Yunan sivilizasiyası
Yunanıstan:
səfər təəssüratları və zəngin
keçmişi barədə düşüncələr
(Əvvəli
ötən şənbə sayımızda)
Yunan sivilizasiyası özünün davamı kimi, daha
geniş məkanda ellinizmi yaratdı. Yunanlar əvvəllər
də birləşməyə meyl etsələr də,
yaratdıqları liqaların ömrü heç də uzun
çəkmirdi. Ona görə də
yunanlar başqalarından fərqlənsələr də,
vahid xalqa çevrilə bilmədilər. Ellinizmin
ilk rüşeymləri Makedoniya çarı II Filippin
dövründə yarandı, lakin onun o vaxtkı məlum
dünyada təşəkkül tapması isə Böyük
Aleksandrın adı və fəaliyyəti ilə sıx
bağlıdır. O, öz dövrü
üçün inqilabi bir iş görürdü, Qərblə
Şərqi birləşdirmək istəyirdi. Bu
cəhd məhz öz ifadəsini Ellinizmin yaranmasında
tapdı. Yunan sivilizasiyası və mədəniyyəti
böyük sərkərdənin işğal etdiyi ərazilərə
nüfuz etdi, yayıldı. Avropadan
başqa qitələrə ayaq açan bu sivilizasiya
Asiyanı və Afrikanı öz doğma sayıla biləcək
məkanına çevirdi. Baxmayaraq ki,
Misir sivilizasiyası yunanlarınkından qədim idi və hətta
misirlilər yunanları tarixi bilməyən və ondan öyrənməyən
bir uşaq olduğunu istehza qaydasında qeyd edirdilər.
Lakin həmin dövrdə daha yüksək səviyyədə
olan yunan mədəniyyəti Misirdə də kök atmağa
başladı.
Ellinizm üç əsr öz gücünü göstərdi
və yayılmaqda davam etdi. Roma imperiyası Yunanıstanı və
digər ellinist dövlətləri işğal etdikdən
sonra heç də bu fövqəl ideya bütünlüklə
yoxa çıxmadı, hələ uzun müddət
qızarmış metal istisini davam etdirən kimi öz təsirini
saxladı. Hətta qalib xalq məğlub
olanın daha yüksək mədəniyyətini əxz etmək,
ondan çox şey götürmək məcburiyyətində
qaldı. Axı daha dolu qabdan
başqasına nəyisə tökmək mümkün olur.
Tarixdə belə hallar sonralar da baş
vermişdir. Osmanlılar ərəb
ölkələrini işğal etdikləri, öz
imperiyalarına qatdıqları halda türklər daha yüksək
ərəb mədəniyyətindən faydalandılar.
Qədim yunanlar siyasi sistemi əsaslı metamorfozaya
uğratmağın da ustaları idilər və onların bu
bacarığından inqilabi hal xarakteri daşıyan
demokratiya meydana gəlmişdi. İlk dəfə
olaraq dövlət azlığın deyil, çoxluğun iradəsinə
əsaslanaraq idarə olunurdu. Solon, ya Perikl
nə qədər böyük islahatçı olsalar da, əlbəttə,
onların xidmətlərini inkar etmək və azaltmaq ədalətsizlik
olardı, demokratiyanın təşəkkülünə və
yaşamasına məhz afinalıların azad, müstəqil
ruhu və təbiəti şərait yaratmışdı.
