Qorqudşünaslıqda yeni və
mühüm mərhələ
Bitgin və sistemli abidə olan "Kitabi-Dədə
Qorqud" Sovet İttifaqında qırmızı terror illərində
"ziyanlı əsər" damğası ilə qadağan
olunmuşdu. XX əsrin əllinci illərinin ortalarından etibarən
abidə "bəraət" qazandı və elmi-ədəbi
fikrin dövriyyəsinə daxil edildi.
Sanki milli elmi-ədəbi düşüncədə bir
"Dədə Qorqud" yanğısı varmış. Sanballı tədqiqatlar
və tədqiqatçılar meydana gəldi. Görkəmli
dövlət xadimi Heydər Əliyevin xüsusi sərəncamı
ilə "Kitabi-Dədə Qorqud"un 1300 illiyi dövlət
səviyyəsində geniş
qeyd olundu, bu möhtəşəm oğuznaməyə həsr
edilmiş Beynəlxalq konfrans keçirildi, 2 cildlik "Dədə
Qorqud" ensiklopediyası çap olundu. Rəhbərliyimlə
Ülkər Nəbiyeva "Kitabi-Dədə Qorqud" və
folklor ənənələri" mövzusunda namizədlik
dissertasiyası yazdı. Füzuli Gözəlov, Flora
Əlimirzəyeva, Yeganə İsmayılovanın opponenti
olduğum doktorluq, Əli Allahverdiyev və Nəzakət
Hüseynovanın namizədlik dissertasiyaları,
çoxsaylı məqalə və monoqrafiyalar işıq
üzü gördü.
Bu
çox əhəmiyyətli iş bu gün də davam edir.
Bu baxımdan akademik İsa Həbibbəylinin
Qorqudşünaslıqda mühüm mərhələ olan,
tamam yeni səpkidə yazılmış "Kitabi-Dədə
Qorqud": yazılı epos və ya epopeya" monoqrafiyası
(Bakı, "Elm", 2020, 280 s.) xüsusilə fərqlənir. Alimin dəyərli
əsəri elmi ictimaiyyətin böyük marağına səbəb
olmuş, adlı-sanlı alimlərimiz və görkəmli
ziyalılarımız mətbuatda əsəri yüksək
qiymətləndirmişlər.
Burada əsl alimə xas olan bir məsələni
vurğulamaq istəyirəm. Akademik İsa Həbibbəylinin
tədqiqatçılıq mədəniyyəti bu baxımdan
diqqətəlayiqdir.
Qorqudşünaslığın
bir elm sahəsi kimi ölkəmizdə formalaşmasında
böyük xidmətləri olan Həmid Araslı,
Əbdüləzəl Dəmirçizadə, Əli
Sultanlı, Məmmədhüseyn Təhmasib, Fərhad Zeynalov,
Samət Əlizadə, Anar, Kamal Abdulla, Tofiq Hacıyev, Kamil Vəliyev,
Tərlan Quliyev, Səfərəli Babayev, Şamil Cəmşidov
və başqalarının qiymətli tədqiqatları
İsa müəllimin monoqrafiyasında yüksək dəyərləndirilir.
İsa Həbibbəylinin
son dərəcə yeni və əhəmiyyətli
monoqrafiyasına ictimaiyyət arasında nüfuzlu
qorqudşünas kimi tanınan Xalq yazıçısı
Anar "Ədəbiyyat tariximizin Dədəsi" adlı
çox ciddi, sanballı və maraqlı "Ön
söz" yazmışdır. Anar müəllim müqəddəs
saydığı (Anar Üzeyir bəyi və Cəlil Məmmədquluzadəni
də müqəddəs hesab edir) Dədə Qorqud abidəsinə
həsr olunmuş "Kitabi-Dədə Qorqud":
yazılı epos və ya epopeya" adlı monoqrafiyanın
qorqudşünaslığın tamamilə yeni, çox
mühüm mərhələsini təşkil etdiyini
xüsusi vurğulayır. Xalq
yazıçısı Anarın "Kitabi-Dədə
Qorqud"la bağlı yaradıcılığı
özü də mühüm bir hadisədir. Yaxşı yadımdadır, 1985-ci ildə onun
çap olunan "Dədə Qorqud dünyası" əsəri
böyük hadisə kimi ictimaiyyət arasında və elm aləmində
geniş əks-səda doğurmuşdu. Aradan
illər keçəndən sonra böyük hadisə kimi həmin
əks-sədanı akademik İsa Həbibbəylinin
"Kitabi-Dədə Qorqud": yazılı epos və
epopeya" əsəri yaratdı. Bu qiymətli
əsəri ilk dəyərləndirənin Xalq
yazıçısı Anar olması diqqətəlayiqdir.
