Ramiz Abbaslı:"İşğal dövrü əsərlərinin ədəbiyyatımızda
müstəsna yeri var"
-
Müsahibimiz
tanınmış yazıçı və tərcüməçi
Ramiz Abbaslıdır. Ramiz müəllim əsərlərini
həm Azərbaycan dilində, həm də rusca yazır.
Onun rus dilində yazdığı
hekayələri, bir qayda olaraq, Rusiya
mətbuatında jurnal,
almanax, ədəbi toplu və ayrıca
kitab halında çap edilir. Rus oxucusu
və Rusiyanın ədəbiyyat adamları
Ramiz Abbaslının yaradıcılığını yüksək dəyəndirir.
Mövcud pandemiya və artıq il yarımdan
bəri davam edən karantin şəraitində Ramiz müəllimin yaradıcılığında
hansı yeniliklərin
baş verdiyi, ümumiyyətlə, ədəbiyyat,
tərcümə kimi
mövzularda fikirlərini
öyrənmək üçün
onunla həmsöhbət
olduq.
Söhbətimizin əvvəlində öyrəndik
ki, karantin səbəbindən yaranan
məhdudiyyətlər yazıçının
da fəaliyyətinə
təsirsiz ötüşməyib:
"Bir məqalə yazmaq istəyirəm, amma kitabxanalar işləmir deyə, iş ləngiyir. Bir də əlyazma variantında olan iki hekayəm var, onları makinada yığmalıyam".
***
"Rus oxucusuna çatdırıldı
ki, Azərbaycan xalqı işğalı qəbul etmir"
R.Abbaslı yazıçı, tərcüməçi
olsa da, ali təhsilini
kimya fakültəsində
alıb. Özü bu təzadın
elə də önəmli olmadığını
Azərbaycan və dünya ədəbiyyatındakı
məşhur örnəklərlə
ifadə edir. Onun rus dilində
yazmağının səbəbi
və tarixçəsi
də maraqlıdır:
"Hansısa bir məqamda gördüm ki, Rusiya mətbuatında
çap olunmaq mümkündür. İstədim azərbaycanca yazdığım
bir neçə hekayəni ruscaya tərcümə edib rus naşirlərinə göndərim. Sonra fikrimi
dəyişdim və oturub rus dilində
bir neçə hekayə yazdım. Onlar Rusiya mətbuatında
dərc olundu, mən isə bir müəllif olaraq daha geniş
arealda tanındım,
eyni zamanda, xalqımızın ağrılı
problemləri barədə
çox geniş, həm də tam fərqli bir auditoriya qarşısında
söz demək imkanı əldə etdim: rus oxucusunda
qaçqın şəhərciyi
barədə təsəvvür
yarandı, onun nəzərinə çatdırıldı
ki, Azərbaycan xalqı işğalı qəbul etmir və biz hamımız əminik, zərrə qədər də şübhə etmirik ki, öz torpaqlarımızı
işğaldan azad edəcəyik. Şükür ki, belə də oldu. Rusiyanın ədəbiyyat adamları
mənim Azərbaycan yazıçısı olduğumu,
məxsus olduğum xalqın tarixindən, adət-ənənələrindən yazdığımı, Azərbaycan
mədəniyyətini təmsil
etdiyimi, həm də yaxşı təmsil etdiyimi xüsusi qeyd edirlər".
"Yaxşı yazarların yaxşı əsərlərini
tərcümə edirəm"
R.Abbaslı, həmçinin, illər boyu ingilis, rus və alman dillərindən tərcümələriylə dünya ədəbiyyatının azərbaycanlı oxucuya bir az da yaxınlaşdırmasında önəmli pay sahibidir. Tərcüməçilik fəaliyyətinə başlaması isə maraqlı bir hadisəylə bağlıdır: "Doxsanıncı illərin əvvəlləriydi. O vaxt hərdən "Ulduz" jurnalının redaksiyasına gedir, dostum Ələkbər Salahzadə ilə söhbət edir, dərdləşirdim. Həmin vaxt jurnal faktiki nəşr olunmurdu, lakin baş redaktor Ələkbər Salahzadə ruhdan düşmür, ümid edirdi ki, jurnal tezliklə yenidən nəşr olunacaq. Redaksiya suyu sovulmuş dəyirmanı xatırladırdı. Amma bir vaxtlar orada, belə demək mümkünsə, həyat qaynayırdı. Mən o günləri yada salıb dedim ki, həmin vaxt redaksiyaya xeyli hekayə gətirib verdim və heç bir həftə keçmədi mənə məktub gəldi, orada deyilirdi ki, hekayələriniz bədii cəhətdən zəif olduğu üçün çap oluna bilməz. Ələkbər müəllim soruşdu ki, məktubu kim yazmışdı? Dedim. "Çox maraqlıdı!" - Salahzadə dedi; əməlli-başlı təəccüblənmişdi - "O adam mənim işçim olub, özü də aylarla işə gəlmirdi. Axırda məcbur olub rəhbərliyə rəsmi təqdimat yazdım və işdən çıxartdım. Təsadüfə bax, ayda-ildə bir dəfə işə çıxıb, onda da sənin hekayələrinə rəy verib. Əmin ola bilərsən ki, heç birini də oxumayıb". Belə söhbətlərin birində Ələkbər müəllim dedi ki, jurnalın tərcüməyə ehtiyacı var. Soruşdu, bu sahədə təcrübəm varmı? Mən publisistik yazılar və elmi məqalələr tərcümə etmişdim, bədii əsər isə tərcümə etməmişdim. Amma inamla dedim ki, bacararam. Az keçmədi ki, ingilis yazıçısı Qolsuorsinin "Zirvə" hekayəsini tərcümə edib Ələkbər müəllimə verdim. Tərcümə bəyənildi və "Ulduz"da çap olundu. Sonra isə bədii tərcümə ədəbi fəaliyyətimin tərkib hissəsinə çevrildi...