Əgər xalqın şüuruna, idrakına,
həyat tərzinə bu islahatlar uyğun olmasaydı, yəqin
ki, digər uğursuz olanların taleyini yaşamaqla, hələ
uşaq vaxtı qəbirə gömülər, əvvəlkilərin
və sonrakıların dəfn edildiyi ən böyük qəbiristanlıqda
uyuyardı. Hera Heraklın gələcəyindən
qorxduğundan onun beşiyinə ilan salmışdı, igid
uşaq isə əlləri ilə ilanı boğub
öldürmüşdü. Demokratiyanı
da zəhərləmək, öldürmək cəhdləri
çox olmuşdu, bu xalq hakimiyyəti bəzən başqa
xalqlar üçün tarixi və kütləvi qatil rolunu
oynayanlar tərəfindən məhvə sürüklənmişdi,
lakin əfsanəvi feniks quşu küldən canlanıb həyata
qayıtdığı kimi, yenidən aparıcı mövqeyə
çıxmışdı. Hitlerin eybəcər
faşizmindən, yaponların militarizm hallusinasiyasından
sonra demokratik inkişaf yoluna qayıdan Almaniya və Yaponiya
buna bariz misal ola bilər.
Qədim
Yunanıstan, mədəni cəhətdən onun bir hissəsi
sayılan Makedoniya tarixə hərb dühalarını da bəxş
etmişdir. Sonuncunun çarı II Filipp bir
siyasət növü kimi müharibəni diplomatiya ilə birləşdirməyi
bacarırdı. Aleksandr Makedoniyalının 12 il dalbadal qələbələrlə
müşayiət olunan, ağır döyüşlərdə
üzə çıxan hərb dühası isə tarixdə
özünə bərabər olan bir nümunəni
tanımır. Yuli Sezar da böyük qələbələr
çalmışdı. Lakin o, əsasən,
dövlətçilik təcrübəsi və ondan irəli
gələn üstünlüklərə malik olmayan barbar
xalqlarla vuruşmuşdu. Aleksandr isə nəhəng
və qüdrətli Persiya imperiyasını darmadağın
etmişdi. O, həmin vaxtın məlum
dünyasının sonuna çatmaq istəyirdi. Ordusunun Hindistanda artıq irəli getməkdən
imtina etməsi, bu qeyri-adi məqsədin həyata keçirilməsinə
imkan verməmişdi. Həyatdan çox
cavan yaşında gedən Böyük Aleksandrın qələbələri
saya gəlməsə də, məğlubiyyətlə bir dəfə
də olsun, üzləşməmişdi. O,
döyüşlərdə sayca özündən xeyli
çox canlı qüvvəyə malik olan düşmən
orduları üzərində daim qələbə
çalmışdı. Onun ən böyük
və daha nəhəng təsirə malik olan qələbəsini
isə Ellinizmi həyata gətirməyini və
sağlığında bu cərəyanın yeniyetməliyə
qədəm qoymasını hesab etmək olar.
Ellinizm o vaxtkı dünyanın sifətini dəyişdirmiş,
ona yunan sivilizasiyasına xas olan mədəniyyətin
çalarlarını vermişdi. Ellinizm həm də tarixi hadisə kimi iqtisadiyyatda,
sosial münasibətlərdə, dövlətçilikdə
və mədəniyyətdə yunan və Şərq elementlərini
ifadə edirdi.
Ellinizm Qərbi Şərqlə üz-üzə qoymaq
siyasətindən, düşmənçilikdən əl
çəkmək yolu ilə onları birləşdirmək,
imperiya adlanan vahid bədənə çevirmək məqsədini
güdürdü. Lakin Aleksandrın ölümü ilə
imperiyanın da ömrünə son qoyuldu və
parçalanaraq, qurama yorğana xas olan hissələrə
bölündü. XIX əsrdə kraliça Viktoriya da
Britaniya imperiyasını Qərblə Şərqin sintezinə
çevirmək istəsə də, müstəmləkəçilikdən
başqa bir nəticəyə nail olmadı, asılı
xalqların müqavimət hissləri gücləndi və
Britaniya imperiyasının müstəmləkələri
çox sayda müstəqil dövlətlərə
çevrildilər.