"Kitabi-Dədə Qorqud"un 1300 illik
yubiley tədbirlərinin keçirilməsi və "Dədə
Qorqud Ensiklopediyası"nın yaradılması ideyası da
Anara məxsusdur. Anarın ssenarisi əsasında
çəkilmiş "Dədə Qorqud" filmi
böyük rəğbətlə
qarşılanmışdır. Təsadüfi
deyil ki, Ümummilli liderimiz Heydər Əliyev Anarın Dədə
Qorqudla əlaqədar xidmətlərini yüksək qiymətləndirirdi.
Anarın İsa müəllimin əsərini yüksək
dəyərləndirməsi xüsusi əhəmiyyət kəsb
edir. Anar
kompas kimi həmişə həqiqəti göstərir:
"Dediyim kimi, Dədə Qorqudun açılmamış
sirləri az deyil. Amma zənnimcə, üç əsas sirri
var: Əsərin yaşı, yəni yaranma tarixi, əsərin
yaradıcısı və əsərin janrı - daha dəqiq
desək, "Kitabi-Dədə Qorqud"un
yazılımı, şifahimi ədəbiyyata aid olması. İsa Həbibbəylinin araşdırmalarında hər
üç suala elmi cavablar verilir.
Tam səmimiyyətlə deyə bilərəm ki, İsa
Həbibbəylinin "Kitabi-Dədə Qorqud":
yazılı epos və ya epopeya" adlı
araşdırması qorqudşünaslığın tamamilə
yeni və başqa, çox mühüm mərhələsini
təşkil edir".
Biz də
belə hesab edirik ki, akademik İsa Həbibbəylinin
monoqrafiyası Qorqudşünaslıqda ara-sıra tezis kimi səsləndirilən
"Kitabi-Dədə Qorqud"un yazılı ədəbiyyat
nümunəsi olması haqqındakı mülahizələri
ilk dəfə olaraq inandırıcı dəllilər əsasında
müstəqil tədqiqat obyektinə çevirən,
mühüm yeni elmi problemləri açıb göstərən,
ciddi elmi-nəzəri nəticələri ilə səciyyələnən
mükəmməl akademik nəşrdir. Bu, "Kitabi-Dədə
Qorqud"un yazılı ədəbiyyat
nümunəsi olması haqqında yazılmış birinci
sistemli və əhatəli elmi-tədqiqat əsəridir.
Akademik
İsa Həbibbəyli ilk dəfə olaraq belə bir nəzəriyyə
irəli sürür ki, "Kitabi-Dədə Qorqud" el-oba,
yaxud xan - Sultan məclislərində onu qoşub-düzən
Dədə Qorqudun, yaxud da ustad Ozanın
davamçıları olan Alp ozanların dilindən, canlı
ifa prosesində mirzələr tərəfindən yazıya
alınmışdır. "Dədə Qorqud
kitabı"nın bütün boylarında ifadə
olunmuş "Xanım, hey", "Sultanım, hey"
müraciətləri eposu məclisdə söyləyən
Ozanın onu dinləyənlərdə oyatdığı
reaksiyanı hiss etmək üçün işlədiyi bədii
priyomdur. Dədə Qorqud boylarının
sadə və təbii təhkiyəsi, bənzərsiz bədii
təsvir və ifadə vasitələri, canlı dil
xüsusiyyətləri eposun canlı ifadədən yazıya
alınması nəticəsində mətnə rəsm
edilmişdir. Bütün bunlara görə mirzələrin
yazıya aldığı xan-sultan əlyazması "Kitabi-Dədə
Qorqud"un ilk əlyazma nüsxəsi
hesab olunur. Müəllif bu qənaətdədir
ki, XI əsr əlyazması ilk dəfə mirzələrin
yazıya aldıqların daha da təkmilləşdirilmiş
nüsxəsidir. Akademik İsa Həbibbəylinin
qorqudşünaslığa gətirdiyi bu nəzəriyyə
abidənin yazılı ədəbiyyat nümunəsi
olması versiyasını əsaslandırmağa xidmət
edir.