Bir qayda olaraq, yaxşı yazarların yaxşı əsərlərini tərcümə edirəm.
15-20 il əvvəl redaktorlar xahiş edir, az qala yalvarır, tərcümə istəyirdilər. Bəlkə də, yanılıram, amma deyəsən, vəziyyət dəyişib. Ötən ilin əvvəlində müasir Avropa poeziyasının tanınmış nümayəndələrindən birinin bir neçə şeirini tərcümə edib bir jurnala verdim. Dedilər ki, yaxın nömrələrin birində çap edib xəbər verəcəyik. Aradan il yarım vaxt keçib, hələ də səs-soraq yoxdu. Vəziyyəti belə görüb başqa bir ədəbi orqana müraciət etdim; baş redaktora məktub yazdım ki, sizə yeni tərcümə təklif etmək istəyirəm. O adam məktubuma cavab da vermədi. Yəqin ki, hansısa iki qəzet və ya jurnalın timsalında bədii tərcümənin mövcud vəziyyəti barədə ümumi fikir söyləmək düz deyil. Amma hər halda, bu da bir reallıqdı".
Müsahibim həm də publisistika ilə məşğuldur. Onun çoxmövzulu publisistikasında əsas diqqətçəkən məqamlardan biri də postmodernizmlə bağlı araşdırmaları, məqalələridir. Bu cərəyanla bağlı ədəbi tənqidimizdə fərqli düşüncələr olduğunu nəzərə alaraq Azərbaycan ədəbiyyatı və postmodernizm haqda müsahibimizin də düşüncələrini xəbər aldıq:
"XX əsrin sonundan başlayaraq Azərbaycan mətbuatında postmodernizm barədə yazılar peyda oldu. Maraqlıydı, həm də acınacaqlı. Bir yazı müəllifi isə Lev Tolstoyun timsalında klassik ədəbiyyatı zibil yeşiyinə atmaq istəyirdi. O yazını oxuyub, həqiqətən, çox pis oldum: belə çıxırdı ki, postmodernist olmayan əsərlər hamısı boş şeydi. Bu, əlbəttə, cəfəngiyyat idi, belə yazıların müəllifləri isə yazılı şəkildə öz nadanlıqlarını etiraf edirdilər. Elələriylə mübahisəyə girişmək özü belə mənasız idi. Amma bununla belə, sual yaranırdı: bəs postmodernizm özü nədi? Bəziləri bu suala cavab verməyə çalışır, mətbuatda nəsə yazırdılar, amma məsələni bir az da qəlizləşdirirdilər. Bu cür yazılardan bir neçəsini oxuyub belə nəticəyə gəldim ki, yazı müəlliflərinin özləri də problemin nədən ibarət olduğunu bilmirlər. Bu isə təbiidi. Çünki o dövrün bütün yazarları, o cümlədən də mən, Sovet məktəblərində təhsil almışdıq. Ali məktəbdə bizə xalqımızın tarixini yox, "Sov.İKP tarixi" keçirdilər. Biz bünövrəsində marksist-leninçi ideologiyanın dayandığı bir ədəbi məktəb tanıyırdıq: sosialist realizmi. Bu şəraitdə yetişmiş ziyalılar üçün modernist, postmodernist ədəbi məktəblər anlaşılmaz idi.