Ona görə də yazının müəllifində
Yunanıstanın keçmişinə ötəri nəzər
salmaq və bunu qısa icmal şəklində ifadə etmək
istəyi yarandı. Maraqlanan oxucu bu ölkənin tarixi barədə
müəyyən məlumat əldə edə bilər. Taleyüklü hadisələr və dahi şəxsiyyətlər
bu tarixi çox sayda qəribəliyi ilə seçilən
naxışlarla bəzəmişdir. Onlarla
yaxından tanışlıq isə bəşəriyyət
qarşısında qədim yunanların böyük xidmətlərini
layiqincə qiymətləndirmək imkanı verir.
Yunanıstanda klassik antik dövrün böyük
günlərinin qalıqları göz önündədir. Rast gəldiyimiz
abidələr müasir insana bir çağırış
kimi səslənir, qədim insanların vaxtı qabaqlayan
yaradıcılıq enerjisinə ehtiramla yanaşmaq hissləri
təlqin edir.
Bu ölkə əsrlər ərzində öz həyatsevərliyini
saxlayaraq, çox sayda xalqların
qarışığından meydana gəlmişdir. Bu torpaqlar uzun
müddət ərzində Avropa, Asiya və Afrika
xalqlarının yolayrıcı olmuşdur. Yunanıstan
hələ qədimdən Orta Şərqlə tanış
idi, onun dili və qidalanması isə Türkiyədən,
Müqəddəs Torpaqdan, Misirdən və daha uzaqlardan gələn
ellinistlərin müdaxiləsi ilə seçilir. Yunan tacirləri və digər hətta ziyalı
adamlar əcnəbi həyat tərzinə yiyələnir və
Vətən barədə öz güclü xatirələrini
qoruyub saxlayırdılar. Elə təsəvvür
yaranırdı ki, guya onlar heç vaxt yunan torpaqlarını
tərk etməmişlər. Öz
doğma elinə belə bağlılıq yunan musiqisinin
melanxoliyasının və nostalji mahnıların motivlərinin
yaratdığı hisslərdə ifadə olunurdu. Torpağın becərilməsinin və dənizlərdə
üzməyin çətinlikləri gözlənilən həyatın
keşməkeşli olacağını yada salırdı.
Bu iki sahədən isə yunanlar əsrlər ərzində
dolanışıqlarını çıxardır,
çörəklərini qazanırdılar.
Yunanıstan landşaftı təkcə
özünün gözəlliyinə görə deyil, həm
də yaşayış üçün mürəkkəbliyinə
və müxtəlifliyinə görə fərqlənirdi. Antik
dövrün görkəmli coğrafiyaçısı
Strabonun qeyd etdiyi kimi, dəniz aparıcı təsirə malik
idi, axı ölkə hər tərəfdən dənizlərlə
əhatə olunmuşdur və çox yerdə quru ərazilərə
xəncər kimi soxulur. Ölkənin
topoqrafiyasında ikinci başlıca amil dağlardır.
Onlar ölkə səthinin, demək olar ki,
dörddə üçünü tuturlar. Dağ vadiləri, kiçik düzənliklər
üçüncü elementi təşkil edir. Kiçik buxtaların münbit torpaqları
sivilizasiyanın ilk ilhamlandırıcısı olmuşdur.
Dəniz isə ayrı-ayrı icmalar arasında
əlaqələr yaratmış, uzaq ölkələrlə
də təmasın inkişafını təmin etmişdi.
Bütövlükdə təbii şəraitlər
tarixi inkişafın ilkin mərhələsində yunan mədəniyyətinin
çiçəklənməsi üçün çox əlverişli
olmuşdu. Yunan təbiəti insana çox da əliaçıq
deyildi, əlverişli həyat şəraitlərini heç
də asan şəkildə vermirdi, əvəzində
adamları əməksevərliyə, işgüzarlıqda
ilhamlandırırdı.
Ölkədə hələ qədim dövrlərdən
şəhər həyatı artan dərəcədə əhəmiyyətli
olmuşdu. Qədim yunan mədəniyyətinin qalıqları
da məhz şəhərlərdə qalmışdır.