"Giriş", dörd fəsil, "Nəticə"
və istifadə olunmuş ədəbiyyatın göstəricisindən
ibarət olan, hər fəsli bitkin bir əsər təsiri
bağışlayan bu çox gərəkli monoqrafiyanın
"Kitabi-Dədə Qorqud" şifahi və yazılı ədəbiyyat
abidəsi" adlanan I fəslində tədqiqatçı Azərbaycan
Oğuznaməsinin yazılı ədəbiyyat nümunəsi
olduğunu inkarolunmaz faktlarla isbatlayır. Alim heç bir dastanda,
şifahi ədəbiyyat əsərlərində
"kitab" sözünün işlənmədiyini gündəmə
gətirmiş və elmi əsaslarla "Kitabi-Dədə
Qorqud"da işlənən "kitab" sözünün
mahiyyətini aşkarlamış, şifahi xalq ədəbiyyatında
dastanların çoxvariantlı olmasından fərqli olaraq
eposun təkvariantlı olmasını, Dədə Qorqudun
tarixi şəxsiyyət olmasını isbat etmişdir.
Qorqudşünaslıqda heç kəsin ağlına gəlməyən
"Kitabi-Dədə Qorqud"dakı folklorda sələfi
olmayan, Dədə Qorqud tərəfindən
yaradılmış obrazları ilk dəfə İsa Həbibbəyli
müəyyən edib elmi ictimaiyyətə təqdim edir.
Araşdırıcı
"Kitabi-Dədə Qorqud"u qədim yunan tarixçisi
Homerin "İlliada" və "Odisseya" əsərləri
ilə müqayisə etmiş, ilk dəfə olaraq "Dədə
Qorqud" eposunu epopeya kimi təqdim etmişdir. Bununla
kifayətlənməyən müəllif faktlara söykənərək
bu ölməz abidəni "roman-epopeya" kimi tədqiqata cəlb
etmiş və fikirlərini isbat edə bilmişdir.
Müəllifin
gəldiyi qənaət, verdiyi hökm böyük həqiqətdən
söz açır: "İlliada" və
"Odisseya" kimi, "Kitabi-Dədə Qorqud" da
yarandığı dövrün sadəcə ədəbiyyatı
deyil, həm də dili, tarixi və fəlsəfəsidir.
Sözün böyük mənasında "İlliada" və
"Odisseya" qədim Yunanıstanın, "Kitabi-Dədə
Qorqud" isə Azərbaycanın ictimai-mənəvi həyatının
ensiklopediyasıdır". İsa Həbibbəylinin
Dədə Qorqudu Azərbaycan ədəbiyyatının Homeri
adlandırması da düşünülmüş
tapıntıdır.
Akademik
İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud:
yazılı epos və ya epopeya” monoqrafiyası çap olunub -
İki sahil
Akademik xüsusi olaraq vurğulayır ki, "Kitabi-Dədə
Qorqud" - şifahi xalq ədəbiyyatı nümunələrindən
yaradıcı istifadə yolu ilə yaradılmış
orijinal, möhtəşəm yazılı ədəbiyyat
abidəsidir.
"Kitabi-Dədə Qorqud"da müqəddiməçilik
ənənələrinin qoyulduğunu da ilk dəfə
İsa Həbibbəyli müşahidə etmişdir.
Müəllif qeyd edir ki, "Kitabi-Dədə Qorqud"un
"Müqəddimə"sindəki "Allah-allah deməyincə
işlər önməz" misrası ilə başlanan
soylama Qorqud Atanın yaratdığı minacatdır:
Allah-allah
deməyincə işlər önməz,
Qadir tanrı verməyincə ər bayılmaz.
Əzəldən
yazılmasa, qul başına qəza gəlməz,
Əcəl vədə verməyincə, kimsə ölməz.
Göründüyü kimi, "Kitabi-Dədə
Qorqud"da Azərbaycan yazılı ədəbiyyatının
meracnaməsinin əsası qoyulmuşdur. Tədqiqatçının
fikrincə, yazılı ədəbiyyatda bədii müqəddimə
prinsipləri ilk dəfə öz əksini "Dədə
Qorqud" kitabında tapmışdır.
Akademik tədqiqat nəticəsində o qənaətə
gəlmişdir ki, şifahi xalq poeziyasının aşıq
şeiri qolundakı gəraylı və qoşmalardan fərqli
olaraq, "Kitabi-Dədə Qorqud"da daha çox on iki və
on dörd hecalı şeirlər yer almışdır. Bununla belə, Dədə
Qorqud şeirləri tam heca vəznli olmayıb, sərbəst
şeirlərlərdir və orijinal yazılı ədəbiyyat
nümunələridir.