Postmodernizm marksizmi mütləq həqiqət kimi qəbul edən Sovet ziyalıları üçün bu, nəsə yeni bir şey idi, onlar bu cür dəyişikliyə hazır deyildilər. Ona görə də bir çaşqınlıq, anlaşılmazlıq mühiti yaranmışdı. Kimlərsə bu vəziyyətdən istifadə edib özlərini göstərmək istəyir, bilmədikləri məsələnin mahiyyətini digər bilməyənlərə izah etmək cəhdində bulunurdular və təbii ki, bunun heç bir xeyri olmurdu. Vəziyyəti belə görüb qərara gəldim ki, problemi araşdırıb, məsələnin mahiyyətini özüm üçün aydınlaşdırım. Postmodernizmin nəzəri aspektiylə bağlı bəzi yazılar oxuyub xeyli fikirləşdim, o məktəbin nümayəndələri sayılan müəlliflərin xeyli əsərini oxudum. Diqqətimi ən çox cəlb edən isə Umberto Eko, Con Apdayk, Uilyam Qoldinq, Teodor Rötke, Geri Snayder, Outs oldu. Özüm yazıçı olsam da, postmodern ədəbiyyatda ən çox bəyəndiyim bu ədəbi məktəbin nümayəndələri sayılan şairlər, ilk növbədə isə Geri Snayderdi. Belə şairlərdən biri də belçikalı Silvie Mariyadır. Onun da bəzi şeirlərini dilimizə çevirmişəm, lakin hələ ki, onların mətbuatda çap olunması öz həllini tapmayıb: il yarımdı redaksiyada yatıb qalan da o şeirlərdi. Postmodernizmlə bağlı yazılarım belə yaranıb.
Postmodermizmin Azərbaycan ədəbiyyatına təsiri geniş tədqiqat işidir. Təəssüf ki, bu məsələni araşdırmamışam. Kimsə belə bir tədqiqat aparıbsa, buyursun, sizin suala cavab versin. Amma bir xahişim var: o adam əvvəlki vaxtlarda postmodernizmdən yazanların yoluyla getməsin; əsas meyar səmimiyyət və konkretlik olmalıdır".
"Xalqımızın adına, zəfərinə layiq əsərlər yazacam"
Yaradıcılığının böyük hissəsini erməni saxtakarlığına, Qarabağ probleminə həsr edən yazıçımızın doğulduğu Papravənd kəndi də daxil olmaqla, işğal altındakı torpaqlarımız nəhayət ki, azad olundu. Əlbəttə, onun da hisslərini öyrənməmək olmazdı. Müsahibəmizin sonunda həm Qarabağın azadlığı, həm də bu mövzunun yaradıcılığındakı əksiylə bağlı Ramiz Abbaslı bunları dedi:
"Hansı hisslər keçirirəm... Bunu sözlə ifadə etmək çətindi. Mən o adamlardanam ki, işğalın acısını yaşayıb, onillər boyu bu günü həsrətlə gözləmişəm. Özünüz də qeyd etdiyiniz kimi, bu məsələylə bağlı yazılar yazmışam, gücüm nəyə çatırsa, onu da eləməyə çalışmışam. Şükür ki, nəhayət, o gün də gəldi: işğal altında olan torpaqlarımız azad edildi. Hisslər çox güclü və coşqun olanda dil də, qələm də acizləşir. Əlbəttə, hamı kimi, mən də sevinirəm; çox böyük, coşqun və davamlı bir sevinc yaşamaqdayam.
Qeyd edim ki, son otuz ildə Azərbaycanda yeni bir ədəbiyyat-işğal dövrü ədəbiyyatı yaranıb. Bu, artıq faktdır. Məsələni araşdırmaq, təhlil edib sistemləşdirmək isə ədəbiyyatşünasların işidir. İşğal dövrü ədəbiyyatı Azərbaycan xalqının ancaq özünə məxsus olan xüsusi, tarixdə əsla bənzəri olmayan bir ədəbiyyatdır. Bu, tariximizin mübarizə və əzabla dolu olan ağır dövrünün ədəbiyyatıdır. Yüngül silahlarla silahlanıb Şuşanı azad edən igidlərimiz bu ədəbiyyatla böyüyüblər. İşğal dövrü ədəbi əsərlərinin ədəbiyyatımızda müstəsna yeri var. Burada sünilik yoxdur, hansısa kənar təsir də yoxdur, hər şey təbii və gözəldir.
İndi mən qələbənin ancaq sevincini yaşayıram və çox istərdim ki, viran qalmış yaşayış məskənlərimizi öz gözümlə görüm. Bu möhtəşəm qələbəyə layiq əsər yaradacaq halda deyiləm indi. Lakin əminəm ki, özümü toparlaya biləcəm və öz şanlı tarixinin növbəti qəhrəmanlıq səhifələrini yazan xalqımızın adına, zəfərinə layiq yaxşı əsərlər yazacam".
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 18 iyul.- S.23.