İndi isə muzeylər müasir yunan mədəniyyətinin
vacib elementi kimi çıxış edir.
Yunan
sivilizasiyası
Qədim Yunanıstanın Qərb sivilizasiyasının
tarixində xüsusi rolunu müşahidə etmək, onu izah
etməkdən daha asandır. Onun fərqli bir cəhəti
də ondadır ki, özündən əvvəlki Nil,
Mesopotamiya və ya İndə aid olan böyük
sivilizasiyalardan fayda götürmüşdür. Bu sivilizasiyanın nailiyyətləri, irsi zəkanın
və siyasi həyata yaxınlaşmanın müxtəlif
yollarını göstərirdi. Qədim
Yunanıstan bütün qədim mədəniyyətlər
içərisində ən savadlısı idi, savadsız
adamlar demokratiya yolunu seçə bilməzdi. Epik poeziya, qanun kodeksləri və lirik şeirlər
üçün yeni öyrənilən əlifba yazısından
istifadə olunurdu. Burada ilk dəfə ənənəvi
miflərin dramatik tamaşaları və xor ifaları meydana gəlmişdi.
Yunan fəlsəfəsinin təşəkkül
tapması kainat haqqında nəzəriyyə kimi miflərin
kosmologiyasını əvəz etməkdə istifadə
olundu. Bu isə hökmən praktiki elmi kəşflərə
aparıb çıxarmalı idi. İnsanın
fikir prosesinin tədqiqatı və məntiq siyasi və fərdi
əxlaq praktikasını ifadə edirdi, həm də onlara
öz təsirini göstərirdi.
Yunan fəlsəfəsi insanı bütün
varlıqarın ölçüsü kimi qəbul etdi və
bəşəriyyət indi də qədim yunanların
görkəmli ehkamlarını öyrənir. Ləyaqət,
müdriklik və gözəllik barədə yunan
standartları, onların idealizə olunmasına gətirib
çıxardı. Heç bir qədim xalq
dühanın belə geniş əhatəsini nümayiş
etdirə bilməmişdi və belə güclü irs qoyub getməmişdi. Yunan
tarixinin qəhrəmanlıq səhifələri elə iftixar
hissi ilə ifadə olunmuşdur ki, yeni məqsədlər
naminə də daha geniş istifadə olunmaqda davam edir.
Qədim tarixçilər milli hadisələri ilhamla təsvir
edir, bu sahədə onlar Şərqin və Misirin xronika yazanlarından
fərqlənirlər. Herodotun "Tarix"i b.e.ə. V əsrin
mənzərəsini əks etdirir. Elə
həmin əsrdə yazıb-yaradan tarixçi Fukidid Peloponnes
müharibəsinin əhvalatlarını, Persiyanın
hücumunun dəf edilməsini qələmə
almışdır. Bu dəqiq tarixçinin səyi
hesabına biz Periklin məşhur nitqi ilə - Peloponnes
müharibəsində həlak olmuş afinalıların dəfn
mərasimində etdiyi parlaq çıxışın mətni
ilə tanış olmaq imkanı əldə
etmişik.
Perikl bu məşhur nitqində Afinanın
böyüklüyü haqqında söhbət açır,
afinalıların siyasi sisteminin gücünü yada salır. O deyirdi: "Bizim konstitusiya
demokratiya adlanır, çünki hakimiyyət
azlığın əlində deyil, bütün xalqın əlindədir.
Özəl müzakirələrdə bir məsələ
həll edilən vaxt, qanun qarşısında hər bir kəs
bərabər olur. Çünki bizim siyasi həyatımız
azad və açıqdır, beləliklə, gündəlik
həyatımız da bir-birimizlə əlaqədə
keçir... Burada hər bir fərd təkcə
öz işləri ilə deyil, həm də eyni qaydada
dövlətin işləri ilə maraqlanır".
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2021.- 18 iyul.- S.22.