Tədqiqatçı ilk dəfə olaraq Azərbaycan
Qorqudşünaslığında şifahi xalq ədəbiyyatındakı
dastan janrının romana, epos janrının isə epopeyaya
uyğun gəlməsindən söz açır. "Kitabi-Dədə
Qorqud"un həm də epos adlanmasını, elmi ədəbiyyatda
"Oğuz qəhrəmanlıq eposu" kimi təqdim
olunmasını göstərsə də, bu möhtəşəm
abidənin əhatə dairəsinin genişliyinə,
böyük ideallarına və bədii vüsətinə
görə Böyük Oğuznamə Kitabı olduğunu,
janr baxımından roman-epopeya ilə ciddi şəkildə səsləşdiyini
qeyd edir. O, xüsusi olaraq vurğulayır ki, bu əzəmətli
abidə roman-epopeya janrının yüksək tələblərinə
cavab verən Azərbaycan oğuznaməsidir.
Müəllif
müqayisələr apararaq "Kitabi-Dədə Qorqud"un
bütün boylarının təkvariantlı olmasına,
boyları vahid bir müəllifin - Dədə Qorqudun
yaratdığına, şifahi xalq ədəbiyyatında bənzəri
olmayan əlavə süjetləri, çoxsaylı fərqli
obrazları olmasına əsaslanaraq "Dədə Qorqud
kitabı"nı "yazılı epos"
adlandırmışdır. Yazılı epos
anlayışı ədəbiyyatşünaslığa ilk dəfə
İsa Həbibbəyli tərəfindən daxil edilmişdir.
Akademik o qənaətə gəlmişdir ki, "Kitabi-Dədə
Qorqud" Azərbaycan şifahi xalq ədəbiyyatının
düzüb-qoşmaq yolu ilə yaradılan yazılı eposu
və yazılı ədəbiyyatımızın
epopeyasıdır. Bir-birini tamamlayan bu elmi qənaətlər "Dədə
Qorqud kitabı"nın janrının
müəyyən edən obyektiv elmi nəticələrdir. Müəllif onu da xüsusi vurğulayır ki, janr
etibarilə "Kitabi-Dədə Qorqud"u Azərbaycan ədəbiyyatında
ilk roman-epopeya adlandırmaq doğru olar.
Yeri gəlmişkən
yaradıcılıq fəhmi ilə vaxtilə abidənin Dədə
Qorqud tərəfindən yazıya alınması barədə
yazmışdım: "Araşdırıcılar göstərir
ki, "Kitabi-Dədə Qorqud"un əksər boyları islamiyyətdən
əvvəl yaranıb və sonralar yazıya
köçürülüb. Mənə belə
gəlir ki, eposu ilk dəfə yazıya köçürən
elə Dədə Qorqud olmuşdur. Bunu
eposun adından da görmək olar, "Dədə
Qorqud"un kitabı" ("525-ci qəzet", 21.11.2015).
Akademik İsa Həbibbəyli isə bu məsələni
tədqiqat apararaq çoxsaylı inkarolunmaz faktlarla
isbatlamışdır.
Akademikin
"Kitabi-Dədə Qorqud"un səkkiz
məlum və naməlum əlyazma nüsxəsinə dair tədqiqatları
da böyük elmi əhəmiyyət kəsb edir. İsa Həbibbəyli
Qorqudşünaslıqda ilk dəfə olaraq "Kitabi-Dədə
Qorqud"un "Alp
Ozan qiraəti, yaxud Xan-sultan" əlyazma nüsxəsindən
söz açmış, eposun Dədə Qorqudun və ya onun
davamçılarının dilindən el-oba məclislərində
canlı ifadan mirzələr tərəfindən qələmə
alındığını əsaslandırmışdır.
Eyni zamanda, İsa Həbibbəylinin eposun XI əsr əlyazması
haqqındakı Həmid Araslı versiyası, naməlum XV əsr
əlyazmasının mövcud olması və nəhayət,
Sankt-Peterburq əlyazmasına dair Bəkir Çobanzadə
versiyası haqqındakı mülahizələri
Qorquşünaslıqda yeni fərziyələrdir və Dədə
Qorqudun əlyazma nüsxələri barəsində tam,
bütöv, ümumiləşdirilmiş təsəvvürün
yaradılmasına xidmət edir. Monoqrafiyanın
bütövlükdə "Kitabi-Dədə Qorqud"un əlyazma nüsxələrinə həsr
olunan II fəsli qorqudşünaslara, xüsusən də gənc
tədqiqatçılara bələdçi olmaq
baxımından da əhəmiyyətlidir.
