfiyyət idi və burada hər kəs üçün
bir yer, isti bir söz, ürəkdən gələn bir cavab
var idi.
Bir az da Əsgər bəy Eyvazovun digər
oğlu - tibb elmləri doktoru Ədil Əsgər oğlu
Eyvazov haqqında danışmaq istəyirəm.
Ədil Eyvazov 1921-ci ildə Füzuli rayonunda anadan olub. Orta məktəbin
altıncı sinfini uğurla başa vurduqdan sonra fəhlə
fakültəsində təhsil alıb, oranı bitirib Azərbaycan
Tibb İnstitutuna (ATI) daxil olub, həmin ali
təhsil müəssisəsini 1942-ci ildə bitirib. Elmi qabiliyyətini və pedaqoji səriştəsini
nəzərə alaraq, hələ tələbə ikən
Böyük Vətən müharibəsinin başlanması ilə
əlaqədar Leninqraddan Bakıya
köçürülmüş hərbi feldşerlik məktəbində
müəllimlik fəaliyyətinə cəlb olunub.
Sonralar uzun müddət - 25 il Bakıda
tibbi təhsil müəssisələrində tədris hissə
müdiri və müdir işləyib. 1943-1945-ci
illərdə ATİ-nin Müalicə-profilaktika fakültəsində
dekan müavini, 1946-1950-ci illərdə burun-boğaz
kafedrasında baş laborant, ordinator, assistent, 1951-1967-ci illərdə
həkimləri təkmilləşdirmə institutunda
burun-boğaz-qulaq kafedrasında assistent vəzifələrində
fəaliyyət göstərib. 1967-ci ildən
ömrünün sonuna qədər Azərbaycan Elmi-Tədqiqat
Tibbi Bərpa İnstitutunda baş elmi işçi və
şöbə müdiri vəzifəsində işləyib,
2008-ci ildə vəfat edib.
Bir fikri
xüsusi qeyd etmək lazımdır ki, Ədil Eyvazov
qardaşı haqqında, həmin dövrün keşməkeşli
məqamları barədə öz müşahidələrinə,
yaxın adamların mülahizələrinə və arxiv sənədlərinə
istinad edərək, qəribə taleli bu görkəmli şəxsiyyət
haqqında çağdaş nəslə öz
sözünü çatdırmaq niyyəti ilə bir necə
memuar yazmışdı. Bu əsərlər
elmi və tibb ictimaiyyəti tərəfindən böyük
maraqla qarşılanmışdı.
Əsgər bəy Eyvazovun daha bir oğlu -
Zülfüqar bəy Eyvazov, iki qızı - Nimtac xanım
Eyvazova və Balış xanım Vəlibəyova-Eyvazova
olmuş və onlarda artıq dünyalarını dəyişmişdi.
Sonda onu da qeyd edək ki, Əsgər bəy Eyvazov və
onun övladları ilə bağlı faktları və
epizodları daha geniş təsvir etmək üçün
başladığımız söhbətə qəzet məkanı
yetərli olmayacaq. Buna baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi, əvvəlki
məlumatlar və təhlillər əsasında bu istiqamətdə,
xüsusən Əsgər bəyin həyatı ilə
bağlı araşdırmaları davam etdirmək və
ölkənin geniş ictimaiyyətinə çatdırmaq
lazımdır.
Bunu etmək bir də ona görə vacibdir ki,
Əsgər bəy Eyvazovun təşəbbüsü ilə
açılan Ağdam şəhər 1 nömrəli orta məktəbin
2023-cü ildə 140 yaşı tamam olacaq. Sevindirici
haldır ki, Azərbaycan təhsilinin inkişafında öz
yeri və izi olan, son 28 ildə köçkün həyatı
yaşamış məktəbin yubiley tədbiri doğma Ağdam
şəhərində, yeni tikilmiş Ağdam şəhər
1 nömrəli məktəbin binasında qeyd ediləcək.
Rövşən
AĞAYEV
525-ci qəzet.- 2021.- 17 iyul.- S.10-11.