Monoqrafiyanın
III fəslində "Oğuz tayfalarının həyat tərzi
və dünyabaxışı", "İç Oğuzla
Dış Oğuzun ittifaqı və nifaqı",
"Oğuz igidlərinin mənəvi dünyası",
"Oğuz cəmiyyətində qadınların rolu",
"Oğuzların adət və ənənələri"
kimi həyati əhəmiyyət kəsb edən,
keçmişimizə işıq tutan məsələlər
elmi-nəzəri tədqiqatın süzgəcindən
keçirilmişdir. Əsərin bu fəslində
"Kitabi-Dədə Qorqud"un coğrafiyası"
bölümü xüsusi peşəkarlıqla işlənmişdir.
Burada alim həm dilçi, həm
coğrafiyaşünas, həm də tarixçi kimi
mühüm uğura imza atıb. Tədqiqatçı
görkəmli rus alimi Vasili Bartold tərəfindən abidənin
əhatə etdiyi coğrafi ərazi haqqındakı
mülahizələrini və öz tədqiqatlarını əsas
tutaraq "Kitabi-Dədə Qorqud" boylarındakı yer
adlarının mütləq əksəriyyətinin Azərbaycana
aid olmasını faktlarla isbatlamışdır. İsa
müəllim Azərbaycan alimlərinin, xüsusən də
Anarın tədqiqatlarına arxalanaraq, "Kitabi-Dədə
Qorqud"da "erməni və hay sözlərinə"
rast gəlinmədiyini, bununla da ermənilərin bu coğrafi ərazilərdə
qədimdən yaşadıqları barədə fikirlərini
alt-üst etmişdir. Araşdırıcı bu möhtəşəm
abidədə də yer alan Dəmir
Qapı Dərbənd, Bərdə, Gəncə, Qarabağ,
Əlincə, Dərəşam, Göyçə gölü
və sair kimi yer adlarının indi də mövcud
olduğunu xüsusi vurğulayır. Akademikin
söz açdığı toponimlərdən Qazan göl və
Dərəşam (Şamlıq) Tovuz ərazisində də
vardır. Bundan əlavə, bu ərazidə
Ağdam, Dondar, Xatınlı, Qazqulu, Qazangöl dərəsi,
Dərəşam (Şamlıq) dərəsi və sairə
kimi toponimlər də mövcuddur. Ağdam
kəndi ərazisində Aldədə məqbərəsi indi
də ziyarətgahdır. Məlumdur ki, Aldədə
- Ulu Dədə anlamındadır. Professor Qara Namazov və
dosent Zirəddin Xasıyevin qənaətinə görə,
Tovuzdakı Aldədə məqbərəsi Dədə Qorquda
aid abidələrdən biridir.
"Kitabi-Dədə Qorqud və Azərbaycan dövlətçiləri
məsələsi də Qorqudşünaslığa akademik
İsa Həbibbəyli tərəfindən gətirilmişdir. İlk dəfə
olaraq Qalın Oğuz Eli anlayışının elmi mahiyyəti
açılmış və bu qədim Oğuz tayfa birliyi
müstəqil Azərbaycan dövlətinin sələfi kimi
müəyyən edilmişdir.
Burada bir arzumu tədqiqatçının nəzərinə
çatdırmaq istərdim. Monoqrafiyada "Kitabi-Dədə
Qorqud"un Müqəddiməsində
adı keçən, Dədə Qorqudun hansı xalqa mənsub
olduğunu göstərən Bayatlardan - Bayat boyundan da söz
açılsaydı, yaxşı olardı.
Mühüm bir məsələyə də münasibətimi
bildirmək istərdim. Vaxtilə Anar "Kitabi-Dədə
Qorqud"u xalqımızın "Ana kitabı"
adlandırırdı. İraqda yaşayan
soydaşımız, görkəmli ədəbiyyatşünas
alim Əta Tərzibaşı da abidəni xalqın "Ana
kitabı" adlandır-mışdır. Akademik İsa
Həbibbəyli ilk dəfə olaraq abidənin "Müqəddimə"sindəki
"Qorqud Ata" sözündən çıxış edərək
onu xalqın "Ata
kitabı" adlandırmışdır.
Anar İsa Həbibbəylinin "Kitabi-Dədə
Qorqud": yazılı epos və epopeya" kitabına
yazdığı "Ön söz"də bu möhtəşəm
abidəni ədəbiyyatımızın "Dədə kitabı"
kimi təqdim edir. Bu məqamda Anara etiraz etmək çətindir.
Lakin sözün geniş və böyük mənasında
bütün xalqa məxsus olan nə varsa, Ana ilə
bağlı olur. Məsələn,
"Ana dili", "Ana vətən", "Ana yasa" və
sair. Eləcə də "Kitabi-Dədə Qorqud"un xalqın "Ana kitabı" kimi qəbul
olunması daha məqbul sayıla bilər.
Akademik
İsa Həbibbəylinin əsərinin tamamilə orijinal IV fəsli
"Kitabi-Dədə Qorqud"un
poetikasına həsr olunub. Burada "Dədə Qorqud şeir
mədəniyyəti: xalq şeirindən yazılı şeirə
keçid", "Dədə Qorqud şeirində məcazlar",
"Dədə Qorqud şeirinin janrları", "Dədə
Qorqudun süjetli lirikası", Dədə Qorquddan gəlmə
Nizami müdrikliyi, Füzuli şeiriyyəti, Şəhriyar və
Səməd Vurğun sadəliyi, Cavid hikməti kimi orijinal yarımfəsillər
ilk dəfədir ki, tədqiqata cəlb olunur.
Akademik qəti qənaətə gəlir ki, mütəfəkkir düşüncəyə malik olması və dərin hikmətamiz fikirləri etibarilə Azərbaycan ədəbiyyatının Nizami Gəncəvisi Dədə Qorqud səviyyəsinə yüksəlir.
İsa Həbibbəylinin fikrincə, bənzərsiz bədii təsvir vasitələrinə görə isə Dədə Qorqud şeirləri Azərbaycan poeziyasında yalnız Məhəmməd Füzulinin lirikası ilə müqayisə oluna bilər. Dədə Qorqud şeiri Molla Pənah Vaqifin poeziyasının ibtidası və möhtəşəm təməlidir - deyə akademik hökm verir.
"Kitabi-Dədə Qorqud"la az-çox tanış olan hər kəs akademikin qənaətlərinin dəqiqliyinə haqq qazandırar.
Tədqiqatçının əsər boyu irəli sürdüyü orijinal müddəalar monoqrafiyanın "Nəticə" bölümündə yığcam şəkildə təqdim edilir. "Nəticə"dəki aşağıdakı mülahizələr əsər boyu eposun yazılı ədəbiyyat nümunəsi olmasına dair aparılmış ciddi araşdırmalardan çıxarılmış yekun qənaətlərdir: "Kitabi-Dədə Qorqud" - Beyrəyin, Uruzun, Basatın və Təpəgözün romanı, Dədə Qorqud və Qazan xanın epopeyasıdır. Janr baxımından "Kitabi-Dədə Qorqud" roman - epopeyadır. "Kitabi-Dədə Qorqud" - Böyük Oğuznamə Kitabıdır.
Təqdim olunan monoqrafiyanın məsul redaktorları filologiya üzrə fəlsəfə doktorları İsmixan Osmanlı və Aygün Bağırlıdır. Bu seçim də təsadüfi deyildir. İsmixan Osmanlı Oğuznamələr və Aygün Bağırlı isə çağdaş ədəbiyyatımız üzrə mütəxəssisdirlər.
"Kitabi-Dədə Qorqud"
dilimizin, ədəbiyyatımızın, tariximizin, folklor və
etnoqrafiyamızın ilk yazılı abidəsidir ki, akademik
İsa Həbibbəyli tutarlı faktlarla və konseptual
xarakterə malik nəzəri müddəalarla bu qənaətin
təsdiqinə nail olmuş və qorqudşünaslara əvəzsiz
bir elmi əsər töhfə etmişdir. Məhz ciddi
elmi yeniliyinə, orijinallığına, eposa fərqli
baxışları ifadə etməsinə görə akademik
İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud"
yazılı epos və ya epopeya" monoqrafiyası
Qorqudşünaslıqda yeni və fərqli bir mərhələ
hesab edilə bilər.
Qəzənfər
PAŞAYEV
Respublika
Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, Əməkdar elm xadimi, professor
525-ci qəzet.- 2021.- 18 iyul.- S.18;19.